Uşaqların valideynləri, dayələri tərəfindən “tərbiyə etmək” adı altında döyülməsi hallarına tez-tez rast gəlirik. Dəfələrlə bu barədə yazılsa da, müzakirə olunsa da, problemin həllinə nail ola bilmirik. Uşaqların Beynəlxalq Müdafiəsi Günündə kampaniyalar keçirsək də, sosial şəbəkələrdə statuslara mövzu olsa da, yenə də gözümüzün önündə uşaqlar döyülür, zorakılığa məruz qalır, küncə qoyulmaqla “tərbiyə” edilir.
Qanunvericilikdə uşaqlara cismani cəza birmənalı şəkildə qadağan edilsə də, yenə də hüquqlarını müdafiə edə bilməyən balacalara valideynləri, dayələri, müəllimələri tərəfindən təzyiqlər olunur. “Kids Studio” özəl bağçasında uşaqların döyülmə hadisəsi ilə bağlı yayılan videolar son günlər məsələni yenidən gündəmə gətirdi. Hadisə sosial şəbəkə istifadəçiləri tərəfindən şiddətlə qınandı, lakin “Biz də döyülərək böyüməmişikmi?”, “müəllimin uşağı döyməsində heç bir qəbahət yoxdur”, “Məsələni şişirtməyin, bu, sadəcə tərbiyə metodudur” deyənlər də az deyildi.
Bəs uşaqların hüquqlarını qorumaq, onların cəmiyyətin aqressiyasından müdafiə etmək üçün nə etməliyik?
“Gözləməməliyik ki, uşağa kimsə cəza versin, sonra cəzalandıraq”
Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı aparatın Milli Məclisə təklif etdiyi “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” qanun layihəsindən danışdı. Həmsöhbətimizin sözlərinə görə, bu layihənin qəbulu uşaqların hüquqlarının pozulması ilə bağlı bir çox problemləri aradan qaldıra bilər: “Uşaq hüquqları haqqında ümumi normalar “Uşaq hüquqları haqqında” qanunda, İnzibati Xətalar Məcəlləsində və digər normativ hüquqi aktlarda təsbit olunub. Yəni, bunu törədən hər hansı bir şəxs qanun qarşısında məsuliyyət daşıyır. Amma bizim təklif etdiyimiz layihə daha konkretdir və məsələləri daha detallı şəkildə özündə əks etdirir. Bu layihə, cismani cəzadan müdafiə ilə bağlı məsələləri tənzimləyir. Layihənin məqsədi uşaq hüquqlarının daha səmərəli müdafiəsi üçün onları zorakılıqdan, kobudluqdan qorumaqdır. Cismani cəzalara məruz qalan uşaqların hüquqlarının müdafiəsi, onlara sosial-psixoloji yardımın göstərilməsi, uşaqlara qarşı törədilən cəzaların səbəbləri, buna şərait yaradan halların aradan qaldırılması, ümumiyyətlə, cismani cəzalara məruz qalma riskinin aradan qaldırılması məsələləri layihənin əsas prinsiplərindəndir”.
Aparat rəhbəri deyir ki, BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycan hökumətinə təqdim etdiyi tövsiyələrdə məişət zorakılığının qarşısının alınması haqqında qanun müsbət hal kimi qeyd edilir. Amma eyni zamanda ölkəmizdə bütün məkanlarda, bura ev şəraiti də daxildir, cismani cəzanın bütün növlərindən istifadə edilməsini birmənalı şəkildə qadağan edən qanununun qəbul edilməsini tövsiyə edirlər. Çünki bizim qanunvericilik uşaqlara qarşı istənilən zorakılıq hallarını qadağan etsə də, konkret hansısa məkanlar göstərilməyib. Qanunun qəbul olunması artıq istər dövlət, istərsə də vətəndaş cəmiyyəti institutlarının bu sahədə birgə fəaliyyətinə imkan yaradar ki, bu zaman səmərəli nəticə əldə edə bilərik. Biz gözləməməliyik ki, uşağa kimsə cəza versin, sonra cəzalandıraq. Bizim məqsədimiz odur ki, uşağa cismani cəza yaradan hallar aradan qaldırılsın, belə halların qarşısı alınsın”.
“Uşaqların mənafeyi nəzərə alınmalıdır”
Beynəlxalq ekspert Munir Məmmədzadə də bizimlə söhbətində Azərbaycan qanunvericiliyində uşaq hüquqlarının hüquqi təminatlarının öz əksini tapdığını vurğuladı. Lakin, həmsöhbətimiz deyir ki, uşaq hüquqları haqqında qanun “çərçivə qanun” olduğu üçün müəyyən prinsipial məqamlar burada öz əksini tapmayıb: “Uşaqlara qarşı zorakılıqdan danışanda, qanunvericilikdə xüsusi məqamların da öz əksini tapması yaxşı olardı. Məsələn, Azərbaycanda uşaqlara qarşı cismani cəzanın qarşısının alınması haqqında qanuna ehtiyac var. Bundan əlavə, Yuvenal Ədliyyə Haqqında qanunu təbliğ edirik. İstənilən qanunvericilikdə inzibati, yaxud hüququ təminatları nəzərdən keçirəndə, dövlət, uşaqların ən ümdə maraqlarını baş prinsip kimi qeyd etməlidir. Əgər uşaqlarla böyüklər arasında hüquqların təminatı baxımından ziddiyyət yaranarsa, uşaqları üstün mənafeyi nəzərə alınmalıdır”.
Müsahibimiz deyir ki, inkişaf etmiş ölkələrdə uşaqlara qarşı cismani cəzanın bütün növləri qanunla qadağan olunub və bir çox ölkələrdə uşaqlarla bağlı xüsusi məqamların öz əksini tapdığı qanunlar qəbul olunur: “Elə ölkələr var ki, uşaq hüquqları ilə bağlı məcəllələr hazırlanır və bir topluda bütün əsas məqamlar öz əksini tapır. Azərbaycanda da cismani cəzanın bütün növlərinin qadağan olunması ilə bağlı qanunun qəbul olunmasına ehtiyac var”.
“Cəmiyyətin mövzuya yanaşmasında çox şey asılıdır”
Beynəlxalq ekspertin sözlərinə görə, elmi əsaslarla sübut olunub ki, zorakılığa məruz qalan, ümumiyyətlə, hər hansı bir qayğıdan məhrum edilən, zorakılıq mühitində böyüyən uşaqların emosional inkişafında ciddi problemlər yaranır: “Zorakılığa məruz qalan uşağın gələcəkdə öz həyat yoldaşına, övladlarına qarşı zorakılıq tətbiq etmə şansı daha yüksəkdir. Hətta araşdırmalar təsdiq edir ki, zorakılığa məruz qalan insanlar cinayətkarlığa meyillidir. Uşaqlıqda keçirdiyi sarsıntılar onların gələcəkdə iqtisadi vəziyyətinə də təsir edir, əqli cəhətdən problemlərə məruz qalmasına da gətirib çıxarır. Bir valideyn və tərbiyəçi olaraq, uşaqlarla düzgün rəftar etməli, onların hüquqlarını qorumalıyıq”.
Həmsöhbətimizin sözlərinə görə, problemin qarşısının alınması hərtərəfli və kompleks məsələdir: “Burada nə qanunvericilik, nə də hüququn tətbiqi ilə müsbət nəticələr əldə etmək olar. Cəmiyyətin mövzuya yanaşmasında çox şey asılıdır. Nə qədər qanun dəyişsək də, valideynlərə, müəllimlərə qarşı cəzalar tətbiq etsək də, bu, böyük effekt verməyəcək. Biz ictimaiyyət və bu sahəyə cavabdeh qurumlar olaraq ən başlıcası, valideynlərə, bu sahədə çalışan mütəxəssislərə bilik və bacarıqlar aşılamalıyıq. “Bu hallar baş verdikdə nə etməliyik” ətrafında düşünməkdənsə, “bu halların baş verməməsi üçün nə etməliyik” sualını prioritet götürməliyik. Azərbaycanda sosial xidmətlərin, sosial işçilərin, psixoloqların, ailələrlə işləyə biləcək insanların sayı məhduddur. Bizdə daha çox cəza növlərinə üstünlük verirlər, nəinki qabaqlayıcı tədbirlərə. Bu sahədə çalışmaq istəyən mütəxəssisləri əvvəlcədən hazırlasaq, daha uğurlu nəticələr əldə edə bilərik”.
Uşaqlarının hüquqlarının pozulması onların həyatına necə təsir edir?
Uşaqlara qarşı edilən təzyiqlərin onların gələcəkdə şəxsiyyət kimi yetişməsində təsiri birmənalıdır. “Bu gün döyülən uşaq, sabahın döyən valideyndir” deyirlər. Hətta araşdırmalar, qəddar cinayətkarların uşaq yaşlarında sevgisiz, işgəncələrlə böyüdüyünü göstərir.
Psixoloq Murad İsayev deyir ki, valideynlərlə, uşaqlarla işlədikdə zorakılıqla bağlı problemdə uşaqların həmin vəziyyətdən çıxarılması üçün kifayət qədər uzun vaxt sərf edilir. Psixoloqun sözlərinə görə, kiçik görünən proses, çox böyük fəsadlara gətirib çıxara bilər: “Bəzi insanlar, xüsusilə də yaşlı nəsil əminliklə deyir ki, bizim vaxtımızda da bağçalarda, məktəblərdə uşaqlar müəllimləri, valideynləri tərəfindən döyülüb. Elə bu səbəbdən də onların oxumaqla bağlı problemləri olmayıb. Bu, çox yanlış anlayışdır. Adicə, uşağın küncə qoyulması və “sakit dayan” deyilib, danışma hüququndan məhrum olunması, küncdə hərəkətsiz olaraq, stabil vəziyyətdə qalması onun gələcəkdə şəxsiyyət kimi formalaşmasında, öz fikrini deməsində problem yaradır. Yəni özünü təqdim etmək, təsdiq etmək, sosial tərəfdən özünü sübut etmək baxımından problemlər yarada bilir. Hətta uşağa əl qaldırmadan tənqid etsən belə, bu, ilk növbədə uşaqlarda özünüqiymətləndirmə, motivasiya və həyatda mübarizə aparma kimi məsələlərə birbaşa mənfi mənada təsir göstərir. Məsələn, bir uşağın özgüvənini əlindən tənqidlə, şiddətlə alırıqsa, 16-17 yaşından sonra onlarda psixoloji, nevroloji problemlərə həssaslıq görürük. Yəni nevroz, xroniki yorğunluq kimi patologiyalara belə uşaqlarda çox rast gəlinir. Çünki onların özünü qoruma mexanizmi zəif olur. Uşaq vaxtından o qədər ki, ona haqları verilmir, o haqları artıq uşaq istəməyə belə cürət etmir”.
“Uşaq dağıtmalıdır, baxmalıdır, sökməlidir, çirklənməldir”
Psixoloq deyir ki, 6-7 yaşına qədər uşaqların normal proqressiv tərəfdən inkişaf etməyinin qarşısı alınmamalıdır: “Proqressiv inkişaf odur ki, uşaq dağıtmalıdır, baxmalıdır, sökməlidir, çirkləndirməlidir, quma batmalıdır. Bu kimi məsələləri uşaqların təbiətinə buraxmaq lazımdır. Onlar onu etməlidir, amma biz valideyn olaraq imkan vermirik. Uşaqlar elə yaranıb ki, əgər onun hansısa psixoloji gərginliyi varsa onu korreskiya etmək üçün yolları qeyri ixtiyari şəkildə edir. Məsələn, uşaq gərgin olduqda, su, qumla oynayır, karandaşla rəngləyir. Bu, onun beyninin boşalması və rahatlaşması üçün çox önəmlidir. Siz təsəvvür edin ki, biz onun da qarşısını alırıq, problem də yaradırıq. Uşaqlarda bu psixoloji problemləri – şiddət, gərginlik, cəza metodlarının fəsadlarını 18 yaşdan sonra şəxsiyyət özü daşıyır və nəticədə cəmiyyət çox pis nəticələrlə qarşılaşır”.
Aygün ƏZİZ