oyunlar

Milli oyunlarımızı “yeyən” “iqra”lar

Baxış sayı: 1. 699

“Kilimarası”, “Qayışgötürdü”, “Əncəli”, “Çilingağac”, “Əl üstə kimin əli” …

Yəqin ki, bu adlar bir çoxlarınıza tanışdır. Bir çoxlarınızın uşaqlıq illəri elə bu oyunlarla keçib. Amma həm də kimlərəsə tanış da deyil bu oyun adları. Təəssüf ki, adlarını sadaladığım qədim xalq oyunlarımız artıq yavaş-yavaş unudularaq tarixin səhifələrinə qovuşur. İndiki dövrün uşaqları artıq bu oyunların necə oynandığını belə bilmirlər. Onların əvəzinə indi kompüter, telefon, planşetlərdə “iqra”lar oynanılır.

Azərbaycan oyun mədəniyyəti haqqında məlumatlara erkən orta əsrlərə aid mənbələrdə rast gəlinir. IX-X əsrlərdə yaşamış Yaxın Şərq alimlərindən Kəsrəvi və Əl-Biruninin, XII əsrdə dahi Nizami Gəncəvinin əsərlərində xalqımızın islamdan əvvəlki mərasim şənlikləri, onların mənşəyi, məzmunu barədə müəyyən məlumatlar var. Xalq oyunları barədə məlumatlara nağıl və dastanlarımızda da rast gəlmək mümkündür. Uşaqların fiziki və zehni inkişafı baxımından bu oyunların müstəsna əhəmiyyəti olduğu şəksizdir. Bəs görəsən bu oyunlar niyə yaddan çıxarıldı? Telefon və kompüterlərdəki “iqra”lar bu oyunların yerini doldura bilərmi?

Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, xalq oyunlarının, meydan tamaşalarının yavaş-yavaş aradan çıxması çox düşündürücü bir məsələdir: “Getdikcə cəmiyyətdə proseslər fərqli istiqamətdə inkişaf edir və milli adət-ənənələrə yanaşma da dəyişir. Milli ruhun zəifləməsi qədim adət-ənənələrin, xalq oyunlarının unudulmasına və yaddan çıxmasına gətirib çıxarır. Amma unutmaq lazım deyil ki, sosial sistem milli ruhun güclü olduğu yerdə daha möhkəm olur.  Bizim oyunlarımızın qədim tarixi, keçmişi var. Bu oyunlarda milli kolorit öz zənginliyi ilə əks olunur. Onların hər biri özündə folklor elementləri daşıyır. Bu oyunlar insanları daha sıx birləşdirir və ünsiyyətdə olmasına səbəb olur. Vətənə məhəbbət, vətənpərvərlik hissi aşılayır. İndi bizim qədim xalq oyunlarımızı ermənilər bizdən daha yaxşı mənimsəyib. Bizdən fərqli olaraq, onlar bizim adətlərimizi indi də yaşadırlar. Bu məsələlərə nəzarət edilmədikcə, qədim xalq oyunları yaddan çıxır. Hazırda daha çox xarici ölkələrin milli oyunlarına meyllilik üstünlük təşkil edir. Misal üçün, ölkəmizdə Halloven bayramı ərəfəsində oynanılan oyunları göstərmək olar. Bu oyunların əsasında isə mənfi və şeytani qüvvələr dayanır. Bizim oyunlarda isə daha çox xeyir qüvvələr üstünlük təşkil edir və daha çox təbliğ olunur. Bu oyunların yaddan çıxarılması bizim öz diqqətsizliyimizin nəticəsidir. Məktəblərdə tədris edilən dərsliklərdə bu barədə məlumatlar çox azdır. Valideynlər də öz uşaqlarına bu barədə heç nə öyrətmirlər. Nə qədər ki, bu oyunlar tam yaddan çıxarılmayıb, onları bərpa etmək lazımdır. Amma bunu primitiv formada etmək olmaz. Çünki müasir dövrün tələblərinə uyğunlaşmaq lazımdır. Həmin oyunlar yeni ssenarilər əsasında, müasir tələblərə uyğun formada təşkil edilməlidir”.

Folklor institutunun əməkdaşı İlkin Rüstəmzadə qeyd etdi  ki, bu oyunların yaddan çıxma səbəbləri çox müxtəlifdir: “Təəssüflər olsun ki, təkcə oyunlar yaddan çıxmır. Cəmiyyətin bütün sahələrində bu problem yaşanır. Milli adət-ənənələr unudulur.  Bu, təkcə bizdə deyil, bütün dünyada belədir. Qonşu ölkə Türkiyədə də bu məsələ kifayət qədər aktualdır. Qədim oyunlarımız yavaş-yavaş dövriyyədən çıxır. Amma bu oyunları yaşatmaq, unudulmağa qoymaq olmaz. Orta məktəbin dərslik proqramlarında bu haqda məlumatlar olmalıdır. Fiziki tərbiyə dərsində müəllimlər bu oyunları uşaqlara aşılamalıdırlar. Bizim qədim oyunlarımızın tərkibində riyazi hesablamalar var. Müəllimlər müəyyən mövzuların tədrisində bu oyunlardan istifadə edə bilər. Dünya təcrübəsində bu üsullardan geniş istifadə olunur. Amma Azərbaycanda bu sahədə gerilik müşahidə olunur. Hal-hazırda bölgələrdə xalq kollektivləri  fəaliyyət göstərir. Bu kollektivlərin repertuarında qədim oyanlar yaşadılar müəyyən qədər. “Dizədöymə”, “Ənzəli” kimi oyanlarda qədim oyunlarımızı yaşadırlar. Bizim müxtəlif cür oyunlarımız olub. Hər bir oyunun öz keyfiyyəti və əhəmiyyəti olur. Məsələn, bəzi oyunlar uşaqların fiziki çevikliyini artırır. Buna misal olaraq “Ənzəli” oyununu göstərmək olar. Bu oyun daha çox oğlan uşaqları arasında məşhur olub. Həmçinin uşaqların savadını və dünyagörüşünü artıran uşaq oyunları kifayət qədərdir. Bu həm də uşaqların ünsiyyət qurması baxımından da vacibdir. Tədqiqatlar göstərir ki, uşaqlar kompüter arxasında oyunlar oynadıqca, ünsiyyət problemləri yaranır. Əksər uşaqlar arasında özünə qapanma müşahidə olunur. Ənənəvi oyunlar kollektiv şəkildə oynanıldığına görə, belə problemlər olmurdu. Onlar özlərinə asanlıqla dost tapa bilirdilər”.

Psixoloq Aydan Nəzərova qeyd etdi ki,  texnologiya əsrində ənənəvi oyunlar sıradan çıxaraq öz yerini telefonlara, kompüterlərə verir: “Əslində telekommunikasiya vasitələri birtərəfli ünsiyyətdir. Yəni telefonla, kompüterlə danışa bilmirik. Ona görə də, uşaqlar oyun oynadığı vaxt danışmırlar. Bu isə uşaqların psixoloji inkişafına zərbə vurur. Oyunlar daha çox praktiki şəkildə oynanılmalıdır ki, uşaqların zehni inkişafı normal olsun. Bu həm də fiziki inkişaf oyunları baxımından daha önəmlidir. Belə oyunlar onların əzələlərini möhkəmləndirir, orqanizmlərinin sağlam şəkildə formalaşmasına kömək edir. Ənənəvi oyunlar zamanı uşaqlar həm düşünür, həm fiziki cəhətdən inkişaf edir, həm də dostları ilə ünsiyyətə girirlər. Bu oyunlar onların təxəyyülünü, fantaziyalarını inkişaf etdirir. Ona görə də, indi uşaqların çoxu passivlik nümayiş etdirir. Əksər uşaqların ünsiyyət problemi var. Bəziləri isə çəkingənlik, utancaqlıqdan əziyyət çəkir. Özünəinam əskikliyi, stressə davamsızlıq hallar uşaqlarda geniş yayılıb. Uşağın öz yoldaşları ilə həyətdə müxtəlif oyunlar oynaması çox müsbət haldır. Bu, onlar arasında sağlam rəqabətin formalaşmasına səbəb olur. Oyunu uduzan uşaqlar başa düşür ki, uduzmaq heç də dünyanın sonu deyil. Texnologiya oyunları uşaqlara aqressiya, şiddət aşılayır. Əksər kompüter oyunları öldürmək, dava təbliğ edir. Bəzən valideynlər deyir ki, uşağı həyətə buraxmaq olmaz. Çünki uşaqlar bir-biriləri ilə dalaşır. Amma əslində valideyn öz uşağına nəzarəti artırmaqla, ona nəyin doğru, nəyin yanlış olduğunu öyrədə  bilər. Valideynlər yeni dil açmağa başlayan uşağın qarşısına müxtəlif telefon oyunları qoyurlar. Bu, onların nitqinə və zehni inkişafına ən böyük əngəldir. Nəticədə uşaqda nitq ləngimələri yaranır. Ona görə də ənənəvi oyunlar yenidən geri qaytarılmalı, uşaqlar arasında təşkil və təbliğ olunmalıdır”.

Sosioloq Lalə Mehralı deyir ki, ənənəvi oyunları orta nəslin nümayəndələri daha yaxşı xatırlayır: “Hətta məktəbdə bu oyunlardan geniş istifadə edirdilər. Müəllimlər idman dərslərində uşaqlara ənənəvi oyunlar oynadırdı. İndi elə bir dövrdür ki, ana övladının həyətdə oynamasına icazə vermir. Bunun üçün onların haqlı səbəbləri var. Ya valideyn uşağın yanında dayanmalı, ya da ümumiyyətlə, həyətə buraxmamalıdır. Çünki mətbuatda müxtəlif xəbər oxuyur, eşidirik. Uşaqların itməsi, ağır zədə alması valideynləri narahat edir. Buna görə də, valideyn təbii olaraq uşağın həyətdə oynamasının əleyhinə çıxır. İndi daima içimizdə bir qorxu ilə yaşayırıq. Beləliklə, uşaqlar evə həbs olunur, telefon və kompüterlə oynayırlar. Düzdür, müxtəlif stolüstü oyunlar var, amma çox az valideyn uşaqlarına belə oyunlara yönəldir. Uşaqların da onlara marağı azdır. Uşaqlar bir-birindən ancaq kompüter oyunları öyrənirlər. İndi fiziki oyunlara maraq onlayn oyunlara olan maraqdan daha azdır. Ona görə də, milli oyunları valideynlər öz uşaqlarına öyrətməlidir. Uşaq ən çox valideynindən nümunə götürür. Bunu onlara biz xatırlatmalıyıq”.

 

Şəbnəm Mehdizadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir