Benzinə qənaət etmək istəyən sürücülər yeni bir üsula əl atıblar. Fins.az bildirir ki, deyilənə görə, sürücülər avtomobilə maye qazla fəaliyyət göstərən əlavə bir sistem quraşdırmaqla benzindən istifadəni minimuma endirirlər. Bəs bu sistemin avtomobilə quraşdırılmasına icazə varmı? Təhlükəsizlik baxımından nə qədər doğrudur? Suallara cavab tapmaq üçün mövzunu araşdırmaq qərarına gəldik. Mövzu ilə bağlı açıqlama verən texniki məsləhətçi Əli Sultanov bildirir ki, bu avtomobillər həm benzin, həm də qazla işləyir: “Bunun üçün avtomobilə balon qoyulur, borular çəkilir, qoruyucular yerləşdirilir, renduktor quraşdırılır. Bütün bunlar isə yanma kamerasına qoşulur. Yəni, benzin bir tərəfdə qalır, avtomobil sırf maye qazla işləyir. Bu avtomobillər həm benzin, həm də qazla işləyir. Avtomobili işə salan zaman mühərrik benzinlə çalışır. Mühərrik soyuq olduğu təqdirdə, 30-40 temperaturdan sonra qazla işləməyə başlayır. Avtomobili 5 dəqiqəlik söndürsək belə, işə salan zaman yenə benzin istifadə olunur. 6-7 saniyədən sonra isə yenidən qaza keçir. Bu sistemi benzinlə çalışan bütün daxiliyanma mühərriklərinə tədbiq etmək olur. Benzin çox az işlədyindən ona qənaət olunur. Sadəcə, avtomobilin mühərriki qazla işləyir. Maye qazdan istifadə köhnə modellər üçün təhlükə yarada bilər. Avtomobil “Avro-5” standartına uyğun olmalıdır.
Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov isə açıqlamasında qeyd edir ki, Baş Dövlət Yol Polis İdarəsinin icazəsi olmadan avtomobilə bu cür qurğular yerləşdirən sürücüləri cərimə gözləyir: “Əslində, bu, çox ciddi məsələdir. Avtomobil üçün əlavə avadanlıqdır. Yəni, istənilən vaxt təhlükə yarada bilər. Hazırda bu məsələ qanunvericilikdə tənzimlənmir. Hər bir halda, Baş Dövlət Yol Polis İdarəsinin avtomobillərə baxış keçirən texniki şöbəsi var. Onların razılığı tələb olunur. Amma hər bir halda gələcəkdə bununla bağlı təhlükə ola bilər. Sistem hər hansı bir avtomobilə quraşdırılmazdan əvvəl laboratoriya şəraitində yoxlanılmalıdır. İcazə verilərsə, quraşdırmaq olar. Əslində, burada bir sıra boşluqlar var. Həmin avtomobillər Baş Dövlət Yol Polisi idarəsindən formal olaraq qeydiyyatdan keçirlər. Qanunvericilikdə bunun hüquqi prosedurları təsdiq olunmalıdır. Bunun hüquqi prosedurları olsa, gələcəkdə hansısa bir xoşagəlməz hadisə yaşanarsa addım atıla bilər.
Bəzi avadanlıqların avtomobilə quraşdırılması qadağandır. Məsələn, səs siqnalları, sayrışan işıqlar bura aiddir. Onlar yalnız xüsusi nəqliyyat vasitələrinə quraşdırıla bilər. Amma elə avadanlıqlar var ki, onarın quraşdırılması üçün razılıq tələb olunur. Razılıq olmadığı təqdirdə həmin sürücüləri cərimə gözləyir”.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə əlavə edib ki, qazın digər yanacaqlara nisbətdə çəkisi ağır olduğundan, avtomobil üçün təhülkə yaradır: “Ustalar deyir olar. Bu, ustalar üçün əlavə iş və əmək haqqıdır. Sözsüz ki, bu proses qanunvericilikdə nəzərdə tutulduğu qaydada aprılmalı, təhlükəsizlik nəzərə alınmaldır. Qurğunu qoyan şəxsin xüsusi sertifikatı olmalıdır. Hər yoldan keçən bunu qoya bilməz. Yalnız icazəsi olan mütəxəssis qoymalıdır. Təbii ki, qaz balonu qoyulan avtomobil mütləq qeydiyyatdan keçməlidir. Ona görə ki, sonradan avtomobildə hansısa bir xoşagəlməz hal baş verərsə, cavab verən tərəf olsun. Avtomobilinə bu sistemi quraşdırmaq istəyən şəxs yaşadığı ərazi üzrə Baş Dövlət Yol Polis İdarəsinin qeydiyyat imtahan şöbəsinə yaxınlaşmalıdır. Dediyim kimi, müvafiq sənədlərlə ora müraciət edilməlidir”.