konul_diaspor

Küveytin azərbaycanlı gəlini: “Həyat yoldaşıma, uşaqlarıma Azərbaycanca danışmağı öyrətmişəm” – MÜSAHİBƏ

Baxış sayı: 1. 387

“Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə Modern.aza müsahibə verib. “Gencaile.az” onunla söhbəti təqdim edir:

 

– Könül xanım, müsahibəyə gələndə kənardan sizi müşahidə edə bildim.  Sanki kişi xarakterli qadınsız?

– Sanki yox. Elə kişi xarakterliyəm.  Bəlkə də o qadınlardanam ki, qorxu instinktim yoxdur. Müntəzəm olaraq idmanla məşğul oluram. Düşünürəm ki, qadın hər bir müdafiəyə hazır olmalıdır. Bir əhvalat danışım sizə: Dünyanın hər yerində olduğu kimi, Küveytə də ermənilər yaşayır. Bir dəfə idmandan çıxıb evə qayıdırdım. Gördüm ki, yolun o biri tərəfində bir maşın dayanıb. Üzərində erməni bayrağı asılıb və erməni dilində “mən Ermənistanı sevirəm” yazılıb. Necə qəzəbləndimsə, öz maşınımı kənara verib saxladım. Dərhal beynimdən “bu işi belə qoymaq olmaz” keçdi. Maşından düşüb gəldim həmin yerə. Erməni maşınının təkərlərini dəmirlə deşdim və maşının üzərini cızıq-cızıq etdim. Həmin anda necə rahat nəfəs aldığımı sözlə ifadə edə bilmirəm. Maşınımı həmin yerdən çox uzaqda saxlamışdım.  Amma kimsə mənə irad bildirmədi. Hətta, kamera da çəkirdi. Səhərisi günü təkərlərini partlatdığım maşını yerində  görmədim.

 

– Azərbaycana tez-tezmi  gəlirsiz?

– Nə vaxt ürəyim istəsə biletimi alıb Azərbaycana gəlirəm. Bura gəlmək üçün hansısa fəsli, ayı gözləmirəm.  Xaraktercə sərbəst insanam. Həyat yoldaşım da mənim xarakterimə uyğunlaşıb. Həyat yoldaşım Küveyt vətəndaşıdır. Qaynanam da mən ora gəlin köçəndən deyir ki “mən türkəm”. Bilmirəm mənə görə deyir, yoxsa necə. Əslində qaynanam lübnanlı türk kökənlidir. Qaynatam isə iranlıdır.  Deyə bilərəm ki, mənim qədər həyat yoldaşım da Azərbaycanı sevir

 

– Körfəz ölkəsinə necə gedib çıxdınız? Fərqli dil və adət-ənənəyə sahib bir ailədə  yaşamağa necə alışdınız?

– Yoldaşımla burada tanış olmuşuq. Tam təsadüfi olub. Ali təhsilimi də almışam. Tərif kimi çıxmasın, bacarıqlı insanam. Vətənimi, xalqımı sevirəm. Siz görəsiniz həyat yoldaşım Azərbaycan dilində necə səlis danışır. Əgər azərbaycanlıların oturduğu məclisdə bir həmyerlimiz rusca danışırsa, o məclisi dərhal tərk edirəm. Düşünürəm ki, öz dilimizdə danışmalıyıq. Küveytdə bəzi azərbaycanlılar var ki, Azərbaycan  dilində danışmaq istəmirlər. Bizim dilimiz zəngindir, təmizdir, şirindir. 5 dildə təmiz danışıram. İndi neyləyim, mən yabançı dillərdə danışmalıyam?! Bu cür hallar doğru deyil.

Əlbəttə, fərqli dil və adət-ənənəyə sahib bir ailədə  yaşamağa alışmaq  asan olmadı. Fərqli ölkə, fərqli insanlar… Ailə quranda 25 yaşım vardı. O yaşda insan müəyyən düşüncələrə sahib olur. Hər halda, bir çox məsələləri gözə ala bilmişdim. Amma zamanla çox yaxşı alışdım.

– Bəs tanışlığınız necə baş verdi?

– O Bakıya turist olaraq  gəlmişdi. Təsadüfən tanış olduq və bu tanışlıq sevgiyə çevrildi. Hazırda 5 övladımız var. İki fərqli xalq olsaq da, xoşbəxtik. Böyük övladımızın 15, kiçiyimizin isə 5 yaşı var.

 

– Hazırda Küveytdə nə qədər azərbaycanlı yaşayır?

– 150 nəfərə yaxın olar.

 

– Küveytdə neçə il olar yaşayırsınız?

– Küveytə gedən ilk azərbaycanlı xanımlardanam.  2002-ci ildə ora getmişdim. Həmin vaxtlarda evimdə tez-tez qonaqlıqlar, tədbirlər keçirirdim. Yerli küveytliləri dəvət edirdim. 5 il bu cür tədbirlər keçirtdim. O zamanlarda Azərbaycan deyəndə küveytlilər ölkəmiz haqqında hər hansı bilgiyə sahib deyildilər. Amma zaman keçdikcə, yerli turizmimiz inkişaf etməyə başladı.

 

– Bir çox ölkələrdə diaspor və səfirliyimiz arasında zaman-zaman uçurum yaşanıb. Eyni hal Küveyt üçün də xarakterikdirmi?

– 2004-cü ildə Küveytdə səfirliyimiz açıldı. Səfirimiz Şahin Abdullayev təyin olundu. Daha sonra isə yeni səfir Tural Rzayev oldu. Tural Rzayev xalq yazıçısı Anarın oğludur. Onun dövründə Küveytdən bir dəvət gəldi ki, burada diapor işini həyata keçirə bilən biri lazımdır. Tural müəllim dedi ki, “kimisə seçməyə ehtiyac yoxdur. Bu işləri aparan bir nəfər var. İşlərinə can yandıran Könül xanımdır”.
Beləliklə, 2010-cu ildə rəsmi olaraq təşkilat açıldı. “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətini yaratdıq.


– Dediklərinizdən belə başa düşdüm ki, Küveytdə diaspor və səfirliyimiz  sülh şəraitində paralel olaraq çalışır.

– Əlbəttə. Səfirliyin bizə dəstəyi çoxdur. Demək olar ki, səfirliklə birgə işləyirik. Onlar bizi, biz də onları eşidirik. Tam bərabər şəkildə işlərimizi qurmuşuq. Müəyyən vacib günlərdə kitabları, broşurları, bayraqları səfirlik bizim üçün təşkil edir. Konsulumuz Mirdavud Sultanov ,səfirimiz Elxan Qəhrəman sadə və işini sevən insandır.

 

– Xeyli vaxtdır ki, Azərbaycanda Diaspor Komitəsinin strukturu  yenilənib.  Gözləntiləriniz varmı?

– Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədrindən çox şeylər gözləyirik. Simasından da görünür ki, Fuad Muradov  çox nurlu insandır. Biz təşkilat rəhbərləri Fuad müəllimə kömək etməliyik. Həmçinin, ümid edirik ki, komitə rəhbəri olaraq Fuad müəllimin də bizə dəstəyi olacaq.

 

– Küveytdə azərbaycanlılar əsasən hansı problemlərlə üzləşirlər?

– Daha çox azərbaycanlı qadınların ailə problemləri olur. Qanunu bilmirlər. Mən 16 ildir ki, orada yaşayıram. Bilirik ki, ərəb ölkələri Avropa ölkələrindən xeyli fərqlənir. Ərəb adətlərinə uyğunlaşan və  uyğunlaşmayan qadınlarımız var. Kimlər də adətlərə uyğunlaşa bilmir, onları kənara çəkib “ağıllı ol. Övladın var. Ailəni dağıtma” deyirəm. Çünki orada kimsələri yoxdu. “Mən qanunla arxanda duraram. Amma nə vaxta qədər?” deyib məsləhət verirəm.
Söhbət ancaq Küveyt vətəndaşları ilə ailə quran qadınlardan gedir. Çünki azərbaycanlı kişi ilə ailə quran qadınlarımız öz başlarına çarə qıla bilir. Bir söz də deyim. Maşallah olsun ki, orada ailə quran qadınlarımızın 98%-i çox xoşbəxtdir.

 

 – Bu xoşbəxt ailə tablosunda daha çox kimin payı var. Küveytli kişilərin, yoxsa  azərbaycanlı qadınların?

– Səmimi etiraf edəcəm: xoşbəxtliyi küveytli kişilər yaradır. Onlar öz qadınlarına sahib çıxa bilirlər. Xoşbəxtliyin maddi tərəfi də var. Ərəb kişiləri imkanlı olurlar. Hər bir ölkənin iqtisadi qaydaları var. Bizim ölkəmiz də inkişaf etmiş ölkələr sırasındadır. Küveyt isə Azərbaycanla müqayisədə çox varlıdır. Küveytlilər bura gələndə qiymətləri görüb “vau” deyirlər. Onların əmək haqqı ilə götürəndə bizdə ərzaqlar ucuzdur. Bütün bunlara baxmayaraq, vətənimi və xalqımı çox sevirəm. Bu günlərdə prezident İlham Əliyevlə Ermənistanın baş naziri Paşinyan Fransada eyni tədbirdə idilər. Paşinyan adam yerinə belə qoyulmadı. Amma İlham Əliyev necə hörmətlə qarşılandı. Üçrəngli bayrağımız ön cərgədə asılmışdı. Bu cür nüanslar mənim üçün başucalığıdır. Ordumuzun 100 illiyi günündə hərbi paradı televiziyadan izlədik. Mən ölkəmin nələrə qadir olduğunu bilirəm. İnanın, həyat yoldaşımın paradı izləyərkən “halal olsun” deməsi mənim üçün qürurvericiydi.

 

– Son illərdə xanımlarımız türk kişilərlə nikaha girməyə üstünlük verir. Bu da normal qarşılanır. Dil, din, adət-ənənə birliyimiz var. Amma ərəblə, hindistanlı ilə ailə quranda hamımıza qəribə gəlir. Seçimin də qərarın da sizin olmanıza baxmayaraq, ailəniz hansı təpkini verdi?

– Din qardaşı olduğumuza görə normal qarşılandı. Ailəmiz modern olduğu üçün seçimim ata-anam üçün çox önəmlidir. Onlar hər zaman seçimimə inanıblar. Heç vaxt səhv addım atmamışam. Həmişə inamla qarşılayıblar. Həyat yoldaşımın Azərbaycana olan marağı, sevgisi ailəmin də çox xoşuna gəldi. Yoldaşım Küveytdə tez-tez divan məclisləri keçirir. Həmin məclisə ermənipərəst küveytliləri dəvət edir. Onlara ermənilərin nə qədər murdar millət olduğunu göstərir. Nə qədər ermənipərəst ərəbləri erməni sevgisindən daşındıra bilmişik.

 

– Siz danışdıqca anladım ki, dəyərlərimizi əcnəbi diyarda yaşadırsıınız. Bəs bizim gəlin-qaynana məsələlərimiz orada necədir?

– Qaynanam sağ olsun ki, mənim millətimin tərəfindədir. Ermənilərə nifrət edir. Gəlin-qaynana münasibətlərimiz çox yaxşıdır. Azərbaycanda olan gəlin-qaynana, gəlin-baldız münasibətləri orada yoxdur. Qaynanama ana deyirəm. O biri gəlinlər isə xala deyir. Bu cür məsələlərdə qadınların rolu böyükdür. Öz adıma deyə bilərəm ki, əcnəbi məmləkətdə baş çıxartmaq asan deyil. Amma mən vətənimi çox sevdiyimdən gəlin köçdüyüm ölkədə bir Azərbaycan guşəsi yarada bilmişəm. Evimizdə  Azərbaycan dilində danışırıq. Uşaqlarim da dilimizi təmiz bilir. Hətta qaynanama da təsir edə bilmişəm. Yavaş-yavaş dilimizi öyrənir.

 

– O biri gəlinlərin yəqin ki, hamısı ərəbdir.

– Xeyr. İranlı, tunisli, Səudiyyə ərəbistanlısı da var. Bir gəlin də küveytlidir. Qaynanamın 7 oğlu var. 2 baldızım var ki, onlarla da normal yola gedirik. Ümumiyyətlə, kimsə kimsənin işinə qarşımaz. Bir-birimizin fikirlərinə hörmətlə yanaşırıq. Baldızlarım türk dilində yaxşı danışır. Arada gizli söhbətimiz olanda türkcə danışırıq.

 

– Bəs Küveytdə milli mətbəximizi təbliğ edə bilirsizmi?

– Bizim evdə Azərbaycan yeməkləri bişirilir. Qaynanam ləvəngini daha çox sevir. Onların mətbəxi zəngin deyil. Hindistan mətbəxidir. Ədviyyatdan bol istifadə edirlər. Heç vaxt ərəb yeməklərini bəyənməmişəm. Ətə o qədər ədviyyat vururlar ki, ətin dadını itirirlər. Hər il Küveytə gedəndə 20 banka Bakı yarpağı aparıram.

 

– Azərbaycana gələn ərəblər bizə sözün əsl mənasında şok yaşadırlar. Hər kişinin yanında azı 3 qadın olur. Küveytdə vəziyyət necədir?
– Hələ birini alsınlar, qalsın üçüncünü də almaq. İndi zəmanə dəyişib. Subaylar belə evlənmək istəmirlər. Subay qaynım vardı. Bəlli yaşı vardı. Onu güclə evləndirdik. Gedib tunisli qız tapdı. Azərbaycanlı qız almasını məsləhət görəndə yoldaşım dedi ki, “biri bəsdi”. Dedim “əksinə, özümünkünə daha çox dəstək olaram, qala ki o birilər olsun”. Həyat yoldaşım da “elə ona görə lazım deyil” dedi. Bədəvilər əsasən 2-3 qadın saxlayır. Bu bədəvilər bizim bildiyimiz bədəvi deyil. Onlar familiya ilə tanınır. Biz onlara bədu deyirik. Əsasən 2 arvad alırlar. Bir dəfə idman salonuna getmişdim. Bir qadın “günübacım “deyib danışırdı .Nə cür qəbul etdiyini soruşanda “onun evi ayrı mənim evim ayrı”-dedi. Kişi hər iki qadına ayrıca ev almalıdır. Bu da imkana bağlı olan şeydir.

 

– Maraqlıdır,  ərəb adətləri   həyatınızda tətbiq edilə bilərmi? Həyat yoldaşınız “günübacı” ala bilərmi?

 

– Lap əvvəldən həyat yoldaşıma demişəm ki, əgər ikinci evliklik istəsən, özüm gedib sənin üçün xanım taparam. Amma bir şərtim var.

 

– Nədir o şərt?

– Məni boşamalıdır. O zaman elçiliyə də özüm gedərəm. O da deyir ki, “hələ səninlə qurtarım, qalsın ikincisini almaq”.

 

– İki fərqli insan olaraq dil tapmaqda, yola getməkdə ciddi problemləriniz olmur ki?

– Xasiyyətim elədir ki, insanlarla anlaşa bilirəm. Əvvəla kimsənin işinə qarışmıram. Kimsənin də mənim işlərimə müdaxilə etməsini sevmirəm. Ona görə də yola gedə bilirəm. İlk vaxtlarda çətin olub. Qərib ölkə və insanlarına alışmaq asan olmayıb.

 

– Ərəb adətlərində nə fərqliliklər var? Bir qədər məlumat vermənizi istərdik?

– Ərəblərdə qədim toy adətləri hələ də qalır. Orada belə bir qanun var. İlk evlənən oğlan yerli qız alırsa, başlıq pulunu, toy xərcini dövlət verir.

 

– Belə anladım ki, Küveytdə yerli qızlardan çox əcnəbilərlə nikaha daxil olmağa üstünlük verilir.

– Elədir. Mənim əcnəbi gəlin olmağıma baxmayaraq, öz hüquqlarım var. Uşaqlarım mənim üçün hüquqdur.

 

– Tam anlaşılmadı.

– Məsələn, yerli camaat əcnəbiyə baxanda daha üstün əmək haqqı alır. Allah uzaq eləsin. Boşanma mərhələsinə çatanda mənim hüququm yerli küveytli qızının hüququ qədər olur. Ortada olan uşaqlar anaya düşür və anadan onları almaq olmaz. Belə bir hal mövcuddur. Sünni məhkəməsində evlənən qadının hüququ daha üstündür.

 

– Siz o zaman sünni məhkəməsinə uyğun evlənmisiniz.

– Əlbəttə. Hərif deyiləm ki, şiə ilə ailə qurum. Ümumiyyətlə, xarici ölkəyə yaşamağa gedirsənsə, öncə qanunlarını öyrənməlisən. Orada belə qanun da var. Əgər ana ikinci dəfə ərə gedirsə, avtomatik olaraq ata uşaqları geri alır. Elə qadınlar var ki, uşaqların böyüməsini gözləyib sonra ailə həyatı qurur.

 

– Son illərdə ərəblərin Azərbaycana sürətli axınına şahidlik edirik. Bir qədər də pinti olduqlarını deyə bilərik. Küveytlilər də o kateqoriyaya daxildirmi?

– Xeyr. Azərbaycana gələn ərəblər,İraq və Səudiyyə Ərəbistanından gələnlərdir. Çox xahiş edirəm, bunları yazın. Artıq bezdim ərəblərlə bağlı suallardan. Həmin o pinti ərəblər ki var,səudiyyəlilərdir. Baxırsan ki, böyük-böyük villalarda, qəsrlərdə yaşayırlar. Əksəriyyəti natəmizdir. İraq ərəblərində isə natəmizlik bir tərəfə dursun, mərifətləri belə yoxdur. Misirlilər isə natəmizlik və mədəniyyətsizlikdə ön cərgədə dayanırlar. Küveyt, Bəhreyn, Qətər kimi ölkələrin xalqları isə çox mədəni insanlardır.

 

– Küveyt körfəz ölkəsidir. İqlimi bizim iqlimdən çox fərqlidir. Demək olar ki, qışı yoxdur. Birdən-birə oranın iqliminə necə alışdınız?

-Bəlkə də inanmayacaqsız. Subay olanda Allaha yalvarırdım ki, məni elə yerə qismət et ki, orada qar olmasın. Qarlı yollarda sürüşüb yıxılan olmuşam deyə, qışı sevmirdim. Allah da səsimi eşitdi. Elə bir ölkəyə gəlin getdim ki, ümumiyyətlə, qış olmur.

 

– Azərbaycana tez-tez gəldiyinizi dediniz. Yoldaşınız da sizinlə gəlirmi?

– Sözsüz. Bir də gördüz deyir ki, gedirəm Azərbaycana. Çantasını bir gün qabaqcadan yığıram və deyirəm ki, “sənə yaxşı yol”.

 

– Küveytlə Azərbaycan arasında hansı sahələrdə daha çox yaxınlıq var?

– Əslində Küveyt-Azərbaycan əlaqələri 1990-cı illərdən başlayıb. 1991-ci ildə İraq Küveyti işğal edən zaman,  daha doğrusu ölkədən çıxhaçıxda bütün Küveytdəki neft quyularına raket bombaları endirdilər. Həmin vaxt Küveyt yanırdı. Gündüzün günorta çağı hər yer qaranlıq idi. Ölkədən çıxan vaxtı səhraya kimyəvi bomba da atdılar. İnsanları hələ də kimyəvi raketin gətirdiyi xəstəlikdən əziyyət çəkir. O, neftin söndürülməsində Azərbaycanın rolu çox böyük oldu. İndi isə küveytlilər Azərbaycanı çox yaxşı tanıyır. Təbii ki, bu işdə səfirliyin və diasporun çox mühüm rolu var. Onlar turist kimi Azərbaycana gəlirlər. Amma Küveyt turistik bölgə deyil. Ticarət əlaqələri də yaxşı qurulub. Azərbaycandan ora bir çox məhsullar ixrac olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir