dondurma

Bunu etsəniz, kökəlməzsiniz, uşaqlarınız da xəstələnməz – YAY DADI

Baxış sayı: 1. 366

Yayın gəlməyinə sayılı günlər qalır. Bu fəsildə uşaqdan böyüyədək hər kəsin sevimli qidalarından biri dondurmadır. Dondurma haqqında isə fikirlər birmənalı deyil. Bu qidanı yemək hər zaman mübahisə mövzusuna çevrilir. Elə isə dondurmanı necə, nə vaxt, hansı formada yemək lazımdır? Uşaqlara dondurma vermək olarmı? Dietoloq Şəhriyyə Əhmədova  dondurma haqqında sualları cavablandırıb.

Mütəxəssisin sözlərinə görə, günlük rasionu elə tətbiq etmək lazımdır ki, heç bir qidadan tam imtina etməyək. Bura dondurma da daxildir. Gündəlik qida rejiminə şəkər, yağ, karbohidratı balanslı şəkildə daxil etsək, əslində, heç nədən imtina etmiş olmarıq: “Bəzən deyirlər ki, dondurma yemək olmaz, dondurma yeməyək. İnsanları bu qədər dar çərçivəyə saldıqda bir müddət sonra bundan sıxılırlar. Ona görə də müəyyən bir mərhələni, çətinliyi atandan sonra rasiona dondurmanı da daxil edirik. Sadəcə, payın miqdarını aşmamaq şərti ilə”.

Dietoloq dondurma ilə meyvəni sıralamağı məsləhət görür. Bu iki qidanı qətiyyən qarışdırmaq olmaz. Günün müəyyən saatı meyvə, digər saatında isə dondurma yemək olar: “İki pay meyvə, üstəlik, dondurma yemək istəyirsiniz. Lakin meyvənin bir payını dondurma ilə əvəz edin. Bir meyvə, bir pay dondurma yemək olar. Dondurma isə souslu olmamalıdır. Yağlılıq dərəcəsini nəzərə alaraq, bir top meyvəli dondurma yemək olar. Eyni zamanda, dondurma yeməyin saatına diqqət etmək vacibdir. Günün birinci yarısı, yəni saat 17:00-18:00-a qədər yeyilməsi daha məqsədəuyğun sayılır. Axşam saatlarında dondurma yemək məsləhət deyil”.

Ş. Əhmədova normadan çox yeyilən hər bir qidanın artıq çəkiyə səbəb olduğunu vurğulayır. Lakin orqanizmə uyğun miqdarda yeyilərsə, heç zaman artıq çəkiyə gətirib çıxarmaz: “Sözsüz ki, şokoladlı, fıstıqlı, qarışıq, iki və daha çox pay dondurma yemək rejimdən çıxmanıza səbəb olar. Amma gün ərzində bir dəfə yesəniz və bu meyvəli, yaxud şokoladlı olarsa, artıq çəkiyə gətirib çıxarmaz”.

Valideynlərin narahat olduğu məqamlardan biri də uşaqların dondurma yeməsidir. Bir çoxları dondurma yedikdən sonra boğazlarının şişdiyini deyir. Dietoloq isə uşaqların da rahatlıqla dondurma yeyə biləcəyini bildirir. O, hesab edir ki, bu sevimli qida uşaqlarda ciddi problem yaratmaz. Yetər ki, müəyyən olunmuş vaxtda və az olsun: “Adətən, uşaqlara meyvəli dondurmalar verilir. Sözsüz ki, valideynlərin nəzarəti ilə. Uşaqlara bir paydan çox olmayaraq və günün birinci yarısında dondurma vermək olar. Axşam saatları qətiyyən məsləhət deyil. Böyüklərdə olduğu kimi, uşaqlar da dondurmanı meyvə ilə bərabər yeməməlidir. Yəni günün müəyyən hissəsində meyvə, digər bir hissəsində bir pay dondurma yeyə bilərlər. Dondurma yeyən zaman boğazın şişməsi orqanizmdən asılı olan problemdir. Əgər boğazda həssaslıq, xroniki faringit varsa, əlbəttə, dondurma qıcıqlanma yaradar. Amma yenə də bir pay boğaz ağrıtmaz. Faringit olan halda dondurmanı bir az yumşalmış halda, ərimiş formada yemək daha yaxşı olar”.

Sözsüz ki, evdə hazırlanmış qidalar sağlamlıq baxımından digərlərindən daha üstündür. Bu sıraya dondurma da daxildir. Bir çox xanımlar dondurmanı ev şəraitində hazırlayır. Əslində, bu, təqdirəlayiq haldır. Dietoloq da insanlara əsasən evdə hazırlanmış dondurmaları yeməyi məsləhət görür: “Xüsusən də uşaqlar üçün dondurma ev şəraitində hazırlansa, daha yaxşı olar. Hətta uşaqlar üçün dondurmanın formalı qabları belə var. Həm rəngarəng olur, meyvələrdən hazırlanır, həm də ev üsulu ilə hazırlanmış yemək, şirniyyat, içkilər kimi dondurmalar da daha çox məqsədəuyğundur. Ev şəraitində hazırlanmış kokteylləri də dondurma əvəzi yemək olar”.

Ş. Əhmədova çiyələk mövsümü olduğu üçün çiyələkli kokteyl hazırlamağı məsləhət görür. Bu, həm də uşaqların ən çox sevdiyi kokteyllərdən biridir. Dietoloq çiyələkli kokteylin reseptini də verdi:

 

  • 1 stəkan az yağlı süd
  • 1 ovuc çiyələk
  • 1 yarım banan
  • 5 ədəd badam

 

Bunun hamısını blenderdan keçirin. Sonra isə sərin formada və ya otaq temperaturunda yemək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir