aziz

20 ölkəni gəzən azərbaycanlı: “3 dollara görə gecə saat 2-də 26 adama zəng vurduq”

Baxış sayı: 2. 273

İşi elədir ki, istər-istəməz tez-tez fərqli ölkələrə yolu düşür. O da bu səfərlərdən səyahətləri üçün də istifadə edir. İmkan tapan kimi olduğu yerə yaxın gəzməli, görməli məkanları axtarıb tapır, oralara baş çəkir. Hələ ki, 20 ölkəyə səfər edən, lakin planında artıq müəyyən gəzməli yerlər olan Əziz Şahhüseynovdur müsahibimiz.

 

– Bir paylaşımınızı oxudum, qeyd etmişdiniz ki, ümumvətəndaş pasportunda yer bitmişdi, dəyişdim. Nə qədər ölkə gəzibsiniz belə?

– Hələ ki 20 ölkədə olmuşam. Ölkə var ki, orda bir gün olmuşam, ölkə var, 17 ay, ölkə var 6 il.

 

– Bunlar sırf gəzmək məqsədli olmayıb yəqin ki. İşiniz də gəzməyi tələb edir?

– Bəli, işim elədir ki, istər-istəməz gəzməli oluram. Səyahətlərin bir qismi işlə bağlı olur. Həm də şənbə-bazar vaxt olanda, bir-iki günlük, yaşadığım yerə yaxın ölkələrə, şəhərlərə səfər edirəm. İşimə görə uzun müddət öncədən tətil planlayıb harasa getməyə vaxt olmur. Adətən, vaxt və imkan olan kimi ani qərarlar verib harasa gedirəm. Hazırda Bosniyada yaşayıram, işləyirəm. Bir ay əvvəl təsadüfən Bosniyada özüm üçün gözəl bir yer aşkarladım, gedib gördüm. Təsadüfən hansısa bir yer diqqətimi çəkər və mən ora səyahət edərəm.

– Yəni, işlə bağlı olsa da, özünüz də gəzməyə maraqlısınız. Bu həvəs nə vaxtdan yaranıb?

– Səyahətlərim uşaq vaxtlarımdan başlayıb.

 

– Ailədəkilər də səyahətə meyilli olublar?

– Bəli. İndi mən xaricdə yaşayıram, amma Azərbaycanda olanda hər yay rayonların birinə ailəvi gedirdik. Dağlıq bölgə seçirdik. Kənd olmasına və texnikanın çox olmamasına fikir verirdik. Çünki mən dərs oxuyurdum, anam da müəllimdir. İntellektual işdən beyini bir az yayındırmaq üçün təbiət qoynunda olmaq lazım idi. 2001-ci ildən başlayaraq hər il hansısa rayona gedib 1-2 həftə qalırdıq. Hər şeydən uzaqlaşırdıq. Bircə telefon olurdu, o da əlaqə saxlamaq üçün.

 

– Bəs, müstəqil səyahətlər nə vaxtdan başladı?

– Xaricə ilk dəfə tək çıxışım 2008-də olub. “British Council”ın bir layihəsində qalib oldum və İngiltərəyə getdim. Sonra yavaş-yavaş tək getməyə başladım.

– Getdiyiniz ölkələrdən danışaq. Hansı ölkələr səyahətçi kimi diqqət mərkəzinizdədir?

– Son iki ilə qədər Almaniyanı ciddiyə almırdım. Çünki heç vaxt təmasım olmurdu. Amma ora gedəndən sonra fikrim dəyişdi. Almanların sistemi çox xoşuma gəlir, hər şey planlıdır. Keçən il Amsterdamda bir məsələni özüm üçün dəqiqləşdirdim. İyul ayında kostyumda velosipedlə işə gedirdilər. Amma biz iyul ayında kostyumla və velosipedlə işə gedə bilmərik. Çünki oranın təbiəti elədir ki, hava yayda da sərindir, tərləmirlər. Bizdə isə hava çox isti olur, ona görə, biz onu edə bilmərik. İsveçrə çox gözəldir. Ümumilikdə, hər yerin öz gözəlliyi var, gərək onu kəşf edə biləsən. Məsələn, Praqada təsadüfən Con Lennon Divarını kəşf etdim. O haqda məlumatım var idi, amma ora getməyi məsləhət görən olmamışdı. Təsadüfən, gəzə-gəzə o divarın yanına gedib çıxmışdım. Belə xoş təsadüflər olur, halbuki, məşhur yerdir.

 

– İndi avtostopla səyahət edənlər çoxalıb…

– Bəli, çox gözəl üsuldur. Mən özüm avtostopla səyahət etməmişəm, amma yolda avtostopçulara maşın saxlamağa çalışıram. Normalda insanlar pul təklif etməyə razıdırlar ki, filan yerə qədər apar. Amma pul götürmürəm, deyirəm ki, danışmağa adam olsun, gəl gedək.

– Bəs, avtostopla səyahət etməyi fikirləşmirsiniz?

– Kiminsə maşın saxlayıb tək oğlanı aparması ehtimalı 10 faizdir. Tək qızda bu rəqəm 60-dır. Oğlanla qız qrup şəklində olanda 40 faiz ehtimal var. Mən də sınamışam, amma olmur. “Couchsurfing” (divan səyahəti) var. Mən uzun müddət Belqradda yaşadım, bu üsulla 47 adamı evimdə qonaq etmişdim. Tanımırdım, “Couchsurfing”də yazırdılar ki, kim məni qonaq edə bilər? Beləcə, dəvət edirdim. Bir ay da qalan olub, bir gün də. Mən başqa ölkələrə gedəndə “Couchsurfing”də yazanda belə, deyən olmayıb ki, gəl bizdə qal (gülür). Əslində, bunu başa düşürəm, normaldır. Mən bir az rahat adamam. Amma bir çox adam fikirləşir ki, gələn kimdir, necə adamdır və s.

