Redaksiyamıza müraciət edən Fidan Ağalarova ötən ilin yanvar ayında paytaxtda fəaliyyət göstərən məişət texnikası mağazasından 3 illik zəmanətlə tozsoran alıb. Onun sözlərinə görə, zəmanət müddəti ərzində tozsoran bir neçə dəfə sıradan çıxıb. Bununla bağlı zəmanət talonu əsasında müraciət edərək qüsurların aradan qaldırılmasını xahiş edib. Lakin sonuncu nasazlıqdan sonra malı qaytarmaq və verdiyi pulu geri almaq istədiyini bildirib. Ancaq mağazadan onun bu tələbini təmin etməkdən imtina ediblər və bildiriblər ki, yalnız qüsurların aradan qaldırılmasını tələb edə bilər.
Bəs, görəsən, mağazanın bu yanaşması nə dərəcədə qanunidir? Ümumiyyətlə, belə halla üzləşən istehlakçı hansı addımı atmalıdır?
Məsələyə münasibət bildirən Hüquq məsləhətçisi Dünyamin Novruzov deyir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 7-ci maddəsinin 1-ci hissəsinə görə, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qusur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan müəyyən tələblər irəli sürmək hüququna malikdir: “Məsələn, istehlakçı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qusurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qusurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb edə bilər. Həmin maddənin 2-ci hissəsinə görə satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur: “Mövcud qanunsericilikdən də görünür ki, vətəndaş müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb edə bilər. Bu halda vətəndaşın tələbini əks etdirən yazılı pretenziya ilə satıcıya (mağazaya) müraciət etməsi zəruridir. Əgər satıcı onun tələbini yerinə yetirməkdən imtina edərsə, onda məhkəməyə müraciət edə bilər”.
Alıcı heç də həmişə şanslı olmur
Mövzu ilə bağlı fikirlərini bölüşən Azad İstehlakçılar Birliyinin (AİB) sədir Eyyub Hüseynov isə bildirir ki, vətəndaşlar aldıqları keyfiyyətsiz və qüsurlu notebooklar, kompüterlər, mobil telefonlar, pataryuyan maşınları, eləcə də digər texniki avadanlıq və qurğular, məişət alətləri ilə əlaqədar rəhbərlik etdiyi təşkilata çoxsaylı müraciətlər ünvanlayırlar. Ən ciddi problem isə verilmiş zəmanət talonunda yazılanlara əməl olunmaması ilə bağlıdır. Onun sözlərinə görə, bu məsələdə alıcı heç də həmişə şanslı olmur: “Əslində əksər mağazalarda müştərilərə satılan mallara zəmanət talonu verilir. Amma həmin talonun satılan malın hansı hissəsi üçün verildiyi bəlli deyil. Üstəlik, zəmanət talonu ilə bağlı Nazirlər Kabinetinin konkret qərarı yoxdur. Ona görə də istehlakçıların hüquqları daha çox pozulur”.
Amma ekspert zərərçəkmişlərin hüquqlarının qanunvericiliklə bərpasının mümkünlüyünü də önə çəkərək vurğulayıb ki, bunun üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 7-ci maddəsi əsas götürülür. Həmin maddədə qüsuru olan mal satılarkən istehlakçının hüquqları qeyd olunub: “Əgər istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan bəzi şeyləri tələb etmək hüququna malikdir. Yəni, o, lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının satıcının hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb edə bilər. Satıcı isə istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İriqabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması da satıcının hesabına həyata keçirilir. İstehlakçının malı dəyişmək tələbi, mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti, müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir”.
Mal ya dəyişdirilməli, ya da…
AİB sədri həmçinin deyir ki, göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcıdan digər tələblərin yerinə yetirilməsini tələb edə bilər. Yəni, o, qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir: “Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır. Müqavilə ləğv edildikdə, istehlakçı ilə hesablamalar mala qiymətlər artan hallarda eyni dərəcəli malların qiymətlərinin artması nəzərə alınmaqla, qiymətlər aşağı düşdükdə isə malın alındığı vaxt dəyəri əsas götürülməklə aparılır. İstehlakçıya keyfiyyətsiz ərzaq malı satılan halda, keyfiyyətsizlik malın yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya malın dəyərinin məbləğini qaytarmalıdır. İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. İstehlakçının tələbi ilə satıcı məişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq evinə çatdırmaqla oxşar mal verməlidir. Təmir, yaxud dəyişdirmə, habelə malın qüsurlarının aradan qaldırıldığı və ya dəyişdirildiyi müddət üçün oxşar malı vermək tələbinin yerinə yetirilməsi üçün verilmiş vaxt 14 günü ötdükdə satıcı istehlakçıya mal verməklə bir vaxtda, müəyyən edilmiş müddətin ötürüldüyü hər gün üçün ona malın satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəyir. İstehsalçı istehlakçının mala olan iddiasını aradan qaldırmaq üçün satıcının sərf etdiyi xərcləri ödəməlidir”.
Eyyub Hüseynov onu da vurğulayır ki, əgər satıcı, istehsalçı, yaxud onların funksiyalarını yerinə yetirən müəssisələr malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır: “Amma bizim birliyə ünvanlanan şikayətlərdə bu cür faktlara rast gəlinməyib. Ona görə də şikayətçiyə bizə, və ya İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinnə müraciət etməyi tövsiyə edirəm”.