Maldiv adalari

Turistləri ən çox cəlb edən məkanlar

Baxış sayı: 1. 805

Bizi əhatə edən təbiət möcüzələrlə zəngindir. Bəzən bu möcüzələr qarşısında insan heyrətə gəlir. Təbiətin möcüzələri turizm baxımından da böyük əhəmiyyətə malikdir. Belə ki, qeyri-adi landşaftlar, nadir bitki və heyvanat aləmi olan təbiət guşələri dünyanın müxtəlif ölkələrindənolan turistləri cəlb edir. Bu yaxınlarda “Budget Travel” turizm portalı dünyanın ən möcüzəli landşafta sahib olan təbiət guşələrininin reytinqini hazırlayıblar. Reytinqə Beliz mərcanları, Ölü dəniz, Everqleyds Milli Parkı, Maldiv adaları kimi nadir təbiət inciləri daxil edilib. İndi isə bir qədər ətraflı.

 

Beliz mərcanları

Beliz mərcanları ölkə sahilləri boyu 280 kilometr məsafədə uzanan “təbii divar”dan ibarətdir. Bu divar sahildən 13-24 kilometr aralıda yerləşir. Beliz mərcanları Atlantik okeanda ən böyük, dünyada isə Avstraliya sularında yerləşən Böyük mərcanlardan sonra ikinci ən iri mərcan sistemi olan Messoamerika mərcanları silsiləsinə daxildir. Beliz mərcanları ölkənin başlıca turizm obyektidir. İl ərzində onu seyr etmək üçün 130 min turist Belizə gəlir. Mərcanların yerləşdiyi sularda qış aylarında23-25, yay aylarında 25-28 dərəcə olur. Belizin sahil boyu ekoloji sistemi 1996-cı ildən etibarən “YUNESKO-nun Ümumdünya İrsi” siyahısına daxildir. Belə ki, bu ərazidə 70 növ sərt, 36 növ yumşaq mərcanlar, 500 növ balıq, yüzlərlə növ onurğasızlar, həmçinin tısbağa və timsahların nadir növləri mövcuddur.

 

Ölü dəniz

Bu dəniz dünyanın ən nadir təbiət fenomenlərindən biridir. Bu ərazi rəsmən tanınmış azsaylı təbii müalicə mərkəzlərindən hesab olunur. Avropa ölkələri öz vətəndaşlarını Ölü dəniz sahillərinə göndərərkən onlara pulsuz tibbi sığorta xidməti göstərirlər. Hələ qədim zamanlardan bəri mənəvi və fiziki rahatlıq tapmaq istəyənlər bu yerlərə gəlirdilər. Onlar cəmi bir gün ərzində Yerusəlim və Ölü dəniz arasındaki məsafəni qət edirdilər. Bu ərazilər həm də dini baxımından xüsusi əhəmiyyətə malikdir. Belə ki, 2000 il əvvəl İsa peyğəmbərin müqəddəs su ilə yuyulması mərasimi məhz burada – İordan çayının mənsəbində baş verib. Ölü dəniz ərazisində atmosfer təzyiqi yer kürəsinin bütün digər əazisi ilə müqayisədə ən yüksəkdir. Havanın tərkibində oksigenin 15 %  daha artıq olması öz-özlüyündə təbii barokamera effekti yaradır. Havada mineral aerozolların nəticəsində günəşin ultrabənövşəyi şuaları insana mənfi təsir göstərmir. Havanın və suyun temperaturu  ilin on ayı ərzində optimal səviyyədə olur. Ölü dənizin suyunda müxtəlif minerallar, duzlar və mikroelementlər o qədər zəngindir ki, dənizin suyu digər su hövzələri ilə müqayisədə daha qatıdır. Ölü dəniz ərazisi qoruq zonası hesab olunur.

 

Everqleyds Milli Parkı

ABŞ-ın Florida ştatında yerləşən Everqleyds Milli Parkının yaradılması haqqında qanun 1934-cü ildə qəbul edilsə də, parkın açılışı yalnız 1947-ci ildə baş tutub. Hazırda park il boyu turistlər üçün açıqdır. Dekabr-aprel ayları ərzində parka gələnlərin sayı xeyli artır. Burada turistlərə piyada gəzinti, kanoe, qayıq kimi su nəqliyyatlar növləri də səyahət təklif olunur. Səyahət zamanı insanı gözü qarşısında əsl təbiət möcuzələri canlanır. Parkın bitki və heyvanat rəngarəngliyi görənləri heyrətə gətirir. Everqleyds Milli Parkında təkcə səhləb çiçəyinin 25 növü mövcuddur. Bunula yanaşı, parkda 120 növ nadir ağaca, 36 növ nəsli kəsilməkdə olan heyvana, 300 quş növünə rast gəlmək olar.

Everqleyds Milli Parkı 1976-cı ildə rəsmən Beynəlxalq Biosfer Qoruğu kimi tanınıb. Bu, həmçinin “YUNESKO-nun Ümumdünya İrsi” siyahısına daxildir. 1978-ci ildə parkın böyük hissəsi vəhşi təbiət ərazisi elan olunub.

 

Madaqaskar

Dünyanın dördüncü ən iri adası olan Madaqaskar hələ 165 milyon il əvvəl Afrika qitəsindən ayrılıb. Qurunun bu hissəsinin materikdən ayrılaraq uzun illər ərzində təcrid olunmuş şəkildə qalması adada unikal təbii landşaftın formalaşmasına gətirib çıxarıb. 1609 km məsafədə uzanan ada unikal bioloji rəngarəngliyi ilə seçilir. Burada olan bəzi bitkilər və heyvanlara dünyanın digər yerlərində rast gəlmək mümkün deyil. Təkcə minə yaxın bitki növü yalnız Madaqaskarda bitir. Elmə məlum olan buqələmun növlərinin də yarısı yalnız bu adada yaşayır. Adanın Qərbində Tsinjidyu-Bemaraxa qoruğu yerləşir. O 155 kvadrat kilometr əraziyə malik qoruq Madaqaskar təbiətinin gözü sayılır. Qoruqdan Cənubda Morondava adlı ərazi yerləşir ki, burada ilin dörd fəsli yağışlar yağır. Morondava burada bitən 6 növ baobab ağacları ilə məşhurdur. Berenti qoruğu bu da Madaqaskarın cənub hissəsində yerləşir. Pişiksayağı lemurlar məhz bu qoruğun ərazisində yaşayır. Adanın şimal hissəsində isə Montan d’Ambr Milli parkı fəaliyyət göstərir.

 

Şimal və Cənub qütbləri

Planetimizin ən soyuq hissələri hesab olunan Şimal və Cənub qütbləri unikal heyvanat aləminə malikdir. Burada yaşayan pinqvinlər, ağ ayılar bir çoxlarının, xüsusilə uşaqların sevimlisidir. Hazırda pinqvinlərin ölçülərinə görə ən böyük növü olan imperator pinqvinləri yox olmaq təhlükəsilə üz-üzədir. “Procededing of the National Academy of Sciences” jurnalı ekspertlərinin gəldiyi qənaətə görə, bu əsrin sonunadək imperator pinqvinlərinin populyasiyası 95 faizədək azala bilər. Buna səbəb isə bu, pinqvinlərin yaşadığı Antraktida buzlaqlarının əriməsidir.

Ağ ayıların həyatı da təhlükə altındadır. Belə ki, buzlaqların əriməsi burada mövcud olan heyvanat aləminin rəngarəngliyinə də təsir edərək ağ ayıların qida ehtiyatını azaldır.

 

Maldiv adaları

Hind okeanında yerləşən bu adalar əsl turizm cənnətidir. Bu adalar dəniz səviyyəsindən cəmi 2 metr hündürlükdə yerləşir. Maldiv adaları az qala sonsuz çimərliklər və tropik mərcanlar silsiləsiylə məşhurdur. Lakin ada-dövləti ciddi fəlakətlə üzləşə bilər. Belə ki, qlobal istiləşmə nəticəsində buzlaqların əriməsi, okean suyunun səviyyəsinin artmasına, bu isə, öz növbəsində, adaların su altında qalmasına səbəb ola bilər. Birləşmiş Millətlər Təşkilatının Iqlim Dəyişiklikləri Məsələləri üzrə Komissiyasının proqnozuna görə, əsrin sonlarına doğru dünya okeanının səviyyəsi  58 sm artacaq. 1092 Maldiv adasından əksəriyyəti su altında qalacaq. Dövlətin 369 min  vətəndaşının xeyli hissəsi ev-eşiksiz qalacaq.

 

 

Təqdim etdi: MƏTİN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir