Artıq bir aya yaxındır ki, qızıl-gümüş bazarında ucuzlaşma müşahidə olunur. Təkcə fevralın 21-nə olan məlumata əsasən qızılın qiyməti fevralın 20-i ilə müqayisədə 4,6665 manat azalaraq 1 unsiya üçün 2278,5185 manat təşkil edib. Gümüş isə 0,3342 manat ucuzlaşaraq 1 unsiya üçün 27,2698 manata bərabər olub.
Mütəxəssislər qeyd edir ki, qızıl və gümüşün qiymətinin aşağı düşməsi əsasən mövsümü xarakter daşıyır. Belə ki, adəti üzrə hər qış mövsümündə qızılın qiyməti enir, yaz mövsümündə, əsasən də mart ayında qiymətlər qalxmağa başlayır. Bundan məlumatlı olan bir çoxları qızıl və gümüşü elə qış mövsümündə, qiymətlər ucuz olanda almağa çalışır.
Bəs, qızıl və gümüşün saxta olub-olmadığını necə ayırd etmək olar?
Məlum olduğu kimi, bütün zərgərlik məmulatlarının üzərində onların əyarı əks olunur. Bu əyar əsasən qızılın keyfiyyət göstəricisini əks etdirir. Qızılı alarkən mütləq şəkildə onun əyarına diqqət etmək lazımdır. Bəzən qızılların üzərində əyarın olmadığının və yaxud bunun səliqəsiz şəkildə vurulduğunun şahidi oluruq. Bu isə onun təmiz olmasını şübhə altına salır.
Həmçinin qızılın saxta olub-olmadığını yoxlamaq üçün yerə düşərkən çıxardığı səsə diqqət edilir. Mütəxəssislər qeyd edir ki, qızıl yerə düşərkən büllurun taqqıltısı kimi cingiltili səs verir. Bundan başqa zərgərlər əsasən qızılın səthini cızmaqla onun saxta olub-olmadığını müəyyən edirlər. Belə ki, qızıl saxta olduqda cızılan zaman altından başqa metal izi görünür. Qızılın saxtalığını kimyəvi üsullarla da müəyyən etmək mümkündür. Bunun üçün qızılın üzərinə yod tökülür. Əgər yoddan qalan ləkə tünddürsə, qızıl təmizdir, yox, əgər süd rənginə çalırsa, saxtadır. Qızılın üstündəki ləkə isə parça ilə sildikdə asanlıqla keçir. Qızılı yoxlamaq üçün sirkə də əla vasitədir. Belə ki, sirkəyə salınmış zinət əşyası tündləşirsə, deməli, əşya qızıldan deyil.
Xalidə