tv

Düşmənin ən «yumşaq» görünən təhlükəli silahı – teleseriallar

Baxış sayı: 1. 265

Bu gün də efirlərdə nümayiş olunan seriallar mənəvi dəyərləri dəyişmək, başqalaşdırmaq məqsədi daşıyır. Qloballaşan dünyada ölkələri təkcə silah gücünə deyil, həm də mənəvi terrorla işğal edirlər. Heç bir filosofun fikri deyil. Aparılan müzakirələrdən çıxan nəticədir.

Bu günlərdə müğənni Nadir Qafarzadə (nə qədər qəribə görünsə də, məhz əyləncə adamı) ciddi iradlarla çıxış edib. N.Qafarzadə TV-lərdə nümayiş olunan serialların Azərbaycan ailələrinə qənim kəsildiyini deyib:

– Qızlar serial düşkünü olublar. Serialın təsirinə düşüb, onlarla yaşayırlar. Həyatlarını seriallardakı kimi qururlar. Seriallarda xəyanət, ailə dağıtmaq var. Qızlar da baxıb, onu təkrarlayırlar. Bu da savadsızlıqdan irəli gəlir. Yüngül düşüncəli insanlardır onlar. Serial həyatı yaşamaq istəyənlərdən hər şey gözləmək olar. Sənin kefin başqa adamla yaşamaq istəyir deyə, uşaq əziyyət çəkməlidir? Deyirlər, avropalaşmışıq. Axı niyə Avropadan pis şeyləri nümunə götürürük? Orada bizə nümunə olacaq yaxşı şeylər də var».

 

«Həyatım bir serial olsun!»

Müğənninin sözlərində böyük həqiqət var. Oxucularımızın yadına gələr, «Möhtəşəm yüz il» teleserialı nümayiş olunanda çoxları «sultan» olmaq xəyalına düşdü. Qadın sultanlar, əlbəttə. Bəzisi özünə «Hürrəm sultan» adını qoydu, bəzisi «Mahidövran sultan» oldu. Hətta iş o yerə çatdı ki, bölgələrdən birində var-dövləti başından aşan birisi öz villasını Topqapı sarayı «elan etdi» və deyilənə görə, orada hərəmxana da yaratdı. Sultan Süleymanın hərəmlərinin adıyla qadınları da ora topladı. Yəni biz küyə gedən millətik həm də. Harda nə gördüksə, ağına-bozuna baxmadan həyatımızda tətbiq etməyə can atırıq. Kiçik bir örnək; teleseriallarda «yalı», «konak» sahibələri adətən evdə dikdaban ayaqqabı ilə gəzir. Guya ki, bunlar «sosyete»dir, mənzilə daxil olanda ayaqqabıları soyunmaq da gerilik əlaməti. Halbuki, türk əxlaqında, türk dəyərlər sistemində və ümumiyyətlə, ağlı başında olan hər bir millətdə və dəyərlərə hörmət bəslənən istənilən ölkədə evə ayaqqabı ilə girilməz. İndi bilmirik, ayaqqabılı gəzişmələr çəkiliş gərəyidirmi, ya elə serialdakı obrazlara uyğun təyinatdır, nədir, aktyorlar – obrazlar evdə ayaqqabı ilə dolaşır. Hətta yatağa uzananda da ayaqqabılarını çıxarmırlar. Heç yadımdan çıxmaz, bir proqram vardı, evlərə ziyarət, yemək masası arxasında əyləşmək və sair, iştirakçılar biri-birinin evini ziyarət edirdi. İştirakçılardan biri qonaqlarından xahiş etdi ki, ayaqqabılarını çıxarsınlar, tərlik geyinsinlər, çünki o evdə namaz qılınır. Təkcə namaz qılınan yerə deyil, ümumiyyətlə, kiminsə mənzilinə ayaqqabı ilə daxil olmaq bizim milli-mənəvi dəyərlər sistemimizə yaddır. Sözümüzün canı budur ki, bəli, Nadir Qafarzadə açıqlaması ilə «onluğa» dəyib. Həqiqətən də, həyatını teleseriallar üzərində qurmaq istəyənlər var. Və buradan qaynaqlanan ailə faciələri də olur.

 

«Müəllim şagirddən soruşur ki, dünənki seriyada nə oldu?»

Azərbaycan Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova mövzuyla bağlı açıqlamasında dünyada ölçü və meyarların itdiyini bildirdi:

– Əhalisinin hardasa 90 faizi müsəlman olan ölkəmizin bu mənada tutduğu yol, mövqe bəzən yanlış olur. Dəyərlər sistemimizin aşınmaya məruz qaldığına dair səsləndirilən fikirlər də bəzən düzgün qarşılanmır. Hesab edirəm ki, müğənninin dediyi sözlər cəmiyyətə mesajdır. Hamımız belə xəbərlər eşidirik, hadisələrin şahidi oluruq ki, 5-6 ayın gəlini evdən qaçıb, nişanlı qız qoşulub başqasına gedib, gənc ana övladlarını taleyin ümidinə buraxıb şəhərə gəlib və sair. Elə ailələr var, valideyn övladının qarşısını kəsə bilmir, onu hansısa bəd əməldən çəkindirə bilmir. Burada valideynin vaxtında övladını düzgün tərbiyə etməməsi amili də var, məktəbin məsuliyyəti də. Uşaqların tərbiyəsində ailə-məktəb birliyi çox vacibdir. Amma nə görürük? Məktəb məsuliyyəti valideynin üzərinə atır, valideyn məktəbin. Heç biri də demir ki, birgə işləməliyik, bir tərəfin nöqsanını digər tərəf düzəltməlidir. Müəllimlərin uşaqlara güclü təsir imkanları var. Biz həmişə müəllimlərimizdən örnək almışıq.

Müəllim bu gün sinifdə dərs tədris etmək, şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq əvəzinə, şagirdlərdən hansısa teleserialın qaçırdığı bölümünü danışmalarını istəyirsə, daha o müəllimdən nə gözləmək olar?

Bəziləri ailələrin dağılmasında maddi imkansızlığı, işsizliyi səbəb kimi göstərir. Mən həmişə demişəm, yenə də təkrar edirəm, maddiyyat ailənin dağılmasında əsas ola bilməz, təbii, insanların daxili aləmi zəngindirsə. Ailə qurub illərlə kirayədə yaşayan ailələr var, balalarını gözəl tərbiyə edirlər, uşaqları ali məktəbə daxil olur, mövqe sahibi olurlar. Kasıb olsalar da, mehribanlıqla, səmimiyyətlə, biri-birlərinə sevgi ilə yaşayırlar. Amma eləsi də var, deyir, hər şeyi hazır istəyirəm. Evim də olsun, avtomobilim də, pulum da. Ona görə də ailələr dağılır.

 

H.Məmmədova filmlərin insanlara təsir imkanlarının geniş olduğunu dedi:

– Elə filmlər var, onu izləyə-izləyə insan kamilləşir. Filmlər gərək elə çəkilsin ki, insanlar onlardan müsbət örnəklər alsınlar. Filmlər cəmiyyətə müsbət mesajlar ötürməlidir.

 

Düşmənin ən «yumşaq» görünən təhlükəli silahı – teleseriallar

Sosioloq Əhməd Qəşəmoğlu isə açıqlamasında film sənayesinin tarixən müxtəlif missiyalar daşıdığını xatırlatdı:

– Ötən əsrdən başlasaq, deyə bilərəm ki, o zamanlar filmlər maarifçilik prinsipinə dayanırdı. Yüksək mənəvi dəyərləri tərənnüm edən filmlər çəkilirdi. İstər Hollivud olsun, istərsə də sovet kinematoqrafiyası, yaxud da Azərbaycan filmləri. Amma illər keçdikcə, maraqlar dəyişdi və filmlərdə qəddarlıq elementləri artdı. Siyasi motivlər də film istehsalına təsir etdi və artıq film sənayesi siyasi maraq dairələrinə xidmət etməyə başladı. Son dönəmlərdə isə teleserial adlı yeni stil yarandı. «Acı bağırsaq» kimi uzandıqca uzanan, hətta 200 seriyalı, bəzən bitib-tükənmək bilməyən teleseriallar artıq mənəvi dəyərlər sistemini dağıtmaq məqsədi daşıdı.

Bu gün də efirlərdə nümayiş olunan seriallar mənəvi dəyərləri dəyişmək, başqalaşdırmaq məqsədi daşıyır. Bəli, istər filmlər olsun, istər teleseriallar insanları təsir altına almaq gücündədir. Türkiyədə bir vaxtlar yayımlanan məşhur «Qurdlar vadisi» serialının qəhrəmanlarına insanlar məftun olmuşdu. Hətta yadımdadır, Məmati vəfat edəndə, onun adına ehsan süfrələri açılıbmış. İstehsalçıları bilərəkdən kütlə psixologiyasına nüfuz edə biləcək filmlər çəkirlər. Və bundan külli miqdarda qazanc əldə edirlər. Freydin əsəri var; «Kütlə psixologiyası və ideal mən» adlı. Oxuyanlar bilir.

Əsərdə bu məsələlər çox aydın əksini tapıb. Biz anlamalıyıq və qəbul etməliyik ki, düşmən həmişə top-tüfənglə gəlmir, düşmənin yumşaq görünən silahı da var – teleseriallar və bu həm də ən təhlükəli silahdır. Əxlaqa da təsir edir, milli-mənəvi dəyərlər sistemimizə də. İnsanları ənənələrdən uzaqlaşdırmaq, mənəvi dəyərlərdən yayındırmaq məqsədi daşıyır. Bunun qarşısını almağın yolu alternativlər tətbiq etməkdir. Məsələn, mənə təklif olunsaydı, təhsilə etinasızlıq, qohum evliliklərinin ziyanlarını anladan senarilər yazardım və təqdim edərdim, buyursunlar, ekranlaşdırsınlar. Amma bizimkilər nə edir, o ölkədən, bu ölkədən senariləri kopyalayıb film «çəkirlər». Teleserialların çoxu, kriminal aləmin təbliğinə yönəlib.

Zor tətbiqi, qol gücü, nüfuz sahiblərinin qələbəsi… Bu qədər dövlət vəsaiti ayrılır, amma ortada sanballı bir ekran işi yoxdur. Sanki xəstə sağalmaq istəmir və lazım olan dərman əvəzinə ona daha da ziyan edəcək dərmanı içir. Bizim hazırkı durumumuz belədir. Üstümüzə gələn bəlanı görürük, amma ona qarşı heç bir müqavimət göstərmirik. Əsas görəcəyimiz iş cəmiyyətin immun qabiliyyətini gücləndirmək olmalıdır ki, üzərimizə gələn dalğa bizi – mənəvi dəyərlərimizi sovurub aparmasın.

 

Məlahət Rzayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir