Bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu A.Cəlilov 96 ünvanında yerləşən “Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində yanğın baş verib. Dəqiqləşdirilmiş məlumata görə, hadisə helium şarlarının partlaması səbəbindən yaranıb. Hadisə hazırda aidiyyəti orqanlar tərəfindən ciddi şəkildə araşdırılır və təhlükəsizlik tədbirlərinin ciddiləşdirilməsi ilə bağlı lazımi tədbirlər görülür. bu barədə Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Komitədən bildirilib ki, iyunun 22-də “Megafun” əyləncə mərkəzində helium şarlarının partlaması nəticəsində baş verən alışma 3-ü uşaq olmaqla 8 nəfərin xəsarət almasına səbəb olub: “Baş verən hadisənin nəticələrindən dolayı təəssüfləndiyimizi bildiririk. Komitə tərəfindən zərərçəkmiş ailələrin hər biri ilə əlaqə saxlanılıb və səhhətlərinin qənaətbəxş olduğu, ilkin tibbi yardım göstərildikdən sonra evə göndərildikləri barədə məlumat əldə edilib. Uşaqların daha çox vaxt keçirdiyi əyləncə mərkəzlərində ciddi təhlükəsizlik tədbirlərinin görülməsini zəruri hesab edirik. Valideynlərə isə uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq, onların psixo-emosional sferasını zədələməyəcək əyləncə formalarına üstünlük vermələrini, uşaqları psixikanın həssas inkişaf dövründə səs-küylü, qarışıq rəng çalarlı məkanlardan mümkün qədər uzaq tutmalarını məsləhət görürük”.
Məsələnin aktuallığını nəzərə alaraq, ölkəmizdə fəaliyyət göstərən bir sıra əyləncə mərkəzləri ilə əlaqə saxlayıb, təhlükəsizlik baxımından nə kimi işlər gördüklərini öyrənməyə çalışdıq. Amma təəssüflər olsun ki, bəzi uşaq əyləncə mərkəzlərindən ya telefonu götürən olmadı, ya da götürənlər mövzu ilə bağlı danışmaq istəmədilər. Yalnız “Happyland” uşaq əyləncə mərkəzinin baş meneceri Nemət Abbasovla həmsöhbət ola bildik.
Nemət bəy qeyd etdi ki, təhlükəsizlik onlar üçün prioritet məsələdir: “Bu sahədə 9 ildir ki, fəaliyyət göstərirəm. Normalda helium şarı partlamamalıdır. Təcrübəmizdə belə bir hal yaşanmayıb. Helium şarları havadan yüngül olur və yanmayan qazdır. Ola bilsin ki, həmin şarın içindəki helium qazı olmayıb. Çünki helium qazı olan şarın partlaması mümkünsüzdür. Bu, insanın bir qaşıq suda boğulması kimi şeydir”.
Müsahibim menecerliyini etdiyi əyləncə mərkəzindəki təhlükəsizlik qaydalarından da danışdı: “Bizim mərkəz 1 saat gec açılır. Buna səbəb isə həm təmizlik işlərinin getməsi, həm də texniki heyətin qurğuları yoxlamasıdır. Bizdə hər gün xidmətə açılmamışdan əvvəl qurğularımız, avadanlıqlarımız texniki baxışdan keçirilir. Çünki bizim əsas müştəri kontingentimiz uşaqlardır və ona görə daha həssas yanaşırıq. Ümumiyyətlə, bizim məkanda alovlu şoular keçirilmir. Çünki bağlı və balaca məkanda o cür oyunların olması təhlükəlidir. Bizim məkanda belə bir hadisə baş verməyib, bundan sonra da baş verməməyi üçün çalışırıq”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, istehlakçıların hüquqlarından biri də təhlükəsizliklərinin təmin edilməsidir: “İstehlakçıların təhlükəsiz xidmət almaq hüquqları var. İstehlakçıların hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlərdə də göstərilir ki, dövlət istehlakçıların təhlükəsiz xidmətdən istifadə etməsinə şərait yaratmalıdır. Təəssüf ki, bu kimi hallarla dəfələrlə qarşılaşmışıq. Vətəndaşları istirahətləri zamanı hovuzda elektrik cərəyanı vurması, boğulma halları da bu qəbildəndir. Ölkəmizdə kolibrasiya, yəni cihazların standartlara uyğun işləyib-işləməməsinin yoxlanılması çox ciddi məsələlərdəndir. Bütün texniki avadanlıqlar ən azı ildə bir dəfə texniki yoxlanışdan keçməlidir. Çox təəssüf ki, bu yoxlanış tətbiq edilmir deyə belə hadisələr baş verir”.
Hüquqşünas Ceyhun Cəfərli bu hadisədə qapalı şəraitdə yanğın təhlükəsizlik tələblərinin pozulduğunu qeyd edir: “Belə ki, hadisənin baş verdiyi əyləncə mərkəzi hündürmərtəbəli yaşayış binasının içərisində yerləşən qeyri-yaşayış sahəsidir. Belə şəraitdə, xüsusilə də uşaqların əyləndiyi yerlərdə fişənglərdən istifadə edilməsi yolverilməzdir. Yəni, əslində hər kəs hadisənin helium qazı ilə dolu olan şarın partlaması nəticəsində baş verdiyini düşünür. Amma məsələ burasındadır ki, hadisə klounun əlindəki fişəngin heliumlu şara dəyməsi ilə baş verib. Yəni, helium özlüyündə yanğın mənbəyi deyil. Bu hadisə yanğın təhlükəsizlik tələblərinin pozulması nəticəsində baş verib. Qapalı şəraitdə fişəng tipli yanğın törədə biləcək vasitələrdən uzaq olmaq lazımdır. Yalnız açıq havada və ətrafda partlamaya meyilli əşyanın olmadığı yerlədə istifadə edilə bilər. Yanğın təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verən hadisələr Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə tənzimlənir. Amma burada bir şərt var. Əgər zərərçəkən şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olubsa, qarşı tərəf cinayət məsuliyyətinə cəlb edilir. Yəni, tibbi kateqoriyaya əsasən, xəsarətlərin dərəcəsindən asılı olaraq cinayət işi qaldırıla bilər”.
Günel