Müasir dövrümüzün kompüteri də, televizoru da smartfon telefonlardır desək, yanılmarıq. Artıq 10 ilə yaxındır Azərbaycanda əhalinin istifadə etdiyi smartfonlar bütün keyfiyyətləri özündə birləşdirib. Sensor telefonların satışında da digər elektronika əşyalarında olduğu kimi, “Samsung”, “Apple”, “LG” kimi məşhur markalar öz sözünü deyir. Bu telefonları alarkən insanların dəyər verdiyi önəmli nüanslardan biri də onun enerji saxlama qabiliyyətidir. İş adamları, telefondan daha çox istifadə edən və ondan iş məqsədilə yararlananları məhz bu amil daha çox maraqlandırır. Hər bir telefonun enerji gücü olan amperi var və marka da bu amperə əsasən, qutuya ona uyğun “adapter” əlavə edir. Ancaq qutuda olan “adapter” xarab olduqda orijinal enerji cihazı tapmaq əməlli başlı dərdə çevrilir.
Mövzunu aydınlaşdırmaq üçün şəhərdə yerləşən bir neçə telefon aksesuarları mağazasına baş çəkdik. Getdiyimiz yerlərdə satıcılarla, mütəxəssislərlə söhbət edərək, “adapter”lərin saxta, keyfiyyətli olmaları, onların telefona təsirini araşdırdıq. Maraqlı olan həm mağazaların satışı, həm də alıcıların hansı mala üstünlük vermələri idi.
Getdiyimiz ilk mağazada satılan “adapter”lərin telefona uyğunluğunun əsas olduğu bildirildi. Mağazanın satıcısı deyir ki, sizə bir çox yerlərdə orijinal kimi təqdim edilsə də “adapter”lər və demək olar ki, digər bütün telefon aksesuarları Çin istehsalıdı. Həmsöhbətimiz keyfiyyətli, keyfiyyətsiz bütün aksesuarların bu ölkədən gəldiyini vurğuladı. Onun sözlərinə görə, bu məsələ ilə bağlı Bakıda böyük fırıldaq dönür:
– Alıcıların çox cibinə uyğun mal alır. Amma o bahalı malın da tam keyfiyyətli olmasına kimsə zəmanət verə bilməz. Ola bilsin ki, bir az ucuc maldan yaxşı işləsin. Lakin tam orijinal olduğunu deyə bilmərik. Siz, həm də keyfiyyətli “adapter”lər aldığını da xüsusilə qeyd etdi. Alıcılar çox vaxt buna əhəmiyyət vermir. Adam var ki, həftədə 3 dəfə gəlib “adapter” alır. Adam da var birdəfəlik alıb uzun müddət işlədir. Hər ikisinə tələbat var.
Satıcıdan qiymətləri də öyrəndik. Görək keyfiyyətli “adapter”lər keyfiyyətsizlərdən nə qədər fərqlənir. Mağaza əməkdaşı keyfiyyətli və bahalı olan “adapter”lərin 11 manatdan 20 manatadək olduğunu dedi. Müvafiq olaraq keyfiyyətsiz məhsulların qiyməti də 3 manatdan start götürərək, 9 manata qədər dəyişir. Hətta 1 manat 50 qəpiyə də “adapter” almaq olar. Satıcı bizə məlumatlar verərkən, USB kabelinin də təsiredici rola malik olduğunu və keyfiyyətsiz “adapter”lərin telefona ziyan vurduğunu qeyd etdi. Gördüyümüz müsbət tərəf isə alınan məhsullara 14 gün müddətində zəmanət verilməsi idi. Belə ki, müştəri 14 gün ərzində xarici təsirlər olmadan məhsulun işləmədiyini görsə onu qaytara bilər. Satıcının sözlərinə görə, ən çox tələb olunan məhsullar Samsung və Xiaomi telefonlarına məxsusdur.
Keyfiyyətsiz “adapter”lər də lazımlıdır. Ancaq nə vaxt?
Bu sual ətrafında üz tutduğumuz növbəti mağazada danışdıq. Sahə üzrə mütəxəssis 1 manat 50 qəpiyə olan “adapter”lərin də işə yaradığını dedi. Belə ki, onun sözlərinə görə, keyfiyyətsiz və ucuz “adapter”lər köhnə telefonlar üçün əhəmiyyətlidir. Ucuz “adapter”lərin amper gücü zəif olduğundan bu baxımdan özlərinə uyğun olan köhnə telefonları rahatlıqla enerji ilə təmin edə bilirlər. Yeri gəlmişkən, telefonların özünəməxsus amper gücləri “adapter” seçimində əsas təşkil edir. Mütəxəssis telefonların amper gücündən söz açarkən Samsungun təzə modellərinin 2 amper, “İphone”nin 1 amper, Xiaominin isə 2 amper gücündə olduğunu söylədi.
Həmsöhbətimiz suallarımızı cavablandırarkən keyfiyyətsiz “adapter”lərin telefona vurduğu və vura biləcəyi ziyanlardan da söz açdı:
– Əvvəla, onu deyək ki, telefon sxeminin düzgün yığılmaması “adapter”in onu zədələməsinə səbəb olur. Həmçinin telefonun həddindən artıq enerjiyə qoşulu qalması da telefonun sonunu yaxınlaşdıran amillərdəndir. Belə olduqda telefonun batereyası şişir və partlayır. Ucuzvari “adapter”lər də telefonun sxemini yandırır, hətta partladır.
Mövzu ilə bağlı apardığımız araşdırma zamanı öyrəndiyimiz məlumatlardan biri, satıcıların dediyi kimi keyfiyyətli, orijinal “adapter”lərin zavod istehsalından fərqlənmədiyi oldu. Bundan əlavə keyfiyyətli enerji yığımının təkcə “adapter” başlığından deyil, USB kabelindən də asılı olduğu öyrəndiyimiz məlumatlar sırasında idi. Belə ki, satıcıların sözlərinə görə, bahalı “adapter” başlığına zəif kabel, yaxud da əksinə bahalı kabelə zəif başlıq qoşanda enerji yığımı düzgün yerinə yetirilmir və bu da telefonun sxeminə ziyansız ötüşmür.
Onu da öyrəndik ki, aşağı keyfiyyətli adapterləri təzə model telefonlara qoşanda ekranın əsməsi və çox vaxt sönməsi baş verir.