Oğlan uşaqlarının sünnət edilməsi və bunun üçün yaş həddinin düzgün seçilməsi hər zaman üçün müzakirə mövzusudur. Valideynləri narahat edən və çoxsaylı suallar doğuran mövzu ilə bağlı uşaq cərrahı-uroloq Fuad Hüseynova müraciət etdik.
Həkim “sünnətin hansı yaşda edilməsi ideal hesab olunur” sualına cavab olaraq dedi ki, bu əməliyyat 6 ay-2 yaş arasında, ya da 5 yaşdan sonra edilməlidir: “Valideynlər bilməlidir ki, sünnət üçün doğru yaş seçilməyəndə çox ciddi fəsadlar ola bilər. Ən birinci fəsad sidik dəliyinin daralmasıdır. İkincisi, gələcəkdə cinsiyyət üzvünün balaca olmaq riski var. Üçüncüsü, cinsiyyət üzvünün baş hissəsinin həssaslığı azalır. Bundan başqa, 2 yaşla 5 yaş arasında olan uşaqlar özlərinin oğlan olduğunu dərk edir və sünnət onlarda ciddi psixoloji travmaya səbəb olur”.
Həkimin sözlərinə görə, cinsiyyət üzvünün baş hissəsinin həssaslığının azalması halları, əsasən, yeni doğulan uşaqları sünnət edərkən ortaya çıxır. O qeyd edib ki, bu cür şikayətlərlə müraciət edən xeyli sayda pasiyent var.
Bəs sünnət üçün tibbi göstəriş hansılardır?
Uşaq anadan olan kimi, həkimin göstərişinə əsasən sünnət edilməsi hallarına münasibət bildirən cərrah deyib ki, dəri uşağın rahat sidiyə getməsinə problem yaradırsa, həkim sünnətlə bağlı göstəriş verə bilər. Bu halda isə uşağın yaşının sünnət üçün uyğun olmaması nəzərə alınmır.
Sünnət zamanı uşaqların şoka düşməsi halları barədə suala cavab olaraq həkim bunları dedi: “Bu, anafilaktik şokdur. Ağrıkəsicilərin, keyidici dərmanların təsirindən yaranır. Bu şok halı, əsasən, yerli keyitmə dərmanı damara vurulan zaman baş verir. Bunu edənlər qeyri-peşəkarlardır. Uşaq xəstəxana şəraitində sünnət olunmursa, bunun çox pis nəticələri ola bilər. Xəstəxana şəraitində isə həkim uşağı çox zəif halda verilən narkozla sünnət edir, uşağın da psixologiyasına mənfi təsir olmur”.
Bəs sünnət zamanı yerli keyitmənin olunması nə dərəcədə doğrudur?
“Əslində bir çox klinikada həkimlər uşağın cinsiyyət orqanına keyidici vurmaqla sünnət edirlər. Bu isə kökündən yanlışdır”, – deyə F.Hüseynov bildirir.
Həkimin sözlərinə görə, sünnətin sonsuzluq riskinə kimi gedib çıxan fəsadları ola bilər. F. Hüseynov valideynlərə tövsiyə edib ki, sünnət əməliyyatını mütləq xəstəxana şəraitində reallaşdırsınlar və bu proses uşaq uroloqu, uşaq cərrahı tərəfindən həyata keçirilsin.
Sünnətin lazer, yoxsa klassik cərrahi üsulla aparılması barədə suallara gəlincə, həkim bildirib ki, əslində lazerlə sünnət anlayışı yoxdur: “Dünyada belə bir texnika yoxdur ki, hər hansı orqanı, dərini kəsəsən, qan çıxmaya. Lazerlə sünnət yoxdur”.
Sünnət olan kişilərin digərindən üstünlüyü varmı?
Uroloq-cərrah deyir ki, sünnət birinci növbədə təmizlik deməkdir: “Bu, kişinin cinsi həyatının keyfiyyətini artırır. Sünnət sidik kanalının infeksiyaya yoluxmasının qarşısını alır. Çünki sünnət olunmayan zaman artıq dəri infeksiya üçün əlverişli mühit rolunu oynayır. Bu isə kişi ilə bərabər onun partnyoru üçün də zərərlidir. Bundan başqa, sünnət edilmək kişilərdə cinsi yolla yoluxan bəzi xəstəliklərin qarşısını alır”.