Bəzən şagirdər qrip, soyuqdəymə xəstəliklərinə tutulduqda belə dərsə gedirlər. Heç kəs istəmir ki, uşaq dərsdən qalsın, geriləsin. Amma bir xəstə uşağın dərsə getməsi bütün sinfi xəstəliyə yoluxdura bilər.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) yerli şöbələri tərəfindən ölkədəki bütün orta məktəblərə qripə və kəskin respirator infeksiyalara qarşı profilaktik tədbirlər çərçivəsində filtr işinin təşkil edilməsi üçün müraciət edilib. Bunu barədə “Trend”ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Hava-damcı infeksiyaları bölməsinin həkim-epidemioloqu Nəzmiyyə Brumendfard deyib.
Onun sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı “2018-2019-cu ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmrində qeyd edilən tədbirlərdən biri qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələrin aparılmasıdır. Bu əmrlə bağlı artıq RGEM-in yerli şöbələri nəzarətlərində olan bütün məktəblərin direktorlarını, tibb bacılarını, yaxud tibb bacılarının çalışdığı poliklinikaların baş həkimlərini məlumatlandırıb və onlara qripə qarşı işlərin görülməsi tapşırılıb: “Artıq orta məktəblərdə bu istiqamətdə işlərə başlanılıb. Bu işlərdən biri məktəblərdə filtr işinin təşkil olunmasıdır. Filtr işinin mahiyyəti odur ki, xəstə uşaq məktəbdən uzaqlaşdırılmalıdır. Bu iş məktəbdəki tibb işçisinin köməyi ilə təşkil edilir. Qış mövsümündə kəskin respirator infeksiyalara yoluxma ilə bağlı vəziyyət kəskinləşdikdə bu işə sinif rəhbərlərini də cəlb edirik”.
Brumendfard qeyd edib ki, şagird sayı çox olan məktəblərdə tibb bacılarının dərs başlamazdan əvvəl məktəbin girişində bütün şagirdlərin sağlamlıq vəziyyətini yoxlaması çətindir: “Ona görə də biz bu işə məktəbin sinif rəhbərlərini də cəlb edirik. Hər gün səhər sinif rəhbəri öz sinfindəki uşaqların sağlamlıq vəziyyətini qiymətləndirməlidir. Uşaq özünü yaxşı hiss etmirsə, asqırır, öskürürsə, valideynə zəng edir və uşaq sinifdən kənarlaşdırılır. Yaxud da şagird tibb bacısına qızdırma və s. ilə bağlı müraciət edirsə, tibb bacısı ona qızdırmasalıcı dərman verərək yenidən sinfə göndərməməlidir. Belə şagird artıq sinifdən uzaqlaşdırılmalıdır”.
Həkim-epidemioloq əlavə edib ki, şəhər, rayon dezinfeksiya stansiyalarına yoluxma hadisələrinin sayı çox olacağı təqdirdə, məktəblərdə dezinfeksiya işlərinin aparılması üçün göstəriş də verilib.
Yoluxma ocaqları barədə hər ay onlara məlumatların verildiyini deyən RGEM rəsmisi bildirib ki, hazırda məktəblərdə yoluxma halları ilə bağlı narahatlıq olmadığı üçün hələlik dezinfeksiya işlərinə başlanılmayıb.
5 nömrəli tam orta məktəbin direktoru Nərminə Gündüzlü bildirir ki, qrip infeksion xəstəlik olduğundhan, qripə yoluxan uşaqlara məktəbə gəlmək olmaz: “Uşaq xəstədirsə, məktəbə gətirilməməlidir. Bizim məktəbdə tibb bacısı hər səhər gəlib uşaqları yoxlayır. Uşaqların sağlamlığına ciddi nəzarət olunur. Tibb bacısı yoxladıqda hansısa uşaqda qızılca, su çiçəyi varsa, bu haqda onun valideyninə xəbərdarlıq edilir və uşaq valideyni ilə birlikdə evə yola salınır. Uşağın adını dərnəyə yazdıranda belə, sağlamlıq haqqında arayış tələb olunur. Şagirdlər xəstə vəziyyətdə məktəblərə buraxılsa, onda niyə onlar üçün tibbi vərəqələr, dəftərlər tutulur”.
3 nömrəli tam orta məktəbin tibb bacısı Aybəniz Həsənova deyir ki, hər gün şagirdləri məktəbə daxil olmazdan öncə yoxlayır: “Mən səhər 8-ə qalmışdan məktəbdə oluram. Uşaqlar məktəbə gəldikcə onların səhhətini, hansı vəziyyətdə gəldiklərini yoxlayıram. Mənim termometrim, hər bir tibbi ləvazimatım var. Baxıram ki, hansısa uşaq halsızdırsa, burnu axırsa, onu müayinə edirəm. Xəstədirsə, bu haqda məktəbin direktoruna məlumat verilir və məktəb direktoru uşağı valideyni ilə evə yola salır. Uşaqların səhhətini giriş qapısında yoxlamaqla yanaşı, bir-bir sinifləri də gəzib uşaqlara baxırıq, onların sağlamlığı ilə maraqlanırıq”.
Valideyn Samirə Rzayevanın şikayətinə görə, övladlarını qripdən qoruya bilmir: “Uşaqlar xəstə-xəstə, qızdırmalı məktəblərə buraxılır. Nəticədə xəstəlik yayılır. Elə valideynlər var ki, onlar övladları xəstələndikdə, məktəbə aparmır. Amma buna riayət edən valideyn azdır. Uşaqları sağaldıb məktəbə göndəririk, yenə başqa bir infeksiyaya yoluxurlar, belə də davam edir. Bəzi valideynlər bilərək uşaqlarını xəstə vəziyyətdə məktəbə göndərir ki, başqalarının da uşaqları xəstələnsin”.
Təhsil eksperti Kamran Əsədov bildirir ki, Səhiyyə Nazirliyi tərəfindən edilən xəbərdarlıq anlaşılan olsa da, bu, müəyyən qədər sui istifadə hallarının sayının artırılması üçün zəmin yarada bilər: “Əlbəttə ki, bu addımı atmağa onlar məcburdurlar. Amma bəzi valideynlər bu xəbərdarlığı əllərində əsas tutub uşaqlarını dərsdən yayındıra bilərlər. Çünki fəsil dəyişikliyi, mövsümi hallar şagirdlər arasında müəyyən xəstəliklərin yaranmasına səbəb olur”.
Əsədov qeyd edir ki, orta məktəblərdə tibbi xidmətin göstərilməsi ilə bağlı ciddi problemlər var: “Arabir məktəblərdə baş verən bədbəxt hadisələr bunu deməyə əsas verir. Artıq payız ayları başlayıb, uşaqlarda qrip və soyuqdəymə xəstəliklərinin riski olduqca çoxalır. Təbii ki, uşağı bu xəstəliklərdən tam sığortalamaq mümkün deyil.
Lakin hər şeydə olduğu kimi, burada da müəyyən hədd var.
Danılmaz faktdır ki, şagirdlərin qidalanması çox yaxşı vəziyyətdə deyil. Hətta 6-7 dərs saatı ərzində onların normal qidalanmaması şagirdlərin fiziki zəifləməsi ilə nəticələnir. Düzdür, qanunvericilik aktlarına əsasən, ciddi yoluxucu xəstəliklər istisna olmaqla, digər mövsüm, xarakter daşıyan xəstəliklərə yoluxma şagirdlərin dərsə gəlməsinə məhdudiyyət qoyulması üçün səbəb ola bilməz. Lakin qrip və bu kimi xəstəlik daşıyıcısı olan şagirdlərin məktəbə daxil olması zamanı orta məktəbin tibb xidməti göstərən əməkdaşı tərəfindən profilaktik tədbirlər həyata keçirilməlidir”.
Onun sözlərinə görə, uşağın ağzı və burnu infeksiya və viruslar üçün “giriş qapısıdır”: “Çöldən evə qayıtdıqdan sonra uşaq boğazını yaxalamalı, burnunu su ilə yumalıdır.
Məktəb rəhbərliyi müəssisənin tibbi personalı ilə hər gün monitorinq aparmalı, əgər şagirdlər arasında qrip virusu ilə bağlı təhlükə varsa, o zaman bütün şagirdlər qoruyucu maskalardan istifadə etməli, həmin şagird müvəqqəti olaraq birinci partada yox, sonuncu partada əyləşməlidir. Sinif rəhbəri virusa yoluxmuş şagirdin digər şagirdlərlə ünsiyyətinə diqqət yetirməlidir”.
Həmsöhbətimiz bildirir ki, məktəbin tibb işçiləri uşaqlar arasında müayinələr aparmalı, xəstəliyi olan şagirdlər barədə onların şəxsi işlərinə məlumat yazmalıdırlar. Məhz bu məlumat müəllimlərin şagirdlərə münasibətini tənzimləməlidir.
“Bundan başqa, orta məktəblərdə ilkin tibbi yardım göstərə biləcək tibbi personal olmalıdır. Bu, qanunvericilik aktlarında da nəzərdə tutulur. Baş verə biləcək hər hansı bir bədbəxt hadisə zamanı yerində ilkin tibbi yardımın göstərilməsi üçün. Amma son vaxtlar məktəblərdə baş verən hadisələr onu göstərir ki, orta məktəblərdə təkcə təhsilin səviyyəsi aşağı səviyyədə deyil, eyni zamanda tibbi xidmətin göstərilməsi məsələsində də ciddi problemlər var”.
Aynurə Məmmədova