aile

Ailədə mənəvi qida əskikliyi uşaqların şəxsiyyət kimi formalaşmasına necə təsir edir?

Baxış sayı: 1. 474

Valideynləri boşanan və ya ailədaxili münasibətlərin gərginləşməsi üzündən mənəvi zədələrə məruz qalan övlad cəmiyyətə heç də həmişə sağlam insan olaraq qarışa bilmir. Bir çox hallarda onların aldıqları mənəvi zədələr digər cəmiyyət üzvlərinə qarşı aqressiya olaraq ötürülür. Beləliklə, ailə problemləri üzərindən kiçik və ya yeniyetməlik yaşında müəyyən travmalar almış insan nəinki sonralar özünü doğrulda bilmir, üstəlik, başqalarına da zərər vermək riski daşıyır… Bunu problemə müxtəlif aspektlərdən yanaşan mütəxəssislər də bildirdilər.

 

Mənəvi qidanın əskikliyi

Psixoloq Ülkər Sadıqova deyir ki, əgər uşağın gözü qarşısında hansısa proseslər, birbaşa mənfi hallar baş verirsə, bu, onun sonrakı həyatına təsirsiz ötüşmür. Yəni uşaqların aldıqları travmalar müəyyən yaş dönəmlərinə təsadüf edir, buna uyğun olaraq isə onların mənəviyyatını zədələyir. “Hər yaş dövrünün öz keçid bazaları olur. O keçid bazalarında alınan travmalar insanın formalaşmasında mənfi təsirini mütləq göstərir. Valideynlərindən birinin itkisi və ya onların boşanması 12 yaşlı uşaqla 3 yaşlı körpəyə müxtəlif şəkildə təsir edir. Yəni onların aldıqları travmalar arasında böyük fərqlər yaşanır. Amma ümumi olaraq, ailənin tam olmaması uşaqda mütləq bir natamamlıq formalaşdırır” – deyə psixoloq bildirir. Onun fikrincə, belə hallar körpə uşaqda ilk növbədə özgüvən əskikliyi yaradır. Onun ətraf mühitə, insanlara inamı itir, adaptasiya olması çətinləşir. 12 yaşlı bir uşaq isə əgər anası ilə gedibsə, məcburən düşdüyü yeni mühitə öyrəşə, adaptasiya ola, yaşıdları ilə ünsiyyət yarada bilmir.

Əlbəttə, yüngül travmalar özgüvən əskikliyi və yeni inamsızlıqdır. Lakin uşaqlar ağır mənəvi zədələr də ala bilir. Evdə baş verən söz-söhbət və davaların yeniyetməyə bir başqa mənfi təsiri var. Ülkər xanım onu da bildirdi ki, bu, uşağın həssaslığından, baş verənləri necə qəbul etməsindən də asılıdır. Qadınlar daha emosional olduğundan, qız uşaqları belə hallara daha həssas olur. Yəni onların travma alma riski daha çoxdur: “Ümumiyyətlə, yeniyetmələr itkini və ayrılığı daha həssas qarşılayırlar. Ölüm hadisəsi bir başqa işdir. Ata və ananın övladlarını sevdikləri halda, ayrılmaq məcburiyyətində qalmalarını uşaq düzgün dərk edə bilər. Lakin onun üçün keçid dövrlərində boşluqlar yaşandıqda, yəni uşaq lazımi dönəmlərdə ona lazım olan mənəvi qidanı almadıqda həyatlarında natamamlıq yaşanır”. Başqa sözlə, valideyn-uşaq münasibətlərində və ya valideynlərin bir-birinə olan münasibətlərində problem yaşandığı halda, alınan travmalar artıq bir müddətdən sonra başqa şəkildə üzə çıxır. Yeniyetmə artıq özünü “uşaq” hesab etmir, böyük sanır, öyüd-nəsihəti eşitmir.

 

Belə yeniyetmə ətrafına “nə verir”?

“Burada insanın xarakterinin də rolu böyükdür. Elə uşaq var ki, yaşadığı bütün problemlərə rəğmən qəddarlaşmır. Eləsi də var ki, qəddarlaşır və özü çəkdiklərini ətrafına çəkdirmək istəyir”, – psixoloq deyir. Natamam ailənin övladı çox zaman özünə qapanır, ünsiyyət qura bilmir. Bu zaman onu mühit də qəbul etmir. Nəticədə o, günü-gündən öz aləminə çəkilir. Eləsi də var ki, xarakter etibarı ilə qəddardır və yaşıdları, eləcə də onu əhatə edən ətraf aləm tərəfindən qəbul edilmədikdə onlara qarşı özü durmağa başlayır. Getdikcə aqressivləşir, amansız olur, “hamının cavabını vermək istəyir”. Oğlanlar daha çox davaya girir, qisas almağa meyilli olurlar. Belə hallara əsasən, 9-10-cu sinif şagirdlərində rast gəlinir. Qız uşaqları isə aqressivləşir, hətta üsyan edirlər. Boşanmadan sonra onun yanında qalmış valideyndən belə üz döndərirlər.

 

“Onlar özlərini başqa yerlərdə axtarırlar”

Ülkər xanıma görə, məktəb 2-ci evdir. “Məlumdur ki, hər kəsin istiliyini hiss etdiyi bir ocağa ehtiyacı olur. Bu mənada məktəb, dolayısı ilə hər hansı bir müəllim mənəvi sarsıntıya düçar olmuş uşağa dəstək ola bilər. Bəzən müəllim bu cür uşaqlara doğma münasibət bəsləmir. O halda, belə uşaqlar məktəbdən uzaqlaşıb özlərini başqa yerlərdə axtarırlar. Bu isə ağır fəsadlarla nəticələnir”.

 

“Sevgidən doğulan uşaqlar yaraşıqlı olur”

Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, natamam ailə məsələsi ciddi problemdir. Mütləq ailənin mahiyyət etibarı ilə nə olduğunu lazımınca təhlil etmək lazımdır: “Ailədə ən həssas məqam ailə daxilindəki mühitdir. Ata və ananın hər birinin uşağa göstərdiyi qayğıdan başqa, övlada verdikləri enerji var. Bununla bağlı elmi araşdırmalar aparılır, xüsusilə, valeologiya adlı elm sahəsi var və bu xüsusda kifayət qədər böyük tədqiqatlar aparır. İnsanların bir-birinə enerji ötürməsi təminatı ilə bağlı elmdə artıq ciddi fikirlər var. Bu sahədə özüm də araşdırma aparmışam. Statistik göstəricilərə baxmışam və bu qənaətə gəlmişəm ki, ata-ana arasındakı münasibətlər sevgi və hörmət əsasında qurulubsa, həmin mühitdə böyüyən uşaqlar əsəb sarsıntısı keçirmir və psixi cəhətdən sağlam olurlar. Hətta buna da fikir vermişəm ki, sevgidən doğulan uşaqlar bir az yaraşıqlı olurlar. Sevgi amili uşağın rüşeymindən doğuluşuna qədər və daha sonra isə bir insan kimi formalaşmasına müsbət təsir edir”. Mütəxəssis bildirdi ki, natamam ailədə övladın tərbiyəsi məsələsinə bir neçə aspektdən – sosial, psixoloji, energetik, bioloji tərəfdən yanaşmaq lazımdır. Normal ailələrdə adətən, bir ahəngdarlıq olur. Bu münasibət iqtisadi amildən daha üstündür. Yəni elə kasıb ailələr var ki, orada böyüyən uşaqlar özlərini daha xoşbəxt, firavan, təmin olunmuş hiss edirlər.

 

Energetik enerjidən məhrum olma

Əhməd müəllimin sözlərinə görə, natamam ailələrdə uşaqlar qeyri-adi energetikadan məhrum olurlar, çünki energetik mühit burada artıq pozulub. Ata-anadan ötürülən qürur, müsbət xarakterlər başqa birisindən, tutaq ki, əmidən, baba və nənədən alına bilmir. “Deyək ki, tarın üzərindəki telin biri çatışmayanda, ahəngdar musiqi səslənmir. Ailədə də belədir. Natamam ailə məsələsi bütün Yer üzünün fəlakətidir. Çalışmaq lazımdır ki, ölkəmizdə bu sahədə bir irəliləyişə nail olaq. Statistik məlumata əsasən, ölkədə 25 faiz boşanma var. Bu, rəsmi məlumatdır. Lakin artıq ailə daxilindəki münasibətlər pozulubsa və ya münasibətlərdə gərginlik varsa, elə bu cür ailələr də bütöv ailə sayıla bilməz. Yetişməkdə olan gənc nəsil bundan çox əziyyət çəkir, yəni bu, keyfiyyətli nəslin yetişdirilməsinə bir əngəldir. Əlbəttə, iqtisadi tərəfi də bir kənara qoymaq olmaz. Məsələyə kompleks şəkildə yanaşmaq lazımdır”.

 

Ailə lazımdırmı?

Əhməd müəllim xüsusi olaraq qeyd etdi ki, boşanmalar zamanı uşaqlar çox gərginlik yaşayırlar. “Məhkəmə işçiləri ilə söhbətlərdən məlum olur ki, valideynlər arasında münasibətlərin pozulması, dava-dalaş uşağın psixoloji sarsıntısına səbəb olur və o, sonradan cəmiyyətə adaptasiya ola bilmir. Ailənin əsas funksiyalarından biri uşağı cəmiyyətə hazırlamaqdır”.

Sosioloq müasir zaman üçün ailənin vacibliyinin bir əhəmiyyəti olmadığını deyənlərə də səsləndi: “Kim hesab edirsə ki, müasir zaman üçün ailə artıq gərək deyil, dağılıb getməlidir, yanılır. Hətta deyərdim ki, düşmən düşüncəsinin məhsuludur. Ailə olmasa belə, onu təzədən yaratmaq lazım idi. Min illərdir ki, bütün dinlər, alim və filosoflar ailənin vacibliyi fikri üzərində dayanıblar. Azərbaycan ailəsində öyrənməli çox yüksək dəyərlər mövcud olub. Biz qədim ailə dəyərlərimizi bütün dünyaya təlqin edə bilərdik. Təəssüf ki, əhəmiyyət vermədiyimiz o dəyərlər dağılıb məhv oldu. Qədrini bilmədik”.

 

Elmi təminatlar əsasında proqrama ehtiyac var

Əhməd müəllim bu sahədə ciddi elmi təminata ehtiyac olduğunu bildirdi: “Qərb ölkələrində, Rusiyada bu sahə üzrə elmi tədqiqat institutları işləyir və bunun da nəticəsində konkret fikir aydınlığı ortaya çıxır. Bu institutlar sovet dövründə fəaliyyət göstərirdi, hazırda da işləyir”. Sosioloq bu sahədə elmi əsaslarla hazırlanmış fəaliyyət proqramının vacibliyini qeyd etdi. Yalnız bundan sonra qanunvericilikdə hansı dəyişikliklərin olması, nə kimi inzibati işlərin həyata keçirilməsi haqda düşünmək olar. Yəni ailə ilə bağlı ciddi platformaya ehtiyac var.

 

Xarici amillərin təsiri

Sosioloq bildirdi ki, övlad tərbiyəsinə yalnız ailə daxilindəki proseslərin fonundan yanaşmaq düzgün fikir deyil. Buraya SSRİ-nin dağılmasından tutmuş və bununla bağlı ölkəyə gələn xaotik proseslər, müharibə də daxildir. Yəni, “Davranışı formalaşdıran 3 mühüm amil var: bunlardan birincisi mühit, ikincisi alınan informasiya, üçüncüsü isə üstünlük verilən dəyərlərdir”.

Əhməd müəllim dedi ki, cəmiyyətdə mənəvi dəyərlər öndə olanda orada gedən prosesləri tənzimləyir və cəmiyyət inkişaf edir. Mənəvi dəyərlər basqı altında olduqda isə fəlakət baş verir. Kriminal hadisələr, arzu edilməyən hallar artır. “20-ci əsrdə iqtisadi məhrumiyyətlərə baxmayaraq, mənəvi dəyərlər ailəni saxlamışdı. Maddi və başqa tipli dəyərlər önə keçəndən sonra mənəvi dəyərləri sıxışdırdı. Eybəcər hallar ortaya çıxdı”.

Mütəxəssis dağıdıcı modellər haqda fikir bildirərkən, qadına qarşı şiddətin süni olaraq qabardılmasını da qeyd etdi. Məsələni yalnız bu cür deyil, bütövlükdə ailə problemi üzərindən çözmək lazımdır. “Biz nəticədə Azərbaycan kişisinin vəhşi imicini yaratmışıq. Belə çıxır ki, Azərbaycan kişisi vəhşiləşib, qadınını daim döyür, əzir, ona əzab verir. Bu, dağıdıcı modeldir. Bu kimi fikirlərin mahiyyətini yetərincə anlamadan təbliğ etmək, həyata keçirmək düzgün deyil. Ailə haqda fikir yürüdərkən, məsələyə kompleks yanaşmaq lazımdır. Hazırda Azərbaycan ailəsində tarixdə heç vaxt olmayan çox böyük gərginlik var” – deyə Əhməd müəllim vurğuladı.

 

Şəxsiyyətin deformasiyası məsələsi

Hüquqşünas-ekspert Ramil İskəndərli ilk növbədə valideynlərin uşaqların bir şəxsiyyət kimi formalaşmasında böyük rol oynadıqlarını bildirdi. “Uşaq yaşlarında valideynlərindən birini itirmiş şəxs dərin psixoloji travma keçirir və bu, müəyyən şərtlər daxilində şəxsiyyətin deformasiyasına gətirib çıxarır. Bu isə öz növbəsində uşağın davranışına və cəmiyyətə münasibətinə təsir edir və nəticədə cinayətkarlığa meyilliliyi artırır”.

Ekspert qeyd etdi ki, valideynlər övladlarına erkən yaşlarında mədəniyyətə, incəsənətə maraq aşılamalıdırlar. Belə olduqda uşaq mənən qidalanır və həyatda müəyyən dəyərlər sisteminə malik olur. “Əgər erkən yaşlarından uşaqlar evdə və yaxud məktəbdə cinayət törətmənin nəticələri barədə maariflənsələr, bu, onların gələcəkdə cinayət törətmə baxımından çəkindirici amil rolunu oynayacaq. Bu cür maariflənmədən kənar qalan uşaqlar isə öz növbəsində hər gün televiziyada və sosial şəbəkələrdə zorakılığı təbliğ edən filmlərə baxmaqla, kriminal aləmin məşhur şəxsləri barədə daha çox məlumat almaqla cinayətə meyilli olmaq riski daşıyırlar. “Oğru dünyası”nın media və sosial şəbəkələrdə heç də çox zaman mənfi obrazda deyil, neytral və ya müsbət obrazda işıqlandırılması uşaqlarda bu cür şəxslərə və paralel olaraq onların törətdiyi əməllərə daha çox maraq oyadır”.

R.İskəndərli onu da qeyd etdi ki, Dövlət Statistika Komitəsinin 2017-ci ilin yekunlarına əsasən açıqladığı rəqəmlərə görə, 2017-ci il ərzində 323 nəfər yetkinlik yaşına çatmayan uşaq məhkum olunub. “Onlardan 50 nəfəri natamam ailədən, 2 nəfər isə ümumiyyətlə, valideynləri olmayan uşaqlardır”.

Ekspertin fikrincə, belə halların qarşısının alınması yönündə əsas etibarilə düzgün dövlət gənclər siyasəti olmalıdır. Bu, bu cür ailələrdən olan uşaqlara həm sosial, həm iqtisadi, həm də mənəvi-vətənpərvərlik dəstəyi olaraq kompleks tədbirlər şəklində həyata keçirilməlidir.

 

Zeynəb Əliqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir