komputer-telefon

Ana bətnində telefonla yazışan nəsil – NECƏ QORUYAQ?

Baxış sayı: 1. 276

“İndiki uşaqlar interneti, kompüterdə işləməyi ana bətnində öyrənirlər”. Bu sözləri yarızarafat-yarıgerçək hamımız zaman-zaman deyirik. Çünki müasir uşaqların telefon, planşet, kompüterdən istifadəsi, onun bütün sirlərini sürətli şəkildə çözmələri sanki doğuşdan gələn bir istedaddır. Böyüklərin çətinliklə öyrəndiyi texnoloji sirləri balacalar bir göz qırpımında həll edirlər.

Bəzən valideynlərin qürurla danışdığı, uşaqların telefondan istifadə ilə bağlı öyünərək bəhs etdiyi məqamların gələcəkdə ciddi fəsadları ola bilər. Bununla bağlı aparılan araşdırmalar ortaya ilginc nəticələr çıxarır.

 

Bizdə uşaqların internet asılılığı araşdırılacaq… bir az gec olmadımı?

Hələ 2017-ci ildə xəbər verilmişdi ki, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu uşaqlar və gənc nəsil arasında internet asılılığının fərdi-psixoloji aspektlərinin elmi tədqiqatına və psixometrik təhlilinə həyata keçirir. Belə ki, bu məqsədlər üçün profilaktiki metodlar və psixoloji vəziyyətin qiymətləndirilməsi proqramları mövcuddur. İnternet asılılığını müəyyən mənada tütündən asılılıq, narkomaniya, alkoqolizm və s. kimi ziyanlı vərdişlərə aid etmək və müvafiq “müalicə” metodları müəyyən etmək olar.

Ümumən internetdə nə qədər vaxt keçirmək olar, bunun nə kimi fəsadları ola bilər kimi məsələlərlə əlaqədar ilkin məsləhətləşmələr keçirmək yolu ilə profilaktik metodlar da mövcuddur. Günümüzdə internet asılılığı geniş miqyas alıb. İnsanlar müəyyən mənada virtual reallıqda yaşamağa başlayıblar. Bu isə fiziki və psixoloji pozuntulara gətirib çıxara bilər. Bu gün bir çox ölkə bu problemin tədqiqatı ilə məşğuldur.

 

Uşaq internetdən asılıdırsa, ona qarşı həssas olmaq lazımdır

Azərbaycanın internet provayderləri yeniyetmələrin internetin mənfi təsirindən müdafiəsini təkbaşına təmin etmək iqtidarında deyil. İnformasiya Problemlərinin Araşdırma Mərkəzinin direktoru Yaşar Hacıyev də mediaya açıqlamasında deyib ki, bu problemin araşdırılmasına müəyyən qəyyum şuraları, məktəblərin nəzdində fəaliyyət göstərən müvafiq komitələr və digər təşkilatlar cəlb olunmalıdır: “İlk növbədə psixoloji aspektlər ön plana çıxır. İnternet asılılığı olan uşaqlar var ki, onlara daha həssas yanaşmaq lazımdır. Bu çox ciddi problemdir və hələ də öz cavabını tapmayıb. Bu, elə bir problemdir ki, internet provayderlər çətin ki, təkbaşına bunun öhdəsindən gəlsin. Cəmiyyət də bu amilin mövcudluğundan narahat olmalıdır”.

 

“Valideynlər uşaqlarını media asılılığına itələyir”

Türkiyəli mütəxəssis, dr. Esra Cizməçi sözügedən problemdə valideynlərin güman edildiyi qədər məsum olmadığını bildirir. Onun sözlərinə görə, əslındə uşaqlar və gənclər ailələri ilə vaxt keçirmək üçün səssiz bir qışqırıq içərisindədir. Ancaq günün yorğunluğunu sosial media kimi mühitlərdə çıxarmağa, ya da internetdə gəzişərək dincəlməyə üstünlük verən valideynlər uşaqları ilə məşğul olmaq istəmirlər.

Özləri internetdən istifadə etmələri ilə övladlarına pis nümunə olan valideynlər uşaqlarını media asılılığına itələyir. Uşaqlar bunu görür və “valideynlər bizləri internet asılılığında ittiham edir, özlərinin isə əllərindən telefon, planşet düşmür”, deyə parentsonphone etiketi ilə bu vəziyyəti tam nümayiş edən fotolar paylaşırlar.

Həmin fotoların altından isə “kimsə mənimlə maraqlanmır, darıxıram” kimi ifadələr işlədilir. Bu da, onun başına gələ biləcək təhlükələrin ilk siqnalı ola bilər.

Mütəxəssis hesab edir ki, əslində bunun əksi baş verməlidir. Axşam ailə üzvlərinin birlikdə faydalı tədbirlər görməsi, maraqlı söhbətlər etməsi böyük əhəmiyyət daşıyır. Bu tədbirləri görəndə isə media texnologiyalarından uzaq durmaq lazımdır.

çocuklar internet ile ilgili görsel sonucu

Uşaqlar öz yaşıdları olan blogerlərə baxırlar

Hazırda Youtube platforması azyaşlı uşaqların əsas platformalarından biridir. 5, 6 və 7 yaşlı “YouTube” blogerləri çəkdikləri videolarla gündəmdədir. Aparılan araşdırmalar göstərib ki, uşaqlar da internetdə daha çox öz yaşıdları olan blogerlərin çəkdiyi videolara baxırlar. Psixoloqlar isə iddia edir ki, slaym və leqo-düzəltmə videolarına baxmaq o qədər də ziyanlı deyil. Amma bu videolara baxmaqla uşaqlar daha rahat həyat tərzinə, hər şeyə tez bir zamanda hazır şəkildə nail olmağa alışırlar. Bununla da uşaqlar tənbəlləşir.

5 yaşlı uşağın internetdən asılı olması dözülməz bir haldır. İnternetdən istifadənin 25-30 faiz müsbət tərəfi olsa da, 70-80 faiz ziyanlıdır. Hesab edirəm ki, hər kəs sağlamlığını nəzərə almalıdır. Xüsusən də analar diqqətli olmalıdır. Uşaqların internetdən asılılığının hansısa yollarla qarşısını almağa çalışmalıdırlar. Ən narahatedici məqam isə 5-8 yaşlı uşaqların internet asılılığıdır. Bu problem nəzarətə götürülməli və valideynlər həmin yaşda olan uşaqların internetdən istifadəsinə icazə verməməlidir. 9-10 yaşından sonra internetdən, sosial şəbəkələrdən və digər vasitələrdən istifadə etməklə dünyanı kəşf etmək, bir çox sahələrdə aid məlumatları əldə etmək olar. Əlbəttə ki, bu da vaxt limiti ilə həyata keçirilməlidir. Çünki günün bütün saatlarında internetdən asılı olmaq ziyanlıdır.

çocuklar internet ile ilgili görsel sonucu

Bugünkü internet asılısı olan uşağı 20-30 il sonra nə gözləyir?

Psixoloqların gəldiyi nəticəyə görə, uşaqlar videolara baxarkən valideynlər çox rahat olurlar, halbuki valideynlər o videolara baxıb öz uşaqları ilə həmin oyunları oynaya bilər. Çünki uşağın bütün günü “YouTube”da müxtəlif blogerlərin oyun videolarına baxması ana və övlad münasibətinin korlanmasına, emosional əlaqənin pozulmasına gətirib çıxarır. Hazırda uşaqlarda tənbəlləşmə, cılızlaşma və passivləşmə prosesi gedir.

Bəzən valideynlər uşaqlarının öz yaşıdları olan blogerlərin videolarına baxması ilə öyünsə də, bəzi həqiqətləri anlaya bilmir. Belə ki, bu videolarda yalnız blogerlər qazanır, öz uşaqları isə ziyan görür. Əslində canlı şəkildə oyunların oynanılması uşaqlarda göz koordinasiyasının da inkişafını artırar.

Təəssüflər olsun ki, indiki uşaqlar getdikcə tənbəlləşir. Hətta öz yaşlarına uyğun oyunları oynamağa belə tənbəllik edən uşaqlar var. Yalnız telefonda bu oyunlara baxmaq istəyirlər. 20 və ya 30 ildən sonra indiki uşaqları nələrin gözlədiyini düşünmək belə vahiməlidir. Hazırda uşaqlarda tənbəlləşmə, cılızlaşma və passivlik prosesi gedir. Çox vaxt valideynlər uşaqlarda problem olduqdan sonra psixoloqa müraciət edirlər. Halbuki uşaqlara daha çox diqqət ayırsalar, övladları da blogerlərin ovuna çevrilməz.

çocuklar internet ile ilgili görsel sonucu

Kompüter əvəzinə faydalı kurslar

Psixoloqların apardığı araşdırmaya görə, bəzi valideynlər uşaqları konsultasiyalara gətirəndə kompüteri, telefonu onların əlindən ala bilmədiklərindən şikayətlənirlər. Məlum olur ki, bu zaman uşaqlar aqressiv olur, sındırır, dağıdır və s. Narkotikdən, spirtli içkidən olduğu kimi, kompüter oyunlarından, internetdən da asılılıq yaranması mümkündür. Çox yaxşı olar ki, bu vəziyyətdə uşaqları mütəxəssislərə, psixoterapevtlərə, klinik psixoloqlara göstərsinlər. Valideynlərin də uşaqlar üçün nəzərdə tutulmuş psixoloji təlimlərdə iştirak etməsi yaxşı olardı. Qoy uşaqla münasibətin qurulması formasından xəbərləri olsun.

Çalışmaq lazımdır ki, uşaq asudə vaxtını daha xeyirli, faydalı işlərə sərf etsin. Şahmat oynamaq, xarici dil kursları, dərnəklər, rəqs, üzgüçülük bu cəhətdən çox faydalıdır. Bundan başqa, maraqlı hobbilər tapmaq olar: uşaqda bitkilərə, heyvanlara qarşı sevgi aşılamaq lazımdır.

çocuklar internet ile ilgili görsel sonucu

Valideyn hara müraciət edə bilər?

Bəs övladlarımızı bu cür oyunlardan necə qoruyaq? İlk növbədə, uşaqlara valideynlər nəzarət etməlidir. Valideynlər bu prosesdə uşaqların dostu kimi iştirak etməlidirlər ki, onları internetdəki zərərli oyunlardan qoruya bilsinlər. Bu kimi zərərli informasiyalar, oyunlar uşaq psixologiyasına pis təsir edir.

İnternetdən istifadə zamanı aqressivlik yaradan oyunların uşaqların qarşısına çıxmasının qarşısını almaq mümkündür. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyəti var ki, bu cür resursları bağlasın. Nazirlik Azərbaycan qanunvericiliyinə zidd olan resursları ya özü bağlamalı, ya da məhkəməyə müraciət etməlidir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsələyə bu cür aydınlıq gətirib: “İnternet təhlükəsizliyi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tapşırığına uyğun olaraq, həm ”Aztelekom” MMC, həm də “Bakı Telefon Rabitəsi” MMC internet istifadəçilərini internet təhlükələrindən qorumaq üçün abunəçilərinə “Təhlükəsiz internet” xidməti təqdim edir. Bu filtrasiya xidməti vasitəsilə bütün yaş kateqoriyasına aid istifadəçilər təhlükəli məzmunlardan qoruna bilərlər.

Bu məsələdə valideynlərin üzərinə düşən əsas məsuliyyət isə uşaqların internetə sərbəst şəkildə baxmasına icazə verməmələridir. Burada mütləq şəkildə nəzarət vacibdir. Bundan başqa, bəzi saytlara, ümumiyyətlə, kod qoyulmalıdır. Uşaqların internetdən istifadəsinə saatla icazə verilməlidir. Çox erkən yaşda, yəni 3 yaşa qədər olan uşaqlara 20-25 dəqiqə, məktəbəqədər və məktəbli yaş dövrü üçün isə 40-45 dəqiqə arasında dəyişə bilər.

Sonda… Uşağın müasir texnoloji vasitələrə yiyələnməsi ilə fəxr edə bilərik. Onun hamı ilə ayaqlaşması üçün bu vasitələrdən istifadəsinə də nəzarət etmək mümkündür. Amma mütəxəssislər və aparılan araşdırmalar göstərir ki, bunun mütləq bir limiti olmalıdır. Əks halda, aqressiv, ünsiyyətdən qaçan və kompleksli bir nəslin yetişməsinə şərait yaradacağıq.

 

Sevinc TELMANQIZI,

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir