Əslində, bu, bir çox ailənin qarşılaşdığı haldır. Övladı olmayan ailə uşaq evindən yox, yaxın bir ailədən himayəyə uşaq götürür və bu prosesdə heç bir sənədləşmə olmur. Lakin bir müddət sonra səbəbinin nə olmağından asılı olmayaraq, övladlığa verilən uşaqlar iki ailə arasında qalır. Bu, müxtəlif situasiyalardan asılı olur. Məsələn, ya uşağı övladlığa verən tərəf fikrini dəyişib geri istəyir, ya da uşağı götürən ailə bir müddət sonra hansı səbəbdənsə onu geri qaytarır. Bu kimi hallarda zərər görən isə uşaq olur. Xüsusilə də hələ yetkinlik yaşına çatmayan uşaqlarda bu, əks effekt verir. Mütəxəssislər qeyd edir ki, bəlkə də həmin an uşaq bunu normal qarşılayıb, mənfi reaksiya vermir. Amma istənilən halda, onun alt şüuruna mənfi təsir edir. İki ailə arasında müəyyən konfliktlər yaranır. Bu kimi halların qarşısını almaq üçün hansı işlərin görülə biləcəyini öyrənməyə çalışdıq.
Vəkil Ceyhun Cəfərli deyir ki, uşağın kimə verilməsindən asılı olmayaraq, proses rəsmi qaydada həyata keçirilməlidir: “Övladlığa götürmə Azərbaycan Respublikasının Ailə Məcəlləsində ayrı bir fəsil kimi qeyd edilib və övladlığa götürmə ilə bağlı bütün hüquqi proseslər orada öz əksini tapıb. Əgər uşaq anadan olduqdan sonra dərhal valideynlərinin razılığı ilə yaxın qohumlara və ya başqa şəxslərə övladlığa verilirsə, bu zaman proses Ailə Məcəlləsinin şərtlərinə uyğun olaraq rəsmiləşdirilməlidir. Ailə Məcəlləsinin şərtlərinə əsasən, uşaq yalnız məhkəmənin qərarı ilə övladlığa verilə bilər. Yəni uşağın kimə verilməsindən asılı olmayaraq, proses rəsmi qaydada həyata keçirilməlidir. Əgər iş hüquq və qanun çərçivəsində baş vermirsə, bu, övladlığa götürmə sayılmır. Bu, qeyri-qanuni haldır və məhkəmənin iştirakı ilə olmadığına görə də, gələcəkdə sizin qeyd etdiyiniz problemlərin, yəni uşağın geri istənilməsi, qaytarılması kimi hallar baş verir. Bunun səbəbi isə ortada hər hansı məhkəmə sənədinin olmamasıdır. Yəni uşağı verən və ya alan tərəf gələcəkdə problem yaradanda, ortada məhkəmə sənədinin olmamağını əsas kimi irəli sürür. Ona görə, bu kimi problemlərin yaşanmamağı üçün proses rəsmi şəkildə həyata keçirilməlidir. Bu zaman gələcəkdə yarana biləcək problemin də hüquqi müstəvidə həllinə nail olmaq olar”.
Sosioloq Əhməd Mansurov vurğuladı ki, övladlığa götürüldükdən sonra geri istənilmə və ya qaytarılma uşağın sosial, psixoloji vəziyyətində mənfi mənada dəyişikliyə səbəb olur: “Övladlığa uşaq götürmək istəyən şəxslər bəzən uşaq evlərindən, internatdan uşaq götürmək əvəzinə, qohumlarından uşaq götürməyi daha üstün tuturlar. Bu da etnik amillərlə, mental dəyərlərlə bağlı olur. Amma bunun da mənfi tərəfləri var. Belə ki, uşağı verənlər hansı ailəyə verdiklərini bilirlər, övladlarını tez-tez görürlər. Bu da istənilən halda valideynlərlə uşaq arasında duyğusal əlaqə yaradır. Hətta, bəzən sizin də qeyd etdiyiniz kimi, geri istəmə halları belə olur. Yəni valideyn yeni doğulmuş uşağını verir, amma zaman keçdikcə, uşaq böyüdükcə, valideyndə ona sevgi yaranır və övladını geri istəyir. Belə olanda halda isə ailələr arasında konfliktlər yaranır və çox təəssüf ki, bu vəziyyətdən ən çox uşaqlar əziyyət çəkir. Bu halda uşaq, həm onu götürən, həm də bioloji valideynlərindən soyuya bilər. Onları bu məsələdə günahlandıra bilər ki, həqiqəti nə üçün vaxtında deməyiblər. Beləcə, istər-istəməz uşaqda travma yaranır. Bu isə onun sosial, psixoloji vəziyyətində mənfi mənada dəyişikliyə səbəb olur. Həmin uşaqlarda insanlara qarşı inamsızlıq hissi oyanır. Çünki onun ən yaxınları ona yalan demiş sayılırlar. O düşünür ki, valideynlərim mənə yalan deyibsə, hamı yalan danışa bilər. Nəticə etibarilə uşaqda güvən problemi yaranır. Bu daha yeniyetməlik dövründə olan uşaqlara ciddi təsir edir”.
Həmsöhbətimiz qeyd etdi ki, bu proses rəsmi qaydada aparılmalı və sosial işçilərin nəzarəti altında həyata keçirilməlidir: “Əgər proses rəsmi şəkildə olsa, bu zaman məsələyə sosial işçilər nəzarət edir və yarana biləcək problem asanlıqla həll olur. Amma qohumlar arasında qeyri-qanuni yolla övladlığa vermə prosesi baş tutanda sosial işçilərin müdaxiləsi mümkün olmur. Həmin prosesdə iştirak edən uşağa da nə psixoloq, nə də sosial işçilər kömək edə bilmir”.
Psixoloq Nərgiz Süleymanlı qeyd etdi ki, ailədaxili övlad verilməsi halında bir müddət sonra uşaq qaytarılsa və qaytarılmasa da, 6 yaşdan etibarən gərçək anasının kim olduğu deyilməlidir: “Uşağın başa düşəcəyi bir dildə, ona, əsl anasının kim olduğu izah edilməlidir. Çünki bu həqiqəti 18 yaşında bilsə, məsələyə normal reaksiya verməyəcək. Düşünəcək ki, valideynləri onu aldadıb, yalan deyiblər. Amma 6 yaşından sonra uşaq psixoloqu ilə məsləhətləşərək, yaşına uyğun şəkildə ona həqiqətin deyilməsi ciddi problem yaratmaz. Lakin həqiqət uşağa deyilməyibsə və verən ailə uşağı geri alamaq, götürən ailə isə qaytarmaq istəyirsə, bu zaman uşaqda ciddi psixoloji təsirləri olacaq. Uşaq özünü atılmış, istənilməyən kimi hiss edəcək”.
Psixoloq həqiqətin deyilmə tərzinin də uşağa müəyyən təsirləri olduğunu bildirir: “Həqiqət deyildiyi zaman uşaq beynində aydınlaşdıra bilmədiyi sualların içində itəcək. Yəni bir müddət əvvələ qədər əmi, dayı bildiyinə ata, xala, bibi bildiyi şəxsə isə ana deməli olacaq. Bu da təbii ki, uşaqda müəyyən davranış pozğunluqları, depressiya ilə nəticələnə bilər. Bu hadisə uşaqda qalıcı problemlər də yarada bilər. Ona görə, lap həqiqəti deyəndə belə, “biz səni çox istəyirik, amma sənin valideynlərin başqasıdır, sən artıq onlarla yaşayacaqsan, onlar da səni çox istəyirlər” demək lazımdır. Yoxsa birbaşa olaraq “sən artıq bizimlə yaşamayacaqsan” və ya heç nə demədən uşağı uzun müddətdir yaşadığı ailədən ayırmaq, birbaşa olaraq onun psixoloji vəziyyətinə, şəxsiyyətinin formalaşmasına mənfi təsir edər. Ona görə, bu kimi situasiyalarda mütəxəssisə müraciət etmək, məsələni onun köməkliyi uşağa izah etmək lazımdır”.
Günel Azadə