Ailədaxili zorakılıq mövzusu Azərbaycan cəmiyyəti üçün hər zaman aktual olub. O baxımdan problemin daim müzakirə edilməsinə və mətbuatın gündəmində qalmasına ehtiyac var. Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailədaxili zorakılığa qarşı ictimai mübarizənin təşkili” layihəsinin bir məqsədi də bu problemi ictimai müzakirəyə çıxararaq həllinə nail olmaqdır.
Bu baxımdan fikirləri əhəmiyyətli olan, sözügedən sahədə uzun illərdir çalışan “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə müsahibəni təqdim edirik.
– Mehriban xanım, cəmiyyət nə qədər inkişaf etsə də ailədaxili zorakılıq, qadın hüquqlarının pozulması hər zaman üçün aktualdır. Bunun səbəbi nədir? Niyə insanlıq bu problemdən xilas ola bilmir, xüsusən də şərq ölkələrində?
– Zorakılıq bütün zamanlarda olub və indi də hər yerdə var. Şərqdə də, Qərbdə də… Ancaq zorakılığın formaları, məzmunu var. Bəzən məzmun dəyişir, forma dəyişmir. Motiv eyni olsa da, zorakılıq formaları daha qəddar olur. Bu kişinin qadın üzərində hökmranlığı və ya qadın üzərində öz səlahiyyətlərindən istifadə etməsi, yaxud qadının kişidən kifayət qədər güclü olmasının qarşısını almaq, onu susdurmaq, öz varlığını göstərə bilmək şəklində ola bilər. Zorakılığın əsas mahiyyəti ondan ibarətdir ki, tərəflər arasındakı münasibətdə qarşılıqlı hörmət hissi azdır. Əgər hansı ailədə bir-birinə hörmət varsa, kişi qadının nüfuzunu gözləyirsə, o zaman çox da problem yaşanmır. Sovet dövründə də bu var idi, kişi qadının nüfuzunu gözləyirdi, cəmiyyətdə də qoruyur ki, onun həyat yoldaşına hörmət etsinlər.
– Bir çox hallarda zorakılıq deyəndə ancaq fiziki zorakılıq ağıla gəlir. Ailədaxili zorakılığın başqa hansı növləri var?
– Zorakılığın bir neçə növü var: fiziki zorakılıq, psixoloji zorakılıq, iqtisadi zorakılıq, cinsi zorakılıq, eyni zamanda təqib formasında zorakılıq var. Bizim cəmiyyətdə daha çox fiziki zorakılıqla mübarizə aparır. Digər zorakılıq formalarına qarşı mübarizə çox məhduddur və eyni zamanda cəmiyyət onunla bağlı çox da məlumatlı deyil.
Ailədə cinsi zorakılıqla bağlı hətta ali təhsilli insanlardan soruşanda deyirlər ki, bəs kişi qadını nə üçün alıb, onun həyat yoldaşıdırsa istənilən zaman buna razı olmalıdır. Ancaq beynəlxalq standartlar belədir ki, qadın razı olmadığı halda ərinin onunla cinsi münasibətdə olması cinsi zorakılıq sayılır.
İqtisadi zorakılıq bizdə müzakirə predmeti deyil. Bizim cəmiyyət hesab edir ki, qadın kişinin əlinə baxmalıdır, ondan asılı olmalıdır. Qadın hər zaman bu gərginliyi yaşamalıdır ki, görək kişi nə zaman mərhəmətə gəlib ona pul verəcək, o da müəyyən problemlərini həll edəcək. Məsələn, bu gün alimentin ödənilməməsi iqtisadi zorakılığın ən bariz nümunəsidir.
Psixoloji zorakılıq isə bütün ailələrdə müəyyən qədər var. Ancaq psixoloji zorakılığın ən dəhşətli forması insanı özünü öldürmə həddinə çatdırmaqdır və ya şəxsiyyət olaraq yoxa çıxmasına gətirib çıxartmaqdır. Psixoloji zorakılıq həm də qarşı tərəfin zorakılığa əl atmasına səbəb olur, qisasçılıq hissi formalaşdırır. Yəni bu zorakılıq növünün də belə fəsadları var. Biz bu gün yalnız fiziki zorakılıqla mübarizə aparırıq, çünki ona qarşı cəza imkanları var. Əgər hansısa bədən xəsarətləri varsa, bunu məhkəmədə sübuta yetirmək imkanı olur. Psixoloji zorakılıq isə gözlə görünən zorakılıq deyil. Hətta intihar həddinə çatdırma olsa belə, biz intihar etmiş şəxsin psixoloji zorakılığın qurbanı olduğunu sübuta yetirə bilmirik. Çox az hallarda onu sübut etmək imkanı olur. Ona görə də, biz ailədaxili zorakılığın digər formalarına qarşı da mübarizə aparıb, onu edənləri cəzalandırmaq üçün kifayət qədər çalışmalıyıq. Mən bununla bağlı bir çox ölkələrin təcrübəsinə baxdım. Baxmayraq ki, bu zorakılıq növlərinin cəzalandırılması ilə bağlı qanunvericilikdə maddələr var, ancaq cəzanın tətbiq edilməsi üçün kifayət qədər indiqatorlar, üsullar yoxdur. Bu da onu göstərir ki, bütün dünyada psixoloji zorakılığa əl atan şəxslərin cəzalandırılması metodu tam işlənməyib.
Mehriban xanım, zorakılığın tərəfləri heç də hər zaman qadın və kişi olmur. Bəzən ailədə qadın digər qohumların, qaynana, qayınata və digərlərinin də təzyiqi ilə üzləşir…
Azərbaycan ailəsində, zorakılığın tərəfləri təkcə ərlə arvad deyil, bəzən övlad da valideynə qarşı zorakılıq törədə bilir. Biz daha çox qadının zorakılığa məruz qalmasına öyrəşmişik. Buna gender əsaslı zorakılıq deyilir. Çünki qadın daha zəifdir, zərifdir, iqtisadi baxımdan asılıdır, uşaqlara bağlılığı var, onlardan ayrıla bilmir. Ona görə də qadın zorakılığa məruz qalır. Ancaq elə hadisələr də var ki, orada qayınananın etdiyi zorakılıq daha çoxdur. Şərt o deyil ki, qayınana gəlini döyür və ya xəsarət yetirir. Orada psixoloji zorakılığın həddi çox ciddi şəkildə ailənin inkişafına mane olur. Bu ailənin işinə müdaxilələr, idarəetmə istəyi və ailəni öz istəyinə tabe etdirmək kimi ortaya çıxır. Elə ailələr var ki, qayınana ərlə arvadın birgə olmasına da dözmür, müdaxilə edir. Ailənin sərbəst şəkildə öz inkişaf planını tutmasına imkan vermirlər. Bu da bəzi ailələrdə kişilərin uzun müddət valideyn asılılığından çıxa bilməməsi ilə nəticələnir. Bəzən 40 yaşında kişi görürük ki, hələ də anasından asılıdır, ana onun ailəsini, uşaqlarını idarə edir. Bu həm də qayınananın öz həyatından imtina etməsinə gətirib çıxarır. Çünki bu qədər öhdəliyi öz üzərinə götürür.
– Zorakılığın olduğu ailədə böyüyən uşaqlar da var. Bu durum onların sağlamlığına, psixologiyasına nə dərəcədə təsir edir?
– Bir çox hallarda biz düşünürük ki, ailədə baş verənləri uşaqlar anlamır, hədələrdən, döyülmələrdən təsirlənmirlər. Ancaq bu belə deyil. Uşaqlar zorakılığa qarşı kifayət qədər həssasdırlar. Erkən yaşda ailədə zorakılıq olduğunu görürlərsə onların sağlamlıq problemləri, inkişaf problemlər çox ciddi şəkildə ortaya çıxır. Uşaq ana bətnində olanda qadın zorakılığa məruz qalırsa, bu uşağın sağlamlığına mənfi təsir edir. Uşaq sağlamlığının pozulması ilə bağlı statistikaya baxsaq , onun kökünü araşdırsaq görərik ki, bir çox hamilə vaxtı qadının zorakılığa məruz qalması ilə bağlıdır. Buna çox sadə yanaşmaq, uşaqların zorakılığın mahiyyətini anlamadığını düşünmək yanlışdır. Ümumiyyətlə, beynəlxalq standartlarda ikinci dalğa deyilən bir termin var. Ana zorakılığa məruz qalırsa, o dalğanın ikinci tərəfi də uşağa dəyir. Eyni dərəcədə hər ikisi travma alırlar, hətta uşaqlar daha çox travma alır. Qadın baş verənləri dərk edir, çıxış yolunu bilir. Uşaq isə çıxış yolunu bilmədiyinə görə, qorxur və həyəcan hissi onun inkişafına mənfi təsir göstərir. Bəzi hallarda bu uşaqların intiharı ilə nəticələnə bilər. Çox zaman isə birbaşa gələcək inkişafına böyük bir zərbə vura bilər.
– Qadınların bu qədər əzilməsində iqtisadi faktorlar nə qədər mühüm rol oynayır? Söhbət həm ailənin maddi durumundan, həm də qadının iqtisadi müstəqilliyindən gedir…
– İqtisadi müstəqillik deyəndə bir çox hallarda insanlar qadının bizneslə məşğul olmasını düşünürlər. Ancaq iqtisadi müstəqillik ilk növbədə təhsildir, peşədir, özünün gəlirlərinin olmasıdır. Ola bilər ki, qadın işləmir, lakin kişi onun üçün müəyyən bir büdcə ayırır, həmin vəsaitlə özünün və uşaqlarının problemlərini həll edir. Bir də var ki, kişi ailədə bütün iqtisadi məsələləri öz əlində saxlayır, qadın ondan bəhrələnə bilmir. Bu da insan haqlarının, qadın hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxaran bir haldır ki, qadın sərbəst şəkildə nə özü, nə də övladları ilə bağlı heç bir qərar verə bilmir. İqtisadi rıçaqlar imkan vermir ki, o uşaqlarının təhsili ilə, özünün inkişafı ilə məşğul ola bilsin. Qadının iqtisadi imkanları, onun kişi ilə bərabər gücə malik olmasına, ailədə qərar qəbul etmədəki iştirakına əsas təsiredici amildir.
– Boşanmaların artmasında ailədaxili zorakılığın rolu nə qədərdir?
– Əvvəlki şərtlər belə idi ki, təxminən hamı eyni şərtlərdə yaşayırdı. Ailədə baş verənlər məxfi saxlanılırdı, evin sirrini bayıra çıxartmaq olmazdı. Ona görə də, bu hallar kifayət qədər görünmürdü. Ancaq 1 il öncə bir qadının hüquq-mühafizə orqanlarına müraciəti birmənalı qarşılanmırdısa, indi çox rahat şəkildə buna reaksiya verilir. Əgər əvvəllər bu addımı atardısa, həmin ailənin bərpası qeyri-mümkün idi. İndi isə qadının polisə müraciəti bəzən ailənin daha da möhkəmlənməsinə səbəb ola bilər, polis nəzarəti ailədəki münaqişələrin həllinə təsir edə bilər. Normalar və standartlar dəyişir. Lakin birmənalı demək olmaz ki, bütün boşanma hallarında zorakılıq faktoru əsas olub. Burada müxtəlif səbəblər ola bilər. İndi belə hallar da baş verir ki, qadın xəyanət edir. Adətən kişi xəyanəti daha çox gündəmə gəlir, ancaq bəzən qadın xəyanətinin elementləri də olur. Ola bilsin bu cinsi xəyanət deyil, lakin hansısa formada yazışmalar, telefon danışıqları, görüşlər kimi faktlar ortaya çıxır. Ola bilər ki, xarici ölkələrdə bu normal haldır, lakin Azərbaycan mühiti üçün xəyanət sayılır. Üstəgəl bütün bunlar gizli baş verirsə, bu həqiqətən xəyanətdir.
– Ailədaxili zorakılıqdan danışarkən, qız uşaqlarının təhsildən yayındırılmasını, erkən yaşda ərə verilməsini də qeyd edə bilərik. Bunun qarşısını necə almaq olar? İnzibati tədbirlərin görülməsini normal hesab edirsinizmi?
– Bu istiqamətdə işlər görülür. Əvvəlki illərə nisbətən əhali məlumatlıdır. İndi kimsə qızını erkən ərə vermək istəyirsə, ən azından bunun hansı cəzalarla nəticələnəcəyini soruşur. Bu da onu göstərir ki, cəmiyyət cəzalanmaqdan qorxur. Bu cür hadisələr yaşanır. Lakin əksəriyyət bu cəzanı bildiyi üçün qızları nişanlayırlar, ancaq nigah üçün 18 yaşına çatmasını gözləyirlər. Proses gedir, onun qarşısını almaq üçün cəhdlər göstərilir. Təkcə maarifləndirmə ilə bu məsələ həll olunmayacaq. Ona görə də, bu günə qədər bu problemin qarşısı tam alınmayıb. Yalnız maarifləndirmə və cəza ilə problemi həll etmək olmaz. Bunun üçün sosial işçilər olmalıdır, ailədə iş aparılmalıdır. Qızın məktəbə getməsi, təhsilini davam etdirməsi, uğur qazanması üçün iş görülməlidir, ailəyə psixoloq təhkim olunmalıdır. İstənilən məsələdə kompleks xidmət paketi olmalıdır. Xidməti biri oldu, digər olmadısa bu yarımçıq iş olur.
– Mehriban xanım, dövlət tərəfindən hansı addımlar atılmalıdır? Sizin təklifləriniz nədir?
– Bayaq da qeyd etdiyim kimi, xidmət paketləri formalaşmalıdır, istiqamətləndirmə olmalıdır. Bu məsələni təkcə hüquq-mühafizə orqanları və ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həll edə bilməz. Burada QHT-lər, bələdiyyələr, icra strukturları da işləməlidir. Hüquq-mühafizə orqanları qadının həyatına təhlükə hiss edirsə sığınacağa göndərir, sığınacaq reabilitasiya ilə məşğul olur, yeri gələndə aqressorla işləyir. Əgər ailə barışırsa, sonradan icra strukturunun buna nəzarət mexanizmi olmalıdır. Bələdiyyələr də bu məsələdə iştirakçı olmalıdır. Yəni bütün qurumları birgə işi nəticəsində ailədəki konfliktin sakitləşməsinə qədər prosesə nəzarət mexanizmi olmalıdır. Hələ ki, bu istamətləndirmə mexanizmi bizdə tam formalaşmayıb.
Məğrur Mərd