aile

Ölkəmizdə boşanmalarının artmasının səbəbləri problemdən çıxış yolları

Baxış sayı: 1. 872

Klassik mənada ailə nikah, qohumluq, ümumi maraq və büdcə ilə bağlı olan, qarşılıqlı mənəvi məsuliyyətin mövcud olduğu kiçik sosial qrupdur.Ailə ən qədim sosial institut olaraq, dindən, dövlətdən, ordudan, elmdən, hətta, bazar münasibətlərindən əvvəl meydana gəlib. Mənəvi-emosional hisslər əsasında birləşmiş insanların ümumi maraqlarını ifadə edən bu institut, eyni zamanda, sağlam cəmiyyətin və güclü dövlətin təməlini təşkil edir. Ailədə şəxsi maraqların tənzimlənməsi və nizamlanması cəmiyyət tərəfindən qəbul edilmiş əsas sosial dəyərlər, normalar çərçivəsində baş verir. Bu prosesin yekun nəticəsi olaraq, ailə cəmiyyət üçün davranış və konkret sosial xarakter daşıyan düşüncəsi ilə yararlı olan insanlar yetişdirir. Məhz, bu xüsusiyyətinə görə, insan ailəsi heyvan ailəsindən fərqlənir. Yəni, ilk növbədə, əsas qəbul edilməli fakt ondan ibarətdir ki, ailədə insan, eyni zamanda, vətəndaş doğulur.

Ailə özündə ictimai əlaqələrin bütün sistemlərini – nikah və qohumluq, hüquqi və siyasi, iqtisadi, etnik, psixoloji və emosional – birləşdirir. Məhz, bu amilin sayəsində ailə sosial birliyin ilkin elementi olduğu üçün şəxsiyyət-cəmiyyət münasibətlərinin vasitəçisi qismində çıxış edir. Ailə yeni doğulmuş körpənin sosial normalar və əlaqələr haqqında təsəvvürünün formalaşmasını da həyata keçirir. Ailə, həmçinin, sosial irs qanununun da yaşamasına təsir göstərən ən güclü institutdur.

Şəxsiyyətin sosiallaşması həm də valideyn və uşaqların dünyada olduğu müddətdə daimi və uzunmüddətli xarakter daşıyan valideynlik institutunu da möhkəmləndirir, effektini artırır.

Bütün bunlarla yanaşı, sosial-ictimai institut kimi ailə bir sıra mühüm funksiyaları da həyata keçirir. Onların sırasında şəxsiyyətin sosiallaşması, mədəni irsin yeni nəslə ötürülməsi, ailə üzvlərinin sosial və emosional müdafiəsi, iqtisadi və təsərrüfat, sosial status, rekreativ, asudəlik və digər funksiyalar var. Bütün bu funksiyalar isə ailənin həqiqətən cəmiyyətin, dövlətin inkişafında müstəsna rol oynadığını sübut edir.

Aile

Ailənin nüfuzu və gücü nədədir?

Ailənin gücü və cazibəsi, mahiyyəti onun sosial birlik, kiçik sosial qrup və sosial institut kimi xarakterizə edilməsi ilə bağlıdır. Ailənin bütövlüyü onu təşkil edən cinslərin qarşılıqlı anlaşma mühitində “tək androgen” varlıq yaratması ilə əlaqədardır. Ümumiyyətlə, insanların bu bütövlüyü anlamadan onların birgə yaşaması, hərəkətlərini ümumi maraq naminə həyata keçirmələri qeyri-mümkündür. Yəni, ailə insanın bir deyil, bir çox mühüm tələbatlarının kompleks şəkildə təmin edilməsi üçün yaradılır.

Ailə bu xüsusiyyətlərinə görə, digər kiçik qruplardan, birlik və korporasiyalardan fərqlənir və istehsal sahələrində çalışan mütəxəssisləri birləşdirən peşəkar maraqlar kimi, ailəni quran insanları da mövcudluqlarının bütövlüyü birləşdirir.

Digər sosial birliklərdən fərqli olaraq, ailə insanın özünüinkişaf və təşkiletmə xüsusiyyətlərini reallaşdırmağa şərait yaradan fiziki və psixi tələbatları akultivasiya edən çoxfunksiyalı keyfiyyətlərinə görə, şəxsi-kollektiv-ictimai maraqları birləşdirmək kimi unikal qabiliyyətə  malikdir.

 AILE

Dahilər ailə haqqında nə deyir?

Ailənin cəmiyyətin və dövlətin tərəqqisində oynadığı rolu, eyni zamanda, dahi mütəfəkkirlər, sosioloqlar da təsdiqləyiblər. Onlar insanın şəxsiyyət kimi yetişməsində, sosiallaşmasında xalqın milli-mənəvi keyfiyyətlərinin gələcək nəsillərə ötürülməsində ailəni altqurum hesab edirlər.

Tanınmış sosioloq Parsonsun fikrincə, ailə cəmiyyətə qarşı durmur, əksinə, sosiumun stabilliyini təmin edən altsistemdir: “Ailə digər sosial altsistemlər və strukturlarla münasibətlər qurmaq üçün dəqiq, eyni zamanda, şəxslərarası sabitliyin dinamikasının və inteqrativ tendensiyaların qorunması istiqamətində təsirli əlaqələr yaradır”.

O.Kontun rəyincə, ailə münasibətləri bir-birinə bağlılıq və qarşılıqlı simpatiyaya əsaslanan mənəvi-emosional ittifaqdır: “Ailənin rolu fərdlə nəsil arasında vasitəçi olmaqdan, gənc nəsli alturizm ruhunda tərbiyə etməkdən, onu anadangəlmə eqoizmi aradan qaldırmağa öyrətməkdən ibarətdir”.

Kontun yaradıcılığında ailə “ya əxlaqi tərbiyəmizin spontan mənbəyi kimi, ya da siyasi təşkilimizin təbii bazası kimi” çıxış edir. Yəni, sosioloq onu göstərməyə çalışır ki, birinci mənada hər bir müasir ailə gələcək cəmiyyəti hazırlayır. Digər aspektə görə isə, hər bir yeni ailə hazırki cəmiyyətin həyatını uzadır.

O.Kont ailə ilə bağlı fikirlərində qadının mühüm rolu haqqında da yazıb: “Qadının ictimai rolu onun emosional əxlaqi keyfiyyətlərilə adamları sıx birləşdirmək və mənəvi cəhətdən maarifləndirmək qabiliyyətilə müəyyən edilir. Qadının vəzifəsi kobud kişi naturasını nəcibləşdirməkdən, onlarda həmrəyliyə əsaslanan ictimai hissləri oyatmaqdan ibarətdir. Bu baxımdan “insan ailəsinin pozitiv nəzəriyyəsi son nəticədə qadın hisslərinin kişi aktivliyinə spontan təsirinin sistemləşdirilməsinə müncər edilir”.

Sosioloq hesab edir ki, böyüməkdə olan nəslin tərbiyəsində qadının rolu daha böyükdür: “Ailə ənənələrin, keçmiş nəsillərin təcrübəsinin qoruyucusu və ötürücüsüdür. Fərd ailədə sosiallaşır, bəşəriyyətə uğurla xidmət etmək üçün zəruri olan keyfiyyətləri əldə edir, təbii fərdiyyətçiliyi aradan qaldırır, “başqaları üçün” yaşamağı öyrənir. O, eyni zamanda, nəsillər arasında mehriban münasibətlərin ictimai müvazinətini, daşıyıcıları yaşlılar və gənclər olan ənənələrlə novatorluq arasında tarazlığı qoruyub saxlayır”.

Əlbəttə ki, ailənin rolu haqqında bir çox digər mütəfəkkirlərin də fikirlərinə geniş yer vermək olar. Bütün bu fikirlərin ana fəlsəfəsini çox şübhəsiz ki, ailənin cəmiyyətin və dövlətin təməli olması, fərdin şəxsiyyətə çevrilməsi kimi ideyalar təşkil edir. Amma hazırki, dövrdə klassik ailə modelinin modernləşdiyini, ənənəvi dəyərlərdən uzaqlaşdığını müşahidə edirik…

aile

Ailələrin modernləşməsi, yoxsa dəyərlərin aşınması

Qeyd edildiyi kimi, bu gün müasir ailələr doğumun azalması, ailələrin stabil olmaması, boşanmaların artması, doğumdan imtinanın mövcud olması, ailəsiz uşaqların sayının durmadan artması və s. kimi problemlərin fonunda bir növ böhran yaşayır. Müasir ailələrin qlobal miqyasda gedən bu tendensiyanın təsirinə məruz qalması və aşınması əlbəttə ki, bir sıra səbəblərlə əlaqəlidir.

Araşdırmaçılar bu səbəbləri sistemləşdirərək sosial və iqtisadi tiplərə ayırsa da, düşünürük ki, artıq bu bölgü aradan qaldırılmalıdır. Çünki müasir ailələrin adət-ənənədən, milli dəyərlərdən uzaqlaşmasının iqtisadiyyatla birbaşa əlaqəsi yoxdur. Demək ki, artıq burada sosial-psixoloji, eyni zamanda, İKT-nin sürətli inkişafı nəticəsində meydana çıxan digər spektrli problemlər kontekstindən araşdırmalar aparılmalıdır.

Ailənin, ilk növbədə, psixoloji sağlamlığı yerində olmalıdır. Psixoloji sağlamlıq dedikdə, ailənin bütün üzvlərinə mənəvi-psixoloji tələbatının ödənilməsi, onların həyatdakı şəraitə uyğun fəaliyyətinin qurulmasının təmin edilməsidir.

V.S.Taraxtiy qeyd edir ki, ailənin psixoloji sağlamlığına əsas kriteriyaları qismində, ailə dəyərlərinin üstün tutulması, funksional-rol razılığın, sosial-rol adekvatlığın, emosional məmnunluq, mikrososial münasibətlərə adaptasiya, ailənin uzunömürlü olmasına meyillilik və s. çıxış edir. Ailənin psixoloji sağlamlığının bu kriteriyaları müasir ailələrin ümumi psixoloji portretini çəkir və hər şeydən əvvəl onun xoşbəxtliyini xarakterizə edir.

V.Satir isə hesab edir ki, sağlam ailə dedikdə – ailənin hər bir üzvü bərabər səviyyədə tutulur, inam, etibar və düzgünlük həqiqətən mövcud, ailədaxili ünsiyyət konqruyent olur, ailənin üzvləri bir-birini dəstəkləyir, hər bir ailə üzvü ailənin bütövlüyü üçün məsuliyyət hiss edir, ailənin bütün üzvləri birgə istirahət edir və həyatdan həzz alır, ailədə adət-ənənə əsas yer tutur, ailədə hər kəs bir-birinə hörmət edir və onu olduğu kimi qəbul edir, ailənin hər bir üzvünün hissləri qəbul edilir və lazım olanda tənqid edilir – kimi başadüşülür.

Bununla yanaşı, müxtəlif istiqamətli təsirlərin mövcudluğu nəticəsində insanlar arasında milli-mənəvi dəyərlərdən uzaqlaşma kimi tendensiya da müşahidə olunmaqdadır. Tədqiqatçıların fikrincə, dünya miqyasında bu gün 52 faiz ailələrdə valideynlər və yaşlı nəslin nümayəndələrinin böyük əksəriyyəti qismən, 5 faiz isə xalqın adət-ənənəsinə heç əməl etmir, digər tərəfdən daimi olaraq, bu ənənələrin nəzərə alınmadığı ailələrin sayı 47 faizdir. Bunun təsiridir ki, artıq məktəblilərin 50 faizdən çoxu adət-ənənəyə sadiqliyi vacib saymır.

Bir çox tədqiqatçılar, həmçinin, düşünür ki, müasir dövrdə informasiya texnologiyalarının inkişafı, internetin və virtual ünsiyyətin sərhəd tanımadan və sorğu tələb etmədən insanların həyatına daxil olması faktı da ailə institutunun zəifləməsinə gətirib çıxarır. Aparılmış araşdırmaların nəticəsində bəlli olub ki, ənənəvi, mental dəyərlərə söykənən ailə münasibətlərinə sosial şəbəkələrin gəlməsi ailənin daxilində olan münasibətlərə ləkə gətirir. Müşahidəçilər bildirirlər ki, qadın sosial şəbəkədə özünün marağında olan insanları tapır, ər də eyni məkanda öz istəyinə uyğun insanları axtarır. Bu tendensiya, eyni zamanda, ailənin digər üzvlərinə də sirayət edir. Beləliklə də, ailə məkan kimi qalır, amma daxilində olan dəyərlər dağılmağa başlayır. Ailə daxilində kiçikdən böyüyə, böyükdən kiçiyə olan münasibətlər istiqamətini dəyişir. Ailə üzvlərinin hər biri sosial şəbəkələrin subyektinə çevrilir, bununla da, ailənin daxilində olan struktur dağılmağa başlayır. Ailə daha əvvəlki ailə olmur, milli mənəvi dəyərlərin daşıyıcısı olmaq funksiyasını get-gedə itirməyə başlayır. Ailədə olan hər bir insan artıq özünü azad subyekt kimi hiss edir. Bu da, əlbəttə ki, ilk növbədə mental dəyərlərə ziddir.

Artıq gedən bu proses çərçivəsində ailə institutu yeni bir forma alır və sonda boşanmalara yol açılır. Qadın Krizis Mərkəzinin araşdırmalarına görə, quruma sosial şəbəkələrdə yaranmış problemlərlə əlaqədar müraciət edənlər var. Bəzən şəbəkələrdə iştirak ailə zorakılığının bir elementi də ola bilir. Mərkəzə bəzən kişilər müraciət edərək bildirirlər ki, həyat yoldaşı ona xəyanət edib. Söhbət edərkən məlum olur ki, xanım hansısa sosial şəbəkədə olub, köhnə dostları, sinif yoldaşları ilə danışıb. Evin kişisi isə bunu virtual xəyanət sayıb. Həyat yoldaşının internetdə kiminləsə yazışmasını xəyanətə bir addım kimi qəbul edib. Bəzən isə əksinə olur.Xanımlar köhnə dostları ilə sosial şəbəkələrdə yazışan həyat yoldaşlarının hərəkətini xəyanət kimi qəbul edirlər. Bütün bunlar əvvəlcə xırda münaqişəyə, sonra isə boşanmaya səbəb olur.

AILE

Statistik müayinə boşanmaların digər səbəblərindən də xəbər verir

Adət-ənənələrin gündəlik yaşayış tərzimizdən çıxdaş edilməsi sonda ailə institunun deformasiyaya uğramasına və qurulmuş ailələrin dağılmasına gətirib çıxarır.Çox təəssüflər olsun ki, az da olsa, eyni proses Azərbaycanda da müşahidə olunmaqdadır. Əlbəttə, Azərbaycan qədim xalq adət-ənənələri, milli-mənəvi dəyərləri əsasında formalaşmış dövlətdir. Amma bu və ya digər səbəblər üzündən cəmiyyətin bəzi üzvləri tərəfindən bu dəyərlər göz önünə alınmır və sonda xoşagəlməz hallar baş verir. Bu hallar isə, ilk növbədə, ailələrə təsir göstərir.

Etiraf etmək lazımdır ki, bu gün Azərbaycanda da boşananların sayı artır. Bir çox hallarda siyasi opponentlər bunu iqtisadi vəziyyətlə əlaqələndirməyə çalışır.Amma statistikaya nəzər saldıqda görürük ki, ailələrin dağılması heç də əsasən iqtisadi amillərlə bağlı deyil. Belə ki, 1990-1992-ci illərdə ailə quranların 16 faizi boşanıb. Həmin dövrün statistik rəqəmləri göstərir ki, 1990-cı ildən 2000-ci ilədək ailə qurmaq istəyənlərin sayı azalıb, qurulmuş ailələrin dağılması isə 13-15 faiz arasında müşahidə olunub. 2000-2010-cu illər ərzində isə bağlanan nikahların sayı artsa da, boşanmaların da sayı yüksəlib. Yəni, göstərilən period ərzində dağılmış ailələrin sayı 11 faiz müşahidə olunub. Amma təəssüfləndirici haldır ki, 2010-cu ildə bağlanmış nikahların 12 faizi boşanmalarla nəticələnib.

Göründüyü kimi, Azərbaycanın 90-cı illərin əvvəllərində yaşadığı krizislər dövründə və bu gün sürətlə inkişaf etdiyi bir zamanda boşanmaların sayı artıb. Bu fakt bir daha sübut edir ki, Azərbaycanda ailələrin dağılmasının əsas səbəbi sosial-iqtisadi vəziyyət deyil, sadəcə, modern ailələrin milli-dəyərlərdən imtina edərək ümumbəşəri ideyalara sürətli transformasiya etməsidir.

Digər tərəfdən, isə, mövcud submədəniyyətlərin təsiri altında yaşayan bir sıra bölgələrdə erkən nikahların bağlanması, maariflənmənin yüksək olmaması və s. səbəblərə görə də boşanma halları müşahidə olunmaqdadır.

Qeyd edək ki, Dövlət Statistika Komitəsi ölkə ərazisində “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” statistik müayinə keçirib. Müayinə 2009-cu ildə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən erkən nikaha daxil olma və rəsmi nikahdan kənar doğum halları qeyd olunan ev təsərrüfatlarında aparılıb və sorğu ilə 50 yaşadək 19711 qadın əhatə olunub. Sorğu olunan qadınların 37 faizi 18 yaşa çatmamış, 29 faizi 18-19 yaşlarında, 25 faizi 20-24 yaşlarında, 6 faizi 25-29 yaşlarında, 3 faizi isə 30 yaşdan yuxarı nikaha daxil olub. Erkən yaşda ərə gedən qadınların təxminən 1/3-i 2009-cu ildə, qalanları isə əvvəlki illərdə nikaha daxil olub.

Erkən yaşda ailə qurmuş qadınların 39 faizi şəhər, 61 faizi kənd sakinləridir, 18 yaşınadək ərə gedən qadınların 37 faizi öz istəyi ilə, 26 faizi valideynlərinin təzyiqi altında, 11 faizi ailənin maddi vəziyyətinin çətin olduğundan, 8 faizi ərinin maddi cəhətdən imkanlı olmasına görə, 6 faizi qaçırıldığına, 2 faizi hamilə olduğuna görə, qalan 10 faizi isə digər səbəblərdən erkən nikaha daxil olub.

Səbəblər üzrə erkən nikaha daxil olma halları şəhər yerlərində ərinin maddi cəhətdən imkanlı olmasına və hamilə olduğuna görə, digər səbəblərdən isə kənd yerlərində üstünlük təşkil edib.

Erkən yaşda ərə gedən qadınların atalarının 22 faizi, analarının 13 faizi ali və orta ixtisas təhsilə, üçdə ikisi ilk peşə-ixtisas və tam orta təhsilə, müvafiq olaraq 12 faizi və 19 faizi ümumi orta təhsilə malik olub.

Evlənən zaman belə qadınların ərlərinin 3 faizinin yaşı 18-19, 69 faizinin 20-24, 26 faizinin 25-29 və 2 faizinin yaşı 30-dan yuxarı olub. Eyni zamanda onların 22 faizinin ali və orta ixtisas, 68 faizinin ilk peşə ixtisas və tam orta, 10 faizinin ümumi orta təhsili olub.

Müayinə zamanı sorğu olunan qadınların rəsmi nikahda olmamasının səbəbləri araşdırılaraq müəyyən olunub ki, onların 41 faizinin müvafiq sənədləri qaydasında olmadığından, 1/3-i vaxtilə yaşı nikah yaşına çatmadığından, 26 faizi isə digər səbəblərdən Ədliyyə Nazirliyinin müvafiq qurumlarında qeydiyyata alınmayıb.

Müayinənin nəticələrinə əsasən sorğu olan qadınların 90 faizinin uşaqları olub və onların 97 faizi stasionar, 3 faizi isə ev şəraitində dünyaya gəlib. Ev şəraitində doğan qadınların 54 faizi bunun səbəbini maddi çətinlik, 28 faizi isə doğum evinin uzaqda yerləşməsi ilə izah edib.

Müayinə onu da göstərib ki, qadınların 89 faizi qızların qaçırılma hallarının öz razılığı ilə baş verdiyini, 11 faizi isə zorakılıq yolu ilə həyata keçirildiyini hesab edir. Sorğu olunanların 46 faizi qaçırma hallarının əsas səbəbini qızın valideynlərinin nikaha narazılığında, 39 faizi qızın ailəsində maddi çətinliklərdə, 15 faizi qızlar arasında maarifləndirmə səviyyəsinin aşağı olmasında görür. Respondentlərin yarısı hesab edir ki, qızlar ərə 20-24 yaşlarında, 41 faizi hesab edir ki, 18-19 yaşında, 6 faizi isə düşünür ki, 18 yaşa qədər getməlidir.

Qadınların 67 faizi hesab edir ki, ailədə nikah haqqında qərarı nikaha daxil olanların özləri qəbul etməli, 30 faiznin fikrincə isə, qızların ərə getmə məsələsini valideynlər həll etməlidir.

Qadınların 68 faizinin, o cümlədən, 18 yaşa qədər olanların 56 faizinin erkən nikahın qadınların sağlamlığına ziyanı olmasından xəbərləri olub.

Zorla erkən nikah bağlanması problemi ilə üzləşəndə qadınların hara müraciət etməsi barədə sualına cavabında onların 2/3 hissəsi hüquq-mühafizə orqanlarını, 18 faizi qohumlarını, 14 faizi bələdiyyə və icra hakimiyyətlərini göstərib.

 

Ekspert rəyi düşünməyə vadar etməlidir…

Əlbəttə ki, Azərbaycanda boşanma halları faciəli şəkildə deyil. Yəni, ümumi baxışda qonşu dövlətlərə nəzərən, ölkəmizdə bu sahədə vəziyyət normaldır. Total depopulyasiya dövrünü yaşayan Rusiyaya və digər Avropa ölkələrinə nəzərən Azərbaycanda ailə institutu hələ də möhkəmdir. Amma bu cür rəqəmlərin hələ də ortada olması müəyyən mənada gələcəyimiz üçün bir həyəcan siqnalı sayılmalıdır. Bu səbəbdən də, boşanmaların əsas səbəblərinin tapılması və onların qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir. Ekspert rəyi də bunu deməyə əsas verir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədovanın sözlərinə görə, bu gün dünyada yaşayan ailələrdə olduğu kimi, respublikamızda da yaşayan ailələrdə bir sıra problemlər öz həllini gözləyir: “Komitəyə daxil olan şikayət ərizələrinin böyük qismi məhz ailələrdə nikahın pozulması nəticəsində yaranan problemlərlə bağlıdır. Problemlərin araşdırılması nəticəsində məlum olub ki, bəzi gənclər yetərincə araşdırma aparmadan ailə həyatı qurur, qısa bir müddətdən sonra anlayırlar ki, onlar arasında düşüncə və əxlaq baxımdan ciddi ziddiyyət mövcuddur. Bəziləri isə həyat yoldaşı seçimində yanlış meyarları əsas götürür və nəticədə peşmançılığa düçar olurlar. Ailə quran gənc insanlar dəqiq bilməlidirlər ki, ailənin müvəffəqiyyətində ən vacib addım həyat yoldaşı seçimində yetərincə diqqətli olmaqdır”.

Ekspert bildirib ki, erkən yaşda  nikaha daxil olan insanlar arasında bir müddət keçdikdən sonra yaranan problemlər, qan qohumları arasında bağlanan nikahların yaratdığı fəsadlar, ailə zorakılığı, ailədə körpənin doğulmaması nikahın pozulmasında əsas səbəb kimi göstərilir: “Komitəmizə erkən yaşda bağlanan nikahlarla əlaqədar də çox müraciətlər daxil olur. Komitə erkən nikahların yaratdığı fəsadlar barədə  əhali arasında aydın təsəvvürün yaradılmasına nail olmaq marağındadır. Erkən məcburi nikahların qadağan edilməsi vacibdir. Bu qadınlara qarşı zorakılığın bir növü kimi gündəlik bir problemə çevrilib. Belə nikahlar aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmur. Müəyyən məlum problemlər yaşandıqda, qadını qanun çərçivəsində müdafiə etmək mümkün olmur. Digər tərəfdən, belə nikahlarda dünyaya göz açan körpələrin müəyyən səbəblər üzündən doğum haqqında şəhadətnaməsi olmur ki, bu da onların hüquqlarının ilk günlərdən pozulmasına gətirib çıxarır. Erkən yaşda ailə quran insanlar yetkinlik yaşına çatdıqda nikahlarını rəsmiləşdirməzlərsə, qadın və dünyaya gələn uşağı bütün həyatları boyu daha böyük problemlərlə üzləşə bilərlər. Yarana biləcək problemlərin qarşısının alınması üçün valideynlər, ictimaiyyət nümayəndələri, ağsaqqal və ağbirçəklər nikahın rəsmiləşdirilməsinə məsuliyyətlə və diqqətlə yanaşmalıdırlar”.

Gülnarə Məmmədova vurğulayır ki, qadın və uşaqların zorakılığa daha çox məruz qalması təsdiq olunub: “Bunun əsas səbəbi qadınların maddi və psixoloji asılılığı, ailə mədəniyyətinin aşağı səviyyədə olması, qadınların öz hüquqlarını bilməmələridir. Komitənin əsas vəzifələrindən biri də bu fəsadlar barədə əhali arasında aydın təsəvvürün yaradılmasına nail olmaqdır.

 aile

Ailələrin dağılması daha çox uşaqların tərbiyəsinə və gələcək inkişafına mənfi təsir göstərir

Ekspertin fikrincə, ər-arvad arasında yaranan konflikt yalnız nikahın pozulması ilə bitmir. Nəticədə bu prosesin davamı olaraq nikahı pozulmuş valideynlər öz valideynləri, övladları və nəhayət, dövlət qarşısında yeni problemlər yaratmış olurlar. Ailələrdə yaranan konflikt yalnız ailə başçılarının deyil, uşaqların da psixoloji vəziyyətinə mənfi təsir göstərir: “Nikahı pozan zaman mütləq uşaqların marağına fikir və üstünlük verilməlidir. Hər bir gənc belə bir həqiqəti bilməlidir ki, ata və ana olmaq nə qədər asandırsa, atalıq və analıq etmək bir o qədər də çətindir. Valideyn məsuliyyəti yalnız məhəbbətdən  deyil, uşaqların qayğısına qalmaq, onları düzgün tərbiyə etmək, tibbi, gigiyenik qaydaları  bilməkdən də ibarətdir. Dünyaya göz açan körpə əsas həyati dəyərləri, əxlaqi normaları, adət-ənənələri, davranışı, cəmiyyətdə özünü apara bilmə qabiliyyətini məhz, ailədə alır. Ailədə yaranan mühit uşağın individuallığına, onu əhatə edən insanlara qarşı münasibətə də təsir edir.Ailə başçıları ailəni maddi cəhətdən təmin etməklə yanaşı, səlahiyyətlərini düzgün bölüşdürməli, uşaqların tərbiyəsində, böyüməsində həmrəyliyin yaranmasına çalışmalıdırlar. Körpə dünyaya göz açdığı ilk gündən dərk etməlidir ki, onun valideynləri vahid ailənin tamhüquqlu üzvüdür. Təbiidir ki, nikahın pozulması problemi əhali artımının azalmasına səbəb olur və dövlətin gələcək inkişafına mane olan əlavə problemlər yaradır. Dövlətimizin daha da möhkəmlənməsi üçün sağlam uşaqların sayının artırılmasının böyük əhəmiyyəti var”.

 aile

Ailə dəyərlərinin qorunmasında cəmiyyətin və dövlətin bütün institutları aktiv və məsuliyyətli olmalıdır

Ümumiyyətlə, ailə dəyərlərinin qorunmasında cəmiyyətin və dövlətin bütün institutları aktiv və məsuliyyətli olmalıdır. Cəmiyyətin hər bir üzvü əməlilə ailələri narahat edən problemlərin həlli istiqamətində dövlətə yaxından köməklik etməlidir. Ekspert Gülnarə Məmmədovanın rəyincə, idarə və müəssisələrdə, əmək kollektivlərində və yaşayış məntəqələrində müqəddəs ailələrin ənənələri, qayda-qanunları, yüksək amalları geniş təbliğ edilməlidir: “Adlı-sanlı cəmiyyət üzvlərinin həyatı və fəaliyyəti haqqında kitab və kitabçalar yazılmalı, radio və televiziyalarda verilişlər təşkil olunmalı, qəzet və jurnallarda maraqlı yazılar dərc olunmalıdır. Kəndin, şəhərin, qəsəbənin hər bir məhəlləsində yaşayan ağsaqqal və ağbirçəklərlə, həmçinin, onların adlı-sanlı övladları ilə görüşlər keçirilməli və məsləhətlər dinlənilməlidir. Belə tədbirlər təlim-tərbiyə ocaqlarında müntəzəm olaraq keçirilməlidir. Lakin bütün bunlarla da məsələni bitmiş hesab etmək olmaz. Ailə problemlərinin vaxtında və səmərəli həlli sahəsində qazanılan iş təcrübəsini və örnəkləri ümumiləşdirmək və əhali arasında təbliğ etmək xüsusi ilə vacibdir”.

Təbii ki, bu gün ailələrin möhkəm, sağlam olması Azərbaycan dövlətinin marağındadır. Hazırda qüvvədə olan qanunlara əsasən aztəminatlı ailələrin ehtiyacları əsaslı sürətdə ödənilir. Dünyaya göz açan Azərbaycan vətəndaşlarının xoşbəxt yaşamaları, böyümələri üçün hər bir tədbir görülür. Əməkhaqlarının, pensiyaların və müavinətlərin artırılması, əhalinin sosial müdafiəsi istiqamətində aparılan ardıcıl siyasət son illər ölkədə həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin edib.

Ekspertin fikrincə, zorakılığın qarşısının alınması, ata-ana məsuliyyətinin bərabər bölünməsi, uşağın fikrinin ailə problemlərinin həllində nəzərə alınması, məsuliyyətsizliyin aradan qaldırılması uşaqların milli, vətənpərvər ruhda və psixoloji cəhətdən sağlam böyüməsi istiqamətində aparılan işlər siyahısındadır: “Uşaqların sağlamlığı, təhsil və rifahı, işsizliyin və yoxsulluğun aradan qaldırılması dövlət başçısının gündəlik nəzarətindədir. Müstəqil Azərbaycanda ailə siyasətinin əsas prinsipləri uğurla həyata keçirilir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan ailəsi dövlətin himayəsindədir. Bir sözlə, cəmiyyət və dövlət modernləşən ailə institutunun təməllərinin möhkəmliyini təmin etmək, onun nüfuzunun artmasına nail olmaq üçün ciddi addımlar atır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir