bosanma

Boşanmalara ən çox hansı amillər təsir edir?

Baxış sayı: 1. 461

Boşanma hallarının artması artıq müvafiq dövlət qurumları da hərəkətə gətirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyir ki, qadın və kişilərin gec yaşda ailə qurması və nikahların sayının azalmasına münasibət bildirən sədr müavini qeyd edib ki, qadınlar “ərə getmək” xatirinə ailə həyatı qurmaq fikrindən çəkinməlidirlər: “Azərbaycanda nikah yaşının artmasına təəccüblənirik, lakin düşünləmədən qurulan ailələr sonda boşanmalara səbəb olur”.

S.Qəhrəmanova boşanma səbəbləri arasında zorakılıq halları əsas faktor kimi qeyd edir.

Qeyd edək ki, 2018-ci ilin yanvar-noyabr aylarında qeydiyyat şöbələri tərəfindən 56 min 888 nikah və 13 min 655 boşanma halları qeydə alınıb. Bu isə artıq çox ciddi bir səbəbdir.

Boşanmalarla bağlı cəmiyyətdə ikili fikir mövcuddur. Bir qism , o cümlədən sözügedən dövlət komitəsi hesab edir ki, qadının zorakılığa dözüb özünün və övladının həyatını təhlükəyə atmasındasa, boşanması daha müsbət addımdır və bu cəmiyyətdə normal qarşılanmalıdır.

Digər bir qism isə hər ailədaxili münaqişənin boşanmaya gətirib çıxarmasının əleyinədir.

 

Bəs ekspertlər nə deyir?

887780.jpg (10 KB)

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirdi ki, qadının həyatına təhlükə varsa, prosesi uzatmaq bədbəxt hadisələrə gətirib çıxara bilər: “Həqiqətən də boşanmalardan şok keçirmək lazım deyil. Çünki ilk növbədə nigaha girən şəxslərlə iş düzgün qurmaq  lazımdır ki, boşanmalarla şok keçirməyək. əgər əvvəllər ənənəvi evlənmə metodları var idisə, indi daha fərqlidir. Bu da təbii ki, fərqli münasibətlərə, tələsik verilən qərarlara, məcburi nigahlara gətirib çıxarır. Ona görə də sonradan boşanmalar ortaya çıxır. İndiki yeni texnologiyalar əsrində boşanmalara təsir edən amillər çoxalıb.  Zorakılıq əgər təhlükə və təhdid törədirsə, uşaqların sağlamlığı və tərbiyəsi, qadının sağlamlığı üçün təhlükə yaradırsa, o zaman boşanmanın baş verməsi daha məqsədəuyğundur. Ən çox da bu uşaqların inkişafına, şəxsiyyət kimi formalaşmasına maneə törədir. Amma bizdə bu araşdırmalar nə dərəcədə dəqiq aparılır?”

Ekspert onu da vurğuladı ki, boşanma ilə bağlı müraciətlər araşdırılmalı, xırda səbəblər, kənar müdaxilələrdən verilən ayrılma qərarları ilə bağlı iş aparılmalıdır: “Qanunvericiliyə  görə, hər hansı şəxs boşanma üçün müraciət edirsə, heç kim ona qadağa qoya bilməz. Hər bir vətəndaş həm evlənmək , həm də  boşanmaq məsələsində müstəqil qərar verə bilər. İddia ərizələrində də zorakılıq halları çoxalıb. Nə qədər zorakılıqla bağlı iddia müddəti var. Əgər təhlükə varsa, həmin şəxslərə 3 ay vaxt verilməsi nə dərəcədə düzgündür? Və yaxud əgər ailədə boşanma səbəbi sadəcə adi müdaxilələr, xırda  məsələlərdirsə, o ailəni xilas etmək üçün hansı xidmətlər təklif olunur? Əgər belə xidmət paketləri olsa, ölkədə boşanmaların qarşısını xeyli almaq olar. Boşanma dövründə həmin şəxslərin psixoloq və ya sosial işçi xidməti təklif olunsa, o ailələrdə dəqiq araşdırma aparıla və boşanmaların qarşısı alına bilər. Təbii ki, əgər ortalıqda münaqişə prosesində qalan uşaqlar olmasa, boşanmalar heç kimi narahat etməyə bilər. Valideynlər sivil formada ayrıla bilsə, ata və ana öz statusunu normal qorusa, bu zaman uşaqlar problem  yaşamaz”.

M.Zeynalovanın sözlərinə görə, ən çox narahatlıq doğuran məqam uşaqların bu prosesdən zərər çəkməsidir: “Əgər sivil formada ayrılma varsa, ata istədiyi vaxt uşağı görürsə, tərəflər bir-birini aşağılamırsa, ata ana haqqında xoşagəlməz sözlər demirsə heç pir problem yoxdur. Ancaq çox zaman uşaqlar zərər çəkir. Əgər dövlət tərəfindən müəyyən xidmət təklif olunsa, boşanma hallarında bir çox hallarda tərəflər geri çəkilə bilər, proses  dayandırıla bilər. Ancaq bir hal da var ki, ortada zorakılıq var, 3 ay müddət verilir və həmin müddətdə bədbəxt hadisələr baş verə bilər. Bu cür təhlükə olan hallarda məhkəmə prosesi də həssas yanaşmalıdır. Ümumiyyətlə, boşanma prosesləri çox ciddi araşdırılmalıdır. Bu səbəbdən ailə məhkəmələri olsa daha yaxşı olar. Çünki onlar bir istiqamətdə ixtisaslaşmış olarlar. Eyni zamanda müddət məsələsi də fərqli ola bilər. 1 ilə, hətta 2 ilə qədər müddət verilə bilər. Həmin müddətdə araşdırma aparıla və ya xidmət paketi təklif oluna bilər. Xarici ölkələrin bu istiqamətdə müsbət təcrübəsi var. Biz bütün bu ölkələrin təcrübəsini təhlil edib, hazırki durumumuza uyğun olan  model qəbul etməliyik. Əgər bu qədər narahatıqsa, hamı bu haqda həyəcanla danışırsa, deməli boşanma prosesini də öz ailə institutumuzun xarakterinə uyğunlaşdırmalıyıq”.

QHT sədri həmçinin qeyd etdi ki, boşanmadan sonra alimentin verilməməsi də qadına qarşı iqtisadi zorakılıqdır: “Biz adətən fiziki zorakılıqdan danışırıq, ancaq iqtisadi zorakılıq da  baş verir. Alimentin verilməməsi qisas xarakterlidir, uşağı düşünməməkdir. Yaxşı ki, belə hallarda atalıq hüququndan məhrumetmə cəzası var. Bu nəyi dəyişir? İqtiadi zorakılıq davam edir. Boşanmadan sonra kişinin hələ də qısqanclıq zəminin qadını təqib etməsi, təzyiq etməsi o qadına  şəxsiyyət olaraq yox, öz əmlakı kimi yanaşmasının bariz nümunəsidir. Özləri yeni həyatlarını qururlar, ancaq qadının normal həyatına davam etməsi çün heç bir imkanlar yaratmırlar”.

 

Nərgiz LİFTİYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir