“Tənəffüs yolları xəstəliklərini törədən virusların soyuğa davamlılığı ilə bağlı olaraq payız fəslində onların yayılma ehtimalı artır. Bu baxımdan da kəskin respirator virus infeksiyalarının bu dövrdə yayılma ehtimalı çox olur”.
Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirir ki, bundan təşvişə düşmək yerinə orqanizmin möhkəmləndirilməsi lazımdır: “Yuxarı tənəffüs yollarının xəstəliyinə səbəb olan respirator virus infeksiyaları soyuq havaya davamlı olur. Həmin viruslar isti temperaturda tez tələf olursa, soyuq havada illərlə qala bilir. Qidalanmağa, mövsümə uyğun paltarlar geyinməyə diqqət etmək lazımdır. Açıq havada çox olmaq vacibdir. Bədənin müqavimət gücü artırılarsa, xəstəliyə yoluxsaq da onu yüngül keçirəcəyik”.
Həkim deyir ki, tənəffüs yolları xəstəliklərini törədən virusların sayı çoxdur. Soyuq fəsillərdə insanların özlərinə diqqət etmədiklərini, qrip və bu qəbildən olan xəstəliklərə adi baxdıqlarını vurğulayan C.İsayev kifayət qədər ciddi xəstəliklər olduğunu və yoluxduqda vaxtında həkimə mürciət olunmasının vacibliyini qeyd edib: “ Tənəffüs yollarının xəstəliklərini həkimsiz müalicə etmək olmaz. Hər kəs özünü müalicə etməməlidir. Bu xəstəlikləri yaradan infeksiyaların qarşısının alınması üçün dövlət səviyyəsində tədbir görülsə də, evdə insanlar tədbir görmürlər. Uşaq xəstədirsə, dərsə getməməlidir. Amma o uşaqları geyindirib ya bağçaya, ya da məktəbə göndəririk. O uşağın bir dəfə bağçada olması digər uşaqların yoluxmasına səbəb olur”.