pese

Gələcəkdə populyar olacaq və ya sıradan çıxacaq peşələr

Baxış sayı: 1. 179

Mühasib, pedaqoq, elektroqaynaqçı, aşpaz, qənnadıçı, tornaçı… Bu peşə sahiblərinə gələcəkdə tələbat daha çox olacaq. Müəllim gələcəkdə daha çox tələb olunacaq peşələrdən biridir. Rusiyalı tədqiqatçılar bu qənaətə gəliblər.

Belə ki, Ümumrusiya Elmi-Tədqiqat Əmək İnstitutunun əməkdaşları “RT” agentliyinə verdikləri açıqlamada bildiriblər ki, yaxın gələcəkdə Rusiyada kütləvi peşələr və idarəetmə sahəsində mütəxəssislər daha çox tələb olunacaq. Bunların arasında mühasib, pedaqoq, elektroqaynaqçı, aşpaz, qənnadıçı, tornaçı, nasos stansiyalarının maşinisti, lift elektromexaniki, mühəndis-kimyaçı, biotexnoloji istehsalın keyfiyyətinə nəzarət üzrə menecer, ofisiant və barmen kimi peşələr də var.

Qeyd edək ki, bu, digər ölkələr üçün verilən proqnozlarla üst-üstə düşür. Məsələn, “Nesta” innovasiya şirkətinin bir müddət əvvəl 2030-cu il üçün təqdim etdiyi hesabata görə, ABŞ və Britaniyada pedaqoqlara, eləcə də mühəndislərə, qida hazırlanması və qonaqpərvərlik sahəsi işçilərinə tələbat daha çox olacaq. Ümumrusiya Elmi-Tədqiqat Əmək İnstitutunun eksperti İrina Voloşina isə hesab edir ki, adları çəkilən bütün peşələrə hazırda da böyük tələb var. O, qeyd edib ki, əmək bazarında vəziyyət elə də sürətlə dəyişmir: “Lakin bəzi peşələr tədricən transformasiyaya uğraya bilər. İşçinin yeni əmək funksiyaları yaranır”.

Bəs hazırda ölkəmizdə hansı peşələrə daha çox ehtiyac duyulur? Gələcəkdə populyar və yaxud sıradan çıxacaq peşələr hansı olacaq?

Kamran Əsədov: ile ilgili görsel sonucu

Kamran Əsədov: “Ali və orta ixtisas məktəblərində hazırda daha çox ”ölü ixtisaslar” tədris olunur”

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov bilirdi ki, hazırda Azərbaycanda ali təhsil və orta ixtisas məktəblərində kadr hazırlayan ixtisaslar demək olar ki, gələcəyin ixtisasları deyil: “Əksəriyyəti ”ölü ixtisaslar”dır. Yəni bu gün elə ixtisaslar var ki, nəinki gələcəkdə, heç 5 il sonra istifadə olunmayacaq. Yəni Azərbaycanda yaxın illərin əmək bazarında tələb olunan kadr hazırlığı  həyata keçirilmir”.

Ekspertin sözlərinə görə,  gələcəkdə texnologiya  o qədər inkişaf edəcək ki, artıq bir çox sahələrdə insan əməyi azalacaq: “Yəni insanların gördüyü işləri mexaniki avtomatik avadanlıqlar həyata keçirəcək deyə, daha çox xidmət sektorunda insanların əməyinə ehtiyac duyulacaq. Konkret olaraq deyə bilərəm ki, hazırda Azərbaycanın əmək bazarında işləyən şəxslərin yalnız 38 faizi ali təhsillidir. Digər qisim isə təhsilsizdir. Bu, indinin tələbidir, bir neçə ildən sonra bir çox spesifik  ixtisaslar üzrə onlara bir sıra sahələrdə ehtiyac duyulacaq. Məsələn, gələcəkdə müəllim peşəsinin bəzi sahələrinə artıq ehtiyac olmayacaq. Bu təcrübə artıq Finlandiyada, Cənubi Koreyada, Sinqapurda  özünü göstərir. Bu gün Azərbaycanda ali məktəbləri bitirən məzunların yalnız 42 faizi işlə təmin oluna bilir ki, bu da son dərəcə aşağı rəqəmdir. Universitetlərdə dünənin ixtisasları keçirilir, halbuki biz  gələcəyin ixtisaslarını keçməliyik. Gələcəkdə bizim gördüyümüz birpilləli ixtisaslar olmayacaq. Səhiyyə, maliyyə xidməti tamamilə yeni olacaq. Tutaq ki, memarlıq və mühəndislik ixtisası olacaq, kompüter riyaziyyat fənni ilə birgə olacaq, hansı ki, indi ayrı-ayrı keçirilir. Gələcəkdə daha çox analiz ixtisaslarına ehtiyac olacaq. Yəni 2020-ci ildə sənayenin bütün ixtisas növlərinə ehtiyac olacaq. İnformasiya-texnologiyaları bu sahədə birinci olacaq.

Daha sonra, hazırda kənd təsərrüfatında fermer var, amma menecer yoxdur. Apardığımız araşdırmalar onu göstərir ki, 2026-cı ilə qədər kənd təsərrüfatında fermer-menecerlərə ehtiyac olacaq. Kompüter sahəsində mütəxəssislərimiz var, amma analitik yoxdur. Növbəti 5 ildə  onlara da ehtiyac olacaq. Hazırda maşınqayırma mütəxəssisi var, amma təəssüf ki, yük maşını sürücüsü ixtisası yoxdur. Yəni bu gün məhsulların daşınması üçün yüksək peşəkar işçilərə ehtiyac var. Eyni zamanda bizdə hazırda fizioterapevtlər yoxdur və yaxud həkimlik var, amma məktəblərdə tibb müəllimi ixtisası yoxdur”.

Sahib Məmmədov ile ilgili görsel sonucu

Sahib Məmmədov: “Bu gün dəbdə olan ixtisasları seçirik ki, bu da səhv addımdır”

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə mövzuya bu cür şərh bildirdi: “Ölkənin əmək bazarı və onun ehtiyaclarını öyrənən bir sistem hələ qurulmayıb. Doğrudur, bu yaxınlarda Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyinin nəzdində bununla bağlı bir qurum yaranıb. Lakin ola bilsin hələ ki, qurulma prosesi gedir. Yəni bizdə hazırda əmək bazarı qonşu ölkələrdən, o cümlədən Rusiyadan fərqli olaraq ciddi şəkildə öyrənilmir, ictimaiyyətə açıqlanmır. Bununla da  dəqiq müəyyənləşdirə bilmirik ki, hazırda hansı peşələr daha populyardır, qazanc əldə edir. Bunu çətinləşdirən ikinci səbəb ölkədə qeyri-formal əmək  bazarının həddinin yüksək səviyyədə olmasıdır. Əslində bütün statistika, təhlil və analizlər aparılsa, bu, formal əmək bazarı üzrə aparılır. Formal əmək bazarının iştirakçıları da muzdlu əməyə cəlb olunanların sayı təxminən ümumi işləyənlərin üçdə biri qədərdir.

Beləliklə, ümumi götürəndə burada da daimilik yoxdur, göstəricilər dəyişə bilir. Məsələn, bu gün üçün populyar olan bir peşə 5 ildən sonra populyar olmaya bilər. Təhsili belə seçəndə bu gün dəbdə olan ixtisasları seçirik ki, bu da səhv addımdır. Tələbə universiteti bitirəndən sonra məlum olur ki, həmin peşə artıq dəbdən düşüb. Bunun üçün əmək bazarında baş verən trendləri, tendensiyaları uzun müddətli qiymətləndirmək üçün mütləq elmi dərindən öyrənmək lazımdır. Bu  təhsildə də, təhsil seçimində də problem yaradır”.

Sahib Məmmədov hazırda daha çox ehtiyac duyulan peşələrdən də söz açdı: “Bir neçə il bundan əvvəl maliyyə sektoru, bank, bankçılıq və sairə, bunlar daha  çox cəlbedici idi və əmək haqqı da yüksək dəyərləndirilirdi. Amma indi daha çox dar sahə olan informasiya texnologiyaları sahəsi yenə də  populyar olaraq qalır. Son tendensiyalar haqda onu deyə bilərəm ki, Azərbaycanda 600 hüquqşünas təhsil alır. Əmək bazarında artıq hüquqşünaslara daha çox ehtiyac duyulmaqdadır. Gözləmədiyimiz halda hazırda vəkil peşəsinə böyük ehtiyac var. İxtisaslı fəhlə peşəsinə də böyük ehtiyac var”.

 

Bəs tarixə qovuşacaq peşələr hansılardır?

Ekspertlərin də qeyd etdiyi kimi, müasir dövrümüzdə bir çox texniki avadanlıqlar yeniləri ilə əvəz olunduğu kimi peşələr də bir-birini əvəzləyir. Texnalogiyanın inkişafı yeni iş imkanları yaratdığı kimi, köhnə peşələri də yavaş-yavaş sıradan çıxardır, tarixə qovuşdurur.

Məsələn, sovet dövründə telefonçu, liftçi peşələri var idi ki, artıq bu gün onlara ehtiyac yoxdur. Əgər əvvəllər telefonçu olmadan kiminləsə əlaqə saxlamaq mümkün deyildisə, bu gün hətta kiçik yaşlı uşaqlar belə mobil telefon vasitəsilə istədiyi şəxsə zəng vurub danışa bilir. Liftçi sənətinə gəldikdə isə əvvəllər bu peşə məsuliyyətli peşələrdən biri hesab olunurdu. Liftçilər kabinələrdə, onların ətrafında təmizliyə nəzarət edir, kənar şəxslərin liftdən boş-boşuna istifadəsinə imkan vermirdilər. Bəzən olurdu ki, bina sakinləri uzaq səfərə gedəndə evin açarını liftçiyə etibar edirdilər.

Dərzi peşəsinə də maraq getdikcə azalmağa başlayıb. İnsanlar əksərən geyim mağazalarından paltar almağa üstünlük verir, çox az hallarda dərziyə üz tuturlar. Və yaxud illər öncə bütün dünyada makinaçı sənəti geniş yayılmışdı. Bütün idarə, elmi müəssisələrdə mütləq şəkildə makinaçılara ehtiyac yaranırdı. Xüsusən də nəşriyyatlarda, mətbuatda makinaçıların rolu əvəzsiz idi. Makinaçılar tez, baxmadan yazmaq üçün sanki yarışa girirdilər. İndi isə çox nadir hallarda makina arxasında çalışana rast gəlmək mümkündür. İndi bu makinaları noutbuklar, kompüterlər əvəz edib.

Zaman keçdikcə kitabxanaçı sənəti də sıradan çıxmağa başlayır. Əvvəllər texniki kitabxanalar hər bir istehsalatda, müəssisədə var idisə, bu gün kitabların, sənədlərin tərtibatı kompüter vasitəsi ilə aparılır. Bu da kitabxanaçı peşəsinin yavaş-yavaş tarixə qovuşmasına gətirib çıxarır.

Sovet dövründə poçtalyon sənəti də populyar peşələrdən biri idi. Övladlarını, sevgililərini əsgərliyə yola salan insanlar poçtalyonlardan məktub gözləyir, onlara qarşı xüsusi rəğbət hissi bəsləyirdilər. Poçtalyonlara mahnılar, şeirlər də yazılıb. Məsələn, “Ana və poçtalyon” şeirini orta nəsil arasında bilməyən demək olar ki, yoxdur. Bu gün isə e-mail, internet resursları vasitəsi ilə insanlar bir-biri ilə hətta görüntülü əlaqə saxlayır, məktublaşır, yəni poçtalyona ehtiyac qalmır.

Pinəçi sənəti də keçmişə qovuşmağa başlayıb. Konsertə, məclisə, görüşə tələsənlər mütləq yollarını pinəçi yanından salırdı. İndi isə hər kəsin evində ayaqqabı təmizləyən avadanlıqlar var.

Keçmişdən bizə yadigar qalan misgərlik və dəyirmançı sənəti isə artıq tarixə qovuşub. Texnika müasirləşdikcə su dəyirmanlarına da maraq azalıb. Halbuki su dəyirmanı keyfiyyətli un istehsalı edir. Su dəyirmanının unu keyfiyyətinə görə digər unlardan xeyli fərqlənir. Misgərlik sənətinə gəldikdə isə ucuz başa gələn şüşə, saxsı, çuqun, dəmir qablar ortalığa çıxan vaxtdan mis məmulatları da, misgərlik sənəti də sıradan çıxıb. Bu gün çox az hallarda misgərlik sənəti ilə məşğul olan sənətkarlar var.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir