toy

Toylarda ürək bulandıran səs şiddəti səhhətimizə nə dərəcədə təsir edir?

Baxış sayı: 1. 313

Azərbaycan toylarında səslənən musiqinin yüksək tonda ifası danılmaz faktdır. Toy iştirakçılarının bir çoxu belə “sənət”dən yaxa qurtarmaq üçün toyun yarısını foyedə, şadlıq sarayının həyətində keçirməli olur. Bir çox insanda toyun səhəri günü baş ağrıları güclənir, eşitmə qabiliyyəti aşağı düşür. Hətta həkimə müraciət edənlər də olur.

Əslində, toylarda səs şiddətinin yüksək olması qanuna ziddir. İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsində ətraf mühitin mühafizəsi məqsədilə səs-küyün, vibrasiyanın, elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədlərinin normativlərinin pozulmasına görə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək miqdarda cərimə edilir. Adətən şadlıq evlərinin rəhbərliyi səs şiddətinin kənara yayılmamasına çalışır, amma toyda iştirak edən insanlar və personalın səs təzyiqinə məruz qalması diqqətdən yayınır.

Qulaq, burun, boğaz və baş-boyun cərrahı, uzman doktor Elnur Əkbərov bildirir ki, ətrafda olan səslərin müəyyən normativləri çərçivəsində hərəkət edilən zaman, akustik dalğanın sağlamlığa zərəri olmur:

“Gündüz 55, gecə 40 desibelə qədər olan səs şiddəti, eşitmə sinirinə hər hansı mənfi təsir göstərməyə bilər. Səs şiddəti sosial ortamda söhbət zamanı olan səsin ortalamasıdır. Azərbaycan toyları xüsusi səs şiddəti ilə fərqlənən tədbirlərdir. Müqayisə üçün göstərmək olar ki, hərəkət zolağında avtomobillərin hərəkəti zamanı yaranan səs 80, diskotekalarda bu səsin şiddəti 110 desibel civarındadır.

Azərbaycan toylarında da bu səsin şiddəti ortalama olaraq 120, 130 desibel civarındadır. Bu qədər yüksək səsin təsirsiz ötüşməsi üçün sanitar normalara görə səslə təmas müddəti 10, 12 dəqiqəni keçməməlidir. Toylarda isə bu müddət saatlarla ölçülür. Bunun nəticəsidir ki, toya əylənmək üçün getməyimizə rəğmən, daha sonra yorğunluq, baş ağrısı, yuxu pozuntusu kimi narahatlıqlarla üzləşirik. Bu yüksək şiddətli səsin məruz qalmasının ən yüngül nəticəsidir. Daha ağır vəziyyətlərdə sözsüz ki, eşitmə sinirini zədələnməsi baş verə bilir, buna kəskin koxlear nevrit deyirik.

Ümumiyyətlə yüksək səs təsiri nəticəsində meydana gəlmiş kəskin koxlear nevrit halları o qədər də az deyil. Müraciət edənlərin ortalama olaraq 20, 25 faizi toyxanalarda yüksək səsə məruz qalmış kontingentə aiddir. Eşitmə zəifliyi meydana gəldiyi andan etibarən 2 aydan uzun müddət davam edirsə, bu, xroniki proses hesab olunur və bunun geri dönməsi mümkünsüzdür.

Toyda peşə borcunu icra edən personalın səsdən qorunması üçün müxtəlif vasitələrə əl atması vacibdir. Belə ki, çox diqqət cəlb eləməyən qulaqcıqların istifadəsi daha məntiqə uyğundur. Tez-tez qısa aralarla şiddətli səs məkanını tərk etmələri məsləhətdir”.

Həkim qeyd edir ki, belə bir yüksək şiddətli səs travması nəticəsində əmələ gəlmiş kəskin koxlear nevrit, dərmanlarla müalicə oluna bilir:

“Xroniki koxlear nevrit nəticəsində meydana gələn eşitmə zəifliyi yaşla proqressiya göstərən durumdur. Şadlıq sarayında çalışan personal xüsusi risk qrupuna daxildir və böyük bir qismində zamanla eşitmə zəifliyi meydana gəlir ki, nəticə etibarı ilə peşəkar karyeralarına belə son qoya bilər. Belə hallarda eşitmə cihazlarından istifadə və yüksək şiddətli səsdən maksimum aralı olmaları tövsiyə olunur.

Belə bir yüksək şiddətli səs travması nəticəsində əmələ gəlmiş kəskin koxlear nevrit, dərmanlarla müalicə olunan durumdur və meydana gəldiyi andan etibarən maksimum tez 2, 3 aya qədər müalicəsi başlanmalı və intensiv terapiyası həyata keçrilməlidir ki, müsbət nəticə əldə oluna bilsin. Amma müasir təbabətin inkişaf etməsinə baxmayaraq tam sağalma hər durumda qazanılmır və pasiyentlərdə bir qədər eşitmə zəifliyi davam edir”.

Öz toyunda musiqi məsələsinə xüsusi diqqət yetirmiş, hazırda Türkiyədə yaşayan və təhsil alan həmyerlimiz Sara Qaragözlü “Report”a açıqlamasında toylardakı səsin ən başdan onları narahat edən məsələ olduğunu bildirib:

“Toylara iştirak üçün gedəndə belə səsin narahatlığı insanın toy etmək həvəsini qırır. Söhbət etmək olmur, söhbət edənləri dinləmək olmur, mahnı dinləyim desən, o da olmur, çox yüksək səs ürək bulandırır. Bu düşüncəylə qərara gəldik ki, açıq məkanda toy edək, qonaqlar da həm əylənə bilsin, həm də rahat otursunlar. Narahatlıqdan tez durub getməsinlər, qaçmasınlar.

Türkiyədə yaşayan və təhsil alan həmyerlimiz Sara Qaragözlü

Yaxtada 4 saatlıq toy planladıq. Həm standartdan kənar olmasını, həm səslənən mahnılar bağlı məkanda daha çox baş ağrıtmamasını, həm də toyun dadı damaqda qalmasını istədik. Toyda insanların qarşısına yemək verilmədi, İsveç masası təşkil olundu.

Xarici mahnılara, əsasən ötən əsrin 70-80-90-cı illərinin mahnılarına yer verildi. Bizim ənənəvi, şadlıq saraylarında keçən toylarda eyni mahnılar səslənir. Gənclər adətən toyun sonuna az qalmış səslənən disko mahnılar zamanı daha istəklə, əylənərək oynayırlar. Yəni, toyun ən can alan hissəsi sonuna doğru olan hissəsidir. İstədik ki, bizim toy başdan sona qədər “toyun sonu” dadını versin.

Toyda qonaqların istəyinə uyğun ənənəvi toy mahnıları da səsləndi. Hər kəsə uyğun, əyləncəli toy olduğunu düşünürəm. Musiqini dj səsləndirirdi. Seçim zamanı necə bir şey istədiyimizi öncədən izah etmişdik”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir