Səyahət etməyi sevir. Üstəlik, gəzdiyi bütün ölkələrdən səyahət bloqunda yazır və insanları məlumatlandırır. Ona görə səyahət etmək, dünyanı tanımaq əvəzolunmaz hissdir. Biz də “çox gəzən çox bilər” misalını əsas tutub, səyahətçi ilə söhbətləşmək qərarına gəldik.
“Səyyah” rubrikamızın qonağı səyyah Aqil Məmiyevdir. Müsahibimiz həm də beynəlxalq moda təşkilatçısı, “Best Model of The World” beynəlxalq model yarışmasının milli və beynəlxalq direktoru, “Azərbaycan Best Awards” və “Golden People Awards” layihələrinin təsisçisidir.
Lənkəran rayonunun Liman şəhərində, ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə təhsil alıb. Hazırda 50-yə yaxın beynəlxalq müsabiqələrin, festivalların, moda layihələrinin yerli və regional direktoru olmaqla yanaşı, hobbi olaraq həyat yoldaşı ilə birlikdə, səyahətlə məşğul olur. Həmsöhbətimiz səyahət etdiyi ölkələr haqda səyahət bloqu hazırlamaq qərarına gələrək “AGILLIVE” bloqunu yaradıb. Dünyanın 30-dan çox ölkəsinə səfər edib.
– Bloq layihəsindən sonra Influencer/Blogger olaraq da tanınmağa başlayıbsınız. Bu sahədə hansısa uğurlarınız olubmu?
– İki beynəlxalq “İnfluencer” layihəsində yer aldım və dünyanın məşhur influencerləri ilə birlikdə mükafata layiq görüldüm. Oktyabrda “Agillive” bloquma görə, “İnnovasiya həftəsi” çərçivəsində baş tutan “Global Influencer Day” tədbirində “İnfluencer Awards”a layiq görüldüm. 17-19 dekabr tarixində İstanbulda , “INFLOW Global Sammit”ində dünyanın hər yerindən milyonlarla izləyicilərə sahib olan təxminən 100-ə yaxın influencerin iştirak etdiyi toplantıda ölkəmizi təmsil etdim. Həmçinin, 2019-cu ilin 6 oktyabr tarixində, Monakoda keçiriləcək, çox nüfuzlu “İnfluencer Awards Monaco” mükafatlandırılma mərasiminə namizədlik qazanmışam. Əlavə olaraq, “həyat tərzi” şəkillərinə görə, Böyük Britaniyanın məşhur “The Sun” nəşrində dünyanın top-siyahısında yer almışam.
– İqtisadçı, səyyah, moda təşkilatçısı… 3 fərqli sahə. Maraqlıdır, fərqli sahələrə necə keçid etdiniz?
– Məktəb illərindən coğrafiya fənnini sevirdim. Hətta iki dəfə olimpiadada olmuşam. O vaxtlar məlumat əldə etmək daha çətin idi. Yadımdadır, 10 cilddən ibarət qırmızı rəngli Sovet Ensiklopediyası vardı, onların hamısını oxumuşdum. Bu sahədə biliklərim yüksək səviyyədə idi. İndi də səyahətlərim zamanı coğrafi biliklərim mənə kömək olur. Biznes və modaya isə həmişə marağım olub. 2-ci kursdan moda ilə yaxından maraqlanmağa başladım. İstək, zaman və məqsəd mənə bu sahələri qazandırdı.
– Həyat yoldaşınızla birlikdə səyahət edirsiniz. Səyahətə cütlük şəklində çıxmağın mənfi və müsbət tərəfləri nədir?
– Əslində, mən çoxdan səyahətlər planlaşdırırdım. Lakin mənimlə eyni fikirdə olan dostlarım az idi. Fikrimiz eyni olanlarla da vaxt üst-üstə düşmürdü. Tək səyahət etmək əlbəttə ki, maraqsızdır. Evləndikdən sonra bu marağı hobbiyə çevirdik. Hobbidən də səyahət bloqu yarandı. Mənfi tərəflərinə gəldikdə isə həyat yoldaşım Bakıya tez qayıtmaq istəyir. Adətən səyahət müddətində 5-6 ölkə gəzdiyimiz üçün ən azı, bir ay ölkə xaricində oluruq. İkinci “problemimiz” çantamızın böyük olmasıdır. Bakıdan gələndə çox geyim götürürük. Gəzdiyimiz ölkələrdə də alış-veriş etdiyimiz üçün çantanı ölkədən-ölkəyə daşımaq çətin olur. Ən böyük çətinliyimiz yoldaşımın vətən üçün çox darıxmasıdır (gülür-A.Ə).
– İlk səyahətiniz hansı ölkəyə olub və həmin günü necə xatırlayırsınız?
– İlk böyük səyahətimi ekzotik yerlərə – Tailand, Malayziya, İndoneziya və Sinqapura etdim. Təbii ki, bizim ölkədə bu yerlərə maraq çoxdur. Bütün dostlar, tanışlar və izləyicilərim səyahətimlə maraqlanır, oradakı mühiti, gediləcək yerləri, həyat tərzlərini mənimlə müzakirə edib suallar verirdi. Bu vaxt özümə daha fərqli janr seçdim və həyat tərzi şəkilləri çəkməyə başladım. Buna görə, xüsusi hazırlaşdım. Professional kameralar və avadanlıqlar aldım. İlk səyahətim maraq doğurduğu üçün bunu davam etdirməyə qərar verdim.
– Nə üçün ekzotik ölkələr? Hansısa özəlliyi varmı?
– Oranın iqlimi bizdən çox fərqlənir. Ekvatorial, subekvatorial və tropik iqlimi canlı hiss etmək istədim. Həmişə ekzotik adalar marağımda idi. Bu günə qədər getdiyim ölkələrdən ən çox o səyahətimi unuda bilmirəm. Həm təcrübəsizlik, həm də bir ay ölkədən uzaqda, Hind və Sakit okeanların sahillərində qalmaq maraqlı idi. Təcrübəsizlik əlavə pul itkisinə səbəb olur. Bundan əlavə, gəzməli yerlərin siyahısını əvvəlcədən tərtib etmədiyim üçün mənə çətin gəldi.
– Bəs sizə ən çox təsir edən və unuda bilmədiyiniz ölkə haradır?
– Hər səyahətim mənə çox doğmadır. Bu ölkələri kateqoriyalara bölə bilərəm. Yüksək həyat tərzi, modern, kübar, güvən, təmizlik baxımından Sinqapur və İsveçrə mənə çox doğmadır.
İndoneziyanın Bali adası sanki cənnətdir. Bu ölkənin sahillərini Hind və Sakit okeanın suları yuyur. Ölkədəki qədim tarixi məbədlər, cəngəlliyin içində otellər insanı feyziyab edir. Çox fərqli yerdir. Maldivlər əsil cənnətdir. Yamyaşıl okean suyu, bəyaz qumlu çimərliklər… Bura, daha çox cütlüklər və lüks istirahət etmək istəyənlər üçündür. Otellərdən başqa gəzmək üçün heç bir yer yoxdur.
Hindistan çox maraqlı idi. Mumbaidə küçədə yaşayan insanları görmək təsirli idi. Bir tərəfdə küçədə çirkab içində saç kəsən bərbərlər, digər tərəfdə bahalı villa, restoranlar… Ölkə çox maraqlı və təəccüblüdür.
Tailand əsl cənnətdir. Möhtəşəm adaları, təbiəti, qumsalları nəyə desən deyər. Şri-Lanka da həmçinin. Avropa isə bizə yaxın olduğu üçün mənə standart gəldi.
– 30-dan çox ölkədə olubsunuz. Bəs “bura heç vax getməyin” deyəcəyiniz yer varmı?
– Zövqlər müxtəlifdir. Məsələn, yoldaşım heç vaxt Hindistana getmək istəməz. Amma mənim üçün çox maraqlıdır. Görüləcək tarixi yerləri çoxdur. Tac Mahal və Jaypurda olmaq istəyirəm.
– Bəs hansı ölkəyə dəfələrlə getsəniz də, oradan doymursunuz?
– Getdiyim ölkələr içində, Malayziya, Maldiv adaları, Sinqapur, İndoneziya, Tailand, Fransa, İsveçrə, Hindistan, İtaliya, Hon-Konq, Birləşmiş Ərəb Əmirlikləri, Portuqaliya, İspaniyaya getməyi yenidən düşünürəm. Oralarda kəşf ediləcək yerlər çoxdur.
– Səyahət müddətində sizi ən çox təəccübləndirən ölkə hansı olub və nə üçün?
– Sinqapur. Bu ölkədə yüksək cərimələr və sərt qanunlar tətbiq olunduğu üçün Sinqapuru zarafatla “Fine city” adlandırırlar. Sinqapurda həqiqətən çox cərimələr var. Məsələn, yerə tüpürdükləri, ictimai yerlərdə siqaret çəkdikləri, zibili küçəyə atdıqları, nəqliyyatda yemək yedikləri üçün insanları 470 sinqapur dollarından (400 USD) başlayan qiymətlərlə cərimə edirlər.
Həmçinin qətl, quldurluq, oğurluq, təcavüz, vandalizm və s. cinayətləri törədənləri, həbs cəzasından əlavə qamış çubuğu ilə döyərək cismani cəzalar tətbiq edirlər. Bununla yanaşı ölkədə ölüm cəzası da (dar ağacından asmaq) tətbiq olunur. Bu cəzalar xüsusi qəddarlıqla qətl törətmiş, narkotiklərin ticarəti məşğul olan şəxslərə, korrupsiyaya yol vermiş dövlət xainlərinə və prezidentin həyatına qəsd edənlərə qarşı tətbiq olunur. Küçələrdə demək olar ki, polis olmur. Lakin hər yerdə asayişə nəzarət edən həm gizli, həm də aşkar kameralar var.
Sinqapurun vizit kartlarından biri unikal beş ulduzlu Marina Bey Sends (Marina Bay Sands) kompleksi hesab edilir. Bu kompleks üç 200 metrlik 57 mərtəbəlik qüllələrdən ibarətdir. Qüllələrin damında gəmi şəklində Sky Park meydançası və onun içində 150 metrlik hovuz yerləşir. Bu hovuzda günəş vannası qəbul etmək doğurdan da inanılmaz idi. Bütün şəhər sözün əsl mənasında ayağının altındadır.
– Gəzməli yerlərin əvvəlcədən planının qurursunuz? Ümumiyyətlə, öz təcrübələrinizdən çıxış edərək, səyahətə başlamaq istəyən insanlara nə məsləhət görürsünüz?
– Bəli, əvvəlcədən araşdırıram. “TripAdvisor”, “Wikipedia”-da tanınmış səyyahların bloqları, müxtəlif tətbiqlər köməyimə gəlir. Səyyahlar öncə gedəcəkləri regionu tam araşdırıb sonra getsinlər. Bu yay Milanda yüksək miqdarda pulum və bank kartlarım oğurlandı. Həftə sonu olduğu üçün 3 gün pulsuz qaldım. Ümumiyyətlə, səyahət zamanı ehtiyatlı olmaq lazımdır. Pullar mütləq bank kartında olmalı, nəğd pul çox az olmalıdır. Kasıb şəhərlərdə çox şux geyimlərdən istifadə etmək düzgün deyil. Çünki bəzi Asiya ölkələri Tailand, Hindistan və Braziliyada oğurluq hadisələri çoxdur. Hətta Avropa ölkələrində – İspaniya, İtaliya, Portuqaliya və Fransada da oğurluq halları artıb.
– Hansı ölkənin mətbəxini sevirsiniz və nə üçün?
– Dünyanın ən qədim mətbəxlərindən biri olan italyan mətbəxində az qala hər şeyin içərisində zeytun yağı tapmaq mümkündür. Turş, acı, şirin və duzlu təamları ilə Tai mətbəxi hər cür damaq zövqünə xitab etməyi bacarır. Yeməklərdə ədviyyatlar, tərəvəzlər və düyü çox istifadə edilir. Balıq və ətin bol olduğu ispan mətbəxini də sevirəm.
Hind mətbəxi şərq, qərb, şimal və cənub olmaq üzrə, ölkənin bölgələrinə görə ayrılmış vəziyyətdədir. İndoneziya mətbəxində demək olar ki, hər yeməkdə düyü var. Ölkədə o qədər mirvari var ki, bəzi restoranlarda yemək yanında mirvari də verilir. Amma Azərbaycan mətbəxini heç bir ölkə mətbəxinə dəyişmərəm.
– Milanda pullarınız oğurlanıb. Səyahət zamanı fərqli ölkədə pulsuz qalmaq necə hissdir?
– Çox acı xatirələrimdən biridir. Şəhərin mərkəzi küçələrində piyada keçidindən yol keçərkən kimsə mənimlə toqquşdu. İki addım atmışdım ki, çantamda yüngülləşmə hiss etdim. Baxanda gördüm ki, çantam açıqdır və pul qabım oğurlanıb. İçində təxmini bizim pulla 2500 manat var idi. Bu hadisədən sonra yoldaşımla mən 10 gün özümüzə gələ bilmədik. Yaxşı ki, qrup səyahəti zamanı baş verdi və yanımızda azərbaycanlılar var idi. Müəyyən qədər onlardan borc götürdüm. Moskvada olanda ailəm pul göndərdi və səyahətə davam etdik. Bütün səyahət planlarının pozulmasından pis nə ola bilər ki? Həftə sonu olduğu üçün Bakıda və xaricdə banklar işləmirdi. Pulsuz qalmışdım. Hətta polisə də ərizə yazdıq. Polis dedi ki, gündə 100-ə yaxın belə hadisə baş verir. Pulların ta
pılmaq şansı çox azdır.
– Gələcək səyahət planlarınız necədir? Növbəti “stansiya” haradır?
– Siyahı belədir: Santorini adası – Yunanstan, Havay adaları – ABŞ, Folklend adaları – Argentina, Kanar adaları – İspaniya, Farer adaları, Keniya, Tanzaniya, Yeni Zelandiya, Avstraliya, Lofoten adası – Norveç, Reunion adası, Seyşel adaları, Çin Xalq Respublikası, Braziliya, Filippin adaları, Cənubu Afrika Respublikası (Kaspi.az)