xanim nifteliyeva

Psixoloq: “Boşanmaların əksəriyyəti ata-ananın günahı üzündən baş verir” – MÜSAHİBƏ

Baxış sayı: 1. 249

Son statistika göstərir ki, boşanmaların sayı durmadan artır. Bütün bunların kökündə nə durur? Sosiallaşma, madiyyat, yoxsa ailədaxili şiddət?

Psixoloq-psixoterapevt Xanım Niftəliyeva bu barədə sualları cavablandırıb.

 

– Bu gün ölkədə ən çox yaranan problemlərdən biri də boşanmaların sayının artmasıdır. Bunun psixoloji kökləri nədən, hansı problemlərdən ibarətdir?  Əksəriyyət maddiyatın əsas olduğunu deyir,  bəs psixoloji baxımdan nələr baş verir?

– Doğrudan da, günümüzün ən qlobal problemlərindən biri də boşanmaların sayının artmasıdır. Statistik hesablamalara əsasən, orta hesabla Azərbaycanda bir gündə 4-5 boşanma hadisəsi qeydə alınır. Bunu ailədə şiddətin olması ilə, bir-birinə güzəşt edilməməsi ilə əlaqələndirirlər, xüsusilə də maddiyyatı əsas götürürlər. Amma keçmişə – nənə, babalarımıza nəzər salsaq görərik ki, o vaxt da elə bir güclü maddiyyat tələb edən nələrsə olmayıb. Bu gün boşanmalara səbəb insanların yanlış düşüncələrdə olmasıdır. Bu da ən çox efirlərdən, televiziya proqramlarından, hansısa seriallardan qaynaqlanma ilə bağlıdır.  Yəni-yeni qurulmuş bir ailədə xanım hansısa seriala baxaraq deyir ki,  ordakı kimi yaşamaq, davranmaq, onun yerində olmaq istəyirəm. O, serialda olan sevgi macəralarını həyatda reallaşdırmaq istəyir. Bu da alınmayanda ailədə söz-sohbətə, problemlərə səbəb olur.

 

– Bizim ən böyük problemimiz, çətinliyimiz nədən ibarətdir?

– Biz övladımızı dünyaya gətirəndə onun yeməyini vaxtında veririk, paltarlarını vaxtında dəyişirik, peyvəndini vaxtında edirik, amma  psixoloji yetişdirmirik. Psixoloji olaraq güclü insan yetişdirmək lazımdır. Hər bir çətinliyə dözə biləcək bir övlad dünyaya gətirmək istəyirik. Mən ayrı-seçkilik etmək istəmirəm. Çünki bütün münasibətlər qarşılıqlı olduğu kimi, münasibətlərdə yaranan problemlər də qarşılıqlıdır. Birtərəfli heç nə yoxdur.

Düzdür, qızlarımıza səbrli olmağı, ailədə olan münaqişəni davam etdirməməyi, problemi böyütməməyi məsləhət görürük. Amma biz burada ən çox valideynlərə, analara müraciət edirik. Biz övladlarımızı  düzgün yetişdirsək, boşanmaların sayı artmaz.

Psixoloji köklərdən biri də budur ki, ailənin beş təməl bağı var və bu bağların bərpası, möhkəm olması, qopmaması üçün övladlarımızı uşaqlıqdan psixoloji olaraq güclü yetişdirməli, təlimləndirməliyik. Onların şüuraltına ailənin müqəddəsliyi, qorunması, möhkəm olması barədə mesajlar verməliyik. Bu gün boşanmaların əksəriyyəti cütlüklərdən çox ata-ananın günahı üzündən baş verir. Çünki valideynlər bir balaca problem olanda qızına “qayıt gəl, mən sənə baxacam, ölməmişəm”, “mənim uşağıma kimsə söz deyə bilməz”, “mənim uşağım çətinlik görməyib, niyə orda çətinlik görür” deyir. Bu da boşanmalara səbəb olur. Çox təəssüflər olsun ki, boşanmaların sayı ölkəmizdə artmaqdadır.

Boşanmaların sayının artması ilə bağlı onu da qeyd edim ki, burda qısqanclıq da mühüm rol oynayır, boşanma qısqanclıq zəminində yaranır. Bu da bir tərəfdən internetə, texnologiyaya bağlanır, məsələn , qadın kişinin kiminləsə mesajlaşdığını, hansısa sosial şəbəkədə yazışdığını, kiməsə video göndərdiyini deyir. Qısqanclıq zəminində xanımlarımızda bu hiss yaranır və axırda boşanmaya səbəb olur. Bu da bizim insanlarımıza texnoloji imkanlardan istifadənin ziyan gətirməsinin bir göstəricisi kimi nümunə sayıla bilər.

Problemin kökündə dediyimiz kimi bəzən maddiyyatı da səbəb gətirirlər, bəzən də bəzi olmazları – şiddəti görürük. Mən deyərdim ki, bu problemin kökündə sosiallaşma durur. “Çox sosiallaşmanın özü də bir antisosiallaşmadır” deyirlər. Mən bu fikirlə tam razıyam. Çünki sosiallaşmaq dedikdə bizim insanlar yanlış istiqamətdə düşünürlər. Bunu maariflənmək, oxumaq, bilik əldə etmək sahəsində düşünmürlər. Əgər bu gün mən müasir bir geyimdəyəmsə, bu gün mənim müasir şəraitim varsa, yaxud da bu gün tanınmış iş adamıyamsa, bu mənim sosiallaşmağım deməkdir.

Boşanan ailələrdə, sözsüz ki, travma birinci uşağa dəyir. Uşaqlıqda alınan travma ilə böyüyən bir uşaq, böyüyəndə xalq üçün, millət üçün heç bir fayda vermir. Burada fiziki travma alan insandan söhbət getmir. O qədər ayağı, qolu, yaxud da görmə əngəlli, nitqi qüsurlu insanlar var ki, onlar başqa işlərdə uğur qazanır. Məsələn, əli olmayan, amma ayağı ilə gözəl rəsm əsərləri yaradan, musiqi bəstələyən, musiqi ifa edən insanlar var.

Amma ruhi, psixi cəhətdən əngəlli olan insanlar gələcəkdə şəxsiyyət kimi yetişə bilmir. Bu gün evdə uşaq ata-ana davasını eşidir, zorakılığın şahidi olursa,  sonra da ailənin boşanması nəticəsində ata-ana seçimi qarşısında qalırsa, o gələcəkdə ailənin təməlini sağlam şəkildə qoya bilməyəcək. Çünki ailə bağları qopur və bu onun gələcəyində özünü qabarıq şəkildə biruzə verir. Bütün qatillər, cibgirlər, yəni pis əməlləri törədən insanların bir çoxu uşaqlıqdan aldığı travmadan sonra böyüdükdə özünü tamamlaya bilməyib. Onda davranış pozuntuları qeydə alınıb. Həbsxanalarda olan insanların 30 faizi təsadüf, yaxud hansısa bir hadisə nəticəsində ora düşürsə, 70 faizi uşaqlıqda aldığı travma nəticəsində pis əməl törədib. O insanlar həyatda öz möhürünü vura bilməyib. Ya qatilə, ya oğruya çevrilib. Yəni bir insan şiddətlə böyüyəndə, o da şiddət göstərir. Mənim belə bir pasientim olub.

O, tanınmış bir adamdır. İki oğlu var. İşdən çıxanda evinə zəng edirmiş ki, mən evə gəlirəm. Oğlanlarım hər ikisi ayaq üstə dayansın. Bəzən də onları qapının ağzında bir ayağı üstə saxlayırdı. Biz onunla ailə terapiyasına başladıq və sistematik şəkilə üstünlük verdik. Aşkar etdik ki, həmin şəxsin atası da ona bu cür rəftar edib. Onu günlərlə ağaca bağlayırmış, ayağının altına qaynar od tökürmüş. Ağaca bağlayıb onu ac-susuz saxlayırmış. Ananı övladının gözü qarşısında şiddətlə döyürmüş. Düzdür, bu gün həmin adam tanınmış iş adamı olub, mənəvi baxımından zəngin biri olub. Amma ailə üzərində hegemonluq edəndə özünü tamamlanmış hiss edirdi. Düşünürdü ki, bu cür davranmasa övladları, yoldaşı ona hörmət etməyəcək.

 

– Psixoloqa kim getməlidir? Ümumiyyətlə, psixoloqun insanlara dəstəyi nədən ibarət olur?

– İndi elə bir cəmiyyətdə, elə bir dövrdə yaşayırıq ki, psixoloqa hər bir insan müraciət edə, ondan məsləhət ala bilər. Və psixoloq da bu insanlara düzgün istiqamət verib, onlara yardım etməlidir. Bu, mənim subyektiv fikrimdir. Psixoloq insanlara ünsiyyətin, özgüvənin bərpası, karyera, şəxsi inkişafla və digər məsələlərlə bağlı faydalı ola bilər. Onlar davranış qaydalarını tənzimləyir, yanlış, irrosianal düşüncələri rasionala çevirirlər. Psixoloqa artıq hər yaşda insanlar müraciət edir. Buna görə də ailə psixoloqu, uşaq psixoloqu, klinik psixoloq – hamısı ayrı olmalıdır. Çox təəssüf hissi ilə bunu deyim ki, bəzən bir nəfər oturub psixologiyanın bütün sahələri ilə məşğul olur və deyir ki, hamısını bacarıram. Bu, düzgün deyil. Psixologiyanın hər sahəsinin, hər qolunun öz psixoloqu olmalıdır. Hansı ki, onlar kurslardan keçib bunlarla məşğul olmalıdır. Yeniyetməlik dövründə bir çox problemlər üzə çıxır və həmin dövrdə düzgün məşğul olmadıqda isə ziddiyət pozuntusuna, bu da öz növbəsində bipolyar pozuntuya gətirib çıxara bilir.

– Sizcə, niyə Azərbaycan cəmiyyətində psixoloqa gedənlərə bir qədər ciddi yanaşılmır? Hətta kimsə psixoloqa gedəndə bunu gizlədir. Kimsə depressiyaya düşən övladını psixoloqa aparan zaman xahiş edir ki, bunu başqaları bilməsin.

– Bəli, bu gün Azərbaycanda psixoloqa getmək və ya psixoloqa müraciət etmək bir az normal qəbul olunmur. Bunun da əsas səbəblərindən biri hardasa, bəlkə də, psixoloqa olan inamsızlıqdan və mental düşüncədən  irəli gəlir. Özünü “psixoloq” adlandıran insanlar çoxdur və müraciət edən insanların nəinki problemini həll edir, hətta onlarda əlavə problemlər də yaradırlar. İnsanlar bəzən düşünür ki, mən psixoloqa müraciət edirəmsə, mənim çevrəm mənim haqqımda yaxşı düşünməz. Elə bilərlər ki, mən dəliyəm, mənim ruhi sağlamlığım yerində deyil, yaxud məndə əqli gerilik var. Amma bu belə deyil. Ruhi problemi, əqli geriliyi olan, ruhi sağlamlığı ilə bağlı ciddi problemləri olan insanları psixoloqlar həmişə psixiatrlara yönəldirlər. Yəni psixoloqa getmək, özgüvəni bərpa etmək, bir problemin düzgün həllinə yol tapmaq – bu, pis hal deyil. Amma bu gün bizim cəmiyyətimiz bunu normal qarşılamır. Bunun səbəbi də odur ki, ətrafdakı insanlar onu qınayırlar. Bu da psixoloqlar haqqında düzgün fikrin formalaşdırılmamasından irəli gəlir. Mən psixoloqa getdimsə zəif insanam, gücsüz insanam, yaxud da ruhi vəziyyətimlə bağlı ciddi problemlərim var – belə düşünürlər. 10-15 il bundan əvvəl Türkiyədə də bu hallar yaşanırdı. Amma bu gün orada bir çox ailələrin şəxsi ailə psixoloqları var.

Mən düşünürəm ki, 5-10 il sonra bizim cəmiyyətimizdə də bu normal qarşılanacaq. Heç kim gizlətmədən, çəkinmədən normal şəkildə psixoloqa müraciət edəcək.

 

– Bugünkü cəmiyyətdə daha çox psixoloji problemi olan kimlərdir? Qadınlar, kişilər, yoxsa uşaqlar? Onlar sizə daha çox hansı problemlərlə üz tutur, nədən gileylənir?

– Psixoloqa ən çox müraciət edənlər ailələrdir. Ailələr arasında münaqişələr, ailələr arasında anlaşımazlıqlar, yaxud da ailədaxili şiddətlər olur.  Biz belə ailələri sistemli şəkildə ailə terapiyasına cəlb edirik. Bu gün təəssüf hissi ilə qeyd edirəm ki, psixoloqa daha çox müraciət edənlər ailələr və yetkinlik yaşında olan yeniyetmələrdir. Yeniyetmələri valideynlər evdə qeydə alınan davranış pozuntusuna görə bizə yönəldirlər.  Hazırda mənim indi ailə terapiyası ilə məşğul olduğum cütlüklər var.

 

– Heç siyasətlə məşğul olan, ciddi iş adamları, ölkənin tanınmış adamları sizə müraciət edibmi?

– Bəli. Əvvəllər ölkəmizdə iş adamları, tanınmış simalar, siyasətçilər ən çox psixoloqa müraciət edəndə qardaş ölkə Türkiyəyə daha çox üz tuturdular, oradakı psixoloqlardan, mütəxəssislərdən dəstək alırdılar. Amma zaman keçdikdən sonra biz Azərbaycanda öz sözümüzü deyib, öz möhürümüzü qoyduqdan sonra müraciət edənlər var. Biz o insanların və müraciət edən hər kəsin məxfiliyini qoruyub saxlayırıq. Həm işimiz bizdən bunu tələb edir, həm də qarşıdakı insanın rahatlığı üçün biz bunu edirik. Tanınmış simalar, siyasətçilər və iş adamlarından bizə müraciət edənlər var. Bəzən onların aldqları travmadan özgüvənləri aşağı düşür. Qarşılaşdıqları  hər hansı bir hadisə ilə bağlı sarsıntılar keçirirlər.

 

– Sizin dəstəyiniz nədən ibarət olur? Onlara təskinlik vermək, yoxsa daha nələr? Hansısa bir metadologiya mövcuddurmu?

– Bu yanlış fikirdir ki, psixoloqun işi təskinlik verməkdən ibarətdir. Psixoloqun missiyası təskinlik vermək deyil. Hər kəs o təskinliyi öz valideynindən, anasından, bacısından, öz ətrafından, dostundan, rəfiqəsindən ala bilər. Bir problemi olanda ona danışıb, ondan ağıllı məsləhət ala bilər. Bizim vəzifə borcumuz qarşımızda duran insanın dalğasına düşmək, özümüzü onun yerinə qoymaq, məsələyə emosional deyil, soyuqqanlı yanaşaraq düzgün qərar verməkdir. Qarşımızdakı insanın düzgün və yanlış düşüncələrini bir daha nəzərdən keçirmək və onlarda olan irrasional düşüncəni rasionala çevirməkdir. Psixoloqun birinci vəzifəsi müraciət edən şəxsin hansı bir məsələ ilə bağlı ona müraciət etdiyini araşdırmaqdır. Olaya nəzər salırıq və burdan bizdə yaranan düşüncələri kəşf edirik.  Çünki biz nələr duyuruqsa, ona da uyğun düşüncələrimizi formalaşdırırıq. Bu düşüncələrimizdən bizim davranışlarımız yaranmağa başlayır. Yanlış davranışlar isə bizdə özgüvəni aşağı salır, cəmiyyətdə özümümzü tapa bilmirik, depressiyaya düşürük, yaxud da başqa psixoloji problemlər yaşayırıq.

 

– Bəzən belə fikir səslənir ki, insan özü güclü olmalıdır, başqası ona mənəvi dayaq olmamalıdır, ona yol göstərməməlidir. Psixoloqa gedəni də zəif iradəli insan kimi xarakterizə edirlər.

– Mən bununla razılaşmazdım. O demək deyil ki, zəif insanlar psixoloqa ehtiyac duyurlar. Xeyr. Mənəviyyatca bir az həssas olan insanlar, duyğusal, uşaqlıq travmaları olan, yaxud da fobiyaları olan insanlar var ki, onlar vaxtında və zamanında psixoloqa müraciət etməsələr başqa fəsadlar üzə çıxa bilər. Hətta özünü bəzən hansısa sahədə tapa bilməyən, doğrulda bilməyən insanlar var ki, onlar psixoloqun yardımı ilə yanlış fikirlərini dəyişib, özünə aid sahəyə yiyələnə bilirlər. Burada çevrənin, ailənin ona verdiyi məsləhətlə deyil, sırf öz istəyi üzərində, psixoloqun yardımı ilə öz sevib-seçdiyi sahə ilə məşğul ola bilər. Onun psixoloqa müraciət etməsi zəif olduğu anlamına gəlməz. Onlar mütləq psixoloqa müraciət edib bu vəziyyətdən çıxış yolunu tapmalıdırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir