Komputer

Sosial şəbəkə depressiyaya salır – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 1. 386

Texnologiya əsrində günümüzü internetsiz və onun insanlar üçün geniş imkanlar yaratdığı sosial şəbəkələrsiz təsəvvür etmək çətindir. Sosial şəbəkələrdən hər kəs özünəməxsus istifadə edir. Kimi yeni əlaqələr, reklam məqsədləri, kimi də tanışlıq, sadəcə vaxt keçirmək üçün istifadə edir.

ABŞ-ın Pensilvaniya iniversitetinin psixoloqları qənaətə gəliblər ki, sosial şəbəkələrdə çox vaxt keçirmək tənhalıq hissini yüksəldir və depressiyaya səbəb olur. Psixoloqların işi “Cournal of Social Clinical Psychology” jurnalında dərc olunub. Öz araşdırmalarını mütəxəssislər “Facebook”, “Instagram” və “Snapchat”dan istifadə edən 143 tələbə arasında keçirib (“Trend”). Araşdırma nəticəsində psixoloqlar müəyyən ediblər ki, tənhalıq və depressiya birbaşa sosial şəbəkələrdə keçirilən vaxtdan asılıdır.

“Çox qəribədir ki, insan sosial şəbəkələrə nə qədər çox vaxt ayırsa, bir o qədər tənhalaşır. Buna səbəb kimi şüuraltı müqayisə göstərilir. İnsan digərlərinin həyatında baş verən hadisələrə baxanda, məsələn, “Instagram”da, ona helə gəlir ki, hamı ondan daha yaxşı yaşayır”, – deyə tədqiqatçılar qrupunun rəhbəri Melissa Q.Hann bildirib.

Psixoloq Aydan Nəzərova bildirir ki, sosial şəbəkələr bu gün həyatımızın əksər hissəsini təşkil edir: “Ümumilikdə, biz sosial şəbəkələrdən istifadəni pisləyə bilmərik. Sosial şəbəkələrin depressiya və ya tənhalıq hissi yaratdığını əminliklə deyə bilmərik. Baxır, sosial şəbəkədən kim hansı sahə, məqsədlər üçün istifadə edir. Misal üçün, sosial şəbəkədə işlərini reklam etmək üçün istifadə edənlər var. Onlar sosial şəbəkədən yararlanırlar. Digər tərəfdən, sosial şəbəkə əlimizdə olan böyük vasitədir. Biz onların vasitəsilə istənilən şəxs haqqında məlumatlar ala bilirik”.

Nəzərova qeyd edir ki, sosial şəbəkələrin mənfi tərəflərindən də istifadə edənlər var: “Tanışlıq məqsədilə istifadə edənlər çoxdur. Vaxt itirməmək üçün kiminləsə zaman keçirmək istəyənlər var. Təbii ki, biz bunu dəstəkləmirik. “İnstaqram”, “facebook” və başqa sosial şəbəkələrdən özümüz üçün xeyirli məqsədlər üçün də istifadə edə bilərik, özümüzə ziyan verən məqsədlər üçün deyil”.

Psixoloq qeyd edir ki, sosial şəbəkələr üçün nə qədər vaxt ayırmağın da önəmi var: “8 saatlıq iş gününün 7 saatını sosial şəbəkədə keçirirsənsə və sənin işin sırf sosial şəbəkə ilə bağlı deyilsə, bu qədər vaxt orada keçirməyin düzgün deyil. Yaxud da müəyyən işlə məşğul olmayan şəxslər var ki, bütün günü evdədirlər və ancaq sosial şəbəkələrdə otururlar. Təbii ki, sosial şəbəkələrdə bu qədər vaxt keçirmək, işin bununla bağlı deyilsə, bu, depressiya, tənhalıq hissi yarada bilər. Çünki özündən qaçan insanlar həmişə özlərini sosial şəbəkələrdə tapırlar. Çünki onlar gerçək həyatda bəzi şeylərlə üzləşmək istəmirlər, ona görə də sosial şəbəkədə vaxt keçirsələr, rahatlaşacaqlarını düşünürlər. Əksinə, onlar sosial şəbəkənin təsirindən daha da gərginləşirlər. Yaxşı olardı ki, sosial şəbəkələrin müsbət tərəflərindən istifadə etsinlər”.

Sosial şəbəkələrin tənhalıq hissi və depressiya yaratmasının səbəbinə gəlincə, həmsöhbətimiz bildirib ki, bekar insanlar sosial şəbəkəyə daxil olur və sosial şəbəkədə tanış olmağa başlayırlar: “Onunla-bununla danışır, 3-5 ay, uzağı bir il, sonra tək qalır, görür ki, hamı onu qoyub gedib. Nəticədə onda tənhalıq hissi yaranır, depressiyaya düşür. Çünki lazımsız məşğuliyyətin ömrü qısa olur”.

Psixoloqa görə, əslində gerçəklərlə üzləşmək lazımdır. Biz nə qədər özümüzə qapansaq, özümüzü görmək istəməsək, o qədər ziyan görmüş olarıq. Çalışmaq lazımdır ki, özümüzdə hər hansı narahatlıq, stres, gərginlik hiss ediriksə, oturub sosial şəbəkədə günümüzü keçirmək əvəzinə narahatlığımız nədirsə, onunla bağlı bizə dəstək olması üçün mütəxəssisə müraciət edək. Boş-boşuna sosial şəbəkədə onunla-bununla danışmaq fayda verməz.

Onun dediyinə görə, sosial şəbəkələrə daha çox yeniyetmələr qaçır: “Hər yaşda olan insanlara sosial şəbəkələrin müəyyən təsiri var. Məsələn, yeniyetmələr sosial şəbəkələr üzərindən hər hansı bir oyuna aludə ola bilirlər. Sosial şəbəkələrin müsbət tərəflərindən yararlanmaq lazımdır. Sosial şəbəkə insanın həyatının 80-90 faizini təşkil etməməlidir. “Facebook”, “İnstagram”da çox vaxt keçirmək lazımsız vaxt itkisidir. İnsanlar orada vaxtını keçirərək onlara lazım olan məşğuliyyətlərdən kənarda qalırlar. Çalışmalıyıq ki, sosial şəbəkələrdən bizim üçün lazımlı qaydada istifadə edək. Özümüzü internet şəbəkəsinin xeyrinə deyil, onu özümüzün xeyrinə istiqamətləndirək”.

Psixoloq Jalə Həmidlinin bildirdiyinə görə, müasir zamanda insanlar canlı ünsiyyətdən qaçır və sosial şəbəkələrdə daha səmimi olurlar: “Virtual dostlara rahat hər şeyi danışır, sevinc və kədərimizlə bölüşürük. O, heç və yaxşı tanımadığımız hər gün əhavalını soruşduğumuz və öyrəşdiyimiz birinə çevrilir. İnternetdə həmişə vəziyyətimizi başa düşən, halımıza acıyan, yerləşdirdiyimiz şəkillərə şərh verən, “like” qoyan və təhlükəsiz görünən kimisə tapa bilərik. Onunla gülməli hadisə haqqında danışır, işdə və evdə başımıza gələnləri deyir, hansısa bir məsələni müzakirə edir, məsləhət də alırıq. Niyə internetdə bu qədər səmimi olur və minlərlə insana şəxsi həyatımızı, fikirlərimizi öyrənməyə asanlıqla imkan verir və hətta zövq alırıq?”

Həmidli bildirir ki, özümüz şəxsi həyatımızı bölüşməkdə ifrata varmadığımızı düşünsək də, hər gün sosial şəbəkələrdə kiminsə bunu etdiyini görə bilərik: “Əvvəllər insanlar şəxsi həyatı ilə yalnız yaxınları ilə bölüşürdülər, amma getdikcə bunu sosial şəbəkələrdə paylaşmağa ehtiyac yaranır. Heç kim onun yazdığını neçə nəfərin oxuduğunu dəqiq bilmir. Lakin sosial şəbəkələr bir növ bizlə etibar hissini yaradaraq danışır. Misal üçün, “yalnız dostlar üçün” bölümünü seçərək özümüzü təhlükəsiz vəziyyətdə hiss edir və psixoloji rahatlıq tapırıq. Şəkilləri, yazdıqlarımızı yalnız dostların gördüyünü düşünür və özümüzü sığortalanmış hiss edirik. Lakin bir istifadəçinin orta hesabla 200-300 dostu ola bilər. Onların hamısı ilə çox yaxın olmaq, mehribanlıq göstərmək, tam etibar etmək mümkün olmur. Bəzilərisə “dostların dostları” bölümünü seçərək onun həyatına bələd olanların sayını on min nəfərə qədər artırır”.

Müsahibimizə görə, sosial şəbəkələrdə şəxsi həyatın işıqlandırılması insanı düzgün olmayan davranış qaydalarına istiqamətləndirə bilər: “Gerçək ünsiyyət zamanı, bir-birimizi görərək mimika və jestlərdən, ən azı eşidərək səsin intonasiyasından və nitqin tezliyindən nə demək istədiyimizi, hisss etdiyimizi başa düşürük. İnsanla şəxsən danışaraq reaksiyasını həmişə bilmək olur”.

Dediyinə görə, qəsdən fotoda sahib olduğu nəyisə qabartmaq istəyənlər özünü imkanlı, dəbli, başqalarında həsəd oyadan bir obraz kimi göstərmək istəyirlər: “Əks halda bəyəniməyəcəyini düşünürlər. Fotoda ya maşının yanında dayana, ya istirahət və əyləncə mərkəzində, ya da xarici ölkədə çəkdirə bilər. Belə insanları izləyərək bu həyatı yaşaya bilməyənlər ruh düşkünlüyünə düşə bilər. Sosial şəbəkələrdə xoşbəxt cütlük, xoşbəxt ailə tabloları da göz qamaşdırır. İnsanlar öz həyatlarını belə fotolarla müqayisə edib məyus olurlar. Eləcə də, xanımların redaktə olunmuş gözəl fotoları da həsəd hissi yaradır”.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir