“Yeniyetməlik dövründə psixoloji böhranı anlamaq üçün yeniyetməlik dövrünü və bu zamana qədər olan dövrlərin normal inkişafını bilmək vacibdir. İnsan hələ ana bətnində ikən bir çox xarici mühit təsirlərinə reaksiya verməkdədir. Belə ki, ananın yaşadığı kədər doğulmamış körpənin hərəkətlərinin azalmasına, sevinc hərəkətlikdə artman olmasına ən bariz misallardan biridir”.
Bunu psixiatr, uzman həkim Fuad Bəşirov“Yeniyetməlik dövründə psixoloji böhran”adlı məqaləsində bildirir.
“Gencaile.az” həmin məqaləni təqdim edir:
Təsadüfi deyil ki, insanın inkişafını nəzərdən keçirərkən mərhələlərə bölürlər. Bu mərhələlər körpə (2 yaşa qədər), uşaqlıq dövrü – məktəbə qədər (2-6 yaş), məktəb dövrü (6-12 yaş), yeniyetməlik (12-18(22)yaş), yetkinlik (22 yaş sonrası). Bu bölgü həm insanın fiziologiya baxımından inkişafı, həm də psixoloji inkişafı nəzərə alınaraq ayırd edilib. Əgər hər bir dövrə ayrı-ayrı nəzər salsaq, bir- birindən ayırd edildiyinin şahidi olmaq o qədər də çətin olmayacaq.
Bir az daha incələsək, 2 yaşına qədər olan bir körpənin anasından tam olaraq asılı olduğunu, həmin yaşda bir insandan gözlədiyimiz qidalanma və tualet davranışlarının tamamilə anaya bağlı olduğunu görərik.
Bu dövrdə olan insan anadan ayrı özünü hiss etməz, anadan ayrı qaldığı vaxtlar həyəcanlı olar. çox vaxt ağlayarlar. Çünki, özünü ananın bir parçası olaraq görür və anadan ayrıldığı zaman parçalanmış kimi hiss edir.
Uşaq 6 yaşına çatanda artıq bir çox şeyi, rahatlıqla gəzməyi, oynamağı, yeməyi, tualetini eyni zamanda öz fikrini qismən ifadə etməyi öyrənir. Bu dövrdə bir insan ata anadan ayrı bir fərd olduğunu anlamaqda, eyni zamanda ailənin ayrılmaz bir parçası olduğunu zənn etməkdədir. Yaxşı və pis olan şeyləri təxmin edə bilir, ancaq bu sifətlər özünün deyil eyni zamanda ata-ananın düşüncəsinə əsasən formalaşır. 12 yaşına gəlmiş bir insan ona verilən tapşırıqları yerinə yetirir, xarakterin əsası qoyulur, yaxşı və pisi bir birindən ayıra bilir. Tapşırıqları yerinə yetirməyəndə necə cəzalanacağını düşünür.
Konkret təfəkkür, məntiqə əsaslanan düşüncə formalaşır. Yeniyetməlik dövrü isə insanın inkişaf mərhələləri arasında həm fiziki, həm hormonal, həm zehni cəhəti ilə ən çox dəyişikliyə məruz qalan və eyni zamanda çox sürətlə baş verən bir çox dəyişikliyi əhatə edir. Bu və başqa yönləri ilə yeniyetməlik insan inkişafında ən kritik mərhələ sayılır. Yeniyetməlik mərhələsi öz daxilində 3 hissəyə ayrılır, erkən yeniyetməlik, orta yeniyetməlik, gec yeniyetməlik. Hər bir dövrün özünə məxsus xarakterik cəhətləri var. Yeniyetməliyin başlanğıcında hormonal proseslərin dəyişməsi ilə insanın xarici görünüşü dəyişir, qızlarda qadın bədən quruluşu formalaşır, menstrual sikl başlayır, oğlanlarda səs dəyişməsi, kişi bədən quruluşu formalaşmağa başlayır. Bu zaman ətrafların, eyni zamanda bədənin simmetriyası pozulur, hərəkətlərdə kobudluq olaraq ortaya çıxır. Bu dəyişiklik eyni zamanda zehni dəyişikliklərlə birgə baş verir. Öz cinsinə aid davranışlar qabarmağa başlayır, əks cinsə qarşı maraq yaranır. Şəxsiyyət formalaşmağa başlayır.
16 yaşlarına çatan birisi artıq yetkin insanlar qədər, yaxşı pisi bir birindən ayırd edə bilir, kədərin sevincin nə olduğunu, nifrətin sevginin nə olduğunu anlayır. Yeniyetməliyin sonuna doğru isə artıq öz hisslərinə hakim olmağı, lazım gəldiyində onları cilovlamağı bacarır. Bu proseslər beynin orqanik inkişafının təzahürü olaraq ortaya çıxır.
Bütün sadaladığım proseslər və sadalamaqda kitabların belə yetərsiz qaldığı məqamlar nəticə etibari ilə bir insanın fərd olaraq formalaşmasına səbəb olur. Bu dövr və eyni zamanda bura qədər olan mərhələlərdə genetik faktorların üzərinə formalaşan ailə daxili münasibətlər, bağça, məktəb, məhəllə, universitet mühiti kimi faktorlar bir şəxsiyyətin formalaşmağında mühüm rola malikdirlər. Əgər təkrar mərhələlərə nəzər yetirsək, məktəbə qədər dövrdə uşaqların çox təriflənməsi, etdiyi istənilən davranışların üzərində çox dayanılması, sevilməyən davranışlarının görməməzliyə vurulması, eyni zamanda təqlid qabiliyyətləri inkişaf etdiyinə görə, nümunə göstərilməsi bu mərhələni normal başa vurmağa kömək olacaqdır. Məktəb dövründə isə öncə sadalananlarla yanaşı, cəza tətbiq edilməsi, ancaq bu cəzanın uşağın özünə qarşı olmadığı sadəcə, etdiyi yanlış davranışa görə verildiyinin vurğulanması vacibdir. Təbii ki, cəza yaşa uyğun verilməlidir. Eyni zamanda uşaqlara musiqi, idman incəsənət kimi müxtəlif sahələr təşviq edilməli, onlar kurs və məktəblərə yönləndirilməlidir.
Yeniyetməlik dövrünün normal inkişafı olaraq ailədən uzaqlaşma, dost qruplarına yaxınlaşmanı nəzərə aldığımızda ailənin məsuliyyət verməsi, xüsusi ilə pul xərcləməsi, geyimi, otağı, dərsləri baxımından artıq yeniyetmənin ixtiyarına verilməli, müəyyən müddətlərlə hesabat alınmalıdır.
Yeniyetməlik dövrünün təlatümlü keçməsi eyni zamanda bir çox psixi xəstəliklər üçün də zəmin hazırlamaqdadır. Davranışların gözlənilməz istiqamətdə dəyişməsi, aqressivliyin həddən artıq artması, dərs müvəffəqiyyətinin çox düşməsi, zərərli vərdişlərə meylliyin yaranması yeniyetmələrin ailəsi, mühiti, məktəbi üçün SOS siqnalı olmaqdadır. Bu dəyişikliklərin erkən vaxtda hiss edilməsi, problemin anlayışla öhdəsindən gəlinməsinə, yeniyetmə ilə birgə çıxış yolunun tapılmasına səbəb olur.
Psixi xəstəlikləri daha çox depressiv simptomlarla anlayırıq. Depressiv simptomlar dedikdə anhedoniya və avolusiyanın ən az 2 həftədən uzun sürməsi nəzərdə tutulur. Depressiv simptomlar davranış pozuntularından şizofreniya xəstəliyinə qədər bir çox psixiatrik xəstəlikdə büruzə verdiyinə görə diqqət edilməlidir.
Depressiv simptomlar ağırlaşdıqda insanın düşüncələrindən biri də özünə zərər vermək, intihara meylliyin yaranmasıdır. Təbii ki, bu proses heç bir zaman anidən özünü göstərmir. Çox zaman ətrafdakılar dəyişikliyi hiss edir, vaxtında edilən yardımla intihar fikri yaranmadan depressiv simptomlar geriləyir. Baş verən dəyişikliklər zamanında aşkar edilmədikdə, intihar düşüncələri artıq yeniyetmənin əsas düşüncələri halına gəlir. Dolayısı ilə bu fikirlər hər hansı bir formada ifadə də olunur. Bunun üçün ifadə edilən intihar fikri, ifadə formasından asılı olmayaraq, zarafat, ya ciddi, mütləq şəkildə diqqətə alınmalıdır. Bu fikirlər keçənə və yardım məqsədilə istiqamətləndirilənə qədər həmin şəxs tək buraxılmamalıdır.