Son illər ali təhsil müəssisələrində bakalavr olmaq istəyənlər üçün hazırlıq kurslarının təşkili və bu kursların təhsil sistemində rolu müzakirə olunur. Artıq hazırlıq kurslarının keçirilməsi qaydaları təsdiqlənib. Lakin ekspertlər bu hazırlıq kurslarının təşkilinin təmayül siniflərə zidd olmasını və kursu bitirənlərin onsuz da yenidən qəbul imtahanlarında iştirak etməli olduqlarını bildirirlər. Bir qismi isə hazırlıq kurslarının ümumilikdə tələbələrin sayının artmasına xidmət edəcəyini düşünür.
Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, təhsil eksperti Kamran Əsədov bildirir ki, 2017-ci ildə Milli Məclisin Elm və Təhsil Komitəsində “Təhsil haqqında” qanunun 22-ci maddəsinə edilmiş dəyişiklikdə ali məktəblərdə bakalavriat səviyyəsində hazırlıq qruplarının təşkil edilməsi nəzərdə tutulur. Azərbaycan ali təhsil sistemində bakalavriat səviyyəsində hazırlıq qruplarının yaradılması ilk növbədə gənclərin universitetə cəlb olunması şəbəkəsini genişləndirəcək. Amma “Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklər Təhsil Nazirliyinin orta məktəblərdə bu ildən etibarən geniş şəkildə tətbiq edilməsini nəzərdə tutduğu təmayül siniflərinə ziddir. “Belə ki, bu təmayül siniflərinin yaradılmasında əsas məqsəd şagirdlərin ali məktəblərə daha keyfiyyətli hazırlığını həyata keçirməkdir.
Bundan əlavə, ali təhsil müəssisələrinin belə bir hazırlıq qruplarının yaradılması ilə bağlı hazırlığı başlamayıb. İkinci tərəfdən isə, bu, heç də azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almağa getmələrinə mane olmayacaq. Ona görə ki, hazırlıq qruplarında təhsil alan tələbələr 1 ildən sonra yenidən qəbul imtahanlarında iştirak edəcəklər və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali məktəblərə qəbul olacaqlar. Çünki hazırlıq qruplarında təhsil almaq hansına hüquqi qüvvəyə malik deyil. Bu dünya təcrübəsində mövcud olan təcrübədir”.
Həmsöhbətimiz təklif edir ki, hazırlıq qruplarında təhsil alan tələbələr 1 il sonra qəbul imtahanlarında iştirak edib həmin universitetlərə qəbul olsalar, yenidən birinci kursdan yox, ikinci kursdan dərsə başlasınlar. “Bu addımın atılmasını zəruri edən amil kimi, son illər universitetlərə qəbulun aşağı düşməsini və universitetlərin gəlirlərdən məhrum olmasını görürəm. Əlbəttə ki, ali məktəblərə qəbul imtahanlarında dəyişiklik edilməsi zəruridir, amma bu, heç də hazırıq kursu və qruplarının yaradılması ilə həyata keçirilməməlidir”.
Əsədov bildirir ki, Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəssisələrində 165 minə qədər tələbə təhsil alır. Onların 71 faizi təhsilini ödənişli əsaslarla davam etdirir və universitetlərin hazırladıqları kadrlar o qədər də əmək bazarının tələblərinə cavab vermir. Məhz buna görə də, Təhsil Nazirliyinin müəllimlərin diaqnostik imtahanında 40 faizə qədər ixtisası üzrə dərs deyən müəllim zəif nəticə göstərib. “Yaxşı olar ki, ali məktəblər özlərinin kadr hazırlığının keyfiyyətinin artırılması ilə məşğul olsunlar. Əlavə sahələrə məşğul olmaq onların fəaliyyətinə maneə yaradacaq”.
K.Əsədov vurğulayır ki, hazırlıq qruplarında təhsil yalnız ödənişli əsaslarla olacaq və qəbul imtahanlarının nəticələri açıqlanandan sonra plan yeri dolmayan universitetlərdə boş qalan plan yerlərinə uyğun sayda təşkil olunacaq: “Əslində bu qərar repititorluğa ciddi zərbə vuracaq. Təhsilin inkişafı, əlçatımlılığının təmin olunması istiqamətində mühüm addımdır. Eyni zamanda abituriyentlərin psixoloji cəhətdən ali təhsil müəssisələrinə hazırlamasına xidmət edəcək”.
Əsədovun sözlərinə görə, hazırlıq qrupu üzrə ali təhsil müəssisələrində xidmət göstərilməsi dünyanın müxtəlif ölkələrinin reytinqli universitetlərində də həyata keçirilir: “Ali təhsil müəssisələrində hazırlıq qruplarının yaradılması ali təhsilin əhatə dairəsini genişləndirmək üçün çox böyük əhəmiyyət kəsb edir. Hazırlıq qruplarında eyni fənn müxtəlif sahələrdə tədris olunsa belə, onlar birləşdirilib birlikdə keçirilə bilməz və ya qrupda uşaq azdır deyə ixtisasları birləşdirib keçmək olmaz”.
Təhsil eksperti Mütəllim Rəhimlinin dediyinə görə, ali təhsil müəssisələrində təşkil olunacaq hazırlıq kursları ilə bağlı cəmiyyətdə birmənalı fikirlər səslənmir: “Bunu əsaslandırmaq üçün ortada arqumentlər var. Bunlardan biri ondan ibarətdir ki, Azərbaycanda digər ölkələrdən fərqli olaraq təhsil biznesi inkişaf etməyib. Azərbaycanda yüzlərlə abituriyent ali məktəblərə qəbul oluna bilmədiyinə görə, xarici ölkələrə axışır. Bu da Azərbaycandan xarici ölkələrə valyuta axınını stimullaşdırır”.
Müsahibimizə görə, məsələnin ikinci tərəfi odur ki, ölkədə abituriyentlər onsuz da repetitor yanına gedirlər. Vəsait ödəyərək ali məktəblərə hazırlaşırlar. Bu ödənilən vəsait də dövlət büdcəsindən gizlədilir. Bununla bağlı Vergilər Nazirliyinə, DSMF-yə heç bir məlumat verilmir. Onun fikrincə, əgər ali təhsil müəssisələrdə belə hazırlıq kursları təşkil olunarsa, kurslara xərclənən ödənişlərdən dövlət büdcəsi də fayda götürər. Hazırlıq kurslarının təşkili ilə həm Azərbaycandan xarici ölkələrə valyuta axınının qarşısı alınar, həm də büdcədən gizlədilən vergi sistemində aydınlaşma ola bilər.
Aynurə Məmmədova