nazrin

Almaniyada təhsil alan həmyerlimiz: “Burda mənə ən çox qəribə gələn…” – “TƏLƏBƏ BİLETİ”

Baxış sayı: 2. 630

“Gencaile.az” saytının “Tələbə bileti” rubrikasının budəfəki qonağı Almaniyanın  Kassel universitetində iqtisadi davranış və idarəetmə (Economic Behaviour and Governance) üzrə magistr təhsili alan Nəzrin Məmmədzadədir.

 

– Xaricdə təhsil almaq istəyən azərbaycanlılar adətən ya məsafə, ya da adət-ənənə baxımından ölkəmizə uyğun dövlətləri seçdiyi halda,  siz  Almaniyanı seçmisiniz. Niyə məhz  Almaniya?

Mən hələ orta məktəbdə oxuyarkən, valideynlərimə xaricdə yaşayıb, təhsilimi orada davam etdirəcəyimi söyləyərdim. Əlbəttə ki, mənim bu sözlərim həmişə gülüşlə qarşılanardı. Təhsil üçün məhz yaxın ölkələr deyil, xeyalımda hər zaman ABŞ və ya Avropa ölkələrində ön sırada dayanırdı. Vaxt gəldi Azərbaycan Dövlət İqtisad Üniversiteti, maliyyə və mühasibat fakültəsinə qəbul oldum. Amma xaricdə təhsil almaq istəyi bir an belə məni tərk etmirdi. Qəti qərarımı verib sənədlərimi seçdiyim Almaniya universitetlərinə göndərdim və qəbul aldım. Əlbəttə ki, valideynlərimin bu yolda mənə çox böyük dəstəyi oldu.

 

– Maraqlıdır, Almaniyaya  yollanmazdan öncə hansı təəssüratlarınız var idi və orda olduğunuz müddətdə bu ölkə sizdə hansı fikirləri formalaşdırdı?

– Əlbəttə ki, gedəcəyim ölkə haqqında məlumatlar toplayıb, universitetim barədə geniş araşdırmalar aparmışdım. Almanların, ümumiyyətlə avropalıların mədəniyyətini öyrənmək mənim üçün böyük maraq kəsb edirdi. Getməzdən öncəki təəssüratlarım çox böyük idi. Özümü artıq “soyuqqanlı millət ” sözünə öyrəşdirmişdim. İlk gəldiyim gün mənə heç də qərib bir yer kimi gəlmədi, yəqin ki çox araşdırma aparıb, bu ölkənin fanatı olduğumdan irəli gəlirdi. İlk gəldiyimdə almanların bu qədər dəqiq ola bilməsi məni çox təəccübləndirmişdi, hər nə qədər onlar haqqında belə fikirlər eşitsən belə gözlə görmək ayrıdır.

 

– Fərqli ölkə və təhsil mühiti gördükdən sonra Azərbaycan təhsil sistemində nəyin dəyişməsini arzulayırsınız?

– Çox arzulayardım ki, bir gün Azərbaycanda da Almaniyada təhsil sistemi kimi bir təhsilin olmasını. Bizdən tamamilə fərqli olan sistemləri, professorla tələbə arasında dostcasına ünsiyyət, tələbələrə verilən sərbəstlik və bu sərbəstlikdən onların süni istifadə etməməsi. Məndə təəccüb doğuran, burada davamiyyətin olmadığı halda mühazirələrə girərkən, bəzən tələbələrin çoxluğundan yer tapıb otura bilməmək olurdu. Bu tip sərbəst və keyfiyyətli təhsil sistemini ölkəmdə görməyi çox arzulayıram.

MEMMEDZADE NAZRIN

– Maddi imkanları necədir? Tutaq ki, müəllim, mühəndis, fəhlə, jurnalist, kitabxanaçı – bir sözlə, məmur olmayan və biznesi olmayan almanın maddi təminatı necədir? Nə təsir bağışlayır sizə?

– Almaniyada orta əmək haqqı yüksək hesab edildiyi üçün, məmur və ya biznesi olmayan bir almanın maddi gəliri özunə kifayət qədər yetəcək şəkildədir. Bundan əlavə, maddi cəhətdən problem yaşayan insanlara, dövlətin bir sıra müəyyən dəstəyi olur. Almaniyada iş problemi olmadığından, alman dilini bilənlər sadaladığınız peşələrdə rahatlıqla iş tapıb işləyə bilirlər.

 

– Yerli mətbəxə uyğunlaşa bilmisinizmi? Yoxsa hələ də rasionunuzda Azərbaycan mətbəxinə aid təamlar üstünlük təşkil edir? Sizi təəccübləndirən yeməkləri də var yəqin ki…

– Burada yaşadığım ən böyük probləmlərdən biridir yemək  (gülür-red) Yerıi mətbəxə öyrəşə bilməmişəm. Onların mətbəxindən çox istifadə etməməyə çalışıram.  Məni ən çox təəccübləndirən  yollarda bişirilən “çörəkarası sosis” in bu qədər iştaha ilə yeyilməsidir. Burada müxtəlif millətlərin mətbəxini də dadmışam, amma Azərbaycan yeməklərinə heç biri çatmaz.

 

– Azərbaycanlılara məxsus hansı xüsusiyyətlər Avropada təəccüblə qarşılanır?

– Bu suala etraflı cavab verməyim üçün hələ ki, tezdir deyə düşünürəm, amma onu deyə bilərəm ki, burada yüksək peşələrdə çalışan, xüsusilədə  azərbaycanlı həkimlərin bu qədər çoxluq təşkil etməsi məni çox sevindirdi.

 

-Ümumiyyətlə, almanlarla hansı dəyərləriniz ortaqdır, hansıları isə hələ ki, qəbul edə bilmirsiniz?

– Almanlarla ortaq dəyərimiz mənim fikrimcə, o qədər də çox deyil. Burda mənə ən çox qəribə gələn valideyn-övlad münasibətlərində bu qədər soyuq olmalarıdır.18 yaşdan sonra övlad artıq hər seçimdə sərbəstdir. Valideynlə övladlar çox hallarda ayrı yaşayır, həftədə 1 dəfə belə bir birilərini görmək kifayət edir onlara.

 

– Almaniyada da bizim kimi analar oğullarına qız seçməyə çalışır, yoxsa başqa dəyərlər hakimdir? Ümumiyyətlə, bizə bir qədər almaniyalıların sevgi, nikah, evlilik ənənələri barədə danışa bilərsinizmi?

– Burada sevgi münasibətlərində valideynlər övladlarına demək olar ki, qarışmır, hər birinin azad seçimi var, amma istisnalar her zaman var əlbəttə ki. Bizim adət – ənənələri ilə demək olar, heç bir əlaqəsi yoxdur və evlilik mərasimləri bizimki kimi təmtəraqlı keçirilmir . Sadəcə nikah mərasimi və kiçik bir parti bəs edir. Sevgi münasibətlərində deyilənə görə, almanlar çox sadiqdirlər, amma nə dərəcədə doğrudur bilmirəm.

 

– Ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, şübhəsiz ki, xaricdə təhsil alan tələbələrimizin də rolu əhəmiyyətlidir. Təbii ki, ən əsas məsələ Qarabağ problemidir. Bu istiqamətdə hansısa işlər görə bilmisinizmi?

– Əslində bu sualı çox vacib hesab edərdim, əlbət ki, azərbaycanlıların xaricdə təhsil almasının ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında çox böyük rolu vardır. Burada təhsil alan müxtəlif millətlərdən olan tələbələrlə ölkələrimiz haqqında etdiyimiz kiçik dialoqlar və əsas da işğalda olan Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğunu, Qarabağ barəsində onlara ötürülmüş yanlış fikirləri düzgün formada izah edib, düzəltməyə çalışırıq və bunu özümüzə borc bilirik.

 

– Aylıq xərclər təxminən nə qədərdir? Bunu niyə soruşuram: xaricdə təhsil almaq istəyən hər bir gənc üçün, övladını xaricdə oxutmaq istəyən valideynlər üçün bu, rəqəm maraqlıdır şübhəsiz ki.

– Tələbə üçün aylıq xərc minimum 720 avro hesab edilir, amma məbləğ bundan az və çox ola bilir, əsasən tələbədən asılıdır. Təhsil aldığın şəhərdə nəqliyyat tələbə üçün pulsuzdur. Əsas problem ev kirayələrinin baha olmasıdır. Adı kimi tələbə həyatı bir az limitli olur, amma bununla belə, dərslərdən əlavə, çöldə yemək, gəzmək, kiçik maraqlı səyahətlər və s. bunlar hamısı mümkündür tələbə üçün.

nazrin M

-Ümumiyyətlə, sizcə, xaricdə təhsil almaq istəyində olanlar  universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?

– Xaricdə təhsil almaq istəyən tələbələrə ilk məsləhətim Azərbaycanda oxuduqları müddətdə universitet qiymətlərini (GPA) yüksək tutmalarıdır, bu qəbul almaqlarında ən əsas faktor hesab edilir. Seçdikləri universitet və ölkə haqqında dərindən araşdırma etmələri, və ən əsasıda seçəçəkləri ixtisasın onların gələcək həyat perspektivlərində nə dərəcədə əhəmiyyətli rol alacağını bilmələri mütləqdir. Xaricdə təhsil almaq arzusunda olan tələbələrə uğurlar diləyir, çətin belə olsa hədəfə doğru getməyi, məqsədlərinə çatana qədər əzmlə çalışmaqlarını arzu edirəm.

 

Söhbətləşdi: Tural Məmmədov

 

NAZRIN memmedzade




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir