nikah muqavilesi

Ər ömrünün qurbanları

Baxış sayı: 2. 016

Hər nə qədər bizim ölkədə statistika aparılmasa da, Azərbaycanda həyat yoldaşı tərəfindən döyülən kişilərin də sayı çoxdur. Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev nikaha daxil olan şəxslərin müqavilə bağlamasının vacibliyinə diqqət çəkir. Hakim deyir ki, Azərbaycan qanunvericiliyində qısamüddətli və uzunmüddətli mühafizə orderləri öz təminatını tapıb, ancaq onların tətbiqi mexanizmi təkmilləşdirilməlidir. Onun sözlərinə görə, nikah bağlandıqdan sonra qadın həyat yoldaşının valideynlərinin mülkiyyətində olan mənzilə gəlin gəlir və heç də müqavilə bağlamaq haqqında düşünmür. Boşanma nəticəsində isə yalnız mülkiyyətçinin iradəsindən asılı olaraq, istifadə hüququnu əldə edir. Əksər imkansız ailələrdə qadınlar yalnız yaşamaq hüququnu itirməmək üçün hər növ təhqir və fiziki təzyiqlərə məruz qalmağa razıdırlar.

C.Qaracayevin sözlərinə görə, Konstitusiya Məhkəməsinin Plenumu öz qərarlarında bildirib ki, “keçmiş ailə üzvü”nün, yəni gəlinin mənzildən istifadə hüququna xitam verilməsinə müvafiq kompensasiya ödənildikdən sonra icazə verilir.

Hakimin sözlərinə görə, həmin maddədə qeyd olunur ki, nikaha daxil olan şəxslər mülkiyyətçi ilə notarial qaydada təsdiq edilmiş müqavilə bağlamalıdırlar. Lakin təcrübədə bu, çox nadir hallarda baş verir.

Hakimin dediyindəki həqiqət payı budur ki, Azərbaycan qadını ailədə çox əzilir. Ona çoxsaylı qadağalar var, müstəqil hərəkət etmək imkanı verilmir, hər bir addımı ailədəki kişilər, bəzənsə analar, qayınanalar və ətrafdakı digər qadınlar tərəfindən məhdudlaşdırılır. Qadın cəmiyyət tərəfindən daim təqib olunur. Maddi cəhətdən asılıdır, həyatında kişilər olmadan özlərini çətin realizə edə bilirlər. Məişət zorakılığına və cinsi istismara məruz qalırlar. Boşana bilmirlər. Çünki boşanmış qadın üz qarasıdır. Hamı ona ikrah hissi ilə yanaşır. Boşanmış qadın valideynlər üçün də əlavə yükdür. Onu ata evində nəinki xoş qarşılamırlar, hətta bir çox hallarda ondan xilas olmağa çalışırlar.

Azərbaycanda qadınların boşanmaq istəməməsinin, hər cür zülmə, təhqirə dözməsinin əsas səbəbi maddi problemlə əlaqələndirilir. Təhsili, işi olmayan qadın boşanandan sonra övladlarını saxlaya bilməyəcəyindən qorxur. Axı qadınlar ailə quran kimi iş məsələsinə son qoyur, ömrünü ailə, uşağına həsr edir. Bir neçə il sonra isə əlində uşaqları və ərinin boşanma qərarı ilə təkbaşına qalır. İllərdir cəmiyyətdən uzaqlaşan ya da buna heç vaxt hazır olmayan qadının canına dəhşətli qorxu düşür. Axı əri olmadan necə yaşayacaq, uşaqlarına necə baxacaq?. Yeni bir həyata öyrəşməkdənsə, əvvəlkini qorumaq üçün savaşmaq daha yaxşıdır. Hətta o, xəyanət etmiş, başqa qadını seçmiş olsa belə. Uşaqlara görə ər zülmünə dözən ana, arvadının saymazyanalığını gözardı edən ata ailəsini qorumur, əksinə, pis bir model qoyur ortaya: məsələn, o, övladına əzik qadın modeli göstərir.

Sosioloq Lalə Mehralı isə Konstitusiya Məhkəməsinin hakimindən fərqli olaraq qadınların hər adi səbəbdən ailəsini dağıtdığını düşünür:

“Bizim qanunvericilikdə qadınların hüquqları kişilərin hüququndan daha üstündür. Qadın bilir ki, boşanan zaman məhkəmə uşağı anaya verəcək, üstəlik də atadan aliment alır. Bu hüquqlarını bilən heç bir qadın əzilməyə, zülmə dözmür. Düzdür, erkən yaşda ailə quran, təhsilsiz qalan qadınlar iqtisadi asılılıq səbəbindən boşanmaqdan çəkinir, ərinin fiziki və mənəvi işgəncələrinə rəğmən susub oturur. Lakin hakimin dediyi, kimi əksər qadınlar yox, bəzi qadınlar bu cür ağır həyat şəraiti sürür. Az da olsa iqtisadi güvənci olan qadınlarımız nəinki yaşamaq hüququnu itirməmək üçün hər növ təhqir və fiziki təzyiqlərə məruz qalmağa razı olur, adi bir söz üstündə belə dərhal məhkəməyə müraciət edir. Hər nə qədər bizim ölkədə statistika aparılmasa da, Azərbaycanda həyat yoldaşı tərəfindən döyülən kişilərin də sayı çoxdur.

Şiddətə məruz qalan qadın üçün boşanma da çıxış yolu deyil. Problemin kökündə qadının təhsilsizliyi, özünə inamsızlığı durur. Qızlarımız erkən yaşda evlənməyə həvəs etməməli, ilk növbədə təhsili barədə düşünməlidir. Öz hüquqlarını bilən qadın heç vaxt ailədə əzilmir, şiddətə məruz qalmır.

Valideynlər qız övladlarına “duz yükü” kimi baxmamalı, onları həyata hazırlayıb ondan sonra ərə verməlidir. Şərt deyil ki, bütün qızlar yüksək balla ali məktəbə qəbul olsun. Ən azından peşə məktəbini bitirib bir sənət sahibi olmalıdır ki, 2 manatdan ötrü həyat yoldaşına ağız açıb, minnət götürməsin. Öz ayaqları üstündə dayanan qadınlar boşanmaqdan qorxmur, belə qadınların ərləri də onlara hörmət edir. Maddi asılığı olduğu üçün əzilməyə, döyülməyə razı olan qadınları isə ərləri sadəcə qul gözündə görür. Belə də olmalıymış kimi…”

 

Şəymən




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir