OFIS

Ofis geyimi necə olmalıdır? – ARAŞDIRMA

Baxış sayı: 1. 605

Fatma xala ilk dəfə pensiya almaq üçün sənədlərini götürüb banka gedəndə çox təəccüblənmişdi. Elə qadın qapıya ayağını təzəcə qoymaq istəyir ki, qapı öz-özünə açılır və içəridə, özü demiş, “inkubatordan çıxmış” kostyumlu oğlanlar və hamısı eyni cür geyinmiş, demək olar ki, eyni boyda, eyni çəkidə olan qızlar idi. Fatma xalanı təəccübləndirən qapının öz-özünə açılması deyildi, bunu yaşadığı binanın altındakı böyük meqamarketdə də görmüşdü. Onu təəccübləndirən bankda ayrı-ayrı pəncərələrdə əyləşən hətta saç rənginə kimi eyni olan miniatür xanımlar və bəylər idi. Buranı özünün işlədiyi “jek”lə müqayisə edən qadının beynindəki iş geyimi elə o vaxtkı “Mariyanın göz yaşları” parçasından olan ətək və “şolk” köynək idi. Fatma xala hamısı bir-birinə oxşayan bank işçilərinə necə təəccüblənibsə, şəxsiyyət vəsiqəsini də orada unudaraq evə qayıdıb. Qadının bu təəccübünü görən nəvəsi evdə onu başa salır ki, bu bankda qəbul olunan dress-koddur. Bir çox banklarda rəhbərlik psixoloqlarla müzakirə apararaq məhz bu ölçüdə, bu boyda xanım və bəyləri ona görə işə götürür ki, məhz bu tip əməkdaşlar və bu cür geyimlə daha çox insanın etibarını qazanmaq mümkündür. Mövzumuz çox Fatma xalaları təccübləndirən həmin o dress-kod haqqındadır. Dress-kod lazımdırmı, yoxsa kim nə tapdı – allı-güllü geyinib işə gələ bilər?

 

Dress-kod nə üçündür?

Dress-kod termini bizə ingilislərdən gəlib. Ofis dress-kodundan söhbət gedirsə, bu hər hansı şirkət tərəfindən təyin olunmuş mədəni, işgüzar geyim tərzidir. İşgüzar geyim dedikdə isə, bura cins, dekolitə, sport və mini geyimləri çıxmaq şərtilə, daha çox klassik kostyum və ya ağ köynək, qara şalvar (ətək) aiddir. Dress-kodda şirkətdə çalışan əməkdaşların həddən artıq makiyaj, əcaib saç rəngi və düzümü də məqbul sayılmır. Həmçinin onlara tövsiyə olunur ki, ciddi, səliqəli və klassik geyimdən istifadə etsinlər. Ənənəvi işgüzar tərzə münasib olan rənglər isə əsasən, tünd-göy, tünd-boz, qəhvəyi, qara, tünd-yaşıldır.

Əslində dress-koda münasibət heç də birmənalı deyil. Heç də şirkət əməkdaşlarının hamısı onun olmasını doğru addım hesab etmir. İşçilər bunu öz azadlıqlarının pozulması kimi qiymətləndirsə də, şirkət rəhbərliyinə görə işgüzar geyim tərzi şirkətin imicini formalaşdırır.

Modelyer Zümrüd Mirzəliyevanın bildirdiyinə görə, adətən, idarələrdə dress-koda uyğun ən çox istifadə olunan rənglər ağ-qara və bozdur. Dünya təcrübəsində dövlət idarələrində və özəl şirkətlərdə işgüzar geyimdən istifadə olunur. Son vaxtlar bizdə də bununla bağlı modelyerlərə müraciətlər olur: “Son vaxtlar mənə dress-kodla bağlı sifariş üçün müraciətlər çox olur. Müraciət edənlər, adətən, firmalar olur. Onlar öz kriteriyalarını deyirlər, məsələn, şalvar çox enli olmasın, köynək ağ olsun və s. Mən də deyilən çərçivədə işləyirəm”.

Psixoloq Vəfa Əkbərin dediyinə görə, hər bir idarənin onu digər idarələrdən fərqləndirən qanunu olmalıdır. Məhz bu, işçilər arasında motivasiya yaradır: “İşçilər iş ağırlığı və işin məsuliyyətinə görə fərqlənirlər. Aşağı təbəqə iş görənlər- işçilər və idarəçi heyət. Dress-kodun olub-olmamasından söhbət gedirsə, əslində, hamı eyni cür geyinsə, bu, hər kəsin bərabərliyi deməkdir. Çox vaxt bundan narazı olanlar idarəçi heyət olur. Çox yaxşı olardı ki, iş geyimindəki fərqlilik aradan götürülsün. Bu, şirkətin imicinə müsbət təsir edə bilər”.

 

Image result for ofis geyimi

“Ya işini itirməli, ya da geyimini dəyişməlisən…”

Məsələnin qanuni tərəfinə gəlincə, bizdə bu məsələ qanunla tənzimlənmir. Yəni dövlət idarələrinə mütləq dress-koddan istifadə etmək tələbi qoyulmayıb. Millət vəkilləri də bunun hüquqi baxımdan qeyri-mümkün olduğunu deyirlər. Fazil Mustafanın sözlərinə görə, hərbiləşmiş strukturlarda konkret geyim formaları var və bu geyim formalarından istifadə edirlər. Amma bunu bütün qurumlara aid etmək olmaz: “Digər qurumlarda türklər “takım əlbisəsi” deyirlər – qalstuk, kostyum  geyim qaydası var. Amma hamıya eyni geyim formasını geyindirmək olmaz. Dress-kodu bütün idarələrə tətbiq eləmək doğru deyil. Məmurlar istənilən formada idarəyə gedə bilərlər. Bunun xüsusi bir formaya salınması insanların fəaliyyətlərinin müəyyən dərəcədə məhdudlaşdırılmasıdır”.

Millət vəkili hesab edir ki, bu, cəmiyyətin mədəni səviyyəsinin göstəricisidir. Məmur seçilmək üçün kostyumdan, qalstukdan istifadə edə bilər. Amma bu o demək deyil ki, hər kəsə tətbiq eləmək lazımdır. F. Mustafa hesab edir ki, bu, kommunizm prinsiplərinə uyğun gəlir və bizim azad cəmiyyət prinsiplərinə uyğun deyil:

“Nazirliklərdə, dövlət idarələrində mini, idman tərzində geyinmək düzgün deyil. Lakin bəzi məlumatlar gəlir ki, bir çox idarələrdə qadınları belə açıq geyinməyə məcbur edirlər. Müəssisə rəhbəri bəzən işçisini öz nökəri sayır və ondan belə geyim tələb edir ki, bütün qızlar mini geyinməlidirlər. Bu da çox vaxt narazılıqla qarşılansa da, bəzən insanlar çörək pulu qazanmaq üçün razılaşmalı olurlar”.

F. Mustafanın sözlərinə görə, qapalı geyinməyi hamıdan tələb eləmək doğru olmasa da, xidmət sferasında insanların açıq-saçıq geyinməsinə yol vermək olmaz.

“Başörtülü xanımlar da bəzən tədbirə buraxılmır. Bu da yanlış bir şeydir. Əgər qapalı geyim hansısa ölkənin ideoloji simgəsini ifadə eləmirsə, onu geyinmək olar. Bir çox məsələlər hüquqla tənzimlənmədiyinə görə insanlar bundan sui-istifadə edirlər. Bəzən heç ailədə o cür geyimə məqbul baxmırlar, amma işdə məcbur mini geyinməli olur. Ya işini itirməli, ya da geyimini dəyişməlidir. Bu çox mürəkkəb məsələdir və insan haqlarına uyğun deyil”.

Millət vəkili Zahid Orucun sözlərinə görə, bəzi təşkilatlarda təsisatın nümayəndələri tərəfindən daxili geyim forması təsdiq olunur və bu da normal qarşılanır. Amma bunun kütləvi xarakter daşımadığı da bizə bəllidir.

“İşçi ən yaxşı formanı geyib də insanlara qarşı düzgün davranış seçməyibsə, vətəndaşlar o geyimdən razı qalmayacaq”.

Related image

Təpədən-dırnağa…

Ekspertlər hesab edirlər ki, dress-kodun 3 müsbət tərəfi var: Birincisi, dress-kod şirkət, firma, idarə haqqında ciddi imic yaradır. İkincisi, bununla işdə xüsusi iş atmosferi yaranır. Üçüncüsü, bu, komandanın hər bir üzvünün bərabər olması deməkdir. İş geyimi həm də üzərində bir çox elementləri birləşdirir. Burada ən azı aid olduğu şirkət və ya firmanın loqotipi əks olunur ki, bu, şirkətin reklamı deməkdir. Həm də ofis geyimi şəxsin səliqəli, diqqətli, cavabdeh, ciddi olması haqqında fikir yaradır. Bundan əlavə, bəzi ofislərdə dress-kod birinci və beşinci günlər arasında qüvvədə olur və həftəsonu iş olan kollektivlərdə son günlər sport geyimə icazə verilir.

Dünya təcrübəsinə nəzər salsaq, bu baxımdan vəziyyət bizdən daha yaxşıdır. Qardaş Türkiyədə istər dövlət idarələrində, istərsə də özəl şirkətlərdə dress-koda ciddi nəzarət olunur. Rusiyada aparılan araşdırmalara görə, əksər kampaniyalar geyim tərzi ilə bağlı müəyyən bir seçim etməyi HR mütəxəssislərə həvalə edir. İdarə və şirkətlər arasında keçirilən sorğuya görə, çox ciddi dress-koda yalnız 8 % şirkətlər əməl edirlər. Onlar istisnasız olaraq bütün əməkdaşlardan forma və ya kostyum geyinməyi tələb edirlər. Şirkətlərin 44%-i isə küçə stili istisna olmaqla, əməkdaşlardan ofis geyimində işə gəlməyi istəyirlər. 48% şirkətlər isə vulqar geyim, bura həddən artıq qısa ətək və açıq köynək daxildir, geyinməyi tələb edirlər.

Əslində, dress-kodu bəzi özəl şirkətlər elə formaya salıblar ki, bu, şirkəti daha çox klonlama laboratoriyasına bənzədir. Bəzi hallarda isə bunun “face-kontrol”a qədər gedib çıxması qəbulolunmazdır. Amma bu da faktdır ki, həkimə gedərkən onun geyindiyi ağ xalatdan biz hər yerin təmiz olduğunu qəbul edirik. Restorana gedərkən anlayırıq ki, bizə kim qulluq edəcək, qonaqlar kimdir. Və yaxud da bankda əyləşən xanım çox açıq dekolitə ilə qarşımıza çıxsa, hansı vəziyyət yaranar, onu özünüz fikirləşin…

İstənilən halda, əgər iş maraqlıdırsa, məvacib qane edirsə, rəhbərliklə dil tapmaq olursa, kollektiv mehribandırsa, burada dress-kodun olması hər hansı sıxıntı yaratmır. Ekspertlər hesab edirlər ki, əgər siz geyimdə məhdudiyyətə görə diskomfort hiss edirsinizsə, bu, əslində işin və ya rəhbərliyin uğursuz olması ilə də bağlı ola bilər. Əslində isə dress-kod öz-özlüyündə ciddi problem olmamalıdır. Axı uniforma talantı, əməksevərliyi və individuallığı gizləmək gücündə deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir