xeste

Azərbaycanda icbari tibbi sığortanın QİYMƏTİ – 120 manata nələr daxildir? – SİYAHI

Baxış sayı: 1. 803

Hazırda 4 rayonda pilot layihə kimi həyata keçirilən icbari tibbi sığortanın yaxın vaxtlarda bütün ölkə üzrə tətbiqi gözlənilir. Məsələnin aktuallığını nəzərə alaraq, mövzu ilə bağlı bəzi suallara aydınlıq gətirməyə çalışdıq.

 

İcbari tibbi sığorta nədir?

Qeyd edək ki, icbari tibbi sığorta əhalinin sosial müdafiəsi formasıdır və sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər sistemidir. İcbari tibbi sığorta eyni zamanda sığorta olunanlara baza zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verir.

İcbari tibbi sığortanın məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir.

Prezidentin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanına əsasən,  Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati əraziləri pilot ərazilər olaraq təsdiq edilib. Pilot layihə olaraq Ağdaş rayonunun inzibati ərazisində həyata keçirilməsi, habelə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda davam etdirilir.

 

Baza zərfinə daxil olan tibbi xidmətlər və tarifləri

Baza zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığorta olunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.

Baza zərfinə daxil olan tibbi xidmətlər və tariflər Prezidentin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiq edilib. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində tədbiq olunan icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin sayı 1829-dur:

– İlkin səhiyyə xidməti – 18

– Təcili və təxirəsalınmaz tibbi yardım xidməti – 6

– Ambulator xidmət – 480

– Stasionar xidmət – 677

– Laborator xidmət – 459

– Fizioterapiya – 23

– Həyati vacib, dəyəri yüksək olan xidmətlər – 166

Siyahı və tariflərlə bağlı daha ətraflı aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://its.gov.az/site/assets/files/1644/tminatlar.pdf

 

Baza zərfinə daxil olmayan tibbi xidmətlər

Baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tarifləri Azərbaycan Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiq edilib. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tariflərini təqdim edirik:

 

http://its.gov.az/site/assets/files/1643/istisnalar.pdf

 

İcbari tibbi sığortadan kimlər faydalana bilər?

Pilot layihənin icra olunduğu ərazilərdə – Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında rəsmi qeydiyyatda olan bütün vətəndaşlar və bu ərazilərdə məskunlaşmış məcburi köçkünlər icbari tibbi sığortadan faydalanmaq hüququna malikdirlər. Pilot layihə çərçivəsində sığorta olunan Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında fəaliyyət göstərən tibb müəssisələrində çalışan həkimlərə müraciət edə bilər. Pilot ərazilərdə həyata keçirilməsi mümkün olmayan baza zərfinə daxil olan tibbi xidmətlər isə Bakı və Gəncə şəhərlərində yerləşən, Agentliklə müqavilə əsasında fəaliyyət göstərən tibb müəssisələrində təmin edilir.

 


İllik ödəniş tarifi neçə manat təşkil edəcək?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) sığorta haqqının illik 120 manat (aylıq 10 manat) olmasını təklif edib. Bu barədə danışan İTS-nin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova deyib ki, qeyd edilən məbləğ bir çoxlarının düşündüyü kimi qanuni qüvvəyə minməyib:

“Agentlik təklif edib ki, illik sığorta haqqı adambaşına 120 AZN civarında olsun. Bəzi təbəqələr də sığorta haqqı ödəmək azad edilsin. Bunlara əlillər, uşaqlar, pensiyaçılar, əyani təhsil alan tələbələr daxildir”.

 

İcbari tibbi sığorta 2019-cu ildə ölkə üzrə tam tətbiq olunacaq

A.Əhmədova qeyd edir ki, məsələ deputat Musa Quliyevin də bildirdiyi kimi,  parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq. Qurum rəsmisi həmçinin qeyd edib ki, İcbari tibbi sığortanın 2019-cu ildən etibarən bütün ölkəyə tətbiqi ilə əlaqədar hazırlıq işlərinin sürətləndirilməsi və keçid dövründə rast gəlinə biləcək maneələrin öncədən proqnozlaşdırılaraq aradan qaldırılması məqsədilə fəaliyyət planının tərtibinə dəstək üçün məsləhətçi şirkət cəlb edilib:
“Konsultant şirkətin dəstəyi ilə ölkə üzrə keçid modelinin hazırlığını davam etdiririk”.

Qeyd edək ki, bu məqsədlə, Azərbaycan Prezidentinin 19 iyul 2018-ci il tarixli sərəncamına əsasən vəsait ayrılıb. Sərəncamın icrası üçün məsləhətçi şirkət qismində “McKinsey & Company” şirkəti seçilib. Məqsəd əhalinin səhiyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi, səhiyyə sisteminin effektivliyinin artırılması üçün islahatların aparılması, bu sahəyə ayrılan vəsaitlərin səmərəli istifadəsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Səhiyyə Nazirliyi ilə birgə keçid planının və yol xəritəsinin hazırlanmasıdır.

Beynəlxalq miqyasda tanınan və böyük nüfuza malik olan şirkət dünyanın 60 ölkəsində fəaliyyət göstərməkdədir, son 5 ildə səhiyyə sahəsində 2000-dən çox layihənin reallaşmasında iştirak edib. Şirkətin əsas fəaliyyət istiqamətləri sosial islahatların aparılması üçün strateji plan və maliyyə modellərinin hazırlanmasıdır.

“McKinsey & Company” şirkəti Agentliyin icbari tibbi sığortanın pilot layihəsi müddətində topladığı təcrübəsindən yararlanaraq sistemin ölkə üzrə keçidinin inkişaf mərhələləri əks olunmuş strateji yol xəritəsinin hazırlanmasında iştirak edəcək. Şirkətin əsas dəstəyi icbari tibbi sığortaya ölkə üzrə keçid zamanı yaranacaq məsələlərin həlli yollarının təklif edilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə səhiyyə infrastrukturunda islahatların aparılması, habelə dayanıqlı sistemin yaradılmasına, tibb müəssisələrinin effektiv idarəçiliyinə, maliyyə vəsaitlərinin toplanması və xərclənməsində səmərəliliyin artırılmasına dair məsləhətlərin verilməsidir.

Strateji yol xəritəsinə əsasən, səhiyyə sahəsində islahatların aparılması, səhiyyə xərclərinin hesablanması, əhalinin səhiyyə ilə bağlı maliyyə yükünün azaldılması və 2019-cu ildən ölkədə icbari tibbi sığortanın geniş tətbiqinə rahat keçid təmin ediləcək. (Modern.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir