yemek

Novruz günləri necə qidalanmalı?

Baxış sayı: 1. 680

Sabah ilaxır çərşənbə, növbəti gün isə Novruz bayramıdır. Bayrama ən ciddi hazırlıq isə mətbəxdə gedir, müxtəlif şirniyyatlar hazırlanır, şəkərbura, paxlava, qoğal bişirilir. Bundan başqa, bayram süfrəsinin meyvələri, qoz-fındığı ilə yanaşı, plov, dolma kimi ana yeməkləri, salatları da olur.

Hətta “süfrəm bol olsun ki, bütün ilim bol keçsin” deyənlər müxtəlif növ qidaları da əlavə edirlər. Süfrəyə oturan insanlar isə bütün bunları eyni vaxtda dadmağa çalışır. Qazlı sular, salatlarla bərabər qəbul olunan plov və dolma, üzərindən şəkərbura və paxlavalı çay, meyvə, ardından çərəzlər… Yəqin ki, bu qısa təsvirdə hər kəs öz bayram təcrübəsini görə bildi. Lakin bu ənənəmiz sağlamlığımıza necə təsir edir? Bu qədər yüksək kalorili yemək və şirniyyatın qəbulu ilə özümüzə hansı pisliyi etmiş oluruq?

Bu suallarla bağlı danışan diyetoloq Leyla Zülfüqarlı da təsdiqlədi ki, Novruz bayramı daha çox şirniyyat bayramı kimi qəbul olunur: “Çünki bayram ərəfəsində həddindən artıq şirniyyat qəbul olunur. Bayramın yaxınlaşdığı indiki dövrdə insanları maarifləndirməyə ehtiyac var ki, normadan çox artıq şirniyyat yeməsinlər və orqanizmi yükləməsinlər. Daxili orqanları qorumaq üçün artıq kaloridən çəkinmək lazımdır. Çox zaman bayramlarda yemək süfrəsi ilə çay süfrəsini bir arada təşkil edirik. Bu zaman insanlar heç bir ölçü müəyyən etmədən, porsiyaya fikir vermədən yemək və şirniyyat qəbul edirlər. İnsanlar bilməlidirlər ki, 1 ədəd şəkərburanın kalorisi 600-650 kaloridir. Bir porsiya plovun da kalorisi eynən bu qədərdir. Plov yeyərkən ən azı insanlar bunun ağır yemək olduğunu bilir, ancaq qoğal, şəkərbura, paxlavaya qətiyyən məhdudiyyət qoymurlar, ölçüsüz qəbul edirlər. Hər çay içəndə paxlava, şəkərbura yeyilir”.

Dietoloq onu da vurğuladı ki, yemək və çay öyünlərini qarışdırmaq olmaz: “Şəkərbura ilə çay içmək elə bir öyün yeməyə bərabərdir. Ona görə də, bunu yeməyin ardınca yox, ara öyünlərdə qəbul etmək daha doğru olar. Ümumiyyətlə, yemək mədəniyyəti baxımından yağlı yeməklərin yanında çay içmək doğru deyil. Ən önəmli məsələ isə ölçünü itirməməkdir. Əgər az miqdarda şirniyyat qəbul etsələr, zaman keçdikcə onu yandırmaq da olar. Əsas problem ölçüdədir. Paxlava və şorqoğal da hərəsi 700 kaloridir. Yəni Novruz ağır karbohidratlı qidalar bayramıdır. İnsanlarımız nəzərə almalıdırlar ki, bayram bir gün deyil, günlərlədir. Yeməkləri günlər üzrə bölmək olar, hər gün birindən istifadə etməklə çox yaxşı bayram ənənəsi yaşaya bilərik. Sevdiyiniz qidalardan az-az yeyin ki, ona sevginiz də itməsin, bir yeməyi aşırı dərəcədə qəbul etmək olmaz. Əvvəllər bu şirniyyatlar yalnız bayramda bişirilirdi, ona görə də Novruzun gəlişi daha çox sevindirici olurdu. İndi ilboyu hər yerdə satılır, bayram olmayan günlərdə də insanlar onu alıb yeyirlər”.

Картинки по запросу Leyla Zülfüqarlı

L.Zülfüqarlı vurğuladı ki, yeməyimizə  nəzarət edə bilsək, porsiyalara diqqət yetirsək və qidaları qarışdırmasaq düzgün qidalanmış olarıq: “Bayramda eyni vaxtda bir çox yeməkləri süfrəyə düzüb onların hamısını eyni vaxtda qəbul etmək olmaz. Bunu müxtəlif günlərə və öyünlərə bölmək lazımdır. Şirniyyatları səhər qəhvəaltısında yemək olar, axşam 8-dən sonra isə  şirniyyat qəbul etməmək məsələhətdir. Bu zaman müxtəlif salatlardan yemək olar. Şirniyyat günün birinci yarısında yeyilməlidir. Bayram süfrəsində şirniyyatlarla yanaşı, meyvə də aşırı dərəcədə qəbul olunur. İnsanlarımız bilməlidir ki, meyvələrin də tərkibində şəkər var. Hətta qoz-fındıq da eyni vaxtda  yeyilir. Bununla da şəkər yükü ilə mədəaltı vəzi bombardman etmiş oluruq. Çərəzlərə gəlincə, gündəlik normaya görə, hər birindən bir ovuc yemək olar. Çərəzləri də qarışdırmaq olmaz. Bir gün qoz, bir gün fındıq, bir gün badam qəbul etmək olar. Onları qarışdırdıqda kalori çoxalır, ona görə insanlar bayramda kökəlirlər. Artıq insanlar çəki artımını öncədən nəzərə alırlar. Ancaq normal qidalanmaqla artıq çəki  almaqdan da qurtula bilərik”.

Dietoloqun fikrincə, yemək süfrəsinə qazlı içkilərin qoyulması adəti də ləğv olunmalıdır: “Digər bir məsələ isə odur ki, yeməklərin yanında qazlı içkiləri qəbul etməyi də tərgitmək lazımdır. Bu çox ciddi bir mövzudur, bu artıq keçmişdə qalmalıdır. Bu deyilənlərə əmək etməklə, sevimli Novruz bayramını sağlığımıza zərər vermədən qeyd edə bilərik. Lakin ölçünü nəzərə almasaq, bayram bizim üçün təhlükəli gələcək”.

 

Nərgiz LİFTİYEVA

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir