AILE

Böyük problemə çevrilən “cırtdan ailə”…

Baxış sayı: 1. 033

Ailələrin tək uşaq problemi barədə çox yox, cəmi 10 il qabaq danışan olsaydı, coxumuza gülməli görünərdi. Çünki əksəriyyətimiz ən az 3 uşağı olan ailədə böyümüşük. Aramızda 9-10 uşaqlı ailənin övladı olanlar da çoxdur. İllər və zaman dəyişdiyi bir çox şeylə bərabər ailələrin çoxövladlılıq məsələsini də dəyişdi. İndi 3 uşağı olan ailəyə “qəhrəman ailə” kimi baxırlar, 3-cü övladını doğan qadına möcüzə görmüş kimi zillənən baxışlar, 3-4 övladı ilə parka gəzintiyə çıxan ataya dikilən təəccüb dolu gözlər  müasir ailə modelində ən çox 2 uşağa yer verildiyini bir daha təsdiqləyir.

Qeyd edək ki, tək övladı olan ailələr tibbi elmdə “cırtdan ailə” adlandırılır. Bu problem son 2-3 ilin ən ciddi sosail problemlərindən biri hesab edilir. “Cırtdan ailə”lər adətən bir tək oğlan uşağı ilə kifayətlənir, Avropa ölkələrində bu bir qız övladı ilə də əvəzlənə bilir. Müsəlman toplumlarında qız övlad nəsil davamçısı hesab edilmədiyindən mütləq oğlan övlada sahib olmaq istəyən valideynlər könüllü olmasa da, “cırtdan ailə” modelini böyütməyə qərar verirlər. Bəzən isə bunu istəməyən ailələr birinci abortun təhlükəli olduğunu nəzərə almadan USM-də qız övladının olduğunu gördükdən sonra aborta əl atır. Məqsəd sadədir: “Bir uşaq olsun, oğlan olsun, nəsil davam etsin”.

Tək uşaqların ailədə “gözümçıxdıya” salınması, həddindən artıq qorunması, hər addımının izlənməsi, valideynlərin daim “iynə üstə oturması”na səbəb olur. Bu cür ailələrdə böyüyən uşaqlar özünü heç vaxt mənəvi azad hiss edə bilmir.  Buna görə də cəmiyyətdə bu cür ailələrdə böyüyən uşaqları “ana uşağı” kimi xarakterizə edirlər. IV çağırış Milli Məclisin deputatı Musa Quliyev deyir ki, “cırtan ailə” problemi bizim cəmiyyəti hədələmir: “ Cırtdan ailə anlayışı Azərbaycanda yalnız yaxın 20 ildə özünü göstərə bilər. Hazırkı dövrdə bizim ailələrdə orta göstərici şəhər yerlərində 2-3, rayon və kəndlərdə 3-5 uşaqdır. Tək uşaqla kifayətlənən ailələr adətən sağlamlıq problemi ilə üzləşdikləri üçün belə olur”.

Azərbaycanda sosial problemlərə görə tək uşaqla kifayətlənən ailələr barədə sualımıza müsahibimiz eyir ki, Azərbaycanda sosial problemlərə görə, ailələrdə uşaq sayı məhdudlaşdırılmır: “Bu doğru deyil. Azərbaycan öz klassik ailə modelini qoruyur və daha çox uşağa üstünlük verir. Ona görə də “cırtdan ailə” təhlükəsi yaxın 20 ildə bizdən uzaq olacaq. Azərbaycanda bu gün ən ciddi təhlükə selektiv abort və boşanmalardır”. Boşanmalara görə narahat olduğunu qeyd edən müsahibimiz bildirir ki, gələcəkdə övladını tək böyüdən, yalnız ana və övladdan ibarət olan ailələrin sayı arta bilər.

aile

Psixologiya və Konsultasiya Mərkəzinin uşaq psixoloqu Ülkər Sadıqova deyir ki, ailədə tək böyüyən uşaqların qorxu hissiyatı güclü olur. O ünsiyyətdən, münasibətdən qorxur: “Bu cür uşaqlar  nisbətən aqressiv və eqoist olurlar, paylaşmağı sevmirlər. Çünki ailədə həmişə hər şey ona alınıb. Cəmiyyət içinə çıxanda əlində olanları, onun olanları paylaşmağı sevmir. Bu cür uşaqlar valideynin nəvazişini də bölüşməyi sevmir. Amma bu dediklərim bütün tək uşaqlı ailələrdə böyüyən uşaqlara aid deyil. Hər şey ailədən asılırdır. Elə valideynlər var ki, övladını tək olmasına baxmayaraq, qələbəlik bir mühitdə böyüdür, get-gəl, qonaq-qara, münasibət güclü olur. Ailələr tanıyıram ki, tək övladı var, amma kifayət qədər normal uşaq böyüdüb”.

Psixoloq bildirdi ki, bəzən ailələr sosial səbəbləri, problemləri əsas gətirərək bir uşaqla kifayətlənirlər: “Valideynlər deyir ki, bir olsun, amma yaxşı olsun, bütün imkanları olsun. Həm daha yaxşı təhsil alsın, həm ehtiytaclarını daha yaxşı təmin edək, qidalanması, geyimi keyfiyyətli olsun. Bu tamamilə yanlış fikirdir, hər şeyi bir kənara qoyaq, hər uşağın ruzisini Tanrı verir. Mənim fikrimcə, “cırtdan ailə” modeli erkən nikahların yaratdığı problemdir. Çünki cavan valideynlər daha çox özlərini düşünürlər, qadınlar karyeralarını qurmaq, işlərində yüksəlmək istəyirlər, onlar uşaq böyütməyin çətinliklərinə qatlanmaq, körpəyə baxmaq üçün evdə oturmaq istəmirlər. Bəzən də doğuşa hazır olmurlar, ilk doğuş ağır keçir, ana qorxub stress keçirir və bir daha doğmaq istəmir”.

Musa Quliyev kimi Ülkər Sadıqova da sosial problemlərin sadəcə bəhanə olduğunu deyir: “Olduqca çox valideyn tanıyıram, maddi vəziyyəti kifayət qədər yaxşıdır, 3-4 övlada baxa biləcək, oxudacaq, gələcəyini təmin edəcək maddi vəziyyəti var, amma tək uşaqla kifayətlənir. Bu cür ailələrdə bəzən doğuş stressi də ikinci uşağı istəməməyə səbəb olur, çox yaxından tanıdığım bir ailədə belə bir problem olmuşdu.  Qadın ilk doğuşda o qədər güclü stress keçirib ki, indi ikinci dəfə ana olmaq istəmir, ona görə ailədə yalnız qız uşağı böyüyür”. Başqa bir müsahibimiz-pedaqoq Qənirə Məmmədova da təxminən, eyni fikirdədir: “Ailələrdə tək uşaq böyüyrsə, bu, bir az da aqressiv, xudbin uşaq böyütmək deməkdir. Çünki tək uşağı olan ailələr uşağa çox düşkün olur, ağlayan uşağı susdurmaq üçün istədiyi hər şeyi edirlər və beləcə istəkdikləri hər şeyi əldə etməyə öyrəşirlər, bu onların gələcək həyatında da müşahidə edilir, tək uşaqlar uğursuzluğa, kasıblığa, “yox” kəlməsinə qarşı dözümsüz olurlar. Səbəbi də ailələrində tək böyümələridir ki, bunu da ailənin “cırtdan” olması ilə əlaqələndirmək lazımdır”.

Pedaqoqun sözlərinə görə, iş həyatı boyunca bunun dəfələrlə şahidi olub: “Bəzən elə uşaqlarla işləməli oluruq ki, istədiyi hər şeyin həmin saniyə reallaşmasını tələb edir, əks təqdirdə özünü döyür, saçını yolur, qışqırır, anasını tələb edir. Ailədə tək böyüməsi onun ərköyün böyüməsinə, hər istədiyini əldə etməsinə səbəb olub. O özünü kiçik ailənin böyük hökmlüsü kimi hiss edib, valideynləri tək uşaqla kifayətləndikləri üçün onun hər istədiyini yerinə yetirərək “çırtdan ailə”ni “problem ailə” vəziyyətinə gətirib”. Sosioloq-alim Əhməd Qəşəmoğlu ilə söhbətimiz zamanı bildirdi ki, “cırtdan ailə” problemi son dərəcədə aktual və müzakirə edilməyə ehtiyacı olan bir mövzudur: “Bu məsələ təhlükəlidir, ailələrin “çırtdanlaşması” problemi gözləniləndir, dünyada artan problemdir. Amma bildirim ki, hələ ki, bu proses kütləvi şəkil almayıb. Biz hazırda ailələrimizdə adətən 2 uşağın olduğunu müşahidə edirik. Düzdür, iki uşağın özü də problemli olur, bir-biri ilə yola getmirlər, tək uşaqlar isə çox eqoist olurlar, evdə ona uyğun mühit olmur, ən yaxşı halda dostları nənə-baba olur, amma mən çoxuşaqlılığın tərəfdarıyam”.

Müsahibimiz deyir ki, bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xüsusi təklif hazırlayıb təqdim edib. Əhməd Qəşəmoğlu bildirir ki, Azərbaycanda ideal ailə modelini 3 uşaqlı təsəvvür edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir