usaq

Azərbaycanda 22 uşaq sifilisə necə yoluxdu? – VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Baxış sayı: 1. 114

2018-ci ildə ölkə üzrə sifilis diaqnozu ilə ilk dəfə qeydə alınan xəstələrin sayı 981 nəfər (682 nəfəri kişi, 299 nəfəri qadın) olub. Onlar arasında 0-13 yaş qrupu üzrə 15-i kişi, 5-i qadın olmaqla 20 nəfər olub. 14-17 yaş qrupları üzrə isə iki qadında bu xəstəlik qeydə alınıb.

Mövzu ilə əlaqədar sualları cavablayan həkim-dermatoveneroloq Sabit Məmmədov bildirir ki, 0-13 yaş qrupu üzrə sözügedən xəstəlik aşkar olunursa, bu daha çox anadangəlmə baş verir:

“Xəstəlik ilk 3 il ərzində aşkar edilərsə, buna erkən anadangəlmə sifilis, 13 yaşa qədər isə müəyyən olunarsa, buna gecikmiş anadangəlmə sifilis deyilir. Son vaxtlar xəstəliyin gizli formaları artmaqdadır. Bu o deməkdir ki, xəstəliyə 13 yaşa qədər ana bətnində yoluxulsa da, insan sağlam görünür. Belə ki, sifilis əlamətləri hiss edilmir və xəstəlik təsadüfi olaraq aşkara çıxır. Məsələn, hansısa xəstəlikdən müayinə zamanı və s.

Bundan başqa 12-13 yaşında şəxslər cinsi əlaqə zamanı da sifilisə yoluxa bilərlər, bunu istisna etmirəm. Ancaq həddi-büluğ dövrü əsasən 13-dən sonra başlayır. 14 yaşdan yuxarı isə bu xəstəlik aşkar edilirsə, bunun səbəbinin cinsi yolla bağlıdır.

Həmçinin hazırda yeniyetmələr arasında cinsi fəaliyyət dövrü daha tez başlayır və bu cür xəstəliyə yoluxma halları ilə tez-tez qarşılaşmasaq da, ola bilir”.

Həkim-dermatoveneroloq deyir ki, sifilis daha çox cinsi yolla keçsə də, məişət yolu ilə də xəstəlik yayıla bilər:

“Məişət yolu ilə əl verib görüşməklə, ananın körpəsinə süd verməsi ilə, birgə otaqda işləməklə, eyni stəkandan, qabaqdan istifadə etməklə, öpüşməklə və s. keçə bilər. Ancaq qeyd edim ki, bu yol ilə yayılan sifilis nəzəri cəhətdən mümkündür. Praktikada isə ancaq cinsi yolla, nadir hallarda isə qanköçürmə zamanı sifilis xəstəliyinin keçməsi halları ilə qarşılaşırıq”.

S.Məmmədov xəstəliyin ilkin əlamətlərindən də söz açıb:

“Sifilisin göstəriciləri əsasən dəridə, cinsiyyət orqanlarında və ətraflarında olur. Belə ki, bədəndə müxtəlif ölçü və formalarda yaralar, səpkilər yaranır. Eləcə də sözügedən xəstəlik saç tökülməsinə də səbəb olur.

Onu da deyim ki, sifilis xəstəliyinin hazırda tam sağalması mümkündür. Düzgün müalicədən sonra orqanizm sifilis törədicidən tam sağala bilər. Bundan sonra isə xəstənin bununla bağlı gələcəkdə heç bir problemləri yaranmır və həyatına davam edir”.

Əlavə edək ki, ötən il sifilis dioqnozu qoyulan 255 nəfər (187 nəfəri kişi, 68 nəfəri qadın) 18-29 yaş aralığındadır. 30 və yuxarı yaş qrupları üzrə qeydə alınan 704 nəfərdən isə 480-i kişilər, 224-ü qadınlardır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir