narkotik

Narkomanla necə davranmalı?

Baxış sayı: 2. 036

Narkotik maddələr – tələdir! Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.

Narkotik maddələrə meyl edən insanların davranışında aqressiya müşahidə olunduğunu deyən psixiatr və psixoloqlar hesab edirlər ki, onlara kömək etmək üçün ailə üzvləri və yaxınları müəyyən davranış qaydalarını bilməlidir.

Psixoloq Könül Mikayılova  bildirir ki, bəzən narkomanlar özünə və ətrafdakılara xələl yetirəcək vəziyyətlərə çatırlar: “Bu, onlarda affekt halında baş verir” deyən psixoloqun sözlərinə görə, onlarla söhbət zamanı xəstəliklərinə dair tənqidi yanaşma olmamalıdır.
K.Mikayılova qeyd edib ki, narkoman insanlar çox vaxt seçilirlər: “Amma istisna hallar da olur ki, narkoman olduğunu ağlına belə gətirə bilmirsən. Narkomanlarda kriz keçirdikləri vaxtlarda davranış pozuntuları baş verir. Qeyri-adekvat olurlar”.

Dediyinə görə, narkomanların ünsiyyətə çox ehtiyacları var: “Onlarda həyat eşqini artırmağa çalışmaq lazımdır. Narkotik vasitələrə aludə olanlarda motivasiya yaratmaq önəmlidir. Onları dinləmək lazımdır, buna ehtiyac duyurlar. Belə insanlardan təcrid olmaq, əksinə, onlarda narkotik maddələrə meylliliyi daha da şiddətləndirir”.

Müsahibimiz deyir ki, motivasiya ilə klinik müalicəyə yönləndirmə və terapiya müalicə müddətində davam etməlidir: “Çünki motivasiya tək narkomaniya ilə mübarizədə deyil, bütün xəstəliklərdə önəmlidir”.

Mikayılova qeyd edib ki, narkomanlar müalicənin mümkünsüz olduğunu düşünürlər: “Amma hər şey insanın iradəsindən asılıdır. İnsan istəyərsə, bütün problemlərin öhdəsindən gələ bilər”.

Psixiatr Denis Rzayevin sözlərinə görə, son dövrlər gənc və yeniyetmələr arasında narkotik vasitələrə meyl göstərənlərin sayı artır: “Gənclər yüngül narkotik maddələrin zərərsiz olduğunu və bunlardan bir neçə dəfə istifadə etsələr, heç bir ziyanın olmayacağını düşünürlər. Belə yanlış fikirlər çox vaxt gənclərin narkotik maddələrə aludə olmasına gətirib çıxarır. Bu risk qrupuna daha çox özünə qapanan, öz fikir və düşüncələrini, problemlərini ətraf mühitdən gizlədən yeniyetmə və gənclər daxildir”.

Gənclərə narkotik maddələr əsl psixoloji problemlərdən azad olmaq üçün asan yol kimi görünür. Lakin onlar narkotik maddələrə qurşanmaqla daha böyük bəlalara düşəcəklərinə inanmırlar.

Psixiatrın fikrincə, əksər hallarda yeniyetmələr özləri də bilmədən valideynlərinə esrardan istifadə etdikləri barədə məlumat verirlər: “Bu, onlardan gələn spesifik iy və ya otaqda yaddan çıxıb qalmış kül ola bilər. Bu, artıq valideynlər üçün uşaqların daha çox qayğı və diqqətə ehtiyacları olduğu haqda bir siqnaldır. Belə yeniyetmələr hesab edirlər ki, narkotik maddələr onları daha sərbəst və xoşbəxt edir. Onların fikrincə, bu vasitə ilə öz adi yaşayış tərzini daha maraqlı və daha fəal edə bilərlər. Narkotik maddələrin insanı xoşbəxt, qayğısız və rahat etməsi kimi fikirlər onlarda adətən asılılığa gətirib çıxarır. Belə vəziyyətdə övladlarını bu fikirlərdən yayındırmaq kimi böyük məsuliyyət valideynlərin üzərinə düşür” deyən həmsöhbətimiz hesab edir ki, çıxış yolu tez tapılmasa, yeniyetmələr özlərinə daha çox qapanacaq və ya ancaq onlar kimi düşünən insanlarla ünsiyyət qurmaq səviyyəsinə enəcəklər.
Rzayev bildirir ki, uşaqlarla bu vasitələrdən istifadənin nə ilə nəticələnəcəyi barədə ətraflı söhbət etmək lazımdır: “Onlara narkotik maddələrin təsirindən görmə qabiliyyətinin azalmasını, beynin fəaliyyətinin zəifləməsini və gələcəklərinə böyük zərbənin vurulacağını izah etmək lazımdır”.
Onun sözlərinə görə, narkotik maddələrdən istifadə edən yeniyetmələr zehni fəaliyyət və ya idmanla məşğul olmaqdan imtina edir və əksər hallarda əvvəlki ətraf mühitlərindən, dostlarından üz çevirirlər: “Əgər sizin uşağınız belə vəziyyətə düşübsə, onunla dah çox vaxt keçirin. Onda narkotik vasitələri atmağa maraq oyadın”.

 

 

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir