Qarşıdan soyuq qış ayları gəlir. Bu isə o deməkdir ki, artıq geyimlərimizə xüsusi diqqət yetirməliyik. Çünki hələ payız gəlməmiş, müxtəlif növ soyuqdəymə və virus xəstəlikləri qapımızı döyür. Xüsusilə uşaqlarda bu məqama diqqət yetirmək lazımdır. Çünki əksər uşaqların immun sistemi xəstəliklərlə mübarizə aparmaq iqtidarında olmur. Amma bəzən valideynlər özləri uşaqların xəstələnməyinə şərait yaradır. Düzgün seçilməyən geyim, övladlarımızın tez-tez xəstələnməyinə gətirib çıxara bilir. Bəs görəsən düzgün geyimi necə seçməliyik?
Psixoloq Nərgiz Süleymanlı deyir ki, təkcə qışda yox, ilin bütün fəsillərində uşaqlara geyim seçərkən, valideynlər diqqətli olmalıdır. Çünki bu, onların həm fiziki, həm də psixoloji sağlamlığına ciddi təsir göstərir: “İstər qış, istərsə də digər fəsillərdə uşağın geyiminə diqqət yetirilməlidir. Çalışmaq lazımdır ki, azyaşlı uşaqlara geyim seçərkən onun rənginə, dizaynına xüsusi fikir verilsin. Çünki bunlar, uşaq psixologiyasına ciddi təsir edən amillərdəndir. Həddindən artıq tünd və qalın geyimlər uşaqlarda qıcıq yarada bilir. Həmçinin, əgər paltarın üzərində aqressiyanı təmsil edən şəkil və bəzəklər varsa, onları uşağa geyindirmək olmaz. Bu, uşaqların şüuraltına zamanla mənfi təsir göstərir”.
Psixoloq qeyd etdi ki, qış aylarında uşaqları həddən artıq qalın geyindirmək düzgün deyil: “Qarşıdan soyuq aylar gəlir. Hər bir ana istəyir ki, övladını xəstəlikdən qorusun. Buna görə də, bir çox ana öz uşağını altdan-üstdən qatbaqat geyindirir. Amma bu, düzgün deyil. Çünki uşaqlar daim hərəkətdədirlər. Xüsusilə hiperaktiv uşaqlarda bu məqama diqqət etmək lazımdır. Onlar daim aktiv olduqlarına görə, tez-tez tərləyə bilirlər. Bu isə tez bir zamanda uşaqların xəstələnməsinə yol açır. Yaxşı olar ki, valideynlər öz övladlarının xarakterinə uyğun geyim seçsinlər. Çünki hər şey uşağın özündən, onun tipindən asılıdır. Hər uşaq fərqli xüsusiyyətə malikdir. Amma ümumilikdə götürsək, əksər uşaqlar qalın geyinməyi sevmirlər. Bəzən hətta onlar buna kəskin reaksiya verə bilirlər. Çünki qış geyimləri onların əyninə dar olur və müxtəlif narahatlıqların yaranmasına gətirib çıxarır. Anaların böyük bir qismi fikirləşir ki, uşağı qalın geyindirmək, onu xəstəlikdən qoruyur. Düşünmürlər ki, əksinə, bununla daha çox xəstəliyin yaranmasına şərait yaradırlar. Soyuq aylarda həddən artıq nazik geyindirmək də olmaz. Amma geyimlərlə uşağı bezdirmək də lazım deyil. Bu, ən çox danışmağı bacarmayan uşaqlarda müxtəlif problemlərə yol açır. Çox vaxt analar uşağın hansı səbəbdən ağladığını bilmir. Çünki bizim analar uşağı o qədər qalın geyindirirlər ki, körpənin ürəyi sıxılır. Bu mənada, çalışmaq lazımdır ki, uşağın, üşüməyəcəyi və tərləməyəcəyi paltarlara üstünlük verilsin”.
Mütəxəssis qeyd etdi ki, indi əksər valideynlər qış geyimlərini seçərkən və uşaqları geyindirərkən, onları yetkin yaşlılara bənzətməyə çalışır: “Elə olur ki, 4-5 yaşlı qız uşaqlarına yetişkin qadın obrazında geyimlər seçilir. Bu, onların psixologiyasına erkən yaşlarda təsir etməyə başlayır. Ona görə də, valideynlər belə məqamlara diqqət etməlidir. Uşaqların geyimləri yaş dövrünə və fəslə uyğun olaraq seçilməlidir. Çünki geyim uşağın dünyaya baxış tərzini formalaşdırır. Zamanla belə hallar yeniyetməlik dövrünə qədəm qoyduqda, müəyyən problemlərə səbəb ola bilir. Düşünmədən seçilən geyimlər, uşaqlara müxtəlif şüuraltı mesajlar verə bilir. Bu, elə bir yaş dönəmidir ki, uşaqlara imkan verməliyik ki, onlar öz uşaqlıqlarını yaşasın”.
Şəbnəm Mehdizadə