 

– Dediniz ki rahat adamam. Səyahət edənlərin bir çoxunda bunu müşahidə etmək olur. Bizim problem kimi baxdığımıza, bəzən onlar xırda narahatlıq kimi yanaşırlar. Səyahətlərin insan olaraq sizə təsiri nə dərəcədə olub?

– Tutaq ki bir şəhərə gəlibsiniz, filan yerə gedəcəksiniz, sonra da başqa bir yerə. İndi düşünün ki, bu, həyatınızdır. İndi bu problem var, sonra da başqa problem. Səyahətlərdə heç tanımadığınız yerdə yolu özünüz tapdığınız kimi, avtomatik olaraq, eyni məsələlər insanın öz həyatına da təsir edir. Mənim həyatımda bu problem var. İndi bunu həll edəcəyəm, sonra bu birini. Səyahətlər zamanı qarşıma çıxan çətinliklərə macəra kimi baxıram, problem kimi yox.

– Səyahətdə problem yaşananda gərginlik olmur?

– Bu, insana görə dəyişə bilər. İnsan var, gərginlik olanda həll etmək üçün əvvəlcə oturub ağlayır. Adam var ki, oturub düşünür ki, problem  var və bunu həll etmək lazımdır. Gərginlik hər zaman var, bunun dərəcəsi insandan asılıdır. Kimsə problemi avtomatik həll edir, kimi bir müddət düşünməlidir. Məndə elə məsələlər var ki, avtomatik həll olunur, eləsi də var ki, “müsəlmanın sonrakı ağlı” məsəlini xatırlamalı olursan. Adətən, problemlə üzləşəndə deyirəm ki, artıq olub, indi nə etmək  lazımdır? Növbəti addımları fikirləşirəm.

 

– Hansısa ölkəyə gedibsiniz, ilk olaraq səfər planlarına nələr daxil olur? Sizi maraq dairənizdə nələr var?

– Muzeylər, gözəl, görməli yerləri. Amma mən muzeylərə marağı İngiltərədə olandan sonra itirdim. Orda adam o qədər şey görür ki, düşünürsən ki, day bundan sonra başqa nə görə bilərəm? Mətbəx məni o qədər maraqlandırmır. Çünki uşaqlıqdan yemək cəhətdən kaprizliyəm. Ona görə, hər yeməyi yeyə bilmirəm. Üstünlüyü orda əldə edirəm ki, bizim yeməklərimiz türk mətbəxindəkilərlə oxşardır, türk restoranları isə hər yerdə var. Problem olsa, onları hər yerdə tapmaq olar.

– Amma səyahətçilər deyirlər ki, getdiyin ölkənin mətbəx nümunələri ilə qidalanmaq səyahətə başqa dad verir…

– Bəli, düz deyirlər. Mən dadına baxıram, amma xoşlamıram. Məsələn, Serbiyada əksər yeməklərə donuz əti vurulur, sevmirəm. Getdiyim ölkələrdə də yerli mətbəxin dadına baxıram, amma belə, normal qidalanmaq üçün türk restoranlarını seçirəm.

 

– Səfərlərdən nələrlə qayıdırsınız?

– Təəssürat, yaddaş və macəra. Suvener götürmürəm, heç kimə də gətirmirəm. Çünki insana ordakı xatirə, macəra qalır. Əgər o xatirələri, macəranı yaşamaq istəsəm, o yerə bir də gedərəm. Xoş, ya mənfi təəssürat varsa, hamısı yaddaşımda qalır.

 

– Macəra məsələsini vurğulayırsınız. Burda nələri nəzərdə tutursunuz? Birini danışasınız, bəlkə…

– Deməli, dostlarla Vyanada idik, Eyndhovenə uçmaq üçün Praqaya getdik. Kartda biletə ödəyəcəyimiz 200 dollar saxladıq, qalanı isə nağd götürdük. Getmişik hava limanına, son gün biletin qiyməti qalxıb və bizə ödəniş üçün əlavə 3 dollar lazım oldu. Gecə saat 2-də 3 dollara görə 26 adama zəng vurduq. Dedik ki, bəs sən kartdan ödə, gələndə ödəyərik. Biri başa düşmədi. Biri 10 dəqiqə danışandan sonra başa düşdük ki, sərxoşdur. Bir yatırdı, birində pul olmadı. Axırda tapdıq, amma tapana qədər hava limanında oturmuşduq. Hava limanında isə bir cihaz 15 dəqiqə internetdə ola bilər. Hər cihazdan 15 dəqiqə istifadə edə-edə axırda problemi yoluna qoyduq.

 

– İndi planda hansı ölkələr var?

– Fransa, Belçika, Skandinaviya, Baltikyanı ölkələr. Fransa və Belçikada qardaşım olub, çox gözəl yerlər olduğunu deyir. Ona görə, mən də görmək istəyirəm. Skandinaviyada qütb parıltısı mənə maraqlı gəlir. Baltikyanı ölkələrdən Latviyada uşaq vaxtı olmuşam, indi heç nə yadımda deyil. Gedib baxmaq istəyərdim.

 

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir