Həbsxana həyatının bir-birindən maraqlı qanunları var. Lakin bu dəfə biz o qanunlardan deyil, həbsxanada işlədilən sözlərin inanılmaz mənalarından söz açacağıq. Məsələn, xoruz. Biz bu sözü normal qarşılasaq da, cinayət aləminin jarqonunda xoruz ifadəsi o qədər də yaxşı səslənmir. “Petux”: rus dilində bu, Xoruz deməkdir. Amma cinayət aləmində, xüsusilə post-sovet məkanındakı həbsxanalarda bu ifadə ən alçaq söz olaraq qəbul olunur.
“Gencaile.az” “Publika.az”-a istinadən cinayət aləminin tədqiqatçısı “Fima Jiqanes” təxəllüsü ilə tanınan Aleksandr Sidorovun bu haqda fikirlərini təqdim edir:
“Qanuni oğrular” Xoruzu niyə sevmir?
A.Sidorov deyir ki, keçi (kozyol) həbsxanada mənfi qarşılanır, Xoruz isə ümumiyyətlə söyüş mənasındadır: “Keçi ilə bağlı məsələ qismən aydındır: bu üfunətli heyvandır, uzun buynuzları var və dustaqlar arasında həmişə biabırçı bir şeyi ifadə edir. Əvvəllər passiv homoseksualları keçi adlandırardılar. Xüsusilə ötən əsrin 60-70-ci illərində belə idi. Bəs xoruz (rus dilində petux) niyə mənfi qarşılanır? Axı bu quş növü folklorda müsbət obrazdır. Amma artıq uzun müddətdir ki, həbsxanalarda passiv homoseksualları bu quşun adı ilə çağırırlar. Yeri gəlmişkən bu gün həbsxanalarda “xoruz” (petux) sözünün sinonimi var. Bu “pinç”dir. Bu ifadə hələ 1943-cü ildə İqor Mixaylovun “Aska” poemasında işlənir”.
Cinayət jarqonuna sözlər necə daxil olur?
A.Sidorovun sözlərinə görə, həbsxana jarqonu müəyyən dəyişikliklərə məruz qalmış unikal söz toplusudur: “Sovet hakimiyyətinin gəlişi ilə həbsxanalar ziyalılar, zabitlər, tacirlər, keşişlər, kəndlilər və bu kimi müxtəlif təbəqənin insanları ilə doldu. Beləliklə, cinayət jarqonuna cəmiyyətin hər təbəqəsinin sözləri daxil oldu. Məsələn, “yüksüz vaqonları itələmək” sözü mənasız, boş danışmaqdır. Bu ifadəni həbsxanaya şaxtaçılar gətirib. “Volına” (tapança) sözü kazaklardan gəlmədir. “Jiqan” sözü “yandırmaq”, “yanmaq”, yaxud “hiss etməklə” bağlıdır. “Jiqan” sözünü əvvəlcə ocaqçılara, araqçəkənlərə, ümumiyyətlə hisə batmışlara deyirdilər. Daha sonra bu söz qəddar insanlara, fırıldaqçılara, dələduzlara deyildi. Çar Rusiyanın cinayət aləmində jiqanlara çox hörmət edirdilər”.
“Adaxlı”, “müftə”, “talvar”
A.Sidorov deyir ki, bəzən xarici sözlər də cinayət jarqonuna daxil edilib.
“Misal üçün, “müftə” (xalyava) sözü Polşadan alınma sözdür. Müftə sözü burada çəkmənin boğazı mənasındadır. Fırıldaqçılar uzunboğazlı çəkmələr geyinir və bazarlarda gəzişirdilər. Fırıldaqçının biri tacirin fikrini yayndırır, o biri isə oğurladığı malı çəkmənin boğazından içəri atırdı. Bu söz müasir jarqonda “pulsuz”, “hədiyyə” mənasında işlənir. Digər alınma söz “Frayer”dir (almanca freier – adaxlı). Çar Rusiyasında bu dələduzluq edənlərə aid edilirdi. İki cinayətkardan biri digərini tora salır, o biri isə iş üstündə tutaraq, bütün pullarını alırdılar. Misal üçün, iki fahişədən biri zəngin cənabla yaxınlaşır, digəri isə onları ən vacib məqamda yaxalayaraq, qışqırmağa başlayırdı. Zəngin cənab isə biabır olmamaq üçün bütün pulunu verib geri çəkilirdi. Bu söz “xiçisnisey” sözü ilə də qarışdırılıb. Bu, yəhudilərin “xupa” sözündən götürülüb, mənası talvar deməkdir. Yəhudilərdə toy zamanı bəy və gəlin o talvara baş çəkərlər. Zaman keçdikcə “frayer” fahişəxanaların mötəbər ziyarətçilərinə deyilməyə başlandı, amma ümumiyyətlə axmaqlara, bəxtsizlərə bu söz aid edilirdi. SSRİ həbsxanalarında isə “frayer” siyasi məhbuslara aid edildi. Təcrübəli cinayətkarlar onlara nifrət edərdilər. Lakin 1960-80-ci illərdə siyasi dustaqlara hörmət edilməyə başlandı. Onlara inamları və möhkəm olduqları üçün hörmət edilirdi. Bu həm də cinayət aləmində anti-kommunist mövqedən də irəli gəlirdi”, – deyə ekspert diqqətə çatdırıb.
Tac qoyma və dindirilmə: nələr, niyə dəyişdirildi?
Tədqiqatçı vurğulayır ki, artıq “oğru dünyası”nda tac qoyma ənənələri də dəyişib: “Vaxtilə tac qoyardılar və xaç suyuna salardılar. Misal üçün Ded Hasan yeziddir, ona tac qoyarkən xaç suyuna da salıblar. İndi mübahisələrin düşməməsi üçün tac qoyma və xaç suyuna salmanı ayırıblar. Hazırda sadəcə danışırlar: Filan insana bu məsələyə görə verildi. Hər şey sadələşib. Daha bir maraqlı məqam isə odur ki, “qanuni oğru” bütün suallara doğru cavab verməlidir, hətta polisin dindirməsi zamanı da. Bu isə onun cinayəti faktiki etiraf etməsi deməkdir. Lakin indi bir qədər vəziyyət dəyişib. Çünki bu ənənələr onların ziyanına işləyir. Bəs belə vəziyyətlərdə nə edilməlidir? Misal üçün, Şarko Maladoy tutulandan sonra ümumiyyətlə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə ünsiyyət saxlamaqdan imtina etdi. Bəzi “qanuni oğrular” isə fərqli davranırlar. Misal üçün, onlar polisin sualına “mən öz yanımdayam” cavabını verirlər. Bu, oğruların yanında olmaq deməkdir. Bu söhbəti sadəcə anlamaq lazımdır”.
Rusiya cinayət aləminə yəhudi təsiri
A.Sidokov Rusiya cinayət jarqonunun yəhudilərdən daha çox söz aldığını deyir: “Bu, əsasən Odessada olan yəhudilərdən gələn sözlərdir. Rusiyada iki əsas oğru mərkəzi var idi: yəhudi Rostovu və Odessa. Əslində hər iki şəhər yəhudilərin oturaq həyat tərzi sürdüyü yerdir. Minsk və Kiyevə nisbətdə Rostovda yəhudilər çox yaşayırdı. Onların 60-70 faizi oğru jarqonundan istifadə edənlərdir. Lakin yəhudilərdən alınma sözlər qarışıqdır. Misal üçün, həbsxana kamerasında ayaqyoluna deyilən “paraşa” sözünün yəhudilərdən gəldiyi bildirilir. Əslində isə hər şey çox sadədir: 27 oktyabrda payızın cümə günü – “Pinti Paraskeva” keçirilir. Həmin vaxt adətən yağışlar yağır və hər yer palçıq olur. Buna qısa olaraq “Paraşa” deyirlər, yəni pinti, çirkli mənasında. Həmçinin, “botat” sözündə də yəhudi kökü axtarmaq tamamilə doğru olmaz. Keçmişdə inəyin boynuna zınqırov asardılar və buna “botat”, yəni guruldamaq, cingilləmək deyilərdi”.
Şərqdən alınma söz
Ekspert vurğulayır ki, cinayət jarqonuna Şərqdən gələn sözlər də daxil olub.
“Onlardan biri “şmonat”dır. Bunun kökü türklərin axtarmaq, silkələmək sözünə gedib çıxır. Cinayət aləmində mənası qarət etmək deməkdir”, – deyə o bildirib.