Valideynlərin orta məktəb proqramının ağırlığı ilə bağlı şikayətləri bitmir. Xüsusən, ibtidai sinif şagirdlərinə ev tapşırığı yükünün ağır olması valideynləri narahat edir. Onlar bildirirlər ki, uşağın istirahət üçün vaxtı qalmır, bundan başqa, ev tapşırıqları çətin olduğundan əksər uşaqlar tapşırıqları müstəqil edə bilmir, repetitor yanına gedir, ya da valideyn də uşaqla bərabər ev tapşırıqlarını etməli olur.
Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, təhsil eksperti Kamran Əsədov bildirir ki, ev tapşırıqları uşağın zəkasının inkişafında mühüm rol oynayır: “Xüsusilə, heç kəsdən kömək almadan tapşırığı özü həll etməsi onlarda məsuliyyət duyğusunun formalaşmasına yardım edir. Eyni zamanda, yeni məlumatlar öyrənən uşaqda beynin iş görmə qabiliyyəti artır və özü özünün düşüncə tərzini formalaşdırır. Buna görə də uşağın dərs hazırlama şəraiti öz istəyinə uyğun olmalıdır”.
Onun sözlərinə görə, ev tapşırıqlarını hazırlayarkən valideyn dəstəyi önəmli amillərdən biridir. “Belə ki, onu tamamilə dərsləri ilə baş-başa buraxmaq uşaqda ehtiyacı olduğu anda köməksiz qalacağı hissini oyandırır. Burada məqsəd uşaq yorulduqda onun yerinə dərslərini yazmaq deyil.
Amma təəssüflər olsun ki, hal-hazırda ibtidai siniflərdə proqramın ağırlığı və çətinliyi şagirdlərin normadan artıq yüklənməsinə gətirib çıxarır. Dərsliklər o qədər çətindir ki, heç biz özümüz başa düşmürük, o ki qaldı uşaqlar. Ev tapşırıqları həddindən artıq çox olur. Həm uşaq yorulur, həm də biz. Əvvəllər uşağın dərslərinə köməklik edirdik, lakin indi proqram çox çətindir”.
Əsədov qeyd edir ki, şagirdlərə ev tapşırıqları müasir təlim proqramına, kurrikuluma uyğun olaraq verilməməlidir: “Əgər bir mövzu 45 dəqiqə ərzində şagirdə öyrədilirsə, həmin mövzu elə sinifdəcə şagird tərəfindən mənimsənilməlidir. Şagirdin mənimsəməsi zəifdirsə, yaxud daha artıq və yüksək nəticə göstərmiş olarsa, məhz o şagirdləri nəzərə alaraq evdə boş vaxtları doldurmaq üçün valideynin də iradəsinə uyğun olaraq evə tapşırıq verilə bilər. Yüksək nəticə göstərən şagirdə əlavə olaraq mövzuya aid olan daha sanballı, məntiqli və maraqlı suallar vermək olar. Zəif şagird mövzunu gec, yaxud orta səviyyədə mənimsəyirsə, belə halda uşaq müəllimlə qalıb əlavə hazırlaşa bilər”.
Dediyinə görə, eyni zamanda, müəllim mövzuya aid olan çox yüngülsəviyyəli tapşırıqlar verərək şagirdi oxutdura bilər. Yəni, tapşırıqlar bu hallarda verilə bilər. Onun fikrincə, ümumilikdə şagirdə ev tapşırığı verilməməlidir, şagirdlər bütün mövzu və mətnlərin hamısını sinifdə öyrənməlidir. “Çünki təhsil məktəbdə verilir. Tərbiyənin özü də ailə və məktəbdən gəlir. Şagirdlərimiz məktəbdən evə gedərkən sırf fiziki tərbiyə ilə məşğul olan müəyyən işlər görməlidirlər. Yəni, onlar əyləncəli idmanla məşğul olmalı, həyətə çıxmalı, qonaq getməli, ailədə yaşlı baba və nənə varsa onlarla, valideynləri ilə vaxt keçirməlidirlər. Evə tapşırıqlar ona görə verilməməlidir ki, şagirdin istirahətini keçirməsi üçün ona imkan yaradılsın”.
Həmsöhbətimizə görə, müəllim adi ev tapşırıqlarının əvəzində, uşaqlara mövzunun işlənməsi üçün elə tapşırıq verə bilər ki, həmin mövzuya aid olan bilgini evdə, həyətdə, gəzintiyə getdiyi məkanda və s. əldə edə bilərlər. Bilik hər şey yaddan çıxandan sonra insanın beynində qalan bir məhsuldur. Həyati bacarıqlarına sirayət edən mövzu şagirdin biliyi olur. “Yəni, biz şagirdlərə daha çox tapşırıq versək, onlarda öyrənməyə həvəs qalmayacaq və olan meyil də itəcək. Müəllimdən çox yüksək bacarıq və intellekt tələb olunur ki, şagirdin qavrama qabiliyyətini düzgün olaraq qiymətləndirsin və buna uyğun ev tapşırığı versin”.
Ekspert vurğulayır ki, əgər tapşırıq vermək rəva bilinirsə, bu zaman ev tapşırığı elə səviyyədə verməlidir ki, şagirdlər özü də bunu anlasın: “Yəni, şagird müəllimin bu tapşırığı ona sinif yoldaşlarına nisbətən irəliləməli, bilgisində olan boşluğu doldurmalı olduğuna görə verdiyini anlamalıdır. Yaxud da hamıdan yüksək bildiyini zənn edərək, daha yüksək arenaya çıxışı üçün ona yol açıb, işıq verdiyini başa düşməlidir. Yəni, şagirdlər bunu dərk etməlidir”.
Əsədov bildirir ki, bəzən istər ibtidai, istərsə də ümumi orta təhsildə müəllim 10 tapşırığın hamısını bütün sinfə verir. O tapşırıqlardan zəif şagird ikisini həll edə bilər, ya yox, orta təhsilli şagird yarısını, yüksək təhsilli şagird isə hamısını edə bilər. Belə olan halda sinifdaxili qiymətləndirmədə də yanlışlıqlar ortaya çıxacaq, zəif şagird elə zəif olaraq da qalacaq. Ona görə qiymətləndirmənin düzgün şəkildə aparılması üçün müəllimlər doğru-düzgün tapşırıq seçməlidirlər. “Əgər belə olarsa, şagird düzgün qiymətləndiriləcək, onların biliyi çox yüksək səviyyədə olacaq və öz effektini də göstərəcək”.
Psixoloq Ruhiyyə Rüstəmova bildirir ki, müxətlif yaşlarda uşaqların qavraması müxtəlif olur: “Hər bir uşaq individual olaraq qavrama qabiliyyətinə malikdir. Orta məktəblərdən öncə bağça yaşlarından tutmuş məktəbəqədər hazırlıq dövrünü nəzərdən keçirsək, bəzi uşaqların çox yaxşı öyrəndiyini, bəzilərinin orta, bəzilərinin zəif olduğunu görərik. Bunların nəticəsində bəzən uşaqlarda psixiki gərginlik olur, əla oxumağa can atan uşaqlar yaxşı cavab verə bilmədikdə nevroloji, psixoloji gərginliklər keçirirlər. Valideynlər də, təbii ki, bundan narahat olur. Həmin zəif uşaqlar məktəbdə də dərslərində geriləməyə başlayır. Valideynlər də bu zaman ev tapşırıqların ağırlığından, qəlizliyindən şikayətlənir”.
R.Rüstəmova deyir ki, əgər bir sinifdə 20 uşaq varsa, onların arasında dərsi oxumağa can atan, amma qavrama qabiliyyəti zəif olan uşaqlar da var: “Onlar evə verilən tapşırıqları yetirə bilmədikdə, gərginlik keçirirlər. Belə olan halda da günahı tək müəllimdə görməməliyik, dərs proqramlarına nəzər saldıqda 45 dəqiqə ərzində böyük həcmdə olan proqram uşaqlara keçirilməlidir. Müəllimin də ev tapşırıqları verməkdən başqa çıxış yolu qalmır. Proqramı çatdırmaq üçün bəzi müəllimlər normadan artıq ev tapşırığı verir. Dərs proqramları üzərində daha yaxşı işləməli və hər yaş dövrünə məxsus olan rahat qavranılan proqram tərtib etməlidirlər”.
Onun sözlərinə görə, digər tərəfdən, müəllimin də kurrikulum sistemində hər uşağa individual yanaşması olmalı, qrup şəklində işlədikləri halda, zəif qruplara onlara uyğun səviyyədə, güclü qruplara da daha çətin ev tapşırıqları verilə bilər ki, heç bir qrup, individual xarakterli uşaq zərbə almasın, həyəcan keçirmədən dərslərini oxuyaraq, hətta bir qrupdan o birinə keçə bilsin. “Əgər zəif qrup yaradılıbsa, zəif şagird yaxşı oxuyaraq güclü qrupa keçə bilər”.
Müsahibimiz qeyd edir ki, səhər növbəsində oxuyan şagirdlər evə gəldikdən sonra iki saat dincəlməli və valideyn tərəfindən dəstək alaraq qavrama səviyyəsinə uyğun olan ev tapşırığını etməlidir: “Bu, bir proqramdır və bunu həyata keçirmək lazımdır. Müəllim bunu istəyərək etmir. Günün ikinci yarısında yatmağa iki saat qalmışa qədər uşaqlar dərslərini bitirməli və sonra istirahət etməli, əylənməlidirlər. Günün ikinci yarısında oxuyan şagirdlər isə evə qayıtdıqdan sonra iki saat dincəlib yazılı dərslərini edirlər. Şifahi dərslərini isə səhər öyrənməlidirlər”.
Psixoloqun sözlərinə görə, uşaqlar normadan artıq dərslə yüklənirsə, psixi gərginlik, stress yaşayırlır. Bunun da nəticəsində zəif uşaqlar irəli gedə bilməz: “Çünki onlar daha asan materialı çətinliklə qavrayıb irəli gedə bilərdilərsə, çətin tapşırıqları, çətin proqramı qavramayaraq daha da geriləyəcəklər, liderliyə can atan uşaqlarsa, onsuz da tapşırıqları edəcəklər və onların dincəlməyə, əylənməyə vaxtları qalacaq”.
Aynurə Məmmədova