xestelik

Tanınmış terapevt: “Xora xəstəliyi daha çox kişilərdə rast gəlinir”

Baxış sayı: 1. 234

Günümüzdə geniş yayılmış xəstəliklərdən biri də xora xəstəliyidir. Müalicə olunmadıqda ciddi ağırlaşmalara səbəb olan bu xəstəlik irsi xüsusiyyətlərdən, qidalanma rejiminin pozulmasından, kəskin qidalar yedikdə, spirtli içkilər içdikdə, siqaret çəkdikdə və sinir-psixi gərginlikdən baş verə bilər. Xəstəliyin əlamətləri hansılardır? Müalicəsi necə aparılır? Bu və digər suallarımızı terapevt, tibb üzrə fəlsəfə doktoru, kliniki farmakologiya kafedrasının assistenti Kəmalə Ağayeva cavablandırır.

 

– Xora xəstəliyi haqqında oxucularımıza məlumat verərdiniz. Bu xəstəliyə hansı insanlar meylli olur?

– Xora xəstəliyi mədə və on iki barmaq bağırsağın divarında eroziyalardan (səpkilərdən) fərqli olaraq selikaltı qatı da zədələyərək defekt əmələ gəlməsi ilə səciyyələnən, kəskinləşmə və remissiya mərhələlərinin növbələnməsi ilə davam edən xroniki residivverən xəstəlikdir. Mədənin xora xəstəliyi və on iki barmaq bağırsağın xora xəstəliyi ilə müxtəlif ölkələrdə yaşlı əhalinin 7-10%-i, xüsusən 50 yaşa qədər kişilər xəstələnir. Hesab edilir ki, inkişaf etmiş ölkələrin əhalisinin 10%-i ildə bir dəfə xora xəstəliyi ilə xəstələnir. On iki barmaq bağırsağın xora xəstəliyi mədənin xora xəstəliyi ilə müqayisədə 3-4 dəfə daha çox rast gəlinir. Kişilər qadınlara nisbətən daha çox xəstələnir, on iki barmaq bağırsağın xora xəstəliyi 2-4 dəfə, mədənin xora xəstəliyi təxminən 2 dəfə çox müşahidə olunur.

– Bu xəstəliyin yaranma səbəbləri nədir?

– Əsasən xora əmələ gətirən amillərə irsi meyllilik, psixoemosional stres, qida qəbulu rejiminin pozulması, quru, qızardılmış qidalardan, “fast food”lardan çox istifadə, zərərli adətlərdən siqaretçəkmə, ifrat spirtli içki qəbulu, hipersekretor vəziyyətlər – həddən artıq mədə turşuluğunun sekresiyası, “Helicobacter pylori” bakteriyaları ilə yerli infeksiya, qeyri-steroid dərman vasitələrinin nəzarətsiz qəbulu və s. aiddir.

Uzun müddət xora xəstəliyinə mədə və on iki barmaq bağırsağın selikli qişasının “aqressiv” (mədə turşusu, pepsin, öd turşuları- duodenoqastral reflüks zamanı) və “qoruyucu” amilləri (prostaqlandin, mədə seliyi, yerli qan dövranı) arasında mütənasibliyin pozulması nəticəsində əmələ gələn bir patoloji hal kimi baxılırdı. 1983-cü ildə Marshall və Varren ilk dəfə xronik qastritdən əziyyət çəkən xəstələrin mədəsinin pilorik hissəsinin selikli qişasından yeni bakteriyanı aşkarlayaraq, Helicobacter pylori adlandırdılar. Sonradan mədə və on iki barmaq bağırsağın xora xəstəliyi olanlarda da Helicobacter pylori aşkarlandı və hal-hazırda xoranın müasir müalicəsinin əsas komponenti bu mikrobun məhvinə (erradikasion terapiya) yönəldilir. Yaşlı əhalinin 70% və uşaqların 40%-i Helicobacter pylori ilə infeksiyalaşıb. 92% hallarda on iki barmaq bağırsağın xora xəstəliyinin, 70% hallarda mədənin xora xəstəliyi və 50%-dən çox hallarda mədə xərçənginin yaranmasında bu mikrob əsas rol oynayır.

 

– Xora xəstəliyi zamanı xəstə hansı simptomlardan əziyyət çəkir?

– Xora xəstəliyi zamanı simptomlar xoranın lokalizasiya yeri, xəstəliyin müddəti, xəstənin ağrıya olan həssaslığından asılıdır. Epiqastral nahiyədə – qarının yuxarı hissəsində və ya göbək ətrafında yaranan ağrılar xoranın əsas əlamətidir. Xora üçün tipik ağrılar qida qəbulundan təxmini iki saat sonra, acqarına və ya dərhal qida qəbulundan sonra yaranır. İştahasızlıq, qıcqırma, gəyirmə, ürəkbulanma, qusma, köp kimi şikayətlər xoranın ilk əlamətləridir.

 

– Xəstəlik necə müalicə olunmalıdır?

– Xoranın diaqnostikasında müasir zamanda ən informativ üsul olan fibroqastroduodenoskopiya (endoskopiya) hədəf biopsiyası ilə (bioptantın histoloji müayinəsi, H. pylori infeksiyasının təyini – CLO-test), pH-metriya üsullarından istifadə olunur.

Xora xəstəliyinin müalicəsi onun residiv və ağırlaşmalarının qarşısının alınmasına yönəldilir. Xoranın kəskinləşməsi zamanı müalicəsi konservativ yolla – dərman müalicəsi və cərrahi yolla ola bilər. Xora xəstəliyinin ağırlaşmaları yaranmışsa müalicə cərrahi yolla aparılır. Çox vaxt xora xəstəliyi ciddi ağırlaşmalara – MBS qanaxmaları, qarın boşluğuna perforasiya (deşilməsi), çapıq stenoz, penetrasiya (digər orqanlara açılması), maliqnizasiyaya (xərçəngə çevrilməsi) səbəb olur. Mədə xorası qanaxmalarının qeyri-steroid dərman vasitələrinin qəbulu ilə əlaqədar olaraq artması daha çox müşahidə edilir.

Konservativ müalicəyə isə rejim, dieta, zərərli adətlərdən imtina və dərman müalicəsi daxildir. Dərman müalicəsi növbəti qrup preparatlarla aparılır: antibiotiklər (əgər mikrob aşkarlanıbsa) – H. Pylori-dən mədə və on iki barmaq bağırsağın selikli qişasının sanasiyası, antasidlər – turşuluğu neytrallaşdıran maddələr, antisekretor maddələr – mədə turşusu sekresiyasının azalması (aqressiv təsirin azalması və antibiotiklərin təsiri üçün əlverişli şəraitin yaranması), mədənin selikli qişasını kimyəvi və mexaniki zədələyicilərdən qoruyan maddələr, fermenlər, mədə-bağırsaq motorikasını normallaşdıran preparatlarla aparılır.

 

– Hansısa profilaktik tədbirlərlə xora xəstəliyinin kəskinləşməsinin qarşısını almaq olarmı?

– Xora residiv vermək xüsusiyyətinə malik olduğundan kəskinləşmələrin qarşısını almaq məqsədilə uzun müddət dieta gözləmək (dieta duru formada və qıcıqlandırıcı xüsusiyyəti olmayan qidalardan ibarət olmalı, qida tez-tez – gündə 4-5 dəfə az miqdarda qəbul edilməlidir), zərərli adətlərdən istifadə etməmək, stresdən qorunmaq, ildə iki dəfə – yaz və payız aylarında profilaktik olaraq mədə turşuluğunu azaldan dərman preparatı qəbulu məsləhət görülür.

 

Aynurə Məmmədova



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir