İki insanın arasındakı duyğusal və şəxsi əlaqənin sonu
Psixoloq Könül Telmanqızı bildirdi ki, böyük ümidlərlə başlayan nikahlar bəzən boşanmalarla nəticələnir: “Boşanma iki insanın arasındakı duyğusal və şəxsi əlaqənin sonudur. Boşanmanın bir çox psixoloji səbəbləri var. Boşanma hallarının yaşanmamağı üçün ailədə birinci sevgi, hörmət və güvən önəmli olmalıdır. Ailədə yaranacaq məişət problemləri, anlaşılmazlıqları və övlad problemini cütlər öz münasibətlərində anlayışla qarşılayaraq həll edə bilərlər. Gənclər evlənməmişdən əvvəl beyinlərində gələcək ailə həyatı və böyüdəcəyi övladları haqqında müəyyən fikirlər formalaşdırırlar. Həmin fikirlər ilə qurduğu ailə həyatı üst-üstə düşməyən zaman isə problemlər yaranır, beyində müqayisə başlanır. Çünki gənclər ailə qurmamışdan əvvəl beyinlərində xoş şeylər canlandırmışdı, amma onun əvəzinə problemləri gördülər”.
K. Telmanqızı deyir ki, ailəni qorumaqda əsas amil keçid dövrünü adlamaqdır: “Ən çətini ailə həyatının ilk illəridir. Yeni ailəyə adaptasiya olmaq, onun qaydalarına uyğunlaşmaq vaxt tələb edir. Bir insanın buna dözümü yoxdursa, heç cür yeni qaydaları qəbul edə bilmirsə, ailəsi dağılır. Bu gün ailələrin əksəriyyəti sonsuzluq probleminə görə dağılır. Sonsuzluqdan əziyyət çəkən bir çox pasientlərimiz xarici ölkələrdə həkimlərə gediblər. Həkimlərin qoyduğu diaqnoz isə psixoloji problemlərlə bağlı olub. İnsan gərgin və narahat olanda, stress keçirəndə, bu, uşaq dünyaya gətirməyə də mane olur. Bu dövr ər və arvad üçün müxtəlif aspektlərdə çətinliklərin yaşandığı dövrdür. Hər bir problemin fizioloji səbəblərindən başqa, həll prosesi zamanı psixoloji səbəbləri araşdırılmalıdır. Ruh və zehinin hazır olmadığı hadisələri vücud da həyata keçirə bilməz. İlk olaraq insan psixoloji cəhətdən özünü hazır tutmalıdır. Yaranmış stressin başlıca səbəbi də insanın özü ilə bağlı olduğu üçün, cütlüklər birinci hərtərəfli olaraq psixoloji cəhətdən buna hazır olmalıdırlar ki, yaranacaq problemləri həll edə bilsinlər. Gənclərimiz bütün çətinliklərin həlli yolunu boşanmada görməsə, uşaqlarla bağlı və digər çətinlikləri aradan qaldırmağa uyğunlaşmaqda müəyyən dövrü keçərsə, ailədə yaranacaq hər şeyə psixoloji cəhətdən də hazır olacaqlar”.
“Uşaq olmasa olmaz!”
Bəzən isə boşanmaya səbəb kənardan olan müdaxilələrdir. Belə ki, ictimai qınağın, tərəflərin valideynlərinin işə qarışması boşanmaya gətirib çıxarır. Sağlam Cəmiyyət İB-nin sədri Lalə Mehralı qeyd edir ki, mentalitetimizdə “uşaq olmasa olmaz!” düşüncəsi hakim olduğu üçün övladı olmayan qadını və ya kişini ailəli görmək istəmirlər: “Azərbaycanda boşanmaların səbəbləri olduqca müxtəlifdir. Sonsuzluq da bunlardan biridir. Bizim mentalitetdə “uşaq olmasa olmaz!” düşüncəsi hakim olduğu üçün övladı olmayan qadını və ya kişini ailəli görmək istəmirlər. Maraqlı məqam isə odur ki, çox vaxt bunu valideynlər edir, qızını və ya oğlunu övladı olmayan biri ilə yaşamağa qoymur. Ər və ya arvad öz taleləri ilə barışır, övladları olmamağına rəğmən boşanmaq istəmirlər, amma böyüklər bunu qəbul etmir. İnsanlar bunu anlamalıdırlar ki, sonsuzluq dünyanın sonu deyil. Tərəflər bir-birlərini sevirlərsə, uşağın olmamağı onlar üçün problem sayılmamalıdır. Övladı olmayan ailələr qohumdan və ya internat evlərindən uşaq götürüb saxlaya bilər. Bu gün boşanmalar daha çox kənardan olan qınaqlara görə baş verir. Əgər, cəmiyyət də bunu normal qəbul etsə, problem olmaz. Digər tərəfdən, hazırda tibb elmi kifayət qədər inkişaf edib. Sonsuzluq problemi olan ailələr süni mayalanma ilə övlad sahibi ola bilərlər. Ən əsas məsələ isə insanların maarifləndirilməsidir. Bu mövzu ilə bağlı kütləvi informasiya vasitələrində ciddi təbliğat işləri görülməlidir. Belə ki, uşağın olmamağının boşanmaya əsas vermədiyi izah edilməlidir”.
Çıxış yolları əlçatan olmalıdır
Sosioloq Cavid İmamoğlu modern ailələr ilə klassik ailələrin fərqləndiyini deyir: “Modern ailələr uşaqsız da ola bilir, onlar bunu problem kimi qiymətləndirmirlər. Hazırda bir çox qərb ölkələrində istəyərək dünyaya uşaq gətirməyən ailə tipləri belə var. Azərbaycan cəmiyyəti klassik olduğundan ailədə uşağın olmamağı birmənalı qarşılanmır. Ailələrdə müəyyən problemlər yaşanır. Problemlərin yaşanmamağı üçün belə ailələr övladlığa uşaq götürə bilərlər. Dünyada övladlığa uşaq götürmək kimi bir təcrübə var. Elə ailələr var ki, sonsuz olmasalar belə, övladlığa uşaq götürüb saxlayırlar. Digər çıxış yolu isə süni mayalanma ilə övlad sahibi olmaqdır”.
Sosioloq qeyd edilən çıxış yollarının bütün ailələr üçün əlçatan olmadığını vurğulayır: “Təəssüflər olsun ki, ölkəmizdə sonsuzluğun tibbi baxımdan müalicəsi baha olduğundan aztəminatlı ailələr bu yola istiqamətlənə bilmirlər. Ötən illər ərzindəki təcrübəyə əsaslanaraq demək olar ki, övladlığa uşaq götürmə prosesi də çox çətin və əngəlli olduğu üçün bu yolu da seçmirlər. Beləcə övlad istəyən ailədə bəzi məsələlərdə münaqişələr yaranır, bu da boşanma ilə nəticələnir. Ona görə də ölkəmizdə övladlığa götürmə prosesi şəffaflaşdırılmalıdır. Artıq bu məsələ ilə bağlı Prezidentin fərmanı oldu. O fərmanın icrası ilə bağlı müəyyən tədbirlər görülür. Düşünürəm ki, qısa müddət sonra övladlığa götürmə prosesi rahat olacaq. Həmçinin aztəminatlı ailələrdə sonsuzluğun müalicəsinə dövlət maddi baxımdan dəstək olarsa, sonsuzluğa görə boşanma problemi də aradan qalxar”. (“Kaspi.az”)