Adil Qeybulla

Yanlış əməliyyatların sayı artıb – günahkar kimdir?

Baxış sayı: 1. 199

Azərbaycanda  əməliyyatdan sonra ölüm hallarının sayı getdikcə artır. İki gün öncə daha bir qadın mədəkiçiltmə əməliyyatı zamanı dünyasını dəyişib. Bakı Dəmiryol Xəstəxanasının işçisi olduğu bilidirilən Sevinc adlı xanım mədəkiçiltmə əməliyyatına girib və gecə saatlarında həyatını itirib.

Bundan başqa xəstələrin səhv əməliyyat edilməsinin və onun yaratdığı fəsadların da sayı az deyil. Oktyabrın 1-də Bakıda 160 nömrəli sərnişin avtobusunun qatarla toqquşması nəticəsində yaralanan Novruz Salmanovun vəziyyəti ağır olaraq qalır. Buna səbəb xəstənin 3 saylı Sabunçu xəstəxanasında səhv əməliyyat edilməsidir. Salmanovun anasının bildirir ki, oğlu rentgen olunub və müəyyən edilib ki, əməliyyat düzgün aparılmayıb.

Bəs, səhv əməliyyatların qarşısı necə alınmalı, pasiyentlər həkim seçərkən nələrə diqqət etməlidir? Əsas sual, günah hər zaman həkimdədirmi?

Tibb elmləri doktoru, həkim Adil Qeybulla bildirdi ki, əməliyyatların səhv və ya düz aparılması ilə bağlı ekspertiza qərar verməlidir:“Mütəxəssislər yığışıb komissiya yaratmalıdır, onların nəzarəti altında ekspertiza aparılmalıdır. Əməliyyatların funksional nəticəsi olmalıdır, funksional nəticəsi yoxdursa, deməli adekvat deyil. Bəzən əməliyyatdan əvvəl xəstənin durumu ağır olur. Buraya ağır qanamalar, orqanların əzilmələri, ürək damarlarlarının zədələnməsi və s. daxildir. Bu əməliyyatlardan sonra xəstənin vəziyyəti kritik olur. Əsas iş həkimin üzərinə düşür. Çünki bu cür əməliyyatlardan sonra xəstələr nəzarətdə saxlanılmalıdır. Əgər əməliyyat optimal olmayıbsa,  xəstə problem yaşayırsa, vəziyyəti pisləşirsə, deməli, həkim məsuliyyət daşıyır. Təəssüflər olsun ki, əməliyyatlardan sonra ölüm halları baş verir. Son vaxtlar mədəkiçiltmə əməliyyatlarınını sayı artıb. Bu əməliyyatlarda mədənin dib hissəsindəki tikiş yerinin buraxması fəsadlar yaradır. Əməliyyat zamanı problem yarandıqda xəstə nəzarətə götürülüb, əməliyyat vaxtında bitirilməlidir. Vaxtında müdaxilə olunmayanda xəstələr problem yaşayır. Əməliyyata girən pasiyent əməliyyatdan öncə ciddi və diqqətlə müayinə olunmalıdır. Ölüm halı ilə bağlı ekspertiza cavabı olmalıdır ki, biz kimisə mühakimə edə bilək. Bəzən həkimlərin səhvi olmur, lakin ittiham edilir. Kök xəstələrin əməliyyatı risklidir. Onların narkozu keçirməsi, əməliyyatdan sonrakı problemlər və s. halların baş verməsi qaçılmazdır. Həkimlər vaxtında optimal yardım etməlidir”.

Həkim xəstələrin dövlət xəstəxanalarından çox özəl xəstəxanalara meyl etməsindən də danışdı:“Həkimlər də əməliyyatları özəl xəstəxanada keçirməkdə maraqlıdır. Çünki pullu xidmətdir. Özəl xəstəxanalarda avadanlıqlar daha müasirdir. Dövlət xəstəxanalarında bəzi avadanlıq tapılmır. Həkimlər də özəl xəstəxanalarda əməliyyat etməyə meyl edir. Bundan əlavə bir məsələ də var ki, məni narahat edir. Bu günlərdə özəl xəstəxanalarda yoxlamalar aparılır. Yoxlamalar zamanı xəstəxanadakı serverdə olan bütün məlumatlar götürülür. Bu, düzgün deyil. Xəstələrin sirləri var. Estetik, ginekoloji əməliyyat keçirən insanlar var, onlar bunların bilinməsini istəmir. Amma nə vaxtsa, xəstəxanadan götürülən məlumatlar yayıla bilər. Bu isə doğru deyil, xəstələrin hüquqlarını pozur”.

 

Könül İBRAHİM




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir