nikah muqavilesi

Ailənin təməli – nikah müqaviləsi

Baxış sayı: 1. 732

Statistikaya görə, boşanmaların yarıdan çoxu kiçik anlaşılmazlıqlardan yaranır və çoxları problemləri heç boşanmaqla da həll edə bilmir. Əksinə, əsas qalmaqallar elə bundan başlanır.

Ər arvada əmlakdan pay verməyəcəyi, qadınsa ərini – belə olan halda – uşaqlarla görüşə icazə verməyəcəyi ilə hədələyir. Bəs ailənin dağılmasına gətirib çıxaran məişət məsələlərini, cütlüyün qarşılıqlı hüquq və vəzifələrini sivil yolla həll edərək qalmaqalsız boşanmaq mümkündürmü? Təcrübə göstərir ki, belə problemlərlə üzləşməmək və nikahı qoruyub-saxlamaq üçün ən yaxşı çıxış yolu nikah müqaviləsidir. Bunun üçün də mütəxəssislər ailə qurmağa hazırlaşanlara ilk əvvəl nikah müqaviləsi imzalamağı məsləhət görürlər. Qeyd edək ki, artıq Avropa ölkələrinin əksəriyyətində ailə quranlara nikahı təsdiqləyən sənədlə bərabər nikah müqaviləsi də verilir. Nikah müqaviləsi ər və arvad arasında gələcək həyatlarında zəruri bildikləri müəyyən məsələlər barədə əldə olunan razılaşmanın notariusda təsdiq etdirilməklə rəsmiləşdirilməsidir. Amma nikah müqaviləsi yalnız düzgün tərtib olunduğu təqdirdə gərəkli ola bilər. Əks təqdirdə sənəddəki boşluqlar və qeyri-müəyyənliklər özü bir problemə çevrilər. Bunun üçün müqavilənin təcrübəli hüquqşünasın iştirakı ilə tərtib edilməsi məsləhətdir.

Hüquqşünas Nigar Sadıqova nikah müqaviləsinə təkcə boşanma ilə bağlı şərtlər daxil edilmədiyini, burda ev işlərinin kim tərəfindən görüləcəyindən tutmuş, intim münasibətlərə qədər bütün şərtlərin göstərilməsinin mümkünlüyünü deyir: “Müqavilənin şərtlərinə bütün istəklərinizi daxil edə bilərsiniz, bir şərtlə ki, müqavilədə göstərilənlər qanunazidd olmasın. Əks təqdirdə sənədin həmin müddəaları etibarsız hesab olunacaq. Əmlakın forması isə müqavilədə müxtəlif formalarda göstərilə bilər. Məsələn, əmlakın 60 faizinin arvada, 40 faizinin isə ərə verilməsi, daşınan əmlakın arvada, daşınmaz əmlakın ərə verilməsi, boşandıqda uşaqların kiminlə qalması və sair“.

N.Sadıqova ərlə arvadın birgə yaşadığı müddətdə əldə olunan əmlakın bölünməsi şərtlərinin müxtəlif olduğunu dedi: “Bu şərtlər ərlə arvad arasında razılaşdırılır və müqavilədə göstərilir. Nikah müqaviləsi həm müddətli – 5-10 illik, həm də müddətsiz – yəni onların nikahına xitam verilənə qədər bağlana bilər. Bu, tərəflərin razılığından asılıdır. Əgər müqavilə 3 il müddətinə bağlanıbsa, amma onlar bir yerdə 7 il yaşayıblarsa, o halda onların 3 il birgə yaşayışı müddətində əldə etdikləri əmlaka müqavilədə nəzərdə tutulan şərtlərə uyğun hökm verilir. Qalan 4 il ərzində əldə olunan əmlak üzərində isə ümumi qaydalara uyğun hökm çıxarılır“.

Hüquqşünas çoxlarının yanlış olaraq nikah müqaviləsinin gələcəkdə boşanmaq istəyi olanlar arasında bağlandığını güman etdiyini deyir: “Lakin bu prosedur çox vaxt boşanmanın qarşısını alan amilə çevrilir. Çünki müqaviləsiz ailələrdə “…xoşun gəlmir, çıx get“ kimi ifadələr işlənirsə, sənəddə konkret əmək bölgüsü olan ailələrdə onlar əmlakı itirməmək xatirinə fikirləşməyə məcbur olurlar. Əmlak əvvəlcədən bölüşdürüldüyündən boşanma prosesi də sakit formada keçir. Ən əsası isə – nikah müqaviləsi bağlanan ailələrdə uşaqlar əmlak bölünərkən şantaj hədəfinə çevrilmirlər“.

Qeyd edək ki, nikah müqaviləsinə tərəflərdən birinin razılığı ilə xitam verilə bilər. Mülki Məcəllləyə görə isə müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, ərlə arvadın birgə yaşayışı müddətində əldə etdikləri nə varsa, onların ümumi əmlakı hesab olunur və qanunauyğun şəkildə bölünür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir