Gülmək nədir? Həyati baxımdan insanın xoşuna gələn, ona həzz verib zövqünü oxşayan durumlar qarşısında, həmçinin sosial həyatını paylaşması səbəbi ilə səsli bir şəkildə duyğusunu xaricə yansıtması gülüş adlanır. Gülmək, söz ilə ifadə olunmayan duyğularımızdır. Güldüyümüz zaman ürək döyüntümüz sürətlənir, dərin nəfəs alırıq. Bədənimizdəki gərginliyi, ağrını azaldan endorfin daha da artır. Gülməklə stress atmaq da olur. Sosial münasibətlərdəki xoşbəxtliyi paylaşmaq məqsədilə də gülür insan. Bəzən acısını, nifrətini, gücün, zəifliyini, gizlətmək, daha doğrusu, özünümüdafiə məqsədilə də gülüş tətbiq edilir. Güldüyümüz zaman üz ifadəmizdə nə qədər özümüzü bəxtəvər hesab etməmiz əks olunsa belə, gözlərimiz onu söyləməyə bilər. Həmçinin bəzən o gülüşlərin arxasında yatan duyğuların nədən ibarət olması çətin izah edilə bilər. Həqiqətdə gülümsəmək qarşıdakı insan üçün bir şey ifadə etməsə də, insanın özü üçün çox müsbət enerji və sevincdolu an bəxş etmək qabiliyyətinə malikdir.
Keçək əsas mətləbə. Son zamanlar bir çox insanlardan gələn şikayətlərə əsaslanaraq qeyd etmək istərdim ki, qadın gülüşü onların həyatında bir çox maneələrə səbəb olur. Əks cins tərəfindən bayağı və bir mənalı qarşılanmayan “qadın gülüşü” bir qism kişiləri çaşdırır və münasibəti dəyişdirir. Qeyd etmək istərdim ki, ailəsindəki saf və özünəməzsus tərbiyədən dolayı bir çox qadın və qızlarımız xoşgüləş, şən, deyib gülməyi sevən, bir sözlə, komplekssiz, pozitiv olur. Onlar əks cinslə deyər, gülər və pozitiv anlar bəxş edə bilərlər. Belə olduğu təqdirdə bir qism kişilər yanlış düşüncəyə köklənərək o tipaj qızları aşağı səviyyəli və ya yüngül təbiətli sanarlar.
Ümumiyyətlə, qadının üzündəki təbəssüm el arasında “gözləri qaynayır”, çox gülərsə, “az dişini ağart”,”gülmə qonşuna gələr başına”, “gülüşü gəl-gəl deyir”, “görün, necə gözəl qəhqəhə çəkir” və.s. kimi fikirlərlə dəyərləndirilir. Düzdür, kişilərin də aşırı gülüşü onların qeyri-ciddi olmasından dolayı yüngüllük anlamına gəlir. Amma qadınların həm təbəssümü, dodaqqaçması və ya gülməyi əks cinsdə fərqli bir ab-hava yaradır. Bir qism kişilər qadınlarla münasibəti daha da dərinləşdirməyə can atırlar. Əslində bir çox qadınlar özləri kişi və ya qadında belə ifrat gülüşü tənqid edər. Cünki cəmiyyət içində bəzən qəh-qəhə çəkib, nəzər diqqəti çəkmək istəyən bir çox qadınlara və kişilərə də rast gəlirik. Hər şey öz ölçüsündə əxlaqlı olsa gözəl olar. Cəmiyyət tərəfindən birmənalı qarşılanmır.
Hər kəs öz şüuraltını tənzimləməyi bacarmalıdır ki, qarşısındakının davranışları onu çaşdırmasın. İstər qadın, istərsə də kişi nə qədər üzügülər, təbəssüm dolu sima alarsa, o qədər də insanların mənəvi aləmində neqativ düşüncələr azalar. Çünki yalnız Azərbaycan kişilərinin çox qismində qadının çox gülməsi o qadın haqda yüngülxasiyyət anlamına gələr. Ümumiyyətlə, bəzi hallar istisna olmaqla, bir qism qadınların davranışlarını ümumiləşdirib bir çoxları haqda da mənfi rəy yaratmaq lazım deyil.
Həyat, ömür bizə bir kərə nəsib olduğu halda üzünüzdəki təbəssümü əsirgəməyin insanlardan. Kimin nə zaman həyatdan köçəcəyi bəlli olmadığından, bütün insanlar içindəki məkrli fikirləri kənara qoyub yalnız müsbət auraya, sağlam düşüncəyə malik olarlarsa və gülüşləri təbəssümləri ilə bir-birinə layiqli davranışlar edərlərsə, bu, bizə verilən ömrün bizlər tərəfindən daha da artmasına yardımçı olar.
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu, Azərbaycan Dövlət Pedoqoji Universitetinin psixologiya kafedrasının müəlliməsi Gülər Məmmədova