ana sudu

Körpələrə niyə ana südü verilməlidir?

Baxış sayı: 1. 165

“Yeni doğulan körpələrin xəstəxanada ana südü ilə qidalandırılması ilə bağlı tələblər daha sərt və dəqiq yerinə yetirilməlidir”. Bunu Trend-ə BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib. Onun sözlərinə görə, Azərbaycanda yalnız ana südü ilə qidalanma göstəricisi aşağıdır: “Düşünürük ki, bu, kifayət qədər məlumatlandırmama, yanlış məsləhətlərin verilməsi səbəbindən baş verə bilər. Bununla əlaqədar, yeni ana olmuş qadınlarla ünsiyyətdə olan tibb işçilərinin təkrar məlumatlandırılmasına ehtiyac var”.

Karvardin qeyd edib ki, dövlətin bu məsələ ilə bağlı konkret təlimatı və tələbləri var: “Bu tələblər birmənalı şəkildə yerinə yetirilməlidir. Yəni xəstəxanalarda yeni doğulan uşaqlara süni uşaq qidalarının verilməsinə ümumiyyətlə, yol verilməməlidir. Bu, Azərbaycan dövlətinin təlimatlarında da nəzərdə tutulub”.

UNİCEF rəsmisi əlavə edib ki, həyatının ilk dövründə körpənin ana südü ilə qidalanması onun sağlamlığına birbaşa təsir edir. Ananın orqanizmindəki antitellər körpəyə ötürülür və onun immunitetini gücləndirir: “Bu, körpənin həm fiziki inkişafına, həm də beyninin inkişafına çox müsbət təsir edir və yalnız ana südü ilə qidalanma gələcəkdə uşağın sağlam böyüməsi üçün əhəmiyyətlidir. Düşünürük ki, bu sahədə tələblər daha sərt və dəqiq yerinə yetirilməlidir”.

Qeyd edək ki, 2017-ci ildə (2018-ci il üzrə göstəricilər hələ açıqlanmayıb) ümumilikdə 3 aya qədər uşaqların 89,7 min nəfəri ana südü ilə qidalanıb. 2005-ci ildə belə körpələrin sayı 95,2 min nəfər olub.

2017-ci ildə 6 aya qədər körpələrin 69,7 min nəfəri (2016-cı ildə 73,9 min nəfər) ana südü ilə qidalanıb ki, onların da 41,3 mininə (2016-cı ildə 41,5 min) yalnız ana südü verilib. Azərbaycandakı körpələrin 55,4 mini 12 aya, 16,8 mini 1,5 yaşa, 7,8 mini isə 2 yaşına qədər ana südü ilə qidalanıb. Digər tərəfdən, doğum evlərində (şöbələrində) “Körpə dostu” xəstəxana standartlarının tətbiqi ilə bağlı UNİCEF ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq nəzərdə tutulur. E. Karvardin sözlərinə görə, “Körpə dostu” xəstəxana standartlarının ən əsas xüsusiyyətlərindən biri, yeni ana olmuş qadınlara düzgün məsləhətlərin verilməsidir. Bu məsləhətlərdən biri də uşağın müəyyən yaşa qədər yalnız ana südü ilə qidalanması ilə bağlıdır. E. Karvardinin sözlərinə görə, ötən 20 ildən artıq dövr ərzində Azərbaycanda ana və uşaq ölümünün azaldılması baxımından əhəmiyyətli irəliləyişlər əldə edilib: “Ümumiyyətlə, ana və uşaqların sağlamlığı, qidalanması ilə bağlı ölkədə çox təqdirəlayiq irəliləyiş var. Məsələn, uşaq ölümünə səbəb olan poliomielit (ağır iflic) xəstəliyinin kökü kəsilib. Düşünürəm ki, növbəti mərhələdə əsas diqqət xidmətlərin bütün uşaqlar üçün təmin edilməsinə yönələcək. Sözsüz ki, xidmətlərin keyfiyyətinin təkmilləşdirilməsi də diqqət mərkəzində olmalıdır”.

UNİCEF rəsmisi əlavə edib ki, təşkilat bu istiqamətdə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq etmək niyyətindədir. Bu əməkdaşlıq çərçivəsində UNİCEF xidmətlər paketində uşaq və anaların ehtiyac duyduğu əsas xidmətlərin müvafiq keyfiyyət standartları əsasında təmin edilməsinə dəstək göstərəcək: “Məqsəd odur ki, Azərbaycanda ana və uşaqlar ehtiyac duyduğu xidmətlərdən ən optimal şəkildə istifadə etsinlər. Biz də bu sahədə iş birliyinin olmasını çox həvəslə gözləyirik. Hesab edirik ki, bu əməkdaşlıqdan növbəti illərdə minlərlə ana və uşaq bəhrələnəcək”.

Ana südü həqiqətən də faydalıdır. Onun faydası haqqında nə qədər danışılsa, azdır. Qeyd edək ki, bir müddət əvvəl, hətta, ana südü banklarının yaradılması ilə bağlı da fikirlər səsləndirilirdi. Belə ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ölkədə ana südü mətbəxlərinin yaradılmasını təklif edib. E. Süleymanova qeyd edib ki, aktual məsələlərdən biri də milli genefondun, ailə sağlamlığının qorunmasıdır: “Körpələrin, erkən yaşda uşaqların ana südü ilə qidalanması üçün səmərəli təşkilinə nail olmalıyıq. Ana südü milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır. Ona görə də, ana südü mətbəxləri yaradılmalıdır. Bununla bağlı təcrübəmiz də var, qanunvericilik bazamız da təkmildir”.

Amma danılmaz faktdır ki, bu gün bəzi səbəblərdən uşaqlar ana südü içməkdən məhrum edilir. Səbəblər isə çox sadədir. Bəzi məqamlarda analar bədən quruluşlarının pozulmamağı üçün övladlarına süd verməkdən imtina edirlər. Bəzən isə xəstəxanalarda anaların səhhətində hansısa problemin olduğunu deyib, uşağa ana südü verməyə qoymurlar, hansısa süni qidanı məsləhət görürlər. Əslində, bu məsələnin bir az da dərinliyinə getsək, görərik ki, burada məqsəd, gəlirlərindən bir miqdar da həkimlərə çatan həmin qidaların satılmasıdır. Bəs, bu kimi halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

 

Pediatr Vaqif Qarayev qeyd etdi ki, ana südünün faydaları haqqında saatlarla danışmaq olar: “Ana südü uşağın həm fiziki, həm də psixoloji baxımdan sağlam inkişafının təminatçısıdır. Xüsusilə də doğuşdan sonra ananın sağlamlığı imkan verirsə, ilk saatlarda uşaq ana südünü qəbul etməlidir. Bu südün uşağın immun sisteminin gücləndirilməsində böyük rol var. Həmçinin uşağın bağırsaqlarının normal fəaliyyəti üçün də ana südü çox faydalıdır. Xoşagəlməz xəstəliklərə qarşı mübarizədə ana südü əvəzsizdir. Digər tərəfdən, ana ilə uşaq arasında mənəvi, psixoloji bağlantının yaranması baxımından da uşağın əmizdirilməsinin böyük əhəmiyyəti var. Təəssüflər olsun ki, bəzi xanımlarımız xarici görünüşlərini düşünürlər, amma səhhətlərini nəzərə almırlar. Uşağın əmizdirilməsi birbaşa olaraq ananın sağlamlığı üçün də faydalıdır. Belə ki, uşağın əmizdirilməsi xanımlarda yarana biləcək, döş və uşaqlıq xərçənginin qarşısının alınmasında əsas rol oynayır”.

Maarifləndirmə işindən danışan həkim qeyd etdi ki, bu gün texnika və texnologiyanın inkişafı, hər kəsə, bu mövzu ilə bağlı araşdırma aparıb, müəyyən dərəcədə bilgilər əldə etməsinə imkan verir: “Bilirsiniz, nədənsə, indiki dövrdə ailələrdə gənclər toy etməyə hazırlanırlar. Amma onlara evləndikdən, uşaq olduqdan sonrakı dövrlə bağlı heç bir məlumat verilmir. Yəni maariflənmə işi ilk olaraq ailə daxilindən başlamalıdır. Daha sonra internetdən, kitablardan oxumaq lazımdır. Bunların heç biri mümkün deyilsə belə, mütəxəssisə müraciət edib məsləhətlər almaq lazımdır. Digər tərəfdən televiziyalarda da bu mövzu ilə bağlı maarifləndirici verilişlər hazırlanmalıdır”.

Pediatr xəstəxanalarda həkimlərin ana südü yerinə, süni qidaları məsləhət görməsi məsələsinə toxundu: “Əgər ananın südü varsa, ona alternativ olaraq hansısa qarışımı məsləhət görmək qəti qadağandır. Bu, yolverilməzdir. İlk hamiləlikdən sonra ananın südündə azalma ola bilər. Amma, bu o demək deyil ki, ana südündən imtina edib, süni qidaya keçmək lazımdır. Əksinə, həmin dövrdə ana uşağı daha tez-tez əmizdirməlidir. Çünki bu proses anada südün yaranmasına səbəb olacaq. Təbii ki, anada hansısa xəstəlik müşahidə edilibsə və ya ananın heç südü yoxdursa, yalnız o təqdirdə əmizdirmək olmaz. Qalan heç bir faktor ana südündən imtinaya səbəb ola bilməz”.

 

Psixoloq Könül Telmanqızı qeyd etdi ki, hər bir xanım evlənərkən və hamilə olduğu müddətdə özünü psixoloji olaraq buna hazırlamalıdır: “Hər şeydən öncə, ana adını daşıyan hər bir qadın anlamalıdır ki, ana südü həm uşağın, həm də onun öz sağlamlığı üçün önəmlidir. Ona görə, hər nə olursa olsun, heç bir ana uşağını bundan məhrum etməməlidir. Ana südü ilə qidalanan uşaqlar böyüdükcə daha sağlam ruhda və psixologiyada olurlar. Uşaqların hərtərəfli inkişafında ana südünün yerini heç bir qida verə bilməz. Lakin bütün bu deyilənləri ikinci plana atıb, bədən quruluşunun, xarici görünüşün pozulacağı psixologiyasına düşən xanımların fikrilərində müəyyən qarışıqlıqlar olur. Xüsusilə də erkən nikaha girən xanımlar bu düşüncədə olur. Məsləhət görərdim ki, xanımlarımız ailə qurmamışdan öncə psixoloji olaraq hazırlıqdan keçsinlər. Uşağın dünyaya gətirilməsi, ana südünün faydaları ilə bağlı maariflənsinlər. Hətta, mümkün olarsa, bu istiqamətdə təşkil edilən seminarlara, təlimlərə qatılsınlar. Bu təlimlər onların psixoloji hazırlığına çox müsbət təsir edəcək. Bunu da nəzərə almaq lazımdır ki, doğumdan sonra bəzən analarda müəyyən gərginlik, aqressiya müşahidə edilir. Uşağa süd verməkdən, gecələr yuxudan oyanıb onu əmizdirməkdən imtina edirlər. Hətta, bəzən o gərginliklə süd verəndə anadakı gərginlik uşağa keçir. Ona görə də, südvermə prosesi düzgün getməlidir. Öz rahatlığı, gözəlliyi üçün övladına süd verməkdən imtina edən ana yanlış yoldadır. Ana üçün hər şeydən öncə övladının gələcəyi, sağlamlığı önəmli olmalıdır”. (“Kaspi.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir