imtahan

Qəliz imtahan və ya yeni qəbul qaydaları hansı problemləri vəd edir?

Baxış sayı: 1. 446

Ali təhsil müəssisələrinin qəbul imtahanları ilə bağlı növbəti dəyişiklik edildi. Artıq qəbul imtahanları yeni qaydalarla keçiriləcək. Bu dəyişiklik abituriyentlərin vahid dövlət imtahanı ilə ali təhsil müəssisəsinə qəbul ümidinin üstündən xətt çəkdi. Ekspertlərin fikrincə, qəbul imtahanlarının qaydaları daha da mürəkkəbləşib.

Qeyd edək ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklər edib. Bu Qaydaların 3.4-cü bəndində nəzərdə tutulan abituriyentlər istisna olmaqla, qəbul imtahanlarının birinci mərhələsində abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər.

Qəbul imtahanının birinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.

Qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmır.

Qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının) nəticələri 2 il qüvvədə olur, cari və növbəti tədris illərində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. Abituriyent öz istəyinə uyğun olaraq, müsabiqədə iştirak etmək üçün müvafiq tədris ilində yenidən qəbul imtahanının birinci mərhələsində iştirak edə bilər. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir, 1 il qüvvədə olur və yalnız cari tədris ilində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. Qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilir.

tehsil

Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, təhsi eksperti Kamran Əsədov bildirir ki, artıq təhsil alanların bilik və bacarıqları yeni standartlarla yoxlanılır: “Ona görə ki, 2008-ci ildən kurikulumla tədris prosesinə keçmişik. Azərbaycanda 2019-cu ildə həm orta məktəblərdə buraxılış imtahanları, həm də ali məktəblərə tələbə qəbulu imtahanları yeni formatda keçiriləcək. Tədris prosesi kurikulumla keçdiyi üçün təhsil alanların biliklərini ənənəvi üsullarla yoxlayıb ölçə bilmərik. 2009-cu ildə ali məktəblərə qəbul imtahanlarında ən ciddi yeniliklərdən biri odur ki, əvvəlki illərdə ixtisas qruplarının hər birində 5 fənn var idisə, 2009-cu illərdə bu fənlərin sayı 3-ə enəcək. Sualların sayında da fərqlər var. Əgər 2018-ci ilə qədər hər bir ixtisas qrupuna daxil hər bir fəndən 25 test tapşırığı var idisə, 2019-cu ildə 3 test tapşırığı olacaq. 2018-ci ilə qədər 25 test tapşırığının hamısı qapalı, yaxud yalnız 4-ü açıq tipli idisə, artıq 2019-cu ildə bu da fərqli olacaq. 2019-cu ildə hər bir ixtisas qrupuna daxil olan hər bir fənn üzrə 30 test tapşırığından 22-si qapalı test tapşırığı olacaq. Yəni onların cavabları şagirdlərə A, B, C, D, Y variantları olacaq. Test tapşırıqlarından 5-i açıq tipli test tapşırığı olacaq. Yəni verilmiş suallara cavabları sadəcə, seçəcəklər, yaxud yazacaqlar. 3 test tapşırığı situasiya tipli test tapşırığıdır. Bu da şagirdlərin hər hansı bir problemin həllini yazmalı olcağını mənasını verir. Qiymətləndirmə meyarları da fərqli olacaq. Əvvəllər ali məktəblərə qəbul imtahanlarında maksimum bal 700 bal idisə, indi qəbul imtahanında maksimum 400 bal olacaq. Yəni imtahan iştirakçıları 3 fəndən yekunda 0-400 bal toplaya bilərlər. İmtahan iştirakçıları ali məktəblərə qəbul üçün 0-300 balı isə orta məktəblərdə buraxılış imtahanlarında toplayacaqlar. Hər iki mərhələdə əldə edilmiş ballar cəmlənəcək və yekun bal çıxarılacaq. Tutaq ki, şərti olaraq bir abituriyent buraxılış imtahanından 0-300 arası bal, qəbul imtahanında 0-400 arasında bal toplayacaq. İki mərhələdə toplanan ballar yekunda cəmlənəcək və abituriyentlər bu yekun balla ixtisas seçiminə gedəcəklər”.

Əsədov qeyd edir ki, 2019-cu ildə təhsil sahəsində bir çox yeniliklər olacaq: “Yeniliklər həm də müəyyən problemlər yaradacaq. Birincisi, hələ də DİM 2019-cu ilin qəbul imtahanlarını özündə əks etdirən proqramı nəşr etdirməyib. İmtahana artıq 4 ay qalıb, amma hələ də proqram yoxdur. Hansı fənlərdən hansı mövzular düşəcək, hansı modellərdən istifadə olunacaq, bununla bağlı ictimaiyyətdə məlumat yoxdur. İctimaiyyətdə dərsliklərlə bağlı çaşqınlıqlar var. Qiymətləndirmə meyarları, standartları da yoxdur. Ümumən 2019-cu il qəbul imtahanı verəcək uşaqlar üçün həm yaxşı, həm də pisdir. Ona görə yaxşıdır ki, ilk dəfə belə qəbul imtahanı verirlər və müəyyən güzəştlər olacaq. Ona görə pisdir ki, abituriyentlər təcrübəsiz olacaqlar. Düşünürəm ki, bizim uzun müddət öyrəşdiyimiz 700 bal, yüksək nəticələr 2019-cu ildə təkrar olunmayacaq. Bu, artıq tarixə qovuşacaq”.

Həmsöhbətimiz bildirir ki, 2019-cu ildə buraxılış imtahanları 9-cu siniflər üçün mart ayında, 11-ci siniflər üçün isə aprel ayında, yəni tədris ili başa çatmamış keçiriləcək: “Bunun əsas səbəbi isə imtahanların yoxlanılması prosesinin uzun çəkməsidir. Əvvəllər 2-3 günə cavablar bilinirdisə, indi 2 ilin təcrübəsinə əsasən, 60 günə yekun nəticə bilinəcək. Məsələ ondadır ki, artıq yoxlama prosesində insan amili var. İkinci yenilik ondan ibarətdir ki, indiyə qədər buraxılış imtahanları yalnız Azərbaycan dili, rus bölməsinin abituriyentləri rus dilindən və riyaziyyatdan verilirdisə, 2019-cu ildən həm də xarici dildə buraxılış imtahanı veriləcək. Xarici dildə imtahan suallarının modelində də dəyişiklik var. Buna qədər qapalı test tapşırıqları var idisə, 2019-cu ildən dinləmə tipli test tapşırıqları olacaq. 2019-cu ilə qədər qəbul imtahanlarına buraxılış imtahanlarının təsiri yox idisə, artıq 2019-cu ildə buraxılış imtahanlarının nəticələri qəbul imtahanının nəticələrinə birbaşa təsir göstərəcək”.

tehsil

Təhsil eksperti Elşən Qafarovun bildirdiyinə görə, DİM-in qəbul imtahanlarının qaydalarında etdiyi yeni dəyişikliklər guya qəbul qaydalarının təkmilləşdirilməsini özündə ehtiva etsə də, əslində qəbul imtahanlarını çətinləşdirir: “Qəbul imtahanlarında edilən yeni dəyişikliklər Azərbaycanın ali məktəblərinin qapısını məzunların üzünə bağlamaqdır. DİM qəbul imtahanlarını qəlizləşdirməsi mövqeyindən heç cür geri çəkilmir”.

Qafarov əlavə edir ki, biz əgər həqiqətən də abituriyentlərimizin təhsil almaq üçün xaricə axınının qarşısını almaq, Azərbaycanda ali təhsilin səviyyəsini qaldırmaq istəyiriksə, ilk növbədə ali təhsil müəssisələrinə qəbul imtahanlarının qaydaları sadələşdirilməlidir, ikincisi təhsilin keyfiyyəti qaldırılmalıdır.

Təhsil eksperti qeyd edir ki, vahid dövlət imtahanı keçirilməlidir: “Ali təhsil müəssisələrinə qəbulun vahid dövlət imtahanı ilə keçirilməsi abituriyentlər üçün çox rahat olardı, birdəfəlik buraxılış imtahanını verərkən, eyni zamanda da qəbul imtahanlarını vermiş olardılar. Kurikulum proqramı ilə məktəbə qəbul olan şagirdlərin 2019-cu ildə 11-ci sinfi bitirəcəyini hamı bilirdi. Amma onların ali təhsil müəssisələrinə hansı qaydalar əsasında, hansı formada imahan verəcəyini heç kəs bilmirdi. Kurikulim proqramı ilə məktəbə qəbul olanlar üçün qəbul imtahanlarının qaydalarını bir-iki il əvvəl işləyib ictimaiyyətə çatdırmaq olardı. Bu gün yeni qəbul qaydalarına nə valideynlər hazırdır, nə şagirdlər, nə də məktəblərin özü. Bunun ən böyük yükünun daşıyıcısı abituriyentlərdir, 15-16 yaşlı gənclərimizdir, hansılar ki, bir gündə 12 saat əlində kitabla yatır-durur, məktəblərdə repetitor yanında rəsmən istismar olunurlar. Biz onlardan daha sağlam gənclik istəyiriksə, ali məktəblərə qəbul qaydaları sadələşdirilməlidir”.

Ekspert onu da vurğulayır ki, yeni qaydalara görə, abituriyent qəbul imtahanından keçə bilməyibsə, birinci mərhələdə topladığı bal ilə növbəti il də müsabiqəyə qatıla bilər: “Bu ilk baxışdan yaxşı görünə bilər, amma nəyə görə abituriyent topladığı balla ali təhsil müəssisəsinə düşə bilməsin?”

Image result for imtahan

Dövlət İmtahan Mərkəzi (DİM) orta məktəblərdə buraxılış və ali məktəblərə qəbul imtahanları ilə yeniliklərə aydınlıq gətirib. DİM-in mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə “BakuPost”a deyib ki, DİM ali məktəblərə yeni qəbul qaydalarının modelini 1 il əvvəl ictimaiyyətə təqdim edib.

Xanlarzadə ali təhsil müəssisələrinə qəbulun 2 mərhələdən ibarət olduğunu nəzərə çatdırıb: “Birinci mərhələ cari ilin məzunları üçün buraxılış imtahanıdır. Daha sonra cari ilin məzunları ali məktəbə qəbul imtahanının ikinci mərhələsində iştirak edirlər. Əvvəlki illərin məzunları da eyni qaydada imtahanın birinci mərhələsini keçməlidir. Yəni əvvəlki illərin məzunları buraxılış imtahanı qaydasında keçiriləcək qəbul imtahanın birinci mərhələsini keçməli, Ana dili, riyaziyyat və xarici dildən imtahan verməlidirlər. Bu, aprel ayının sonlarına təsadüf edəcək. Daha sonra əvvəlki illərin məzunları cari ilin məzunları kimi imtahanın ikinci mərhələsində iştirak edəcəklər”.

O, yeni qaydalarda abituriyentlər və müəllimlərin o qədər də diqqət yetirmədiyi iki məqama toxunub: “Birincisi, qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmayacaq. Yəni abituriyent müsabiqədə iştirak etmək istəyirsə, mütləq bu iki mərhələdə də iştirak etməlidir. İkincisi, buraxılış imtahanının nəticələri iki il qüvvədə olacaq. Tutaq ki, abituriyent bu il buraxılış imtahanını verir və bu imtahanını nəticələri cari və növbəti tədris illərində qüvvədədir. Abituriyent növbəti tədris ilində qəbul imtahanının birinci mərhələsinə qatılmadan ikinci mərhələnin imtahanına gedə bilər. Yekunda bu iki imtahanın nəticələri toplanacaq. Digər tərəfdən, ali məktəblərə qəbulla bağlı ixtisas qrupları üzrə imtahanların yaz və yay sessiyalarında keçirilməsi qüvvədə qalıb. Yəni yazda və yayda abituriyentlərə iki dəfə şans yaradılacaq ki, onlar bu imtahanlarda iştirak etsinlər”.

Təhsil ekspertlərinin qiymətləndirmə meyarları, standartlarının olmadığı barədə iradlarına gəlincə, DİM sektor müdiri bildirib ki, imtahanın birinci və ikinci mərhələsində müəyyən sayda açıq tipli tapşırıqlardan istifadə olunacaq: “Açıq tipli tapşırıqların da cavab verməli olduğu meyarlar öncədən hazırlanır. Abituriyentlərin bilikləri qiymətləndirilərkən də həmin meyarlara istinadə olunur. Qiymətləndirmənin aparıldığı meyarlar da abituriyentlərin nəticəsi elan olunanda onların şəxsi səhifələrinə yerləşdirilir. Yəni abituriyent baxır ki, hansı meyarlara uyğun olaraq ona 0,5 bal yazılıb.

Qiymətləndirmənin aparıldığı həmin meyarların hamısı imtahanın nəticələri elan olunan zaman abituriyentin şəxsi səhifələrində yerləşdirilir. Dövlət İmtahan Mərkəzi açıq tipli tapşırıqlarla əlaqədar həmin meyarları 9-cu sinfin buraxılış imtahanlarında da, sınaq imtahanlarında da onların şəxsi səhifələrində yerləşdirib. Qapalı tipli test tapşırıqlar isə ənənəvi qaydada skayner vasitəsi ilə yoxlanılır və onların düzgün cavabları elan olunur. Qapalı test tapşırıqlar skayner vasitəsi ilə 1, 2 gün ərzində yoxlanılır. Amma açıq tipli test tapşırıqlarının yoxlanılması 1 ay, 1,5 ay vaxt aparır. İmtahanların birinci mərhələsi- buraxılış imtahanı keçiriləndən sonra ixtisas imtahanlarına qədərki dövrdə buraxılış imtahanının nəticələrinin hamısı yoxlanılacaq. İctimaiyyətə elan olunacaq ki, abituriyentlər buraxılış imtahanında nə qədər bal toplayıblar”.

X.Xanlarzadə cari ilin məzunları üçün buraxılış imtahanlarının aprel ayında, cari tədris ili başa çatmamış keçirilməsinin nəzərdə tutulduğunu xatırladıb: “Buraxılış imtahanına şagirdin, abituriyentin keçmədiyi hər hansı mövzudan hər hansı bir sual salınmır. Bu, həmişə belə olub. Abituriyent hansı müddətə qədər hansı mövzuları mənimsəyibsə, həmin müddətə qədər olan mövzulardan test tapşırıqları salınır”.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir