ev isleri

Ailədə iş bölgüsü: qadın vəzifəsi, kişi öhdəliyi

Baxış sayı: 1. 942

Əliboş yol gedən kişidən təxminən bir metr aralı əli zənbilli həyat yoldaşı addımlayır. Bəs niyə yükü qadın daşıyır? Fiziki baxımdan kişidən güclü olduğu üçünmü? Dəfələrlə gördüyümüz belə mənzərələrə gözümüz çoxdan alışdığından bəlkə də diqqət etmədən yolumuza davam edirik. Başqa bir mənzərə isə zibil vedrəsi ilə zibilxanaya gedən, həyətdə ağır xalça-palazı özü çırpan və s. kimi ev işlərinə yardım edən kişilərlə rastlaşdıqda ortaya çıxır. “Arvad sözünə əyilməyən” kişi statusunu qorumağa cəhd edənlər ikinciləri qınaq obyektinə çevirməyə cəhd etsələr də, həyat yoldaşları isə əksinə, “Gör necə yoldaşına baxır”,-deyə həsəd hisslərini gizlətmirlər. Bəs, cəmiyyətdə qadın vəzifəsi, kişi öhdəliyi deyilən iş bölgüsü necə və nəyin əsasında formalaşır?

 

Aşağı sosial statusda qalan ev əməyi

Ümumiyyətlə, ev təsərrüfatı çərçivələrindəki əmək feminist müəlliflər tərəfindən gender bərabərsizliyinin amili kimi təhlil edilir. Ev əməyinin müasir şəkli isə iş yerlərinin yaşayış yerlərindən ayrılması nəticəsində meydana çıxıb. Elə bununla da iş əmək müqabilində mükafat nəzərdə tutan “həqiqi” və öhdəsinə düşən vəzifə kimi qəbul olunan “görünməz” növlərə bölünüb. BMT-nin Əhali Fondunun məlumatına görə, olduqca davamlı və müasir cəmiyyətlərdə yayılmış patriarxat mədəniyyəti hər hansı növ insan fəaliyyətinin ümumi ictimai və şəxsi sahələrə bölünməsi ilə xarakterizə olunur. Bu sahələrdən hər biri üzrə məsuliyyət bölgüsü cinsi əlamətə görə aparılır və bir qayda olaraq, kişilər birinci, qadınlar isə ikinci sahəyə cavabdehdirlər. Ailədə hər iki tərəf – ər və arvad işlədiyi zaman ev qayğıları ilk növbədə qadının çiyninə düşür. Bununla bərabər, qadınlar özləri də ev işləri üzrə rollarını müxtəlif cür dəyərləndirirlər. Bəziləri onu özünü, öz qüdrətini, bacarıq və qabiliyyətlərini reallaşdıra bildiyi sfera hesab etdikləri halda, digərləri onu darıxdırıcı və monoton, yorucu və məhkumedici hesab edirlər. Amma yüksək iqtisadi əhəmiyyətinə baxmayaraq, ev əməyi aşağı sosial statusda qalmaqdadır. Məhz elə bu münasibətin nəticəsidir ki, hətta ev işləri görməyə yetərli qədər zamanı olan qadınlar mətbəxdə çalışmaqdan imtina edir, uşaqlarına baxılması üçün xüsusi dayə tələbini irəli sürür və s. Ev işlərinə aşağı dərəcəli və daha təhqiramiz formada yanaşma maddi imkanların artırılması ilə də izah olunur. Belə ki, əvvəllər bu işləri özü görmək məcburiyyətində olan qadın ailə büdcəsində maddi baxımdan artımlar olduqca, ev əməyinə alçaldıcı iş kimi yanaşaraq daha onunla məşğul olmağı özünə yaraşdırmır.

ev isleri

Texnoloji dəyişikliklər ev əməyinin formasını dəyişib, bəs bölgünü?

Mütəxəssislər qadının ev əməyinin ən nüfuzlu izahının ənənələrə istinad etdiyini deyirlər. Onların fikrincə, texnoloji dəyişikliklər ev əməyinin formasını dəyişsə də, ev vəzifələrinin cinsə görə dəyişdirilməsinə heç bir təsir göstərməyib. Belə ki, yeni texnologiyalar həyat keyfiyyətini artırmağa imkan verir, ev işlərinə sərf olunan vaxtı azaldır, amma kişinin evdə hökmranlığını aşağı salmır. Bir sözlə, texnologiyalarla forma dəyişsə də, mahiyyət qalmaqda davam edir. Ölkənin əmək resursları tərkibində qadınların sayının artırılması tendensiyası ev təsərrüfatında görülən işlərə də mühüm təsir göstərir. Əmək bazarında məşğul olan qadınlar əksər hallarda ev təsərrüfatının idarə olunmasında əsas öhdəçiliyi öz üzərilərinə götürsələr də, evdə daha az iş görürlər. Mütəxəssislər onu da qeyd edirlər ki, qadın hərəkatının güclənməsi kişilərin ev işlərinə münasibətini müəyyən dərəcədə dəyişib, amma hətta ən “liberal” olanları da çox vaxt kök salmış davranış stereotiplərini saxlayırlar.

 

Evin idarəçiliyində üç tip

Mütəxəssislərin hesablamaları onu da göstərir ki, sənaye cəhətdən inkişaf etmiş ölkələrdə milli sərvətlərin 25 faizdən 40 faizə qədəri ev təsərrüfatlarında yaranır. Evdə görülən işlər milli və beynəlxalq iqtisadiyyatın özəyi hesab edilir və aktiv əmək resurslarının böyük hissəsinin mövcudluğu təmənnasız ev təsərrüfatı xidmətlərindən asılıdır. Amma feministlərin baxışlarına görə, hətta qadın daha çox gəlirə malik olduqda belə onlar patriarxat münasibətlər çərçivəsində qərar qəbul edilməsi prosesində həlledici rola malik olmur. Belə hesab edilir ki, uşaqlara və ehtiyacı olan ailə üzvlərinə qayğı göstərmək, onlara qulluq, mənzilin sahmana salınması və s. kimi ev işləri qadını insanın əsas inkişaf mənbəyi olan muzdlu əmək imkanlarından, vaxtının idarə olunmasından məhrum edən amildir. Ev təsərrüfatındakı əmək bölgüsü və qərar qəbulu proseslərinin necə həyata keçirildiyinin aydınlaşdırılması ev təsərrüfatındakı patriarxallığın dərəcəsinin, ictimai mexanizmlərin işlənməsində onların rolunun müəyyən edilməsi üçün əsas amildir. Əmək bölgüsü, ailə qərarlarının qəbulu prosesi və ailədə hakimiyyət bölgüsü könüllü razılıq yolu ilə deyil, gender münasibətlərinin təsiri altında müəyyən edilir. Bununla, adətən, xırda gəlir və mobillik sahəsində kiçik səlahiyyətlərə sahib olan qadınlar kişilərə tabe olurlar. Mütəxəssislər bildirirlər ki, qadın və kişilərin öz əməyi ilə ev təsərrüfatına verdikləri töhfə də müxtəlifdir. Amma belə əmək bölgüsünün təkrarlanmasına baxmayaraq, burada müəyyən dəyişikliklər baş verir. Ələlxüsus, qadınların muzdlu əmək sahələrinə cəlb olunması ona gətirib çıxarır ki, hazırkı dövrdə ev işləri ilə qadın və kişilərin müxtəlif nisbətdə iştirakı ilə əlaqədar ev işlərinin bütün növlərini, istər uşaqların tərbiyə olunması, istərsə də sırf ev işlərini nəzərdə tutan minimum üç ev idarəçilik tipini səciyyələndirmək olar. Ev təsərrüfatının müxtəlif tiplərə ayrılması kriteriyası isə qadının məşğulluğunun modelidir: tam məşğulluq, qismən məşğulluq və ictimai istehsalatda məşğulluq.

ev isleri

Müasirləşməkdə olan tarixi stereotip

Hesab olunur ki, qadın əmək bazarında baş verən proseslərə nə qədər aktiv daxil olursa, ev işlərində də o qədər az iştirak edir. Nikah zamanı iş bölgüsü üzrə “ixtisaslaşma”nın dağılması da məhz bununla izah olunur. Məsələn, Qərb cəmiyyəti çərçivəsində belə dağılmanın elementi ailələrin istehsal strukturunun dəyişməsidir. Qida, spirtli içki, maşınların saxlanması xərcinin get-gedə artması kimi dəyişikliklər qadınların ev təsərrüfatındakı iştirakının vacibliyini azaltmış olur. Qadının muzdlu əməyinin səviyyəsi ailədə bərabərlik dərəcəsinin yalnız ev təsərrüfatı işlərinin deyil, həm də ev təsərrüfatının gəliri məsələsini dəyərləndirmək üçün kafi meyar deyil. Mütəxəssislər onu da bildirirlər ki, kişi və qadının iş saatının müntəzəm paylanmasından danışarkən, asudə vaxtın bölgüsü də xüsusi qeyd olunmalıdır. İşləyən qadın hətta özünün asudə və ev təsərrüfatı işlərinə ayrılmış vaxtlarını da əmək bazarındakı fəaliyyətinə sərf edir. Belə ki, qadın iş üçün vaxtı uşaqlarının tərbiyəsi, asudə vaxtı isə yuxusu hesabına ayırır.

Sosioloq Əbülfəz Süleymanlı da tarixi ənənələrin ev işlərinin icrasını qadının üzərində qoyduğunu deyir: ”Tarixən formalaşmış ailə ənənəsinə görə azərbaycanlılarda ev işləri ilə əsasən qadınlar, çöl işləri ilə isə kişilər məşğul olublar. Bu qayda hər bir gənc ailənin artıq norma kimi qəbul etdiyi stereotipə çevrilib. Amma qloballaşma prosesinin təsiri ilə bir sıra ənənəvi stereotiplər kimi bu stereotip də dəyişmək üzrədir. Belə ki, ev və çöl işlərində ənənəvi bölgüyə rəğmən artıq bu məsələyə daha fərqli və daha müasir baxışlar formalaşmaqdadır. Bu reallıq özünü qeyri-azərbaycanlılarla nikaha girən fərdlərdə də büruzə verir. Buna baxmayaraq, qadınlar demək olar ki, ənənədən gələn bir qaydanı saxlamağa üstünlük verirlər”.

 

“Atalar bu işi pis bacarırlar”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin araşdırmaları da maraqlı faktları üzə çıxarıb. Təhlillər göstərir ki, qadının ailənin maddi təminatı məsələsində məsuliyyətinin azaldılması ilə, ictimai rəy onun üzərinə ev təsərrüfatının aparılması və uşaqlara qayğını əsas məsuliyyət kimi qoyur. Ailədə belə “əmək bölgüsü”nü əsaslandırmaq üçün ictimai rəy arqumentlər də gətirir. Bunlardan biri qadının özünün ödənişli işdə işləməkdənsə, uşaqlara və ev işləri ilə məşğul olmasına daha çox marağı olmasından ibarətdir. Maraqlıdır ki, bərabər tərzdə kişi və qadın “İş yaxşı şeydir, lakin əksər qadınlar əslində ev və uşaq istəyirlər” müddəası ilə razılaşırlar. Bu düşüncəni dəstəkləyənlər arasında daha çox orta təhsildən aşağı təhsil səviyyəsi olan şəxslər və gənclərdir. Qadının ev işlərinin aparılmasında məsuliyyətinin artırılmasına yönəlmiş ictimai rəyin daha bir arqumenti ondan ibarətdir ki, bu iş guya qadınların özlərini reallaşdırmaları üçün evdən kənar işlərdən heç də az imkan yaratmır. “Evdar qadın olmaq da işləmək kimi özünü reallaşdırmaq üçün yaxşı vasitədir” fikrini dəstəkləyən aşağı təhsillilərin sayı cəmiyyətdə kifayət qədərdir. Natamam və tam ali təhsil alan kişi və qadınların arasında isə fikrin tam qəbul olunmadığı özünü göstərir: ”Nəhayət, bizdə əksəriyyət hesab edir ki, uşaqların qayğısına qalmaq atalardan çox anaların vəzifəsidir. Hesab olunur ki, atalar bu işi pis bacarırlar”.

Image result for Təmizlik zamanı yol verilən səhvlər

Komitə “Qadınların müstəqil olması üçün ən yaxşı vasitə onun məvacibli işi olmasıdır” düşüncəsinə münasibəti də araşdırıb: “Deyilənlərdən aydın olur ki, niyə əhalinin yarısı, təxminən 52,4 faizi bununla razılaşmır. Təhlil göstərir ki, qadının evdən kənarda ödənişli işdə işləməsinin müstəqillik üsulu kimi qəbul olunmasına daha çox insanların təhsil səviyyəsi təsir göstərir”. Belə ki, orta təhsil səviyyəsindən aşağı təhsilə malik olanların 15,1 faizi ümumi və xüsusi orta təhsillilərin 46,4 faizi, tam və ya natamam ali təhsillilərin isə 57,3 faizi bu deyimlə razı olduqlarını bildiriblər. Eyni zamanda, bu müddəanın tərəfdarları nisbətən 52,6 faiz olmaqla, daha çox gənc yaş qrupunun nümayəndələri arasında rast gəlinir: ”Əksər hallarda ailə təcrübəsi olan həm qadınlar, həm də kişilər, həmçinin nikahda olmayanlar ailənin maddi təminatının ərin, ev işləri ilə məşğul olmanın isə qadının vəzifəsi olması fikrini dəstəkləyirlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir