Azərbaycanda uşaq və media ombudsmanlığının yaradılması ilə bağlı təkliflər zaman-zaman gündəmə gəlir. Ölkədə hüquqlarının qorunmasına ehtiyac olan yüz minlərlə uşağın olduğu faktını nəzərə alanda bu, çox yerində təklif sayılır. Bununla bağlı hələ 2014-cü ildə Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova münasibətini açıqlamış və bildirmişdi ki, uşaq ombudsmanının yaradılması uşaq hüquqlarının qorunması üçün daha geniş imkanlar açardı.
“Bu, uşaqların hüquqlarını daha geniş şəkildə qorumağa imkan yaradardı. Amma bütün dünyada bu proseslər əks istiqamətdə gedir. Misal üçün, bir çox ölkələrdə uşaq ombudsmanı institutu ləğv edilir və Prezident Administrasiyası və ya digər qurumlar nəzdində müvafiq şöbələr yaradılır” – Süleymanova deyir.
Bununla bağlı Azərbaycandakı vəziyyətə toxunan E.Süleymanova bildirir ki, rəhbərlik etdiyi qurum BMT Uşaq Hüquqları Komitəsinə ixtisaslaşmış hesabat göndərib: “Oradan tövsiyə edildi ki, ya ombudsman təsisatı tərkibində xüsusilə uşaqlarla məşğul olan struktur bölməsi, ya da ayrıca uşaq ombudsmanı yaradılsın. Biz bununla bağlı Azərbaycan hökumətinin qərarını gözləyirik”.
Amma bir çox ölkələrdə uşaq ombudsmanlığı institutu var. Çox uzağa getmədən Rusiyada uşaq ombudsmanlığı institutunun missiyalarını yada salaq.
Uşaqların narkotik testlərindən keçməsi və valideynlərin üzərinə bununla bağlı öhdəlik qoyulması.
Ölkənin uşaq ombudsmanı Anna Kuznetsova 2018-ci ilin sonlarına uşaqların məktəblərdəki təhlükəsizliyi ilə bağlı plan hazırlayıb. O hesab edir ki, “tibbi müdaxilə və müalicə” üçün uşağın qanuni nümayəndələrinin razılığı yetərlidir. Yeniyetmələr özləri narkotik testlərindən imtina edə bilməzlər. Bundan başqa, ombudsman uşaqların cinsi və psixi sağlamlığına pis təsir göstərən saytların bloklanması üçün tənzimlənmələrin daha asan olmasını mütləq bilir.
İnternetdə uşaqlara nəzarət
Rusiyanın uşaq ombusmanı internetdəki destruktiv təbəqəyə daha çox diqqət ayırır. O, müəllimlərə sosial şəbəkədəki qrupları öyrənmək və neqativ təbəqənin yeniyetmələr arasında nə qədər çoxluqda olmasını araşdırmağı tapşırıb. Bundan başqa, ombudsman uşaqların google-da nəyi axtardıqları ilə bağlı aparılacaq araşdırmanın da faydalılığına inanır. Belə ki, həm uşağın internetdə axtardıqları, həm də valideynlərinə daha çox hansı sualı verdiyi də önəmlidir. Bugünkü internet heç də uşağın bütün suallarına cavab verməyə hazır deyil.
Pornoqrafiya ilə mübarizə aparmaq
Ombusmanın vəzifələri arasında pornoqrafiya elementləri olan film, cizgi film və ya kitabların uşaqların əlinə keçməməsidir. Rusiya ombudsmanı bu məsələ ilə bağlı hətta prokurorluğa da dəfələrlə müraciət edib.
Uşaqlara qarşı zorakılıq tətbiq edən internatları yoxlamaq
Uşaq hüquqlarının ən çox pozulduğu məkan olaraq internatlar, uşaq evlərinin adı çəkilir. Rusiyada uşaq ombudsmanı problemin qarşısının alınması üçün sözügedən yerlərdə uşaqlara qarşı fiziki və cinsi istismarın köklərini araşdırır. Bu günə qədər internatlarda seksual zorakılığa məruz qalan çoxlu sayda uşaqlar olub ki, məhz uşaq ombudsmanının məsələyə müdaxiləsi, prokurorluq orqanlarına müraciəti nəticəsində günahkarlar cəzalandırılıb.
Ən yaxşı uşaq filmi üçün m]ükafat
Rusiyada uşaq filmləri üçün mükafatların olmaması da uşaqların hüquqlarının pozulması kimi qiymətləndirilir.
3 yaşa qədər uşaqlar üçün dövlət dayə institutu yaratmaq
Uşaq ombudsmanının daha bir funksiyası isə sertifikatlı dövlət dayələri yetişdirən institutların yaradılmasıdır. Bu dayələr xüsusi biliklərə və sertifikata malik olacaq. Hazırlıqlı dayə isə daha sağlam bir nəslin yetişməsinin başlanğıcı deməkdir. Bunun ən üstün cəhəti isə odur ki, valideynlər dövlət dayələrinə hər hansı vəsait ödəməyəcəklər. Bu layihə təkcə valideynlərə yardım yox, eyni zamanda yeni iş yerlərinin açılması deməkdir.
İkinci valideynin razılığı olmadan uşağın ölkədən çıxmasının qarşısını almaq
Daha bir layihə isə uşaqların ölkədən çıxarılmasındakı boşluqların həll edilməsidir. Bunun üçün qanunların daha da sərtləşdirilməsi təkliflər sırasındadır. Uşaq ombudsmanı hesab edir ki, ölkədən çıxış üçün ikinci valideynin razılığı məsələsi onların döyüş bölgələrinə aparılması kimi neqativ halların qarşısını alacaq. Bundan başqa, ailə üzvlərindən birinin uşaq qaçırmasına qarşı cinayət işinin açılması da təkliflər sırasındadır.
Pedofillərin araşdırılması
Pedofillərin kimliyinin təsbit edilib, xüsusi bir siyahı şəklində müvafiq iş yerlərinə təqdim edilməsi də uşaq ombudsmanının vəzifələri sırasındadır. Belə ki, xüsusən uşaqların çox olduğu məkanlarda (məktəb, bağça, kurslar, idman zalları) bu şəxslərin qəti şəkildə işə götürülməsinin qarşısı alınmalıdır.
Bu, yaxın Rusiya təcrübəsidir. Azərbaycanda isə ombudsman təsisatında hazırlanmış “Uşaq Hüquqları Konvensiyası” adlı kitabça və “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” adlı dərs vəsaitindən, digər hüquqi nəşrlərdən və plakatlardan tədris prosesində istifadə edilir.
Əvvəllər İsveçdə xüsusiləşmiş uşaq ombudsmanları var idi. Amma daha sonra bu işlərin bir ombudsman tərəfindən həyata keçirilməsinin daha səmərəli olduğunu düşünənlər mərkəzləşdirilmiş ombudsman təsisatına üstünlük verdilər. Çünki bəzən bir hüququn pozulma səbəbi digər hüquqların pozulması ilə qarşılıqlı əlaqədə olur. Ona görə də uşaq ombudsmanları digər sahələrə müdaxilə edə bilmirlər. Bu gün Azərbaycan ombudsmanının malik olduğu səlahiyyətlər uşaq hüquqlarının daha səmərəli müdafiəsinə imkan verir.
Azərbaycanda uşaq hüquqları üzrə ombudsmanın yaradılması ideyası 2005-ci ildə meydana çıxıb. Həmin il bu təklifi Uşaq Hüquqları üzrə QHT Alyansı irəli sürüb. Həmin ildən də Alyans bu ideyaya ictimai vəkillik edir. 2005-ci ildə ombudsmanın yaradılması ilə bağlı hətta 45 təşkilat tərəfindən Azərbaycan prezidentinə müraciət də edilib. Azərbaycanda Uşaq Hüquqları üzrə Ombudsmanın təsis edilməsi ilə bağlı təklif BMT-nin Uşaq hüquqları üzrə Komitəsinə göndərilən alternativ hesabata da salınıb. 2006-cı ildə BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycanda uşaq hüquqları üzrə Ombudsmanın, yaxud Ombudsman Aparatının nəzdində xüsusi qurumun yaradılması tövsiyə edilib. Həmin dövrdən başlayaraq Alyans ombudsmanın yaradılması üçün müraciətlər edib. Bu təklif Alyansın 2009-cu ildə hazırladığı növbəti alternativ hesabata da daxil edilib.
Statistikaya əsasən, Azərbaycanda uşaqların sayı 3 milyona yaxındır. Ölkədə polisin qeydiyyatında 4 minə yaxın uşaq var. İl ərzində 2500-ə yaxın küçə uşağı, 500-ə yaxın cinayət törətmiş uşaq saxlanılır. Uşaq tərbiyə müəssisəsində 50-dək uşaq saxlanılır. 13 minə yaxın uşaq internat məktəblərindədir. Azərbaycanda 50 minə yaxın uşaq əlildir. Təxminən 200 minə yaxın uşaq isə qaçqın və məcburi köçkün vəziyyətindədir. Zorakılığa məruz qalan uşaqların sayı isə məlum deyil. Azərbaycanda 11 faiz yoxsul ailə var. Həmin ailələrdəki uşaqlar, onların problemləri, aztəminatlı ailələr… Bu sayda uşağın hüquqlarının müdafiəsi, eləcə də onlara qarşı baş verən hüquq pozuntularının aradan qaldırılması ilə müstəqil bir qurum məşğul olmalıdır.
Uşaq Ombudsmanı təsisatının Ombudsman Aparatının nəzdində ayrıca qurum kimi yaradılması üçün bu, parlament tərəfindən təsdiq edilməlidir. Ombudsman haqqında konstitusiya qanununa əlavə edilməlidir ki, Azərbaycanda Uşaq Hüquqları üzrə müvəkkil fəaliyyət göstərməlidir. Həmin müvəkkil birbaşa uşaq hüquqları sahəsinə məsul olmalıdır. 1998-ci ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Qanuna da əlavə edilməlidir ki, Azərbaycanda uşaq ombudsmanı təsis edilsin və ombudsman uşaqların pozulmuş hüquqlarının bərpası ilə məşğul olsun.
Sevinc TELMANQIZI