urek

Ekstrasistoliya: əlamətləri, diaqnozu və onunla mübarizə üsulları

Baxış sayı: 1. 405
Ürəyin ritm pozulmaları arasında ən çox rast gəlinən ekstrasistoliya, ürək əzələsinin heterotrop oyanması və vaxtından əvvəl yığılması ilə xarakterizə olunur. Təxminən hər on nəfərdən altısında müşahidə olunan problemin rastgəlmə tezliyi 50 yaşdan sonra 90 faizə çatır. Əslində sağlam ürək də sutka ərzində 200 dəfə növbədənkənar yığıla bilər. Həmin vəziyyət əsasən stress zamanı, siqaret, alkoqol, tünd çay və ya qəhvə qəbul edəndə baş verir və funksional (ürəkdə üzvi dəyişiksiz) xarakter daşıyır. Bəzən də vegetativ və psixoemosional pozulmalar zamanı, ağır fiziki yüklənmə nəticəsində yaranır.
Bu barədə məlumat verən C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Rafiq Yusifli deyib: “Əgər ekstrasistoliya ürəyin üzvi xəstəlikləri, xüsusən, miokardit, ürəyin işemik xəstəlikləri, ürək qapaqlarının qüsuru, kardiomiopatiya fonunda inkişaf edirsə, bu, patoloji hal hesab olunur. Ürək əzələsinə toksiki təsir göstərən amillər- allergik reaksiyalar, infeksiya, intoksikasiya, tireotoksikoz, alkoqol, narkotik maddələr, bəzi oyandırıcı içkilər, dərmanlar, müxtəlif mənşəli zəhərlənmələr, ürəkdən kənar üzvlərin xəstəlikləri, o cümlədən şişləridir.
Ekstrasistoliya çox vaxt özünü heç bir əlamətlə büruzə vermir, xəstələr narahatlıq hiss etmir və ritm pozulması təsadüfən elektrokardioqrafiya (EKQ) müayinəsində aşkar olunur. Lakin patologiyanı çox ağır keçirən xəstələr də olur. Bu, əsasən ekstrasistoliyaların bir dəqiqədəki miqdarının çox olduğu, onların qrup, qoşa hallarında baş verir. Adətən ekstrasistoliya bərk ürək vurğusu, ürəyin dayanması hissi, yüngül başgicəllənmə və ya yüngül öskürəklə özünü göstərir. Ekstrasistolalar ürək nahiyəsində sancma, küt xarakterli ağrı ilə yanaşı vegetativ əlamətlərlə, yəni dərinin rənginin avazıması, solğunluğu, əllərin, üzün tərləməsi, əl barmaqlarının əsməsi, qorxu, həyəcan hissi, yuxunun pozulması, hava çatışmazlığı, dərindən nəfəs ala bilməməklə də müşayiət olunur.
Oyanma ocağının yerləşməsindən asılı olaraq ekstrasistolalar qulaqcıq, atrioventrikulyar (qulaqcıqla mədəcik arası düyündən) və mədəcik qruplarına bölünür, bunları isə yalnız EKQ ilə fərqləndirmək mümkündür.
Ekstrasistoliya diaqnozunu kardioloq və ya terapevt tərəfindən xəstənin şikayətləri, EKQ və ehtiyac olarsa sutkalıq EKQ monitorinqi əsasında qoyulur”.
Xəstəliyin müalicə üsulları barədə həkim-kardioloq deyib: “Onun səbəbi, hansı xəstəlikdə və kimdə baş verməsindən, həkimlərin qiymətləndirə biləcəyi ağırlıq dərəcəsindən (tək, qoşa, qrup şəkilli və s.) asılı olaraq dəyişir. Ekstrasistoliya sağlam şəxslərdə narahatlıq və aşkar simptomlar vermirsə, onu müalicə etməyə ciddi ehtiyac olmaya bilər. Narahatlıq yarananda ilk növbədə sedativ preparatlar təyin olunur. Bu preparatların təsirindən ekstrasistoliyanın tam keçməsi və ya xəstəliyin hiss olunmayacaq dərəcədə azalması mümkündür.
Aritmiya zamanı xəstə ağır fiziki işlərdən, kəskin dönmə və aşağı əyilmədən çəkinməli, tez-tez və kiçik porsiyalarla qidalanmalı, xüsusən, axşam saatlarında çox yeməməlidir. Çünki mədənin dolması ürək ritminin pozulmasına səbəb ola bilər. Qazlı, alkoqollu və enerji içkiləri, eləcə də köpmə, qəbizlik yaradan qidalar rasiondan çıxarılmalıdır”.
“Ekstrasistoliya zamanı qanda kaliumun səviyyəsi nəzarətdə saxlanılmalıdır, bu, daha çox sidikqovucular və diqoksin qəbul edənlərdə qorxuludur, çünki kaliumun sidiklə xaric olmasından yaranan ekstrasistoliya zamanı ən güclü antiaritmik preparatlar da səmərəsiz olur. Onu mütəmadi olaraq quru meyvələr, xüsusən də qaysı, kişmiş, qara gavalı qurusu, banan və alma yeməklə, bəzən də dərman preparatları ilə qaydaya salmaq olar.
Aritmiya tutması zamanı xəstə sakitləşdirilməli, rahat vəziyyətdə oturmalı, başgicəllənməsi varsa uzanmalı, yaxası açılmalı, tənəffüsü çətinləşdirən geyim çıxarılmalı, təmiz hava axınına şərait yaradılmalıdır. Stress vəziyyəti ilə əlaqədar baş verən ürəkdöyünməni aradan qaldırmaq üçün sedativ preparatlar və sakitləşdirici bitki dəmləmələri qəbul edilməlidir.
Ekstrasistoliya residivləşən gedişə malikdir. Lakin problem əksər hallarda xəstənin iş qabiliyyətini azaltmasa da, aritmiyanın başqa növləri ilə ağırlaşa bilir.
Xəstəliyə qarşı ev şəraitində hazırlana sadə bir üsuldan istifadə etmək olar. Ağ turpun təzə sıxılmış şirəsi eyni miqdarda bal ilə qarışdırılaraq soyuducuya və ya sərin yerə qoyulur və gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 xörək qaşığı qəbul olunur. Bu ürək əzələsinin işini yaxşılaşdırır və vurğuların sayını stabilləşdirir. Bala və turpa qarşı allergiyası olanların bundan istifadə etməsinə icazə verilmir”,- deyə həkim bildirib.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir