Dünyada hər gün təxminən 150 min insan ölür. Onlardan 100 mininin ölüm səbəbi müxtəlif xəstəliklərdir. 100 minin yarısı ürək çatışmazlığı, insult və s. xəstəliklərdən, təxminən 40 mini isə aclıqdan, antisanitar şəraitdən ölür.
Dünyanın üçüncü dövlətlərində, xüsusilə də Cənubi Asiya və Afrika ölkələrində uşaqların vəziyyəti daha acınacaqlıdır. Uşaqlar beş yaşına çatmamış ölürlər. Yer kürəsinin bəzi yerlərində insanlar artıq çəkidən əziyyət çəkdiyi bir vaxtda Afrikada uşaqlar aclıq və susuzluqdan can verir.
Hər gün 14 min insan QİÇS, 5 min insan isə xərçəng xəstəliyindən ölür. Alkoqollu içki aludəçiliyi, siqaret, sağlam cinsi həyatın yoxluğuna görə isə hər gün minlərlə insan həyatını itirir. Hər gün 6 min insan bədbəxt hadisə, 3 min insan isə yol qəzası nəticəsində ölür.
Bundan başqa, dünyada hər saniyə 4 nəfər doğulur, 2 nəfər ölür.
Hər 102 saniyədə kimsə müharibədə həlak olur.
Hər 39 saniyədə bir kimsə intihar edir.
Hər 61 saniyədə kimsə öldürülür.
Hər 26 saniyədə kimsə avtomobil qəzasında ölür.
Hər 3 saniyədə kimsə aclıqdan ölür.
Hər 3 saniyədə 5 yaşına qədər bir uşaq ölür.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 55 milyon insan ölür. Onlardan 7.3 milyonu işemik ürək xəstəliyindən ölür.
6.2 milyon insan insultdan, 1.9 milyon insan isə diarreyadan həlak olur.
Yol-nəqliyyat qəzasında ildə 1.3 milyon insan tələf olur. Vərəmdən ildə 1 milyon insan həyatını itirir. Bədbəxt hadisələr zamanı 2.1 milyon insan ölür.
Aclıq və zəif qidalanmadan hər il 40 min insan ölür ki, bunların 45 faizi uşaqlar təşkil edir. Dünya əhalisinin hər 7 nəfərindən biri aclıqdan əziyyət çəkir. Eyni zamanda artıq çəki və piylənmədən dünya üzrə hər il 2.8 milyon adam ölür. Artıq çəki və piylənmədən dünyanın 50 faizi, əsasən dünyanın 34 inkişaf etmiş ölkəsi əziyyət çəkir.
Uşaq ölümləri daha çox Hindistan, Nigeriya, Konqo və Pakistandadır. Onlar əsasən diarreya, sətəlcəm, infeksion, vərəm və malyariya xəstəliyindən ölürlər.
Alkoqoldan süi-istifadəsi səbəbindən, dünyada hər il 2,5 milyon insan ölür. Dünya liderləri – Rusiya və keçmiş Sovet İttifaqı ölkələridir. Burada hər 5-ci ölüm bu fenomenlə bağlıdır.
Dövlət Statistika Komitəsindən “Yeni Müsavat”a verilən məlumata görə, Azərbaycanda 2017-ci ildə 144 min doğum, 57109 ölüm halı qeydə alınıb. Ölənlərin 31222 nəfəri şəhər, 25887 nəfəri isə kənd yerlərinin payına düşür.
Onlardan 750 nəfəri yol nəqliyyat hadisələrində həlak olub.
8665 nəfəri yenitörəmələrdən, 33663 nəfəri qan dövranı sisteminin xəstəliklərindən, 1839 tənəffüs sistemi xəstəliklərindən, 2769 travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrində ölüb.
2017-ci ildə törədilmiş cinayətlər nəticəsində zərərçəkmişlərin sayı 21561 nəfər olub.
Ötən il 1 yaşadək ölən uşaqların sayı 1700 olub. 44-ü bəzi infeksion və parazitar, 103-ü sinir sistemi, 15-i həzm sistemi, 235-i tənəffüs sistemi xəstəliklərindən, 1028-i perinatal dövrdə meydana çıxan bəzi hallardan, 155-i anadangəlmə anomaliyalardan (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından, 12-si isə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölüblər.